Əldə bir qədəh şərab səni əvəz eləmir – Hamının içib rəqs etdiyi festivaldan reportaj

Əldə bir qədəh şərab səni əvəz eləmir – Hamının içib rəqs etdiyi festivaldan reportaj
27 noyabr 2023
# 15:01

Kulis.az Günəş Mərdin Şamaxıda keçirilən İkinci Üzüm və Şərab Festivalından hazırladığı reportajı təqdim edir.

“Ay qız, müsəlman adamın orada nə işi var?Hara gedirsən?” - İkinci Üzüm və Şərab Festivalına getməzdən bir neçə gün öncə özümə yol-yoldaşı axtaranda nədənsə yaxın dostlarımdan aldığım cavab belə oldu.

Həmin günlərdə dostlarımın bir qisminin mömin olmasına səbəbkar oldum. Ümid edirəm, bu, savablarımın arasına yazılacaq.

“Əldə bir qədəh şərab səni əvəz eləmir”


Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şamaxı şəhərinin Meysəri kəndində keçirilən İkinci Üzüm və Şərab Festivalına gedərkən yol boyu həmkarlarla bu mahnını zümzümə edirdik.

Nəhayət, 2 saatdan sonra Şamaxı şəhərinin Meysəri kəndinə - İkinci Üzüm və Şərab Festivalının keçirildiyi məkana çatdıq.

Qapıda bizi bələdçi qarşıladı. Salamlaşdıq və içəri keçdik.

İlk addımlardan önümə çıxan adamlar elə gülərüz, şən görünürdü ki, onlara baxıb festivalın nə qədər əyləncəli, xoş keçəcəyini asanlıqla təxmin etmək olurdu…

Vaxt itirmədən yolboyu qurulan müxtəlif dekorasiyaların arasından keçib stendlərə yaxınlaşdım.

Qarşıma ilk çıxan stend üzərində “Nəzirov ailəsinin şərabxanası” yazılan stend oldu. Önündə dayanan sarışın xanıma yaxınlaşıb xəbər aldım:

Salam. Şərablar haqqında məlumat verə bilərsiniz?

– “Nəzirov ailəsinin şərabxanası” adından sizi salamlayıram. Xoş gəlmisiniz. Adım Lalədir. Birinci ildir ki, bu festivala qatılırıq. Biz qara qarağatdan çaxır istehsal edirik.

– Meyvəni haradan alırsız?

– Qusardan alırıq. İstehsalı isə bağ evimizdə edirik. Ailəvi şərabxana olduğu üçün ailəmizin hər bir üzvünün burada öz əməyi var.

– Neçə ildir şərabçılıqla məşğulsunuz?

– Artıq üç ildir. Atam bir neçə il bundan öncə təqaüdə çıxandan sonra şərabçılığa başlayıb. Əvvəlcə eksperimentlər edib. Dost-tanış çox bəyənib. Sonra düşünüb ki, bu qədər sevən varsa, niyə də bunu inkişaf etdirməyək?! İndi Bütün gücümüzü bu işə sərf edirik.

– Xarici ölkələrə də şərab satırsınız, yoxsa ancaq ölkə daxilində?

– Hələki buradakı şirkətlərlə əməkdaşlıq edirik. Ümid edirəm, gələcəkdə xaricə də ixrac edəcəyik.

– Müştərilər çoxdur?

– Bəli, tək müştərilər yox, başqa şərab istehsalçıları da gəlib bizdən şərab alırlar. Məncə, bu böyük göstəricidir.

– İldə nə qədər şərab istehsal edə bilirsiniz?

– İki tondan yuxarı bizdə alınmır. Ən çoxu bir ton, bir ton yarım. Daha çox özümüzü tanıtmağa çalışırıq. Bunun üçün dequstasiyalar keçiririk. İnsanların rəyini almağa çalışırıq.

Lalə xanımla sağollaşıb müxtəlif yemək qoxularının bir-birinə qarışdığı digər stendə yaxınlaşdım. Burada şərab stendlərindən daha çox tünlük var idi. Hərə əlinə bir qab alıb sıraya düzülmüşdü.

Düz oxudunuz, sıraya düzülmüşdü.

Növbə mədəniyyətinin bu cür izdihamda belə riayət olunması məni təəccübləndirdi. Aşçının səs tonu, mehribanlığı isə festivala gələnləri bu stendə cəlb edirdi. Yaxınlaşıb yeməkləri soruşdum:

– İşiniz avand olsun.

– Çox sağ olun.

– Adınızı bilmək olar?

– Ehtiram Fərzəlibəyov.

– Ehtiram bəy, festival necə keçir?

– Bu ikinci festivaldır. Çox möhtəşəmdir. Burada şərab istehsalçıları var. Biz isə şərab içənlərə öz yeməklərimizi təqdim edirik. Şərab içmisiz?

– Xeyr.

– İçəndən sonra yəqin ki, yaxşıca yemək istəyəcəksiniz. Onda gələrsiz.

– Hansı yeməkləriniz var?

Şamaxıda Üzüm və Şərab Festivalı başa çatıb - FOTO

– Şüyüdlü, paxlalı plov, gözəl sülhüllü, piti, quzu qolları... Məqsədimiz turizmi inkişaf etdirməkdir. Qədim ənənələrimizi özümüzə qaytarmaq istəyirik. Məni instaqramdan izləyirsiz?

