Həsən Turabov niyə ölmək istəyirdi? – İlham Rəhimli

Həsən Turabov niyə ölmək istəyirdi? – İlham Rəhimli
23 fevral 2024
# 15:30

Bu gün Xalq artisti Həsən Turabovun anım günüdür.

Kulis.az bu münasibətlə professor İlham Rəhimlinin böyük aktyora həsr etdiyi “Səsin də beli bükülərmiş və yaxud Həsən Turabovun ad gününə həzin mərsiyə” məqaləsini təqdim edir.

2003-cü il fevral ayının 20-də üz-üzə oturmuşduq və olub-olacaqdan danışanda kefi duru idi. Hərdən sinədolusu gülürdü də. Söz fırlanıb sənət adamlarının dolanışığından düşdü. Kimlərinsə vəziyyətlərinin ağırlıqları xatırlandı və onda Həsən Turabovun sifətinin rəngi qaraldı, dodaqları səyriməyə başladı. Arada ani sükut oldu və otağı basan bu qaramatın pərdəsini Həsənin səsi yırtdı:

- İlham, inan mənə, sənin canın üçün hər şeydən usanmışam, oğlum Daşqının yanına getmək istəyirəm...

Çox kövrək, həzin və bəlkə də hüznlü çıxdı səsi. Elə bildim səs ruha çönüb üstümə yeridi. Düz gözümün içinə baxırdı. Hiss elədim ki, nə isə deməliyəm. Ürəyimdən keçdi ki, onun sözünü zarafata salım.

Image result for Həsən Turabov

- Ağ eləmə, Turab (ən yaxın dostları Eldar Quliyev, Azər Paşa Nemət, Maqbet Bünyadov, Şəfiqə Məmmədova, Vaqif İbrahimoğlu... və mən ona “Turab” – deyə müraciət edirdik) bizi qoyub hara gedirsən? Hələ mənim kitabıma sponsor tap, sonra özün bilərsən.

Güldü, sonra ciddi dedi:

- Bura bax, sənə yüz dəfə demişəm ki, fikir eləmə, otur kitablarını yaz. Vallah, onların hamısını çap eləməyin vaxtı gələcək... Qoy bir Sumqayıta - Fikrət Sadıqova zəng vurum, çoxdandı onu görmürəm.

Hökumət telefonu ilə zəng etdi, ancaq Fikrət müəllim yerində olmadı. Katibədən soruşdu:

- Qızım, sən ona demisən ki, Turabov zəng vurub?.. Qəribədir, bəs onda niyə mənə zəng çalmır?.. Yaxşı...Daşqın Turabov.jpg

Bu görüşümüzün üstündən iki gün keçdi və mənə zəng vurdu. Dönə-dönə tapşırdı ki, birisi gün, yəni fevralın 24-də “Aktyor evi”nə gəlim və görkəmli rejissor Tofiq Kazımovun anım məclisində iştirak edim. Üstəlik, bunu dedi ki, Vaqifə də tapşırmışam, mən bir az özümü pis hiss edirəm, yəqin gələ bilməyəcəm. Mən də ona “Baş üstə” dedim və o da “Oldu, qərdeş” cavabını verdi. Xudahafizləşdik.

Bilsəydim onun səsini telefonda tutub saxlayardım...

Səhəri hava çox bulanıq, boz, turşumuş və soyuq idi. Şəhərdən kənarda idim və sınmış maşınımı təmir elətdirirdim, şaxta da lap məni təntitmişdi. Əl telefonum zəng çaldı və baxdım ki, nömrəsi yazılmayıb. “Kim ola?” Mənim “Bəli” deməyimlə hıçqırtı eşitdim. Zəng edən səsini arıtladı: “İlham, mənəm, Azər Paşadır... Həsən Turabov yoxduuuuuu...”

Elə bildim “u” səsi qulaqlarımda ulayıb uğuldadı...

Image result for Həsən Turabov

…Həsən Turabovun mənzili açıqdır və liftin qarşısındakı geniş meydançada iynə atsan yerə düşməz. Hələlik iki sualın tərəddüdü var.

Birinci sual: Həsən Turabovu harada dəfn etməli? Hökumətin təklifi ilə Fəxri xiyabanda, yoxsa özünün evdəkilərə, dostlarına dəfələrlə vəsiyyət etdiyi kimi oğlu Daşqının məzarının sol böyründə?

Qardaşı Aydının cingiltili səsi hamını titrətdi: “Daşqının yanında! Qurtardıq...”

İkinci sual: Sabah teatrdakı vida mərasimində tabutun üstündən hansı şəkil asılacaq?

Şəkil seçilir və mən İlqarın əlində tutduğu şəklə baxanda elə bildim içimdə ildırım çaxdı. İlahi, insanda özünün sabahını görmək duyğusu nə qədər güclü olarmış!..

On-on beş gün əvvəl Akademik Teatr barədə təzə yazdığım kitaba fotolar seçəndə Həsən Turabovun bir şəklini bəyənmişdim və özünə də göstərmişdim ki, bu xoşuma gəlir.

Şəkli alıb diqqətlə baxdı... baxdı... baxdı... dodaqları qaçdı: “Əntiqə şəkildi, mən öləndə səhnəyə bunu qoyarsınız...”

Fevralın 23-də axşamüstü sabahkı dəfn mərasiminin bəzi təşkilati işləri müzakirə olunurdu və mən Ədalət Vəliyevə (Mədəniyyət nazirinin müavini – red.) dedim ki, radioda Həsən Turabovun “Lirika dəftərindən” silsiləsindən çoxlu lent yazıları var, o, qəzəl söyləyir, Rübabə Muradova da oxuyur. Onları səsləndirmək yerinə düşər. Ədalət tez Əliqismət Lalayevə (Nazirliyin incəsənət idarəsinin rəisi – red.) zəng vurdu ki, bu işlə məşğul olsun. Yanımızda dayanmış Məhərrəm Bədirzadə dedi ki, sabah tezdən özüm radioya gedib lentləri seçərəm...

