Kulis.az Vüqar Vanın Ədalət Muradova açıq məktubunu təqdim edir.
Salam, hörmətli Ədalət müəllim.
Mənim 22 yaşım var. İki roman və 100-dən çox məqalənin müəllifiyəm. Vaxtınızı çox almadan birbaşa mətləbə keçirəm.
Ümid edirəm ki, bu məktub sizə çatacaq.
Bu günlərdə rektoru olduğunuz İqtisad Universitetində “Tiktoker”lərlə görüş keçirilib. Yəqin, məlumatınız var. “Tiktoker” son vaxtlar yaranan, işi-gücü olmayan, əlindən heç nə gəlməyən adamlara deyirlər. Onlar cəmiyyətin alaq otları, zəhərli həşəratlarıdır. Hansılar ki, bütün gün canlı yayım açıb söyüş söyür, bayağı, səviyyəsiz, banal videolar çəkir, telefonun qabağında oynayır, “necə daha çox səviyyəsizlik edib, qabağa gedə bilərəm?” haqqında baş sındırır, gənclərin həyatına ciddi mənada təsir edirlər.
Sizin rektoru olduğunuz İqtisad Universitetində bu adamlarla görüş keçirilib.
İqtisad Universiteti ölkədə ən ciddi bir neçə təhsil ocağından biridir. Hər il universitetinizdən yüzlərlə tələbə xaricə təhsil almağa gedir, yüzlərlə tələbə uğur qazanır, xaricdə ölkəmizi təmsil edir, elm-mədəniyyət-təhsil adına yüksək işlər görürlər. İqtisad universiteti təhsil, gələcək karyera baxımından hazırda ən yaxşılardan biridir.
Sizin rektoru olduğunuz belə bir universitetdə “Tiktoker”lərlə görüşün keçirilməyi nə qədər doğrudur?
Tutaq ki, tələbələr istədi, bəs siz, sizin müəllimləriniz, dekanlarınız, dekan köməkçiləriniz niyə məsələyə qarışıb, bu işə müdaxilə etmədi?
Tərbiyəsiz, təlxək adamların sizin universitetə girib, tələbələrə məsləhət verməyinə nə üçün göz yumursuz?
Həmin adamlar tələbələrə nə öyrədəcək, nə danışacaq?
İqtisad universitetində uğurlu karyeranın, yaxşı iş adamı olmağın, pul qazanmağın yollarını tələbələrə “Tiktoker”lər yox, müəllimlər, iqtisadçılar öyrətməlidir. Siz öyrətməlisiniz.
Tələbələrinizin 19-22 yaşları var. Məlumdur ki, ortabab, yarıac, yarıtox bir tələbə həyatı yaşayırlar. Onlar sadəlövhlüklə telefonlarında bahalı həyat yaşayan, bahalı maşınlara minən, villalarda yaşayan “tiktoker”lərə baxır və həsəd aparırlar. Özlərini onlara oxşadırlar. Elə bilirlər ki, kim “tiktoker” olsa, çoxlu pul qazanıb, yaxşı yaşayacaq. Bu həsəd onları elmdən, təhsildən uzaqlaşdırır, dayaz bir adam halına gətirir. Və bu dayazlıq zəncirvari formada virus kimi yayılır.
Həyatın ironiyasına baxın, İqtisad Universitetində uğurlu karyeranın yollarını tələbələrə “Tiktoker”lər öyrədir.
Onsuz da, onlar bizim telefonlarımızın içində, evimizdə, həyatımızdadır. Heç olmasa onları təhsil ocağına buraxmayın. Heç olmasa bu insanları gənclərdən, universitetlərdən uzaq tutun.
Universitet kiçik bir ölkədir. Siz də onun başçısısınız. Gənclik sizin əlinizdədir. Gəncliklə necə davransanız, elə olacaqlar. Onların qabına nə töksəniz, onu yeyəcəklər.
“Tiktoker”lər sizin universitetinizdə tələbələrə “necə təhsilsiz, necə səviyyəsiz, bayağı olmaq olar” mövzusunda seminar keçərkən, siz bunun qarşısını nə üçün almadınız?
Onsuz da, elmin, təhsilin səviyyəsi məlumdur. Universitetlər rüşvətxorluq yuvaları, müəllimlər, dekanlar qaniçən olub. Təhsilin keyfiyyəti bəllidir. Tələbələr fikir adamının, elmlə, təhsillə məşğul olan insanın gələcəkdə ac qalacağını başa düşüblər. Əllərini universitetdən, təhsildən, elmdən, mədəniyyətdən üzən bu uşaqlara siz və sizin universitetiniz nə üçün belə zərbə vurur?
Olmaz ki, hansısa şairi, hansısa yazıçını, hansısa alimi, hansısa psixoloqu, peşəkar bir adamı, şirkət rəhbərini, holdinq sahibini, uğurlu iş adamını və bu kimi işində ustalaşmış adamları tələbələrlə görüşdürəsiniz?
Məsələ budur ki, bu gün Dövlət Universitetinə “Tiktok” fenomenləri dəvət olunursa, bu həm də tələbdən doğan bir şeydir. Yəni tələbat Nikoyadır, Aydın Talıbzadəyə yox. Amma universitet təşkilatçıları elə günü sabah eyni görüşü Aydın Talıbzadə ilə etməkdə maraqlıdır, ya yox, bu ayrı bir mövzudur.
Sizin universiteti və “tiktoker”ləri çağıran tələbə heyətini şiddətlə qınayıram. Birinci növbədə, universitet rəhbərliyi buna şərait yaratmamalı, mane olmalı idi.
Bu cür istəkdə bulunan və bu cür təşkilatçılıq edən tələbə heyəti ilə pedaqoji söhbət aparmalıdır. Ən pis halda isə, universitet öz nüfuzunu düşünməlidir. "İqtisad Universitetində Tiktokerlərin tələbələrə görüşü olub" başlığından qorxmalısız.
Bu birbaşa sizə ünvanlanan açıq məktub olduğu üçün ora gedən, həmin “tiktoker”lərə fanatlıq edən tələbələr haqqında heç nə yazmıram, onlarla başqa bir yazıda danışarıq.
“Tiktoker”ləri qınamaq lazımdırmı? Qətiyyən. Bu mövzuda onlar qınanılası ən son adamlardır. Çağırıbsınız, onlar da gəliblər. O “tiktoker”lər dünyada baş alıb gedən sosial şəbəkə adlı xərçəng xəstəliyindən məşhur olmaq, pul qazanmaq üçün istifadə edirlər.
Vaxtınızı aldığım üçün üzr istəyir və qısa zamanda bu məsələ ilə bağlı bir tədbir görməyinizi gözləyirik.
Sağ olun.