– Yox.

– Onda gedin, sizə yemək yoxdur.

– Çox sağ olun.

Ehtiram bəy qəşş edib güldü. Yumor hissi o qədər də xoşuma gəlmədiyi üçün dərhal buradan uzaqlaşdım. Ümid edirəm, yeməkləri də yumor hissi qədər soyuq və duzsuz deyil.

Bir qədər irəli gedib, stendlərin kənarında dayanıb festivalı müşahidə etməyə başladım. Gələn adamların yarısı rus dilində danışırdı. Qadınların sayı isə kişilərdən daha çox idi. Burada gənclərdən daha çox ortayaşlı, yaşlı adamları görmək olardı. Hə, bir də bütün tədbirlərin, sərgilərin, festivalların bəzəyi -əlində xiyar-çörək tutub o yana-bu yana qaçan uşaqlar. Hərdən elə bilirəm, hansısa təşkilat məhz bu işlə məşğuldur. Sərgini başa düşdük, tədbirləri bildik. Axı uşaqların şərab festivalında nə işi ola bilər? Əhvalımın korlanmağa başladığını hiss edib cəld yerimi dəyişirəm. Növbəti şərab stendinə yaxınlaşıram.

Bu stenddə digərlərindən fərqli olaraq şərabların yanına kişmiş də qoyulub. Diqqətimi çəkir, stendin arxasında dayanan yaşlı dayıya yaxınlaşıb soruşuram:

– Salam, dayı. Bu kişmiş nə üçündür?

“Suxoy” şərabları içməmişdən qabaq bir-iki kişmiş çeynəmək məsləhətdir. Onda şərab daha dadlı olur. Mən şərabçı Hacıyev Ağamil “Acamis” MMC-nin laboratoriya müdiriyəm. Festivalda bir məhsulla iştirak edirik. Ancaq buna baxmayaraq, qonaqlarımız çoxdur. Müştərilər xarici və yerli vətəndaşlardır. Bizim şərablardan çox razıdırlar.

– Neçə ildir şərabçılıqla məşğulsunuz?

– 1985-ci ildə Azərbaycan Texnologiya Universitetinin Şərabçılıq fakültəsini bitirmişəm. Bir müddət konserv sənayesində işləmişəm. 10-15 ildir bu sahədəyəm.

– Qazanc var?

– Şərabçılıq sahəsində həmişə qazanc olub. Son vaxtlar bazardan asılı olaraq bir az aşağı düşüb. Əsas istehsal etdiyin məhsul üçün bazar tapmaq lazımdır. Biz istehsalçıyıq, onun qiyməti bizi maraqlandırmır. Dədə Qorqudda nə deyir?

– Nə deyir?

– Torpağı becərmədinsə, qorumağa, qorumadınsa, becərməyə dəymir. Əgər biz bunu istehsal ediriksə, mütləq satılmalıdır.

– Qadın yoxsa kişi müştərilər çoxdur?

– Qadınlar çoxdur.

– Sizcə, niyə?

– Şərab yüngül içkidir. Qadınlar üçün daha yaxşıdır. Allah sizə can sağlığı versin.

Ümumi olaraq sizə deyim ki, burda 20-yə yaxın yerli şərab istehsalçısının müxtəlif növdə və çeşiddə olan şərablar nümayiş etdirilir, dequstasiya imkanı yaradılır. Festivalın məqsədi ölkəmizdə üzümçülük və şərab istehsalı sahəsində görülən işləri geniş ictimaiyyətə çatdırılmaqdır.

Bir qədər sonra festivalda uzun illərdən sonra ilk dəfə Qarabağda - Tuğda yetişdirilən, Azərbaycanın ən qədim yerli texniki üzüm sortu hesab olunan “Xındoqnı” üzüm sortundan qırmızı şərablar təqdim olundu. Bu bir ilk olduğundan festival iştirakçılarının da marağına səbəb olmuşdu. Hamı yaxınlaşır dadmaq istəyirdi.

Elə bu vaxt səhnəyə aktyor Tural Əsədov çıxdı. Festival iştirakçılarını salamladı, xoş istirahətlər arzulayıb səhnəni dj-yə həvalə etdi. Ritmik musiqilər festivala daha da rəng qatdı. Əllərində şərab badələri tutan meyxoş adamlar rəqs etməyə başladı. Həmin anda bütün qayğılardan uzaq bu adamlara baxıb ancaq onlara həsəd aparmaq, bu mənzərəyə sevinmək olardı.

Nəhayət, hər kəsin gözədiyi an gəlib çatdı. Faiq Ağayev əlində şərab qədəhi ilə səhnəyə çıxdı. Bütün festival iştirakçıları, içən də, içməyəndə əlinə qədəh alıb onunla birlikdə bir ağızdan oxumağa başladı:

Əldə bir qədəh şərab səni əvəz eləmir

Həsrətli xatirələr səni əvəz eləmir

Şəkillərdən baxışın səni əvəz

eləmir

Şamaxıda Üzüm və Şərab Festivalı başa çatıb - FOTO

Yastığımda göz yaşım Səni əvəz

eləmir...

Elə bu mahnının sədaları ilə də festival yavaş-yavaş yekunlaşır...

# 2146 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #