Bu gün aprel döyüşlərinin 4-cü ildönümüdür. Kulis.az bu münasibətlə əfsanəvi kəşfiyyatçı, Aprel şəhidi, polkovnik-leytenant Raquf Orucov haqqında maraqlı faktları təqdim edir.
Raquf Orucov 1972-ci il iyulun 12-də Ağdam rayonun Cinli kəndində anadan olub. Atası İbrahim kişi kəndin qoçaq adamlarından idi. Bir ayağı axsadığına və çox hökmlü olduğuna gör, el arasına ona Teymurləng deyirdilər.
***
Raquf çox sakit təbiətli və mülayim uşaq olub. Buna görə anası Raya ona çox bağlı idi. Raquf da anasını o biri uşaqlardan daha çox sevirdi.
***
Futbol azarkeşi olub. Qonşu Xaçınqərbənd və Əliağalı kəndinə futbol yarışlarına gedərmiş. Futbolda onun sakit təbiətindən əsər qalmazmış. Çox çılğın oynayar və məğlubiyyəti qəbul etməzmiş. Bir dəfə uduzduğu üçün rəqib komandada oynayan qardaşını döymüşdü.
Qarabağ müharibəsi başlayanda Raquf Orucov Özbəkistanda əsgərlikdə idi. Hadisələr barədə eşidəndə qaçıb Azərbaycana gəldi və mərhum Allahverdi Bağırovun batalyonuna yazıldı. Yaşından uşaq göründüyü və fiziki cəhətdən balaca olduğu üçün atası onu “piser” qoydurur və dönə-dönə tapşırır ki, döyüşlərə getməsin. Lakin Raquf təcili yardım maşınına minib döyüş səngərinə gedir, əsgərlərdən avtomatı alıb döyüşürmüş
***
İlk ağır döyüşlərə Aranzəmində və Fərrux dağında girib. Ayağından qəlpə yarası alıb və ömrünün sonunacan o qəlpələrə çıxarmayıb. Hər dəfə əməliyyat təklif olunanda deyirmiş ki, müharibə hələ qurtarmayıb, bəlkə yenə yaralandım, inşallah qismət olsa, hamısını bir yerdə edəcəm.
1993-ün yayında ermənilər Cinliyə hücum edərkən anası Raya xanım şəhid olur və meyiti atəş zolağında qalır. O vaxt Raquf Orucov Abdal-Gülablı istiqamətində döyüşlərdə idi. Xəbəri eşidən kimi gəlir və gecə təkbaşına gedib anasının meyitini çıxarır. Anası Çulluda dəfn olunur, yeddisi çıxmamış Çullu, qırxı çıxmamış Ağdam alınır.
***
O, döyüşlərdə fərqləndiyinə görə zabit olması üçün Ali hərbi məktəbə göndərilir. Bu, həm də Raqufun arzusu idi. Çünki anasının uyuduğu torpaqları düşməndən azad etməyə and içmişdi.
Təhsilini bitirən kimi leytenant rütbəsi alır və Murova kəşfiyyat xidmətinin bölük komandiri təyin edilir. Bununla da onun həyatının əfsanələr dövrü başlayır.
***
Raquf Orucov Murovda işlədiyi 5-6 il ərzində 40-dan artıq irimiqyaslı kəşfiyyat əməliyyatı keçirir və heç vaxt de-şifrə olunmur. Hətta əməliyyatlardan çox sonra da düşmən bu barədə heç nə bilmir.
Ozamankı komandiri Fəxrəddin Cəbrayılovun dediyinə görə, o Murovun Kəlbəcər istiqamətinin ən incə detallarınacan xəritəsini çıxarmışdı. Həmin vaxtlar müharibə başlasaydı Azərbaycan ordusu hara hücum etmək, harda nəyi vurmaq lazım olduğunu ovuc içi kimi biləcəkdi.
***
Raquf Orucov öz əməliyyatlarından illər sonra da bir kəlmə belə danışmayıb. Ona görə, bunlar haqqında sadə insanlarda geniş məlumat yoxdur. Lakin bu əməliyyatların ikisi şahidlərin danışdıqları hesabına çox məşhurlaşıb.
***
Birinci əməliyyat 1995-ci ildə keçirilib. Murovda 6 əsgərimiz dumana düşüb azır və ermənilərin əlinə keçir. Nə qədər danışıqlar aparılsa da ermənilər ayağını yuxarı qoyur, girovları azad etmək müqabilində çoxlu pul, neft istəyirlər. Belə bir vaxtda bizimkilər də girov gətirmək məcburiyyətindədir. Raquf Orucov Kəlbəcər üzə keçir, lakin hərbi hissələrdən əsgər çıxara bilmir. Vəziyyətin qəlizliyin görən komandir Ermənistana – Göyçə mahalına keçir, üç nəfər götürüb, Gədəbəyə gəlir. Üç nəfərin biri 13 yaşlı uşaqdır. Bir az sonra məlum olur ki, uşaq ermənilərin alay komandirinin oğludur. Bu hadisədən sonra psixoloji üstünlük Azərbaycan tərəfə keçir və ermənilər uşağın azad edilməsi üçün yalvarmağa başlayır.
İkinci əməliyyat 1998-ci ildə keçirilir. Raquf Orucov rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Kəlbəcər gedir və Dəmirçidam yaxınlığında yerləşən erməni hərbi hissəsinin əsgərlərinin səhər düzülüşünü videoya çəkib gətirir. Bu, Qarabağın hərb tarixində ilk belə hadisə olduğu üçün dillərdə gəzir. Məhz bu kimi qəhrəmanlıqlarına görə ona “Murov qartalı” ləqəbi verilir, haqqında əfsanələr dolaşır.
***
Murovdan sonra Raquf Orucov Şəmkirdə, Ağcabədidə, Ağdamda yüksək vəzifələrdə işləyir. Ordumuzun modern quruculuğu işində ləyaqətlə iştirak edir. Komandiri olduğu hərbi hissələrdə ədalətli davranışı, əsgərlərə qayğısı və məsuliyyəti ilə seçilir.
Həyat yoldaşı Sevinc Əlizadənin dediyinə görə, Raquf Orucov tətil günlərində də evdə qalmırdı, səngər üçün darıxırdı. Hərbidə olduğu 25 il ərzində heç vaxt hərbi səhra formasını dəyişməmişdi.
***
Nişanlı olduqları vaxt Sevinclə görüşə gedəndə qardaşı ona kostyum və köynək alır. Görüş vaxtı Sevinc xanım ona baxanda gözlərinə inana bilmir: köynəyin boynundakı kartonu çıxarmayıbmış! Evli olduqları vaxt bu hadisəni Raquf Orucovun yadına salıb zarafatlaşmaq istəyəndə, onun cavabı lap maraqlı olur. Sən demə, Raquf köynəyin yaxalığında karton olduğunu bilmirmiş. Çünki əsgərliyə çağırıldığı gündən hərbi formanı əynindən çıxarmamış, köynək geyinməmişdi.
Əsgərlərə münasibəti haqqında fərdi əsgəri olmuş Rəşad Qasımov qəribə bir əhvalat danışır:
“Ağcabədidə batalyon komandiri olan vaxt qəfil əsgərlər qarın ağrısı xəstəliyinə yoluxdu. Çoxunun temperaturu qalxdı. O vaxt verilən dərmanlarla bunun qarşısını almaq olmurdu. Raquf Orucov bütün zabitləri yığdı. Özü əvvəl əlini cibinə atıb 50 manat qoydu stola, dedi, kimin imkanı nəyə çatır versin, dərman alaq. Hamı pul qoydu, məni dərman almağa göndərdilər. Geri qayıdanda gözlərimə inanmadım. Batalyon komandiri, mayor Raquf Orucov dizlərini yerə atıb ağır vəziyyətdə olan bir əsgərin ayaqlarını isti suya qoyurdu.”
***
Ağdamın hərbi hissə komandiri olanda cibindən pul xərcləyib daş kazarma tikdirmişdi.
Şəhid olanda Xüsusi təyinatlıların komandiri, polkovnik-leytenant idi. Onun son döyüşlərdəki igidliyi haqqında çoxlu əhvalatlar nəql olunur. Raquf Orucov ömrü kimi canını da vətən yolunda fəda etdi və şəhidlik zirvəsinə ucaldı. Onun Sumqayıtdakı dəfni Azərbaycan tarixinin ən izdihamlı dəfn mərasimlərindən biri idi.
***
Raquf Orucov həm də haqqında roman yazılan azsaylı qəhrəmanlarımızdandır. Şərif Ağayarın qələmə aldığı “Komandir” romanı Raquf Orucovu tanıyan və sevənlər tərəfindən maraqla qarşılanıb. Roman əsasında bədii film ssenarisi də yazılıb. Yaxın zamanlarda film çəkiləcəyi gözlənilir.