...Həsən qəzəl oxuyur, Rübabə xanım muğam. Rübabə xanımın səsi nalə çəkir, Həsənin səsi ağı deyir... Salondakı hıçqırıqlar kəpənək kimi havada oyan-buyana uçuşur.

Füzulinin “Məni candan usandırdı...” misrasını deyəndə diksindim və görüb hiss elədim ki, Həsən Turabovun lentdəki səsinin beli büküldü, qəddi əyildi. Səs gül-çiçək içində uyuyan sahibinin cansızlığını görüb diksindi və titrəyə-titrəyə səhnəyə enib onunla tabuta girməyə yol axtardı. Axtara-axtara və tapmaya-tapmaya necə qıyya çəkdisə salondakıların hıçqırığı ərşə bülənd oldu...

Ruhumu sanki çarmıxa çəkən bu duyğudan ani yaxa qurtarmaq üçün səhnənin sağ dirsəyinə keçdim. Şəfiqə Məmmədova başını Asya Manafovanın çiyninə söykəyib dayanmışdı. Yanaqlarında yaş şırımlanırdı. Məni görən kimi hönkürtüylə dedi: “İlham, niyə qoyursan Turab gedə... Mən səni tək görə bilmirəm...”

Bir azdan Eldar Quliyevin dedikləri də qulaqlarımda sırğalanacaq və qəddimi düzəltməyə aman verməyəcək: “Bağışla, Turab, bağışla ki, biz səni qoruya bilmədik...”

Geri döndüm. İki addım atmışdım ki, yerində donub səhnəyə baxan Maqbet Bünyadov usdufca qolumdan tutdu. Güclə eşidiləcək səslə dedi: “Dünyanın işinə bax, İlham, əzəmətli sənəti bu boyda səhnəyə sığmayan Turabov indi dar-darısqal bir tabuta sığıb”.

Image result for Həsən Turabov

Az sonra neçə gün yataqda yatmış, üşütməli bədənlə bir küncə qısılıb qalmış Vaqif İbrahimoğlu yaşdan dumanlanmış eynəyinin arxasından məni görcək titrəyə-titrəyə əllərini boynumda çarpazlayacaq və batmış səsinin pıçıltısı ilə deyəcək: “İlham, yaman yerdə bizi qoyub getdi... Qaldıq yetim...”

Cənazə səhnədən qaldırılanda salonda dəhşətli uğultu qopdu və qulağıma vahiməli bir haray çatdı. Çevrilib baxdım ki, Vaqif Əsədov ağlaya-ağlaya səhnənin yuxarısına baxır. Məni görüb: “İlham, bayaqdan Həsənin şəkli ilə baxışırıq. Cənazə yerdən qaldırılanda Turabov qeyzlə üzünü məndən çevirdi, indi öz tabutunun dalınca baxır...”

...Dahi aktyorumuz Həsən Turabov neçə ildən bəri məşq etdiyi, dəfələrlə yaxasını cırıb çıxdığı son rolunu oynadı. Cismi ölümün qoynunda qaldı, ruhu isə Tanrı dərgahındakı Daşqının yanına uçdu...

Həsən Turabovun gül-çiçəyə qərq olmuş məzarının başdaşına onun lap son aylarda çəkdirdiyi şəkli vurulmuşdu və onun baxışlarından çəkdiyi bütün əzabların, ürək ağrılarının yükü asılmışdı. İnsan karvanı qəbiristanlığın yoxuşunu çıxırdı...

Həsən Turabovun gözləri – nurunu heç bir xəstəliyin poza bilmədiyi parlaq gözləri güllərin arasından sıyrılaraq mənə dikilib. Yerimdən tərpənə bilmirəm...

Nəhayət, baxışların zindanından qurtulmaq üçün addımımı atıram... Gözlər dilə gəlib həzincə deyir:

– İlham, məni qoyub hara gedirsən?..

– Hələlik... Turab, hələlik gedirəm… Gedirəm ki, çiyinlərdə sənin yanına qayıdım…

18 mart 2003-cü il

# 1000 dəfə oxunub

Oxşar xəbərlər

Ermənilər bu dəfə Şövkət Ələkbərovanın mahnısını oğurlamaq istədi

Ermənilər bu dəfə Şövkət Ələkbərovanın mahnısını oğurlamaq istədi

10:34 28 noyabr 2024
Konfrans Liqasında "Bayatı-Şiraz" səsləndirildi

Konfrans Liqasında "Bayatı-Şiraz" səsləndirildi

09:42 28 noyabr 2024
“İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər” kitabının təqdimatı olub

“İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər” kitabının təqdimatı olub

09:22 28 noyabr 2024
Yaponiyada Qara Qarayevin fortepiano əsərləri çap olunub

Yaponiyada Qara Qarayevin fortepiano əsərləri çap olunub

09:12 28 noyabr 2024
Məhəmməd Füzulinin 530 illik yubileyi qeyd edilib

Məhəmməd Füzulinin 530 illik yubileyi qeyd edilib

09:08 28 noyabr 2024
Əməkdar artist:  "Səhnədən uzaqlaşmaq istəyirdim"

Əməkdar artist: "Səhnədən uzaqlaşmaq istəyirdim"

09:07 28 noyabr 2024
#
#
# # #