İclas zalındakı zibillik, zibillikdəki himn - Makaron fabrikindən reportaj

İclas zalındakı zibillik, zibillikdəki himn - Makaron fabrikindən reportaj
9 avqust 2024
# 09:00

Kulis.az Həmid Piriyevin Mərdəkan Makaron Fabrikindən reportajını təqdim edir.

Avqustun ikisidir. Redaksiyada oturub işləyirik. İşlərimiz yaxşı gedir, materialları yerləşdirmişik, sən deyən ağır işimiz qalmayıb.

Saat üçün yarısıdır. Növbəti siqaretimi çəkmək üçün bayıra çıxıram. Göydən od yağır. Kölgəyə çəkilib siqaretimi qullablayıram, redaksiyanın həyətindəki pişik balası gəlib ayaqlarıma sürtüşür. Kefi kökdü bitdibaşın, qızlar yemək veriblər, deyəsən, qabında suyu da var.

Siqaretin kötüyünü zibil qabına atıb (bu vacib məqamı deməsəydim, olmazdı), içəri girirəm. Ömər Xəyyam yazı oxuyur.

- Ömməraa! – deyirəm. – Bilirsən də, sariban ahəstə getməlidi, arami-can aparır çünki.

- Maraqlı yanaşmadı, - Ömər deyir.

- Bəlkə, Mərdəkana gedək? – soruşuram.

- Səncə, hava isti deyil? – Ömər soruşur.

- Maşınla gedəcəyik də, piyada getmirik ki, – deyirəm.

- Gedək, - deyir.

Təxminən, on gündür bu söhbət var. Mərdəkandakı atılmış makaron fabrikinə getmək istəyirik, hələ qismət olmayıb. Ya işimiz çox olur, ya başqa nəsə çıxır. Hazır, bu gün yüngüllükdü, gedək, əldən çıxsın.

Videoqrafımızı da götürüb minirik şirkətin maşınına.

Ömərlə əvvəldən bölüşdürmüşük. O videoformatda çəkəcək, mən yazacağam.

Mərdəkana girəndə uşaqlar düşüb marketə girir (uşaq dediklərimdən ən böyüyü Ömərdi), su alırlar. Mənə də təklif edirlər, deyirəm, uzaq yola çıxacağam, qalsın.

Ömər maraqlı yanaşmalarından birini edir – dəmir bankada aloe şirəsi alır.

Elektron xəritəyə inansaq, yolumuz az qalıb. Elə də olur, Ömər aloe şirəsini içib qurtarmamış məkana çatırıq.

Dörd mərtəbəli, fərqli dizaynlı binadır Makaron fabriki. Qapısını yoxlayırıq, bağlıdır.

Yoldan keçənlərdən soruşuruq, deyirlər, arxa tərəfə gedin.

Maşınla fırlanıb arxaya keçirik. Buranın böyük həyəti varmış ki. Fabrikin qabağında da müəyyən ərazi var, arxasında da.

Ömər düşüb mühafizəçinin yanına gedir, nə üçün gəldiyimizi bildirir. Giriş üçün icazə alıb həyətə giririk.

Makaron fabrikinin binası boşdur, amma həyətdə dəyirmanla yem deposu fəaliyyət göstərir. Bilmirəm o binalar sonradan tikilib, yoxsa əvvəldən var idi, profilini dəyişiblər.

Dəyirmana-zada çox da vaxt itirməyib, əsas hədəfimizə gedirik – fabrikə!

Ömər çəkilişə başlamamışdan qabaq məkanla tanış olur. İkinci mərtəbəyə çıxırıq. Pilləkan meydançasında qumru leşi var, bir neçə gün qabaq ölmüşə oxşayır, yarısını qurd yeyib. Ümumiyyətlə, binada çoxlu quş yuvaları var. Pəncərə şüşələrinin çoxusu sınıqdır deyə, quşlar rahatlıqla girib yuva qurublar.

İkinci mərtəbədə ən çox iclas zalı diqqətimi çəkir. İclas zalının qapısında təpik izləri var, içəridə isə sellofan torbalara yığılmış zibillər qalaqlanıb. Himnimiz yazılmış lövhənin qarşısındakı zibillikdəki içki şüşələri diqqətimi çəkir.

Bizimlə gələn mühafizəçidən soruşuram, deyir, dəyirmanın fəhlələrindən biri burda qalırdı, onun zibilləridir.

İclas zalının yanından dama qapı açılır.

Bina ehramvari tikilib, ikinci mərtəbə birinci mərtəbədən ensizdi, üçüncü mərtəbə ikinci mərtəbədən. Hər mərtəbədən yerliyinə qır salınmış dama çıxış var.

Dama çıxıb ikinci mərtəbənin ətrafını fırlanıram. Bura da içki şüşələri ilə doludur.

Mərdəkanın panoraması açılır burdan. Lap uzaqda dəniz də görünür.

Ömərgil içəridədir. Pəncərənin sınıq şüşəsindən Öməri səsləyirəm, əyilib sınıq yerdən mənə baxanda şəklini çəkirəm.

O da mənim şəklimi çəkir.

İçəri girib üçüncü mərtəbəyə çıxıram. Otaqları gəzirəm. Sonra buranın da terrasına çıxıram.

Buzovnanın və Şüvəlanın da bir hissəsi görünür. Evlərin şişuclu damları dənizə qədər uzanır.

Çıxıram dördüncü mərtəbəyə. Məni maraqlandıran əsas yer burdadır – kitabxana.

Rəflərdən bəziləri aşıb. Ya da kimsə onları aşırdıb.

Kitablar, əsasən, rus dilindədir. Qapının yanındakı rəfdən Dostoyevskinin çoxcildliyi boylanır. Azərbaycanca kitablar azdır. Kitabların hamısının üstünü qalın toz basıb, bəzilərinin üstündə quş zılı da var.

Bəzi kitabları götürüb baxıram. Kitabxananın kəlləsində balaca bir otaq da var. Yəqin, kitabxanaçı burda otururmuş. Ora da girib baxıram. Burda, əsasən, ensiklopediyalar, məlumat kitabları, ideoloji ədəbiyyat yığılıb. Əlbəttə, onlar da qalın toz layının altında.

Kitabxananın yanındakı otaq mühasibatlıqdır. Rəflərdə nəm çəkib kif atmış qalın qovluqlar üst-üstə qalaqlanıb. Bəziləri açıq halda yerə atılıb.

Otaqlardan birində təyinatını bilmədiyim bir əşya diqqətimi çəkir (onun şəklini bura yerləşdirirəm, nə olduğunu bilən olsa, mənə yazar, mümkünsə).

Ümumiyyətlə, qəribə auraya düşürəm fabrikdə. Atılmışlıq hissi miskin görünüşlə birləşib qəribə ağırlıq yaradır məndə.

Aşağı düşməyə başlayıram. Ömərgil çəkilişə başlayıb. Onlara mane olmamaq üçün çıxıb maşında otururam. Çantamdan nəm salfet çıxardıb əllərimin tozunu silirəm.

Həyətdəki fəhlələrə, maşınlara baxıram.

Bir az sonra Ömər gəlir. Kefi kökdür, haçansa bu fabrikdə işləyən bir kişini də çəkib. Xeyli material var.

İşimizi yekunlaşdırıb şəhərə tərəf yola düşürük.

Fabrik haqqında özüm məlumat yazmadım. Ömərin videoreportajında hamısı qeyd olunub, təkrarçılıq etməyim.

Zəruri qeyd: Ömər aloe şirəsini bəyənməmişdi.

# 1352 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #