Kulis.az Xalq artisti Fəxrəddin Manafovun "525-ci qəzet"ə verdiyi müsahibəni təqdim edir.
"Dünya bir teatr səhnəsidir. Hər kəs öz rolunu oynayıb qurtarandan sonra bu səhnəni tərk edir". Bu sözləri Şekspir deyib. "Ömür də bir kinodur..." Bu misra Vahid Əzizin şeirindəndir. Amma bu dünyanı yaşadan da insandır, həmin ömrü yaşayan da. Və bu insanlar arasında elələri var ki, istər teatr səhnəsində, istər kinoda dondan-dona girərək, məharətlə həm sevməyi bacarır, həm də sevilməyi. Bəlli bir zaman kəsiyində bizləri ya səhnəyə, ya da ekrana elə bağlayır ki, sehrindən uzun müddət çıxa bilmirik. Gördüyümüzü müzakirə edirik, fikir mübadiləsi aparırıq, hətta mübahisədən də qalmırıq. Onlar isə bizlərdən biri olsa da, adının qarşısında aktyor titulunu məharətlə daşıyanlardır.
Kifayət qədər filmlərdə rol alıb, teatr tamaşalarında oynayıb. Və hər oynadığı rola möhür vurmağı bacarıb. Bu da Tanrının ona verdiyi bir mükafatdır desək, yanılmarıq. Tamaşaçı onu həmişə böyük maraq və həvəslə izləyib. Mən isə onunla həmsöhbət olmaq istəyində olmuşam xeyli vaxt. Ara-sıra etdiyim müraciətimə bir cavabı olub ki, vaxt baxımından imkan yoxdur. Amma heç demə, vaxt tapmaq olarmış. Beləliklə, bu günümüzün qonağı teatr və kino aktyoru, Azərbaycanın Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Fəxrəddin Manafovdur.
- Narahat dünyamızla ili başa vurmaq ərəfəsindəyik...
- Yeni ildə efirə gedəcək yeni bir layihədə dünyanın narahatlığından deyil, onun dayanmadan sürətlə gedən zamanından danışırdıq. Nə səbəb ola bilər ki, insan bu sürətin qarşısını ala bilsin və bununla da tək özünə deyil, ətrafındakılara bir toxtağlıq verə bilsin? Bunun dərinliyinə varmaq çox vaxt aparar. Qısaca onu deyim ki, bu narahat dünyada yaxşı olmağı bacarmaq yetərlidir.
- Bir az Fəxrəddin Manafovun böyüdüyü mühitdən danışaq...
- Nə yaxşı ki belə bir sual verdiniz, duyğulandım belə... Valideynin verdiyi tərbiyə tamam fərqlidir. Ata-ana ağ vərəqə yazılanların köküdür, çünki uşaq dünyaya məhz bu şəkildə gəlir - ağappaq bir vərəq kimi. Ailədə valideynlər özünü necə aparırsa, uşaq da elə böyüyəcək. Mən məhəbbətlə dolu bir ailədə böyümüşəm. Atamın anama ölçüyə gəlməyən məhəbbəti olub. Və bəlkə ondan da artıq anamın ona. Əgər uşaq sevgi-məhəbbət dolu ailədə böyüyürsə, o, heç zaman nə yolunu azar, nə də insaniyyətdən uzaq düşər. Bu, mümkün deyil. Böyük ailəmız vardı - beş qardaş, bir bacı. Çox kasıb yaşayışımız olub.
- Əslən qarabağlısınız...
- Xeyr, əslim Qərbi Azərbaycandandır. Babalarımın biri Qars, İqdır tərəflərə getmək məcburiyyətində qalıb. NKVD adlı üçlük onu orada da taparaq yox edib. O biri babamı o qədər aparıb-gətirdilər ki, sonda onun da axırına çıxdılar. Atam İkinci Dünya müharibəsi kimi odlu bir yol keçib. Müharibə bitəndən iki il sonra Vətənə qayıdıb, anamla ailə qurub. Lakin babalarıma görə "burda qalmaq olmaz, başqa yerə getməlisiniz..." kimi problemlər yaşanmağa başlayıb. Nəhayət, Xankəndinin Həsənabad kəndində bərqərar ola biliblər. Son üç qardaş Qarabağda dünyaya gəlmişik. Əvvəllər məndən "Vətənin haradır?" soruşanda kəndimizdəki söyüdü göstərib deyərdim ki, o ağacın altı mənim Vətənimdir. Şükürlər olsun, Vətənim böyüyüb, artıq azaddır və inanıram ki, zaman gələcək ata-anamın doğulduğu Zəngiçayın kənarındakı Şöllü kəndinə də gedəcəyəm.
- Sonra da Bakı həyatınız başladı...
- Dörd yaşım vardı Bakıya köçəndə. Kirayələrdə yaşayırdıq. Atam dənizdə işləyirdi, küləkli havada elə olurdu ki, bir ay evə gəlmirdi. Anam isə qollarını çırmayıb, ayaqyalın palçıq yoğuraraq ev tikdirirdi. Belə bir ailədə düşünməmək mümkün deyildi, çünki biz uşaqlar hazıra nazir olmamışıq. Artıq 16 yaşından işləməyə başladım.
- Hər şey deyəsən, kinomexaniklikdən başladı...
- Yox, mən idmanda idim. Futbolu hədsiz sevirdim və bu gün də o məhəbbət dəyişməz olaraq qalıb. Dünyada oynanılan bütün matçların azarkeşi, seyrçisiyəm, oyunları analiz də edirəm. Uşaqlıqdan futbola bağlı olmuşam, gözəl də oynamışam və hamı məni yalnız idmanda görürdü. Lakin bir gün səhərmi oldu, gecəmi oldu, röyadamı oldu, - onu bilmirəm, bildiyim o oldu ki, ayıldım və gördüm sənətin ağuşundayam. Oradan çıxmaq istəmədim, bunun üçün heç çırpınmadım da, dərhal "hə" cavabımı verdim. Sualınızda kinomexanikliyi vurğuladız. Bəli, təsir oradan gəldi. O zaman Aktyor evinə gələn sənətkarları görəndə deyirdim ki, ilahi, televiziyada izlədiyim bu insanları həqiqətənmi canlı olaraq görürəm? Mövsüm Sənani, İsmayıl Dağıstanlı, Mehdi Məmmədov, İsmayıl Osmanlı, Şəmsi Bədəlbəyli və onlar kimi korifeyləri görmək 16 yaşlı bir yeniyetmə üçün bir nağıla bənzəyirdi. Onlardan sonra yeni dalğa gəldi - Həsənağa Turabov, Şəfiqə Məmmədova, Amalya Pənahova, Səməndər Rzayev, Fuad Poladov və digərləri. Təbii ki, bu mühit təsirsiz qala bilməzdi.
- Amma istedadı da unutmaq olmaz...
- İstedad hər kəsdə var. Tanrı bizi yaradanda hər kəsə öz payını verib. Mən fədai oldum, elə də qaldım. Mən peşəmi fədaidən də artıq sevirəm. Sənətə gələcəyimi bilmirdim. Bir də gördüm deyirlər ki, artıq səni filmlər, tamaşalar gözləyir. Peşəm şüuraltında saxladığım uşaqlığımda, gəncliyimdə axtardığım, əldə edə bilmədiyim, saysız istək və arzuların gerçəkliyidir. Bunu bir neçə dəfə demişəm, insan çox şeylər yaradıb, icad edib və hələ belə də davam edəcək, lakin insan övladı incəsənətdən gözəl heç nə yaratmayıb. Bəlli bir ömür yaşamışam və hələ elə bir insana rast gəlməmişəm ki, yaradıcı olmasın. Yəqin ki, fikir vermisiniz, bu gün məmurlar şeir də yazır, mahnı da bəstələyir.
- Sizi kəşf edən mütləq kimsə var...
- Məni atamla anam kəşf edib. Lakin həyatımdakı iki insan olmasaydı, yəqin elə idmanda qalardım. Onlardan biri Vaqif İbrahimoğludur ki, səhnənin qapılarını mənim üzümə açdı. İkincisi, həyatımı 180 dərəcə dəyişən Rasim Ocaqovdur. Biz kinostudiyanın gənc aktyorları Rasim Ocaqovu görəndə içimizdə bağırırdıq ki, nolar məni də görün...
- ...və səsinizi eşitdi...
- Payız ayları idi. Kinostudiyanın aktyorlar üçün olan hissəsində pəncərəaltının üstündə oturub fikrə dalmışdım. Artıq o zaman Rasim İsmayılov məni bir filmə çəkmişdi. Ondan sonra kinoda heç nə yox idi, yalnız "Yuğ"un tamaşalarında oynayırdım. Bir də gördüm, Rasim Ocaqov dayanıb qarşımda. Az qaldı huşumu itirim və tez pəncərədən endim. Soruşdu ki, neynirsən? Çaşqın halda dedim ki, pəncərədən baxıram. Dedi ki, get otağıma, orada ssenari var. Onu oxu, sabah gələrsən, söhbət edərik. Ssenaridə baş rol olan Marata fikir ver. Dedi və getdi. Otağa gedib ssenarini götürdüm. Marat adı mənə çox doğmadır, ailəmizin sonbeşiyi olan qardaşımın adı idi. Kinostudiyanın həyətində bir çayxana vardı və Rasim Ocaqov, Həsənağa Turabov, Emin Sabitoğludan ibarət bir üçlüyü bir-birindən ayırmaq mümkün deyildi. Təqribən 45 dəqiqəyə mən ssenarini oxumadım, demək olar ki, uddum. Aşağı düşüb onlara yaxınlaşdım. Aramızda belə bir dialoq oldu. Soruşdu:
- Nə olub?
- Mən hazır.
- Nəyə hazırsan?
- Mən oxudum.
- Nəyi oxudun?
- Dediyiniz ssenarini, istəyirsiz başdan-ayağa danışım sizə.
- Dedim axı, sabah gələsən.
- Axı mən artıq oxumuşam...
Yanındakılara dedi ki, gözləyin, gəlirəm. Bərabər yuxarı qalxdıq və həmin gündən mənim kino adlı nağılım başladı.
- Teatr və kino... Təbii ki, biri ruhunuza daha yaxındır...
- Yəqin ki, bunu sual naminə dediniz. Əminəm ki, cavabını bilirsiniz...
- Qəti bilmirəm...
- Təbii ki, teatr...
- Bu cavabı heç gözləmirdim...
- Nə danışırsız... Kino müasir sahədir. Onun kökü teatrdan gəlir, yəni oyun və ifa etmək. Gəlin bunun dərinliyinə varmayaq, çünki bu oyunun özü çox-çox uzaqlardan qaynaqlanır. Teatr mənim dünyamdır. Kinoda sən heç kəsi görmürsən. Qarşında çəkiliş meydançasıdır, yaradıcı heyətdir və sənin bir kadrın təkrar dubllarla çəkilə bilir. Teatrda isə səhnə var, tərəf müqabili var, oynadığın müəyyən pyes var və bir də qarşında böyük bir insan kütləsi. Onların hər birinin öz emosiyası, öz aurası var. İllah da Rusiyaya qastrol səfərlərinə gedəndə zalda hiss edirdin ki, səni baxışları ilə yeyən, sənə əyalətdən gələn biri kimi baxan gözlər dikilib. Bunu görəndən sonra qan qaynayır, təzyiq qalxır bilmirəm neçəyə və ürək döyüntünü boğazında hiss edirsən. Bütün bunların fonunda sənin arxalandığın bircə şey var - peşəkarlıq. Həyəcanını tənzimləyib tamaşaçının hər birini görməlisən. Teatrda tamaşaçını aldatmaq olmur. Rus şairi Voloşinin şeirində belə bir misra var: "Elə aldadın ki, özünüz də buna inanasınız". Bunu həmişə tələbələrimə də tövsiyə edirəm.
- Uğurun iki yolu var, ya onun ardınca gedirsən, ya da özü səni tapır...
- Bunun da öz düsturu var. Uğuru gedib götürmək olmur. "Mən uğur qazanmağa gedirəm" deyə, bir şey yoxdur, çünki bu, mümkün deyil. Mən sənətə gələndə şüuraltı belə, düşünməmişəm ki, uğur qazanım, populyar insana çevrilim, fəxri ad alım. Mən çox sevdiyim bu peşənin ovsunlanmış qurbanıyam. Rasim Ocaqov filmlərində çox həssas, zərgər dəqiqliyilə ölçüb-biçən bir rejissor idi. O, hansısa bir aktyorun məşhurluğu naminə ona rol vermirdi. O, aktyoru obrazın özündə görürdü. Bilirdi ki, seçdiyi aktyor onun çiyninə qoyduğu yükü daşıya biləcək. Qeyri-təvazökarlıq kimi səslənməsin, mən yeni sima idim və o nəhəng rejissor mənə nə yüklədiyini çox gözəl bilirdi, axtardığını da mənim simamda tapa bilmişdi. Qalırdı istedad, onu da Allah vermişdi, Rasim Ocaqov da bunu filmlərində təsdiqlədi. Və birmənalı şəkildə deyirəm ki, mən Fəxrəddin Manafova uğuru Rasim Ocaqov gətirib. Hərçənd ki, o, özü də heç vaxt uğur axtarmayıb.
- Dondan-dona girməyin çətin və asan tərəfləri...
- Aktyor sənəti bir riyaziyyatdır. Aktyorluq bir gülüş səhnəsi göstərmək və ya mətn söyləmək deyil. Çox qəliz, çox ağır, insanı yoran, insanın ruhunu açdığı qədər də, onda ikrah hissi yaradan bir sənətdir. Teatrda aktyor sindromu adlanan bir deyim var. Yatmısan və ya diksinib yuxudan ayılırsan ki, səhnədəsən. Ya da yuxuda görürsən, artıq bir neçə aydı tamaşanı oynamırdın və bu gün səni dartaraq səhnəyə çıxarırlar ki, tez ol tamaşa başlayır. Səhnəyə çıxırsan və o dəhşətin içində ayılırsan. Dediyiniz dondan-dona girmək üçün sadə bir düstur lazımdır. Əvvəllər bunu intuitiv bilirdim. Niyə və hardan bilmirəm. Uşaqlıqda dörd qardaş kino-kino oyunu oynayardıq və mən həmişə nələrsə fikirləşib deyirdim. Evdə adımı aktyor qoymuşdular. Obraz və ya rol deyirlər. Əslində isə, bu, bir xarakterdir. Müəllif əsəri yazanda öz fikrini açmaq üçün pyesdə bəlli bir sayda personaj yaradır və hərəsinə bir xaraklter verərək istədiyini göstərməyə çalışır. Mən əsərdəki 3-5 xarakterdən biriyəm. Mən öz növbəmdə neyləməliyəm? Səhnəyə çıxıb o xarakteri oynamamalıyam, onu birər-birər göstərməliyəm. Bizə tələbə vaxtında öyrədiblər - gör, duy, hiss elə. Şəxsən mənim qoxu bilmə hissim yoxdur. Arxamda yanğın baş verərsə, qoxunu duymaram, bu, uşaqlıqda burnumdan aldığım xəsarətlə bağlıdır. İndi əgər mən qoxunu hiss etmirəmsə, oynaya bilmirəm? Bu sənətin güclü metodologiyası var, hansını ki, mən intuitiv olaraq bilirdim və sonradan Vaqif İbrahimoğlu bunu nəzəriyyəyə çevirərək açdı. Yəni aktyorluğun qayda-qanunu, bir sistemi var. Bunu açmağı bacarmaq lazımdır. Aktyorluq qurban verən, ruhdan ruh alan bir sənətdir.
- Uzun müddət qürbətdə yaşadınız. Uzaqdan görünən Vətən...
- Öz yurdunda olanda ağrını da, uğurunu da Vətən görür. Vətəndə ətini yesələr də, sümüyünü atmırlar. Yurdundan kənarda isə yox. Orada bir uğurun olanda, ilk növbədə əzizlərini, doğmalarını düşünürsən ki, kaş onlar bunu görəydilər. Tənha olanda yanında kimisə arzulayırsan. Vətən təkcə məkan deyil. Vətən bizə verilən genetik ruhdur ki, çox-çox uzaqlardan gəlir. Budur Vətən.
- Bu ayrılığın arxasında sənətdən uzaq qalmaq da oldu...
- Ayrı qala bilmirdim ki... 90-cı illərin əvvəlində demək olar ki, yollarda qaldım, getdim, qayıtdım. "Təhminə" filmini bitirəndən sonra təxminən, 5-6 il mən Vətənə dönmədim. Səhv etmirəmsə, 98-ci il idi. Qardaşımla ofisdə idik, katibə bildirdi ki, Bakıdan zəng var, pan Fəxrəddini istəyirlər. Düşündük ki, yəqin qohumlardandır və qardaşım selektoru açıb dedi ki, eşidirəm. Səs gəldi ki, salam, mənəm - Rasim Ocaqov. İki qardaş özümüzü itirdik. Maratla hal-əhvaldan sonra dedi ki, mənə Fəxrəddin lazımdır, yeni filmə başlayıram və istəyirəm ki, o çəkilsin. Qardaşım soruşanda ki, nə vaxt lazımdır sizə Fəxrəddin? Dedi ki, dünəndən. Bunu eşidəndə söhbətə qoşuldum. Dediyi bu oldu ki, gəl, vaxtımız çox azdır. Səhəri gün mən artıq Rasim müəllimin yanında idim. "Otel otağı" filminin çəkilişlərinə hazırlıq gedirdi. Həmin bu filmdə neçə ildir yığılıb qalan kino və teatr aclığımı, susuzluğumu söndürə bildim.
- Uşaqlığınızda qalan Qarabağ...
- Qarabağ mənim o illərimdə qala bilməzdi, çünki biz oralara yaydan-yaya getmişik. Sonuncu dəfə Şuşanı, Cıdır düzünü görəndə 14 yaşım vardı. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, Ali Baş Komandana, ölkə başçımıza cansağlığı versin ki, bu ayrılığa mənim üçün son qoyuldu. Yaradıcı insan olaraq heç vaxt bilməzdim ki, müharibə məni bu qədər sevindirib ağladacaq. 55 ildən sonra Şuşada oldum, oradan Xankəndinə baxdım. Yenə də ordumuz, Ali Baş Komandan sağ olsun ki, üstündən az müddət keçəndən sonra Xankəndini bizə qaytardı. Bütün uşaqlığım keçib orada.
- Həyatda qazandıqlarımız da var, itirdiklərimiz də...
- Həyatda gözəl peşə və məni ona yönəldənləri qazandım. İtirdiyim dünyasını dəyişən əzizlərimdir, başqa heç nə.
- Sevərək seçdiyiniz peşəyə ailədən gələn qarşılıq...
- Ali məktəbə qəbul olmağımdan heç kəsin xəbəri olmadı. Bunu tələbə biletini onların qarşısına qoyanda bildilər. Ata-anam bir qədər çaşqınlıq keçirsələr də, çox sevindilər. Artıq Əməkdar artist adını alanda hiss edirdim ki, anam daxilən çox sevinir. Filmlərimə baxanda deyərdi ki, ay bala, mən baxıram başqalarına, rahat, sakit, sevinə-gülə çəkiliblər, sən isə özünü az qala həlak edəsən. Bir dəfə "Nizami" kinotetrında böyük bir afişamı görəndən sonra atam gəlib dedi ki, yaxşı çəkiblər, amma bir az oxşatmayıblar. Dilə gətirməsələr də, hər ikisinin qürurunu duyurdum.
- Əvvəldə dediniz ki, qarşılıqlı məhəbbət dolu bir ailədə böyümüsünüz. Yaradıcılığınızda mükəmməl olaraq oynadığınız məşhur bir obrazın sevgisi mənə çox maraqlıdır. Zaurun Təhminəyə olan məhəbbəti...
- Sevgi Məcnunluq, Xosrovluq, Romeoluq demək deyil. Sevgi qarşılıqlı hörmət, inam, dayaqdır. Sevgi bölünməz bir varlıqdır. Sevgi dildə deyil, gözlə görünəndədir. Zaur tərəfdən Təhminəyə hörmətsizlik oldu. Zaur cəmiyyətin ağırlığından çıxa bilmədi, buna onun intellektual gücü çatmadı və dözməyib dedi ki, həvəsdir bəsdir. Zaur sevsəydi, ən azından qadına şillə vurmazdı, Təhminəni telefonda təhqir edənləri tapa bilərdi, fiziki gücü çatmasa da, sözlə onların cavabını verərdi. Bunların heç birini Zaur etmədisə, hansı sevgidən söhbət gedə bilər?
- Bizlərə demək istədiyiniz...
- Çalışın qarşınızdakı müsahibin bir gözünə, bir də düşüncəsinə, davranışına, mövqeyinə baxın və yazın.
SÖZARDI: Fəxrəddin bəy, bizə tövsiyə etdiklərinizə hər zaman riayət etmişəm, bu yazıda olduğu kimi. Söhbət əsnasında dediz ki, aktyor ilk rolu ilə obrazın möhürünü vurur. Mən də sizinlə olan çox səmimi ilk söhbətimizin nöqtəsini qoyuram. Düşünürəm ki, demək və eşitmək istədiklərimin əksəriyyətini sizə ünvanladım və cavablarını da aldım. Zamanın bizlərə nələrin vəd etdiyindən bixəbərik. Bəlkə, hansısa bir tamaşanızda sizinlə qarşılaşa bilərik. Amma əminəm ki, bu söhbətimizdən bir də olmayacaq.
Söhbətləşdi: Tamilla M-zadə