"İki kor, bir dəli oğlu olan ana növbəti dəfə hamilədir..." - Dahi bəstəkara görə özünə qəsd edən uşaq kim idi?

"İki kor, bir dəli oğlu olan ana növbəti dəfə hamilədir..." - Dahi bəstəkara görə özünə qəsd edən uşaq kim idi?
16 dekabr 2024
# 17:00

Bu gün dahi bəstəkar Lüdviq van Bethovenin doğum günüdür.
Kulis.az Ömər Xəyyamın tərtib etdiyi "Musiqinin kar qulağı" yazısını təqdim edir.



“Bu uşağa yaxşı baxın, bir gün bütün dünya onu tanıyacaq”. Bu sözləri Motsart 10 yaşlı Bethoven haqqında demişdi və zaman onun yanılmadığını göstərdi. Anadan olanda heç kim bilmirdi ki, bu balaca oğlan musiqiyə çox bağlı olacaq, sənətə əvəzedilməz töhfələr verəcək, adını tarixə yazdıracaq. Özü isə düşünməzdi ki, bir gün eşitmə qabiliyyətini itirəcək, bununla belə bu hadisə onun möhtəşəm əsərlər yaratmağının qarşısını ala bilməyəcək...

"Möcüzə uşaq"

"Davam edin, sənəti, sadəcə, tətbiq etməyin, onun ürəyinə nüfuz edin. Buna haqqı var, çünki yalnız sənət və elm insanı ilahiliyə yüksəldə bilər" sözlərinin müəllifi, dünya şöhrətli bəstəkar Lüdviq van Bethoven 16 dekabr 1770-ci ildə Almaniyada dünyaya göz açıb.

Bethoven 8 oğullu, hamısı da qüsurlu olan, kasıb musiqiçi ailəsinin övladı idi. Musiqiçinin uşaqlığı haqqında çox az məlumat var. Deyilənə görə, ürkək, içinə qapalı, tərs və kobud bir uşaq olub.
O, saatlarla oturub Bonn şəhərinin damlarını və Reyn çayının kənarındakı tarlaları seyr edərdi.

Bethovenin ilk müəllimi atası, Bonn hakiminin saray tenoru Yohan van Bethoven olub. Sonralar atası öz dostunu - Tobias Piferi ona müəllim tutub. Bethovenin atası ilə atasının dostu içki düşkünü olub. O, öz xatirələrində qeyd edib ki, gecə yarısı atası ilə onun dostu içkili vəziyyətdə gələr, balaca Bethoveni yuxudan oyadar və səhərə qədər məşq etməyə məcbur edərdilər. Hələ 4-5 yaşı olan, barmaqları pianoya çatmayan uşaq belə ağır məşqlərdən yorulur və göz yaşı tökürdü. Atasının ona müəllim tutmağında tək məqsədi tezliklə uşağın konsert verməyi və bundan gəlir götürmək idi. Balaca bədəni yuxusuzluqdan və çox çalışmaqdan yorulurdu, səhv çalanda atası onu döyür, yaxşı çalanda isə xoş söz belə demirdi. Uşaqlıq dövrünü yaşamadığından demək olar ki, heç dostu olmayıb.

"Möcüzə uşaq" kimi tanınan Bethoven ilk dəfə 26 Mart 1778-ci ildə, səkkiz yaşında tamaşaçılar qarşısında piano çaldı. Atası marağı artırmaq üçün sadə bir hiyləyə əl atdı və oğlunu iki yaş daha kiçik göstərdi. Əslində, Bethovenin qısa boyu, zəif bədəni də atasının yalanını dəstəkləyirdi. Bethovenin bu konserti müvəffəqiyyətlə keçdi. Beləcə, balaca yaşlarından istedadını göstərən Bethoven 8 yaşında olarkən piano ilə birgə, orqan və skripkada çalmağı da öyrənir.

O, özünü tək saray və aristokratların deyil, hamının sənətçisi olaraq görürdü. Bethoven 1779-cu ildən etibarən Kristian Qotleb Nife ilə birgə çalışmağa başlayır. Nife "National Theater"in musiqi rejissoru idi və qısa müddətdə ətrafına xüsusi tələbələrdən ibarət qrup yığmışdı. Kiçik Bethoven də Nifenin şagirdi idi. Bu, onun həyatında dönüş nöqtəsi idi. Bethovenin formalaşmasında Nifenin böyük rolu oldu. O dövrdə Bethovenin Nifedən öyrəndiyi ən əhəmiyyətli şey bu idi: "Musiqinin Tanrıya, yəni gözəlliyə, həqiqətə tapınmaq kimi uca məqsədi var".
Nifenin köməkliyi ilə Bethoven ilk əsərini nəşr etdirir.

Bəstəkarın Vyana səfəri

1787-ci ildə Bethoven Motsartdan dərs almaq ümidilə Vyanaya gedir. Onun Motsartla görüşüb-görüşməməsi haqqında dəqiq məlumat yoxdur. Vyanaya getməsindən iki həftə sonra anasının ağır xəstəliyi onun geri dönməyinə səbəb olur. 17 yaşında vərəm xəstəliyindən əziyyət çəkən anasını itirən Bethoven daha sonra içki düşkünü olan atası və xəstə qardaşlarına baxmaq məcburiyyətində qalır.

Anasını itirdikdən beş il sonra, 22 yaşında Bethoven yenidən Vyanaya yollanır. O zaman Motsartın vəfatından bir il ötdüyü üçün Cozef Haydn və başqa müəllimlərdən musiqi dərsləri alır. Haydn qısa müddətdə Bethovenin istedadnının fərqinə varır və ona hər zaman dəstək olur. Haydndan çox şey öyrənən və ayrıldıqdan sonra belə ona heyranlığı bitməyən Bethoven "Piano üçün üç sonata"sını ona həsr edir. 1793-cü ildə Bethoven Vyanada mahir pianoçu kimi ad qazanır və müstəqil fəaliyyətə başlayır. İllik təqaüd, ayrı-ayrı əyanların təltif etdiyi mükafatlar, konsert və verdiyi dərslərdən gələn gəlirlə yaşayır.

Qeyd edim ki, o zamanlar Vyana musiqi sənətinin mərkəzi idi.

Bütün simfoniyalarını eşitmə problemi yaşamağa başlayandan sonra bəstələyib

İllər öncə köşə yazarlarından biri belə sorğu keçirir: "Bir qadın var, üç uşağı kar, ikisi kor, biri isə ruhi xəstədir. Amma qadın yenə hamilədir. Sizcə, bu uşağı dünyaya gətirsin, yoxsa abort elətdirsin?".
Çox adam bu suala "abort elətdirsin" cavabını verib. Əksər insanların doğulmamalıdır dediyi uşaq Bethoven idi. Hamının heyranlıq duyduğu bəstəkar və pianoçu Bethoven 1796-cı ildən yavaş-yavaş eşitmə qabiliyyətini itirməyə başlayırdı. O zaman Bethovenin hələ 26 yaşı var idi. Qulaqlarındakı kəskin cingilti ona musiqi səslərini ayırd etməyində problem yaradırdı.

Eşitmə qabiliyyətini itirməyə başladıqca Bethoven sərt, tez əsəbiləşən və qəmgin birinə çevrilir. Ətrafındakılar bunun səbəbini anlaya bilməsələr də, onun rahat çalışmaq üçün təkliyə ehtiyacı olduğunu düşünürlər. Əslində o, pianoda çaldıqlarını yaxşı eşidə bilmirdi. Bunun nəticəsində o, insanlarla ünsiyyətdə olmaq istəmir və 21 il müddətində heç kimlə əlaqə saxlamır. Bir müddət Vyananı tərk edir və Heylingestad adlı şəhərcikdə yaşayır. Burada yaşadığı müddətdə "Heylingestad vəsiyyəti" adlı əsərini yazır.

O, doqquzuncu simfoniyasının premyerasının sonunda tamaşaçıların atəşli alqışlarını görmək üçün geriyə dönür. Amma heç nə eşidə bilmədiyi üçün hönkür-hönkür ağlamağa başlayır. Eşitmə qabiliyyətini itirməsi onun istedadına təsir edə bilmir, amma konsertlərinin təşkilində bir çox problemlər yaradır. Uzun illik yalnızlıq onun acı çəkməyinə səbəb olur. 1819-cu ildən isə Bethovenlə ünsiyyət qurmaq istəyənlər fikirlərini yazılı şəkildə bildirirdilər. Kar olmaq musiqiçi üçün, yəqin ki, ən böyük fəlakətlərdən biridir. Amma Bethoven bu çətinliyin öhdəsindən gələ bildi. Bir dəfə intihara cəhd etdikdən sonra, böyük əsərlər yaratmağa başladı.
Maraqlı məqamlardan biri budur ki, Bethoven bütün simfoniyalarını eşitmə problemi yaşamağa başlayandan sonra bəstələyib.

