Kamal Abdulla haqqında kitab çap olundu

Kamal Abdulla haqqında kitab çap olundu
29 avqust 2024
# 12:56

Xalq yazıçısı Kamal Abdullanın yaradıcılığına həsr olunan kitab çap olunub.

Kulis.az xəbər verir ki, professor Niyazi Mehdinin Xalq yazıçısı, akademik Kamal Abdullanın yaradıcılığına həsr etdiyi “Kamal Abdullanın diskursları... Bildirdiklərindən bilinənlərə” adlı kitabı çap olunub.

Yeni nəşrdə professor Niyazi Mehdinin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Kamal Abdullanın son 30 ildə qələmə aldığı elmi-bədii əsərləri haqqında olan məqalə və şərhləri toplanıb.

Nəşriyyat kitabı belə təqdim edib: “Kamal Abdullanın çoxcildlik əsərləri, - bu öygünü indi söyləmək olar, çünki Vaqif İbrahimoğlu, Rəhman Bədəlov, Aydın Talıbzadə, Ramiz Rövşən kimi parlaq adamların imzaları onun haqqında heyranlığı doğrulayır, - Azərbaycan mentalitetinin, elminin və bədiyyatının ortaya çıxardığı yeni ideyaların, yanaşımların qaynağıdır. Təqdim olunan kitabda Niyazi Mehdi Kamal Abdullanın təkcə Azərbaycan üçün yox, dünya elminə və mədəniyyətinə verdiyi yetənəkləri açmağa çalışmışdır”.

“Qanun” nəşriyyatında işıq üzü görən kitabın elmi redaktoru və son sözün müəllifi, filologiya üzrə fəlsəfə doktoru Maral Yaqubova, redaktoru filologiya üzrə fəlsəfə doktoru Toğrul Mehdidir. Kitab “Kamal Abdullanın araşdırmalarında bildirilənlər və bilinənlər”, “Kamal Abdullanın bədii mətnlərinin semantik dalğalarından” və «Между самыми близкими точками всегда есть третья точка» fəsillərindən ibarətdir.

Kitabın müəllifi “Ön söz”də yazır: “İndi bizdəki ədəbiyyatşünas yazılarda “diskurs” termini artıq dəbə minmişdir. Onu ilk dəfə mən poststrukturalistlərdən götürərək “Yarımçıq əlyazma”nı anlayıb anlatmaq üçün işlətmişdim. Bu, mənim nəyi götürməyimə örnəkdir, hərçənd, Kamalı nədənsə bu termin tutmamışdır. Məni isə tutmuşdu modernlik aurasına görə, çünki nə üçünsə məhz postmodernistlər və poststrukturalistlər onu işləkləşdirmişdilər... Mən “Yarımçıq əlyazma” ilə bağlı mətn yerinə “diskurs” işlədəndə bu çaları qabartdım. İndi isə oxuduğunuz kitabın başlığına çıxaranda Kamal Abdulla düşüncəsinin sıxılmış, enerji dağarcığına çevrilmiş deyimlərdə bildirilməsini nəzərdə tuturam. Bu yerdə Kamal diskursları ilə bağlı bildirmə və bilinmə sözlərini də anladım. Diskursla onu aydıran müəllif hansısa mənanı bildirir. Ancaq bu diskurslardan həm də elə gizli mənalar bilinir ki, heç söyləyənin də ağlına gəlmir. Bu anlamda yazılarım həm Kamalın diskurslarının bildirdiklərini açır, həm də bildirdiklərindən bilinənləri açıqlayır. “O olmasaydı, mən belə olmazdım” diskursundan itələnərək bunu deməliyəm: Kamal Abdullanın elmə və sənətə verdikləri olmasaydı, mənim də onları yozmaq əsasında tapdığım nəsnələr olmazdı”.

“Son söz”ün müəllifi dosent Maral Yaqubova isə təqdim edilən kitabın elmi-nəzəri məziyyətlərini xarakterizə edərkən yazır: “Kitaba filosof Niyazi Mehdinin yazar və alim Kamal Abdullanın əsərləri haqda fərqli zaman, məkan və situasiyada yazdığı mətnləri (əslində refleksiyaları) daxildir. Kitab həmin refleksiyaları bir-birinə elə hörüb birləşdirir ki, yeni və bitkin bir mətn alınır. Filosofun illər boyunca yazar-alimin başqa-başqa mətnlərinə verdiyi suallar və cavabları bu yeni mətndə təkcə konseptual görk qazanmır, həm də filosofun düşüncə narrativləri ilə yazar-alimin düşüncə narrativlərinin “dialoq”unu yaradır”.

# 3607 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

11:00 24 oktyabr 2026
2026-cı ilin ən qorxulu filmi bəlli oldu

2026-cı ilin ən qorxulu filmi bəlli oldu

10:30 24 oktyabr 2026
İlyas Əfəndiyevin  xatirəsi Bakı Bələdiyyə Teatrında yad edildi

İlyas Əfəndiyevin xatirəsi Bakı Bələdiyyə Teatrında yad edildi

18:40 23 oktyabr 2026
Filmlərin xronometrajında artım qeydə alındı

Filmlərin xronometrajında artım qeydə alındı

18:20 23 oktyabr 2026
Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olundu

Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olundu

18:00 23 oktyabr 2026
Sumqayıt Dövlət Dram Teatrında premyera - “Sürgün sevgi”

Sumqayıt Dövlət Dram Teatrında premyera - “Sürgün sevgi”

17:30 23 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər