Kulis.az “Maraqlı faktlar” layihəsində aktyor Oqtay Quliyev haqqında maraqlı faktları təqdim edir.
Oqtay Ənvər oğlu Quliyev Bakıda anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə qəbul olunub. 1983-cü ildə oranı bitirib.
***
Naxçıvan Dövlət Musiqili Dram Teatrında işə başlayıb. Sonralar Akademik Milli Dram Teatrında əvvəlcə səhnə maşinisti, daha sonra isə aktyor kimi çalışır. Milli Dram Teatrının səhnəsində bir neçə maraqlı tamaşada iştirak edir. Qarsia Lorkanın "Qadın faciəsi" əsərində Xalq artisti Nurəddin Mehdixanlı ilə tərəf müqabili olur.
***
Sonralar rəhmətlik Hüseynağa Atakişiyevin Gənclər Teatrında çalışmağa başlayır. Həmin teatrda maraqlı obrazlar yaradır. Deyilənlərə görə Yusif Səmədoğlunun "Qətl günü" əsərində çox gözəl obraz yaradır.
***
Daha sonra Həsən Əblucun quruluşunda hazırlanan Cəfər Cabbarlının "Aydın" tamaşasında Dövlət bəyi məharətlə ifa edir. Gənclər Teatrında çalışanda birlikdə işlədiyi rejissor Ülviyyə Könüllə ailə həyatı qurur. Həmin nikahdan onların bir qızı doğulur. Amma bir müddət sonra onların ailəsi dağılır. Bu izdivacın pozulmasına Oqtayın içki aludəçiliyi səbəb olur. Ülviyyə Könüllə boşanandan sonra isə aktyor yaradıcılığının ən yaxşı vaxtında Rusiyaya gedir.
***
Oqtay Quliyevin teatrla yanaşı kino fəaliyyəti də olub. O, “Kişilər”, “Gəl, təzədən evlənək”, “Dolu”, “Xoca” adlı filmlərdə, “Həkimlər”, “Ağabəyovlar” seriallarında müxtəlif obrazlar yaradıb.
***
Sənət dostu İntiqam Soltanlı müsahibələrinin birində deyir:
“Baxmayaraq ki, məndən 4-5 yaş böyük idi, amma ona böyük sənətkar kimi baxırdım. Oqtay mənim yaddaşımda böyük aktyor kimi qalıb. Bir çox istedadlı sənətkarlar kimi... Təəssüf ki, Oqtay da içkinin qurbanı oldu. Çox içirdi, o qədər aludə olmuşdu ki, artıq tərgidə bilmirdi. Rusiyadan qayıdandan sonra bir neçə teatrda qısa müddət çalışdı. Amma içdiyinə görə, heç yerdə sonadək qala bilmirdi. Nəhayət, günlərin birində mənim yanıma gəldi. Onu Uşaq Teatrına işə götürməyimi xahiş etdi. Əlbəttə ki, onun kimi istedadlı bir aktyorun bizim teatrımızda çalışması yaxşı hal idi. Amma bura Uşaq Teatrıdır axı. Bu teatrda içki içmək, sərxoş səhnəyə çıxmaq olmaz. Ona görə də, mən ilk gündən Oqtayla şərt kəsdim. Onu müalicəyə göndərdim. Müalicə olunmağa razılaşdı”.
***
Oqtay bəy Narkoloji dispanserdə 1 həftə yatır, müalicə alır. 1 il 4 ay içki içmir. Dərmanlarını müntəzəm şəkildə qəbul edir. Teatr kollektivi ilə birgə Türkiyəyə, İrana qastrol səfərinə gedir. İki il bu teatrda fəaliyyət göstərir.Lakin bir müddət sonra o, yenidən içməyə başlayır. Hətta içkili vəziyyətdə səhnəyə çıxır. Bu hərəkətinə görə teatrdan uzaqlaşdırılır. Yenidən müalicə olunmaq üçün evini satır. Ancaq bu dəfə də anası dünyasını dəyişir. Bu hadisə onu daha da sarsıdır.
***
Aktyor bir müddət Rus Dram Teatrında çalışır. Amma içki aludəçiliyi ona burada mane olur və o, teatrdan uzaqlaşdırırlır.
***
2015-ci il yanvarın 14-də Oqtay Quliyev 54 yaşında dünyasını dəyişir. Meyiti bir neçə gün evində qalır. İntiqam Soltanlı bu barədə deyir:
“Yanvarın 14-də dünyasını dəyişib. Amma bundan heç kimin xəbəri olmayıb. Çünki tək yaşayırdı. Meyiti bir neçə gün evdə qalmışdı. Yanvarın əvvəlində mənim yanıma gəlmişdi. Belə danışdıq ki, yenidən teatra qayıdacaq. İçki içməyəcək və s. Sonra biz qastrola getdik. Qayıdandan sonra eşitdik ki, belə hadisə baş verib. Tək yaşadığına görə ölümündən heç kimin xəbəri olmamışdı. Birinci həyat yoldaşından ayrılandan sonra ikinci dəfə evlənmədi.
Bir il 4 ay bu adam dilinə içki vurmadı. Sonra yenә başladı. İçkili halda səhnəyə çıxdığına görə dedim ki, Oqtay, mən səninlə işləyə bilmərəm. Heç bir teatr onu qapıdan içəri buraxmadı. Bizim imkanımız və şəraitimiz yoxdur. Bircә otağımız var, aktyor içkili gələndə digərlərinə də pis təsir edir. Düşünürәm ki, aktyor səhnəyә içkili çıxırsa, bu adamla işlәmәk mümkün deyil. Elә bu xasiyyәtinә görә Oqtayı bütün teatrlar qapıdan qaytarırdılar. Amma Azərbaycan teatrlarında, inanın ki, Oqtay bərabərliyində aktyor yox idi. Uşaq teatrında 50-dən çox tamaşa oynadı, festivallara getdi . İnanın ki, ömrünün sonunda gəldi yanıma, utandı ki, desin "Məni qovublar teatrdan". Teatrların birindən onu qovdular. Ad çəkməyək. Dedi ki, incidim, heç yuxarı qalxmadım, qapının ağzında ərizə yazıb çıxıdım. Әslindә isә qapının ağzındaca ərizəsini alıb əmək kitabçasını özünə vermişdilər. Bir dərdini soruşan olmamışdı ki, sən niyə içirsən? Gəldi yanıma dedi ki, gəlmişəm, mənə iş ver. Dedim ki, Oqtay, içəcəksənsə, biz işləyə bilməyəcəyik. Dedi ki, yox, içməyəcəm. Dedim ki, biz gedirik qastrola, gələndə danışarıq. Gəlmədi, eşitdim ki, dünyasını dәyişib. Sən demə, elə həmin gün ölüb. Mәnim yanıma gәldiyi gün. Qapını sındırıb içəri giriblər, görüblər ki, ölüb”.