Bəstəkarın yaradıcılığı

Bəstəkarın yaradıcılıq fəaliyyəti 3 mərhələyə ayrılır – ilkin, orta və son mərhələ. İlkin mərhələ 1770-1802, orta mərhələ 1803-1814, son mərhələ isə 1815-1827-ci illəri əhatə edir. İlkin mərhələdə o, daha çox Haydn və Motsartı təqlid etməklə bərabər, öz şəxsi yaradıcılığını da genişləndirir. Bu müddətdə o, bir neçə əsər yazır.

Orta mərhələ onun karlıq iztirablarından bir müddət sonra başlayır. Bu mərhələdə Bethoven qəhrəmanlıq və mübarizlik haqqında əsərlər yazır. Yeganə operası olan "Fidelio" da bu mərhələyə aiddir.

Sonuncu mərhələdə yazılan əsərləri yüksək intellekt, yeniliklərlə seçilir. Bu dövrdə o, "Missa Solemnis", "Gross Fuge" adlı nəhəng kvartetləri və sonuncu beş piano sonatını yazır.

Bethoven rəngarəng janrlarda: simfoniya, konsert, piano və digər alətlər üçün sonatalar, simli alətlər və digər kamera musiqiləri, opera musiqisi, romanslar və s. əsərlər yaradıb. Bu əsərləri ilə dahi bəstəkar dünya musiqi tarixində klassik musiqidən romantik musiqi mərhələsinə keçid, körpü rolunu oynayıb.

Başını yumadan əsər bəstələməzdi

Qısa boylu Bethovenin əlləri arxasında, baxışlarını yuxarıya dikib gəzmək vərdişi var idi (yuxarı baxan gözlər eyni zamanda karlara xas davranışdır). Vyana küçələrində şapkasını geriyə itələmiş, paltosunu ətəkləri aralı, güclü və böyük addımlarla gəzərdi. Gəzəndə həmişə mahnı oxuyurdu və dəftərçəsinə müxtəlif qeydlər edərdi.
Bethoven həddindən artıq təmizkar olub. O, hər səhər dan yeri ağaranda yuxudan oyanar, günorta saat üçə qədər işləyərdi. Yemək yeyəndən sonra havadan asılı olmayaraq, mütləq iki-üç saat təmiz havada gəzərdi. Təmiz havada təkcə istirahət etmək üçün gəzmirdi, həm də musiqisi üçün ilham pərisi axtarırdı. Sonra evə dönən Bethoven gecələr çox nadir hallarda əsərləri üzərində çalışardı, əsasən, kitab oxuyardı. Saat onu keçməmiş isə yatardı. O, əsər bəstələməzdən əvvəl mütləq başını soyuq su ilə yuyardı.

Bəstəkarın qadınları

Bethovenin şəxsi həyatı olduqca ağır keçib. Həyatı boyunca bir çox qadınlarla münasibətdə olsa da heç vaxt evlənməyib. Onu həmişə "əlçatmaz" qadınlar cəlb edib. Culyyetta Quiçiardi adlı qadınla nişanlansa da, onunla evlənməyib. Bu evliliyə atası mane olub. Culyyeta sonradan bir əsilzadə ilə evlənsə də, heç vaxt xoşbəxt olmayıb və həyat yoldaşından ayrılıb. O, Bethovenə qayıtmağa cəhd etsə də, istəsə də, bu baş tutmayıb. Bethovenin sonuncu eşq macərası 1805-ci ildə Qraf von Deym adlı zadəganın gənc dul qadını Jozefin von Brunzviklə olub. Buna Bethovenin şəxsi qərarsızlığı və Jozefinin zadəgan ailəsinin bu münasibətə mənfi yanaşması səbəb olub. 1812-ci ildə Bethoven yalnız "Əbədi sevgim" kimi təqdim etdiyi qadına uzun məhəbbət məktubu yazıb. Amma heç vaxt bu məktubun kimə ünvanlandığı məlum olmayıb. 1994-cü ildə bu məktubun süjeti əsasında "Əbədi sevgim" filmi çəkilib.

İntihara cəhd edən uşağın bəstəkardan xilas yolu

Bəzi məlumatlarda deyilir ki, Bethovenin qardaşı 1815-ci ildə vərəm xəstəliyindən vəfat edir. Bu hadisədən sonra, o, qardaşının doqquz yaşlı oğlunu öz himayəsinə götürmək istəyir. Hətta iş o həddə çatır ki, Bethoven bu istəyinin əsirinə çevrilir. Uzun çəkən məhkəmə prosesləri onu məşğul edir, hətta o, bir müddət musiqi bəstələməkdən də uzaq düşür.

Bu dövrdə Avstriya məhkəmə sistemi zadəganlar və ümumi palatadan ibarət idi. Bethoven məhkəmədə bilərəkdən soyadındakı holland mənşəli "van" sözünün onun zadəgan nəslinə aid olmasına dəlalət etmədiyini gizlədir. Bununla da Bethoven işə Zadəganlar palatasında baxılmasına nail olur və uşağın yeganə hamisi elan olunur. O, usağın anası, sıravi alman və kasıb dul qadın, Yohannaya oğlunu göstərmirdi.

Lakin verdiyi ifadələrdən birində o, özü də bilmədən əsilzadə mənsubiyyəti olmadığını etiraf edir və nəticədə iş Aşağı Palataya göndərilir. Bununla da Bethoven uşağın müstəsna hamisi statusundan məhrum olunur. Bethoven daha sonra Apelyasiya məhkəməsinə müraciət edir və yenidən Karlın yeganə hamisi hüququnu bərpa edir.

Ana və balaca Karl uzun illər ərzində nəinki ayrılıqdan, həm də ad-sanlarına dəymiş ləkədən əziyyət çəkməli oldular. Bethoven isə onların ad-sanını hər cür yolla ləkələməyə çalışırdı. Sonda zülmkar əmisinin rəftarına dözməyən kiçik Karl başına güllə çaxmaqla özünə qəsd etməyə cəhd göstərir. Lakin möcüzə sayəsində xilas olur və o gündən anası ilə yaşamağa başlayır.

Serrozdan ölən bəstəkar

Bethoven həyatı boyunca sətəlcəm, qarın yatalağı və başqa xəstəliklərdən əziyyət çəkib. Qardaşı oğlu üzərindəki qəyyumluğu itirəndən sonra Bethovenin serroz xəstəliyi daha da irəliləmişdi. Hətta yataq xəstəsinə çevrilmişdi.

28 mart 1827-ci il... O gün yağış yağırdı. Saat, təxminən, beş radələrində Bethoven gözlərini əbədi yumdu...
Onun dəfn mərasimində 30 mindən çox insan iştirak edirdi...

(1888-ci ildə isə nəşi Vyana Mərkəzi Məzarlığına köçürülüb...)

# 2841 dəfə oxunub

Oxşar xəbərlər

İstiqlal Muzeyində “Birlikdə güclüyük” adlı tədbir təşkil olundu

İstiqlal Muzeyində “Birlikdə güclüyük” adlı tədbir təşkil olundu

16:06 21 dekabr 2024
"Nuhun izi ilə" sənədli filminin təqdimatı oldu

"Nuhun izi ilə" sənədli filminin təqdimatı oldu

15:47 21 dekabr 2024
Oynaşından ötrü oğlunu atan qadın - Ən yaxşı 10 sevgi romanı

Oynaşından ötrü oğlunu atan qadın - Ən yaxşı 10 sevgi romanı

15:00 21 dekabr 2024
"Dinlər bədbəxtliyin məhsuludur..." - Aqşin Yenisey

"Dinlər bədbəxtliyin məhsuludur..." - Aqşin Yenisey

13:52 21 dekabr 2024
Ədəbiyyatımızın əsası lağlağıyla qoyulub - Milli dəyərlər necə məhv edilir?

Ədəbiyyatımızın əsası lağlağıyla qoyulub - Milli dəyərlər necə məhv edilir?

13:06 21 dekabr 2024
“Füzuli sevgisi” xalçasının təqdimatı oldu

“Füzuli sevgisi” xalçasının təqdimatı oldu

12:49 21 dekabr 2024
# # #