Nəyin acısıdır bu, ay axmaq?

Nəyin acısıdır bu, ay axmaq?
4 noyabr 2024
# 12:00

Kulis.az Fəridənin “Suya düşən xəyallar” köşəsini təqdim edir.

Şüşə göydələnlər şəhərin sinəsinə pərçimlənmiş şüşə qırıqlarına bənzəyir. Vahimələnirəm...

Qatar tərpənir. Başımı pəncərəyə söykəmək istəyirəm. Ya da, yanımdakı gonbul oğlanın çiyninə.

Hərdən adam başını heç tanımadığı birinin çiyninə söykəyib ağlamaq istəyir axı.

Qatarın taqqıltısı, şüşənin o tərəfindəki yağışın səsi, içəridə dayanmadan danışan bəstəboy qızlar...

Necə dedi? – “Çox dəyişmisən”!

İlahi, necə yanılır. Hələ də! Yalan dedi, bəlkə də. Məni incitmək üçün.

Nə yaxşı ki, onu sevmək bircə an belə keçməyib içimdən. Nə yaxşı ki, həyatımın heç yerində izi olmayıb.

“Aaa, mən alan şal deyil bu?”

Yox bir.

Tərs kimi, səhər gərək əlimə bu keçəydi elə?

Axı hardan biləydim ki, bu gün yoluma çıxacaq.

Gecə həvəslə düzəltdiyim saçlarım islanmasın deyə örtmüşdüm başımı.

Yaşıl, tiftikli şal. Lənətə gəlsin, kaş, deyərdim ki, sənin hədiyələrini gözünün qabağında alıb zibil qutusuna atmırdım həmişə?!

Kaş bu gün çıxmazdı qabağıma. Üst-başım su, başımda tiftikli şal. Qabaq dişim də sınıb. Yaxşı ki, ətir vurmuşdum. Bitir bu da. Bir qadınçün faciədir sevimli ətrinin bitməsi. Dünyanın axırıdır? Alaram. Tək dərdim ətir olsun.

Özü də, mən haçandan geyimi, görünüşü dərd etmişəm?! Amma, nə bilim, “çökmüsən...” deyəndə pis hiss etdim özümü.

Özündən xəbəri yoxdur elə bil! O nə qarın idi, o nə buxaq idi? İllər əvvəl hərəsindən bir qız asılan o gur tellər hanı?!

Yaxşı ki, susdum. Ona bir söz belə artıqdı. Səni sevməmişəmsə, günahım nədir? Kim kimi sevməyə məcburdu axı?

“Yadında, bir dəfə Ayşənin ad günündə mənə demişdin ki”...

Heç yadıma da düşmür. Ayşən kim idi ki? Beynimi zorlamalı oluram. Çox uzaqlarda bulanıq bir görüntü titrəyir yaddaşımda.

Nə qəribədir, eyni xatirələr birinin yaddaşında təptəzə durduğu halda, birinin yaddaşında köhnə, nimdaş bir əskiyə çevrilir...

Lənətə gəlmiş tiftikli şal! Evə çatan kimi bunu zibilqabıya atacam!

“Yəqin, yenə kimisə sevirsən, hahahhha, sən ömür boyu eşq əzabı çəkmisən, hahahha”.

Yaxşı ki, sadəcə, gülümsədim. Yaxşı ki, dillənmədim. Nəyin acısıdı bu, ay axmaq?

Gərək deyərdim ki, narahat olma, artıq bütün mənəvi ağrılarımı (eşq də daxil) evdarlaşdırmışam. Mənimlə lobya doğrayırlar, ev təmizləyirlər, paltar ütüləyirlər. Birlikdə yemək yeyir, hətta xəyallar da qururuq.

Heyif ki, daha insanlara yazığım gəlir, sözlə yaralamaq istəmirəm kimisə. Yoxsa...

“Evləndik Gülərlə. Dörd uşağım var. Amma hələ də sevə bilmirəm onu”.

Sevsəydi.... neçə uşağı olardı, kim bilir...

Ona yazığım gəlir yenə. Hiss edirəm ki, illər sonra ilk görüşü belə təsəvvür etməmişdi o da. Aydınca görünür ki, xəyalları suya düşüb mənim kimi.

Burnuma balıq qoxusu gəlir. Görəsən, niyə özünü pis hiss etməyin aurası balıq qoxusudur mənimçün?

Telefon titrəyir, gözlərimi açıram. Hansısa mesajıma ürək atmısan.

Bir anlıq bənövşəyi bir dumana bürünür hər yer. Buğlu pəncərədən bayıra baxıram. Evlər, ağaclar, buludlar, bir-bir ötüb-keçən hər şey tünd bənövşəyiyə bələnir...

Yadıma düşmədiyin anlarda da sevirəm səni görəsən?

Qızım necə deyirdi? – “O söz bu dünyada yaşamır”.

Hə. Sənə hisslərimi ifadə edəcək sözlər də bu dünyada yaşamır, yoxdur...

Küçələr, evlər, binalar, ünvanlar adını dəyişib, hər yerin bircə adı var daha – eşqini daşıdığım yerlər...

Sənin yanında xumarlanmaq, sənin nəvazişinə qərq olmaq elə gözəldir ki...

Amma həm də ilğım.

"Səni görmək istəyirəm" deyib hansısa ağrıdan qaçıb gəlirsən, əlinin sığalı, nəfəsinin istisi ilğım yaradır, xoşbəxt oluram, amma mənim o an hiss etdiklərimin sənin içindəkilərdən qopub saçılmış zərrələr olduğunu da bilirəm, sadəcə.

İşığı mənə çatana qədər o ulduz... sənin içində milyard il əvvəl ölmüş olur misalı...

Buludlar yuxu kimi dağılır, yağış dinir. Axşamın toranlığı bayırdakı bənövşəyi dünyanı dinc bir hüznə qərq edir. Beynimdə bir misra oyanır: “əsl hüzn göz yaşları dinəndən sonra başlayır”.

Eşqi, uzaqlığı, yoxluğu, səssizliyi, ürəyinin döyüntüsü, əllərinin sığalı, cəsarətsizliyi, qorxuları, keçə bilmədikləri - hər şeyi ilə aşiq olduğum adam...

Ruhunun, əllərinin, baxışlarının, nəfəsinin bənövşəyi dumanına bələndiyim adam...

Gecəni, soyuğu, uzağı, eşqi, sevdanı, gözləməməyi, istəməməyi sevdirən adam... kaş bayaq o yağışda sən çıxaydın yoluma.

Bəlkə, bağışlayardım hər şeyi, hamını. Hətta tiftikli yaşıl şalı da...

# 4476 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

13:30 26 oktyabr 2026
Azərbaycanla  Özbəkistan arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş təsdiqləndi

Azərbaycanla Özbəkistan arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş təsdiqləndi

13:17 26 oktyabr 2026
“Bridcet Cons”un yaradıcısından yeni addım:  Ən gülməli yazılara pul mükafatı

“Bridcet Cons”un yaradıcısından yeni addım: Ən gülməli yazılara pul mükafatı

13:00 26 oktyabr 2026
Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu  yubileyi münasibətilə təbrik etdi

Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu yubileyi münasibətilə təbrik etdi

12:51 26 oktyabr 2026
Salli Runi ilə həmrəylik:  İki uşaq yazıçısı qonorarlarını ona verəcək

Salli Runi ilə həmrəylik: İki uşaq yazıçısı qonorarlarını ona verəcək

12:40 26 oktyabr 2026
ISECO:  "Bakı prosesi müxtəlif mədəniyyət nümayəndələrini bir araya gətirib"

ISECO: "Bakı prosesi müxtəlif mədəniyyət nümayəndələrini bir araya gətirib"

12:40 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər