Həyat yoldaşı onu tərk elədi, eyvandan yıxılıb öldü – “Arşın mal alan”ın talesiz Soltan bəyi 

Ağadadaş Qurbanov, Xalq artisti

Ağadadaş Qurbanov, Xalq artisti

22 iyun 2022
# 21:00

Kulis.az Xalq artisti Ağadadaş Qurbanov haqqında maraqlı faktları təqdim edir.

Ağadadaş Qurban oğlu Qurbanov 1911-ci il mart ayının 8-i Bakının Saray qəsəbəsində kasıb ailədə dünyaya gəlib. Valideynlərini erkən itirdiyi üçün bacısı ilə birgə babasının himayəsində yaşamağa başlayır. Ancaq bir neçə il sonra onları da itirdiyindən şikəst əmisinin yanında qalmalı olurlar. O, 9 yaşından qonşulara su daşımaqla ailənin qayğılarını yüngülləşdirməyə çalışır. Ağır həyat yaşasa da, hələ məktəb yaşlarından teatra, incəsənətə böyük maraq göstərən Ağadadaş Qurbanov istedadlı uşaqları başına yığıb dram dərnəyi yaratmağa çalışır, rejissorluğu da özü edir.

***

17 yaşında ikən ilk tamaşanı Lətif Kərimlinin müəllifi olduğu ”Fırtına" əsərini ərsəyə gətirir. Tamaşa böyüklərin də marağını cəlb edir və əsərə baxmağa gəlirlər. Beləliklə, Ağadadaşdakı aktyorluq istedadını görüb sonralar onu teatra cəlb edirlər. Onun səhnəyə qoyduğu tamaşalara baxmaq istəyənlərin sayı o qədər çox olur ki, oturmağa boş yer tapılmır. Tez-tez evinə onun aktyor dostları - Fatma Qədri, Sidqi Ruhulla və başqaları gəlirlər.

Aktyor 1952-ci ildən Gənc Tamaşaçılar Teatrında, 1952-ci ildən ömrünün sonunadək isə Azərbaycan Dövlət Milli Dram Teatrında fəaliyyət göstərir.

***

Ağadadaş Qurbanov Gənc Tamaşaçılar Teatrında böyüklər üçün nəzərdə tutulan Cəfər Cabbarlının "Aydın" pyesində Aydın, Şillerin "Qaçaqlar" pyesində Karl Moor, Mirzə Fətəli Axundzadənin "Molla İbrahimxəlil kimyagər" komediyasında Molla İbrahimxəlil, Nikolay Qoqolun "Müfəttiş" komediyasında Xlestakov, Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" komediyasında Hacı Qəmbər, Rabindranat Taqorun "Qaneşin yolu" hekayəsi əsasında hazırlanmış "Əfilər" pyesində Qaneş kimi maraqlı obrazlar yaradır.

Aktyor Azərbaycan Dövlət Milli Dram Teatrında "Ailə namusu", "Almaz", "Od gəlini", "Dönüş", "Şeyx Sənan", "Səyavuş", "Qış nağılı", "Vaqif", "Şirvan gözəli", "Uzaq sahillərdə", "Göz həkimi", "Toy", "Mariya Tüdor" tamaşalarında aparıcı rollar ifa edib.

***

Ağadadaş Qurbanov bir sıra filmlərdə də rol alır. O, 1941-ci ildə Abbasqulu Ağa Bakıxanov rolu ilə "Səbuhi" filmində rol alıb. Həmçinin "Zəncirlənmiş adam" filmində Alvardo, "Bir qalanın sirri" filmində Usta, "Qızmar günəş altında" filmində professor, "Koroğlu" filmində Həsən xan, "Telefonçu qız" filmində Zakirin atası, "Bizim küçə" filmində isə Bəhram rolunu ifa edib.

***

Ağadadaş Qurbanovun çox uğurlu kino qəhrəmanlarından biri Argentina yazıçısı O. Draqunun “İtə çevrilən adam” hekayəsi əsasında rejissor Kamil Rüstəmovun ekranlaşdırdığı “Zəncirlənmiş adam” filmindəki Alvardo obrazıdır. Aktyor bu filmdə hər cür məhrumiyyətlərə məruz qalmış bir insanın dəhşətli həyatının ağır anlarını canlandırır.

Ağadadaş Qurbanov 17 iyun 1943-cü ildə 24 yaşında Azərbaycanın Əməkdar artisti adını alan nadir aktyorlardan biri olub. 27 fevral 1954-cü ildə isə Xalq artisti fəxri adına layiq görülüb.


***

Ağadadaş Qurbanovun ilk evliliyi Xalq artisti Gülxar Həsənova ilə olur. Gülxar xanım özfəaliyyət klubunda çıxış edən zaman özündən 11 yaş böyük olan aktyor Ağadadaş Qurbanovla tanış olur. Bir müddət sonra aktyor ona evlənmək təklif edir. Lakin, aktrisanın yaşı nikaha düşmədiyi üçün onlar dini kəbin kəsdirirlər. Bu evlilikdən Hamlet Qurbanov dünyaya gəlir.

Gülxar Həsənova həmin gündən sonra həyat yoldaşı ilə birgə tamaşalarda çıxış etməyə başlayır. Lakin Ağadadaşı sevən qadınlar gün-gündən artır. Onlardan biri isə vaxtilə Gülxarla tibb institutunda oxuyan qadın olur. Ağadadaşın bütün tamaşalarına gül-ciçəklə gələn qadın Gülxara nifrət edirmiş. Bir gün isə o, belə qərara gəlir ki, Gülxar tamaşadan çıxanda daş atıb onun gözünü kor etsin. Lakin bu məsələni Ağadadaşa çatdırırlar. Ağadadaş Gülxarın ondan tez teatrdan çıxmasına icazə vermir. Beləliklə aktrisa böyük bir hadisədən xilas olur.

***

Bir gün isə həmin qadın düz onların evinə qədər gəlir və onunla görüşüb Ağadadaşla bir-birlərini sevdiklərini deyir. Bu sözdən məyus olan Gülxar bir yaşı yenicə tamam olan oğlu Hamleti da götürüb evindən həmişəlik çıxır. Həmin məqamda Ağadadaş Qurbanov evdə yatılı olur.

***

Aktyor ikinci dəfə özündən 11 yaş kiçik olan Kübra adlı həkim qızla ailə həyatı qurur. Onların Firəngiz və Gülşən adlı qızları dünyaya gəlir. Elitar ailədə dünyaya gələn Kübra çox gözəl qadın olur. Tanıyanlar onu aktrisa Simona Sinyoraya bənzədirlər.

Aktyor Əliağa Ağayev Gənc Tamaşaçılar Teatrıda işləyən zaman aktrisa Cəvahir İsgəndərovaya vururlur. Ağadadaş Qurbanov bir gün onların münasibətlərindən xəbər tutur, Əliağanı yanına çağırır. Deyir ki, bu qız mənim teatr truppamda yetişib, bu teatrın səhnəsinə çıxıb. Mənə öz balam kimi əzizdir, sən də yaxşı oğlansan, ona qarşı münasibətin ürəkdən deyilsə, uzaqlaş, ürəkdəndirsə gecikmə, yaxınlaş. Ürəyini qıza açmağa cəsarət eləməyən gənc bu sözlərdən sonra qəti addım atıb Cəvahirlə evlənir.

***

"Arşın mal alan" filmində Soltan bəy roluna çəkilən aktyor kinolentinin tamamlandığı ərəfədə Salyana qastrola gedir. On beş yaşlı qızı Gülşən Qurbanova da onunla bir yerdə olur. Onlar mehmanxananın eyvanına çıxanda qəfildən eyvan uçur və aktyor qızı ilə birgə eyvandan yıxılır. Ağadadaş Qurbanov 25 iyun 1965-ci ildə faciəli şəkildə həlak olur, Gülşənin isə qolu sınır. Xalq artisti Bakıda Fəxri xiyabanda dəfn olunur. Gülşən xəstəxanada olduğundan ondan atasının ölümünü bir müddətlik gizlədirlər. “Arşın mal alan” filminin finalındakı toy səhnəsində Ağadadaş Qurbanovu Ələkbər Hüseynzadə ifa edir.

Ağadadaş Qurbanovla bağlı həmin hadisəni xatırlayan xalq artisti Rafiq Əzimov deyir:

"1965-ci ildə Masallı rayonuna getmişdik. Qastrolumuz sona yetirdi, axırıncı tamaşamızı göstərməli idik. Aktyorlarımız "Toy" tamaşasını oynamaq üçün Salyana gəlirlər. Mehmanxanada Ağadadaşın kiçik qızı Gülşən Qurbanova, aktrisa Rəhilə Mirzəyeva və onun İbrahim Topçubaşovdan olan qızı Rəna Topçubaşova, bir də bizim qrim ustası Bahadur bir otaqda imişlər. Ağadadaş oturub çay içəndə Gülşən balkona çıxıb və atasını çağırıb ki, ata, gəl bax, əlil maşınına Stalinin şəklini vurublar. Bu zaman Ağadadaş qızının qəlbini qırmır, balkona çıxır. Onunla bərabər hamı balkona çıxır. Bu vaxt balkon ağırlığa tab gətirməyib uçur. Ağadadaş Qurbanov birinci yıxılır, qalanlar da onun üstünə. Ciyəri, böyrəyi parçalanır və dünyasını dəyişir”.

Ağadadaş Qurbanovla oğlu Hamlet eyni teatrda çalışsalar da, bir-birləri ilə küsülü olublar. Amma bu küsülülük ailə məsələlərinə görə yox, teatrdakı problemlərlə bağlı olub. Ağadadaş Qurbanov rəhmətə gedən ərəfədə Gülxar xanım oğlu Hamletlə birgə Moskvaya gedir. Hamlet rejissorluq ixtisasından imtahan verir. İkinci imtahanı verən zaman Gülxara Ağadadaş Qurbanov ölüm xəbərini çatdırırlar. Xəbəri eşidən aktrisa ağlayır, Hamlet anasının səsini eşidib gələndə, o, ərinin ölümünü ondan gizlədir. Ölənin başqa aktyor olduğunu deyir, özü isə ertəsi gün Bakıya qayıdır. Lakin elə ertəsi gün rejissor Eldar Quliyev bu xəbəri Hamletə çatdırır. Hamlet ona zəng vurub ağlaya-ağlaya deyir: “Ana, axı sən niyə belə elə elədin? İndi mən atamla həmişəlik küsülü qaldım. Heç olmasa son dəfə gəlib onun yola salardım”.



Sənətkarın qızları Gülşən və Firəngiz qardaşları Hamletlə ilk dəfə atalarının dəfn mərasimdə tanış olurlar. Hamletin atasına oxşarlığı onu ilk dəfə görənləri təəccübləndirir.

***

Ömrünün son günlərinə qədər ilk sevgisinə sadiq qalan xanəndə Gülxar Həsənova müsahibələrin birində deyir: “Məhəbbət indiyə qədər öz yerində qalıb. O, öldü getdi, amma mən sağam. Bu günə kimi məni nə qədər adamlar istədi, getmədim. Yüksək vəzifəli insanlar da məni sevib, amma mən demişəm ki, Ağdadaşdan ayrı olsam da, o, başqası ilə evlənsə də, mən onu sevirəm, həmişə də sevəcəyəm.”

***

Ərindən ayrılsa da, ərinin qohumları həmişə Gülxarın yanında olublar. Ağadadaş Qurbanov rəhmətə gedəndə məzarlığa gedən aktrisanı görən baldızı gəldiyi üçün ona acıqlanıb. Gülxar dəfn mərasimindən getmək istəyəndə Leyla Bədirbəyli onu getməyə qoymur. Özü ilə birgə aktyorun ikinci həyat yoldaşının evindəki yas mərasiminə qədər aparır. Ölümündən sonra aktyora sevgisi azalmayan aktrisa hər gün Ağadadaş üçün “Yasin” oxuyurmuş.

# 12327 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
# # #