Tanınmış şairin oğlu: “Atam öləndə yanında heç kim olmayıb” – Müsahibə

Tanınmış şairin oğlu: “Atam öləndə yanında heç kim olmayıb” – Müsahibə
28 dekabr 2021
# 21:00

Kulis.az “Atamın xatirəsi” layihəsindən tanınmış şair Şahmar Əkbərzadənin oğlu Elşən Əkbərzadə ilə müsahibəni təqdim edir.

- Şahmar Əkbərzadə yaradıcılığı oxucuya tanışdır. Şairi bir az da sizin xatirələrinizdən tanımaq istərdik.

- Atam şair olduğuna görə, digər atalardan bir qədər fərqlənirdi. Düzdü, evdə çox olmurdu, amma imkan daxilində tərbiyəmizlə, təhsilimizlə məşğul olurdu.

Olduqca mehriban insan idi. Şair dostlarının yazdığı şeirlərin əsasən ilk oxucusu atam olurdu. Atamın maraqlı bir xüsusiyyəti vardı; əgər oxuduğu şeir çox xoşuna gəlirdisə, biz şeiri öyrənək deyə aramızda müsabiqə keçirirdi. Deyirdi, kim bu şeiri tez əzbərləsə ürəyi nə istəsə onu da alacam. Bugünkü kimi xatırlayıram, Mehmet Akif Ersoyun “Çanaqqala marşı” şeiri ona çox təsir etmişdi. Dedi, oxuyun, görüm kim tez əzbərləyəcək. Elə oldu ki, qardaşım Əkbər məndən tez əzbərlədi. Atam Əkbərə “finski” kostyum aldı.

- Şair dostlarının şeirlərinin ilk oxucusu olduğunu dediniz. Kimlər idi dostları?

- Ən yaxını Məmməd Araz, Bəxtiyar Vahabzadə, Məmməd Aslan idi. Mənim görüb, tanıdığım şairlərin, demək olar, hamısında bu xüsusiyyət vardı. Onlar yazdıqları yeni şeiri çapdan əvvəl bir-birinə oxuyurdular. Atam da istisna deyildi. Yeni şeir yazanda mütləq qələm dostları ilə məsləhət edirdi. Məmməd Arazın “Dünya sənin. dünya mənim...” şeirinin ilk oxucusu atam olub. Bir gün evə gəldi, dedi, uşaqlar, Məmməd əminiz qeyri-adi bir şeir yazıb. Görüm hansınız onu tez öyrənəcəksiniz. Yadıma gəlir, mən beşinci sinifdə oxuyanda “Dünya sənin, dünya mənim...” şeirini əzbərlədiyimə görə, atam mənə ən xoşuma gələn idman ayaqqabısını almışdı.

- Qəribə mürciətləri vardı: dədə, nənə...

- Çox istədiyi insanlara deyirdi. Məmməd Arazla o qədər doğma münasibəti var idi ki, ona həmişə “dədə” deyirdi. Türk dünyasının məşhurları ilə atamın çox yaxın münasibətləri vardı. Oljas Süleymanovla həddindən artıq yaxın dost olublar. Qazaxıstanın Xalq yazıçısı Muxtar Şaxanovla, Rəsul Həmzatovla, 20-ci əsrin ən məşhur şairlərindən olan Yevgeni Yevtşenka ilə dostluq edirdi.

Gallery

- Çingiz Aytmatovla çox yaxın dostluqları olub. Bu dostluğun tarixçəsi varmı?

- Çingiz Aytmatovla atamın dostluq münasibətlərinin təməli Moskvada qoyulub. O illərdə Moskvada, səhv etmirəmsə, kitab müsabiqəsi keçirilirmiş. Atam həmin müsabiqədə iştirak edib. Həmin müsabiqədə tanış olublar. Bu tanışlıq sonralar çox böyük dostluğa çevrildi. Bu gün bəzi ziyalılar Çingiz Aytmatovla yaxın münasibətlərinin olduğunu deyirlər. Bunu qısqanclıq kimi qəbul etməyin, sadəcə olaraq, bu, bir həqiqətdir ki, Azərbaycanın bütün üzdə olan yazıçılarının çoxu Çingiz Aytmatovla atamın vasitəsiylə tanış olub. Çingiz Aytmatovu 1985-ci ildə ilk dəfə Azərbaycana atam gətirib. Bunu bütün yaşlı ziyalılar bilir. Bəxtiyar Vahabzadənin yubileyində iştirak üçün atam şəxsən özü gedib Çingiz Aytmatovu gətirmişdi.

- Çingiz Aytmatovla Şahmar Əkbərzadə arasında olan münasibət ailəyə necə yansıyırdı. Çöldən-çölə dostluq idi, yoxsa ailəvi?

- O münasibət dostluqdan keçib qardaşlığa çevrilmişdi və təbii ki, bu doğmalıq ailəmizə də yansımışdı. Çingiz ağa bizə xüsusi diqqət göstərirdi. Bilirsiniz ki, Çingiz Aytmatov sovet dövründə SSRİ Ali Sovetinin deputatı idi. O vaxt dövlət tərəfindən deputatlara təxminən 50 kiloqramlıq qutuda pay hazırlanırdı. Bu qutunun içərisində əsasən şirniyyatlar olurdu. Çingiz ağanın övladları bizdən böyük olduğu üçün o, hər il öz payını bizə göndərirdi. Qırğızıstan dövləti tərəfindən ona çox qeyri-adi bağ evi bağışlanmışdı. İldə iki dəfə Çingiz ağa Moskvadan, atam da burdan Qırğızıstana gedir, o bağ evində ən az on gün qalırdılar.

Gallery

- Ədəbi mühitdə qısqanclıqlar da az olmur. Şahmar Əkbərzadənin yoluna daş qoyan qələm adamları vardımı?

- Vardı. Onların arasında rəhmətə gedənlər də var, sağ qalanlar da. Mən demirəm ki, mənim atam çox qüdrətli və güclü şair olub. Amma sevilirdi, tanınırdı. SSRİ qələm adamları arasında hörməti böyük idi. Bu, yəqin ki, ən çox onun şəxsi keyfiyyətlərinə görə qazandığı hörmət və sevgi idi. Bu baxımdan atama qarşı paxıllıqlar çox olurdu. Hətta bir şeyi dəqiqliyi ilə bilirəm ki, atamın adına gələn dəvətnamələr ona verilmirdi. Türkiyədə çox mötəbər bir tədbirə dəvətnamə gəlib, atamdan gizlədiblər. 1999-cu ilin axırlarında Dədə Qorqudun 1300 illiyi Bakıda keçiriləndə foyedə Türkiyənin tanınmış ziyalılarından biri deyib ki, Şahmar bəy, sizi çox gözlədik, niyə gəlmədiniz? Atam da deyib, mənə məlumat verilməyib. Sonra məlum olub ki, göndərilən dəvətnamə Xalq yazıçılarımızdan biri qəsdən atama çatdırmayıb.

- Kim idi o adam?

- Azərbaycan Yazıçılar Birliyinin sədri Anar. O, kiçik bir qəzetin baş redaktorunun mötəbər tədbirlərə xüsusi dəvət olunmasını həzm edə bilmirdi. Atama qarşı qısqanclıqlar var idi. Deyirdilər, niyə Oljasın, Çingizin dilindən Şahmarın adı düşmür? 1995-ci ildə türk dünyasının ən məşhur insanlarından biri, Türkiyənin ovaxtkı mədəniyyət naziri Namiq Kamal Zeybək qızının toyuna Azərbaycandan təkcə atamı dəvət etmişdi. Bakıda qırğın düşmüşdü ki, niyə məhz Şahmar Əkbərzadə dəvət olunub o toya? Bir yandan Polad Bülbüloğlu, bir yandan Anar atama təzyiq göstərirdilər.

Gallery

Qırğızıstanın Bişkek şəhərində Manasın 1000 illik yubileyi keçirilirdi. Azərbaycanda hökumət nümayəndəsi təşkil olunurdu. Bilə-bilə ki, Çingiz Aytmatovla Şahmar Əkbərzadə qardaşdır, onu həmin nümayəndə heyətinin tərkibinə salmadılar. Çingiz Aytmatov da bunu bildi. Qırğızıstan dövləti adından atama xüsusi dəvətnamə göndərilməsi üçün əlindən gələni etdi. Həmin tədbirdə atam çıxış da etmişdi. Şəhriyarın yubileyində təxminən neçə yüz yazının içindən atamın publisistik yazısı birinci yerə layiq görülmüşdü. Azərbaycandan nümayəndə heyəti getmişdi. Nümayəndə heyətinin tərkibində Polad Bülüblüoğlu, Bəkir Nəbiyev, Fərəməz Maqsudov və başqaları var idi. Yenə atamın adını həmin siyahıya salmamışdılar. Amma şəxsən mənim bəyənmədiyim İran dövlətinin ölkəmizdəki səfirliyindən düz evimizə xüsusi dəvətnamə gətirdilər.

Bütün bu olanlara görə, atamı ədəbi mühitdə hamının sevdiyini demək olmaz.

- Şahmar müəllim özünə qarşı olan bu münasibəti necə qarşılayırdı?

- Heç vaxt büruzə vermirdi. Ürəyinə salırdı.

Gallery

- Şahmar Əkbərzadə həm də cəsarətli misraların müəllifi kimi yaddaşlarda qalıb. Bu şeirlərə görə təqiblərə məruz qalırdı?

- Açıq yox, gizli təqiblərə məruz qalırdı. Onun, ümumiyyətlə çox tanınmasını istəmirdilər. Hər yerdə önünü kəsirdilər. Yuxarıda bunlardan bir neçəsini dedim. Atamın 60-cı illərdə yazdığı bir neçə şeir vardı ki, o şeirləri hər özündən deyən şair yazmağa cürət edə bilməzdi. Məsələn, “Vətən” şeiri. O şeirdə Təbriz dərdinə işarə var idi. Həmin dövrdə bu mövzuda şeir yazmaq çox təhlükəli idi. Yadıma gəlir, bizim ev telefonumuz həmişə dinlənilirdi.

- Ömrünün son illərində ibadətlə məşğul olub. Gəncliyində yeyib-içməklə arası necə idi?

- Atam heç vaxt içkiyə aludə olmayıb. Məclis adamı idi, amma içki içməyi sanki simvolik idi. O dövrdə ədəbi mühitdə araq yox konyak dəbdə idi. Bizim evdə Bəxtiyar Vahabzadənin, Xudu Məmmədovun evində tez-tez şair məclisləri olardı. Beş-altı kişi otururdu bir şüşə konyakın ətrafında, dərdləşirdilər. Məclis beş-altı saat davam edirdi. Çox nadir hallarda onlar ikinci butulkanı açırdılar. İçki onlar üçün bir araya gəlmək üçün bəhanə idi. Dərdləşirdilər, şeir oxuyurdular. Arada badəni dodaqlarına vurub yerə qoyurdular. Amma həddindən artıq siqaret çəkirdi. Hətta deyərdim ki, onu ölümə yaxınlaşdıran amillərdən biri də siqaret oldu. Çünki infarktdan sonra çəkməməli idi. Elə bir dövr idi ki, özünə yer tapa bilmirdi. Qarabağ hadisələri ona çox pis təsir etmişdi.

Gallery

- Bu, onun şeirlərindən də görünür.

- Elə-obaya çox bağlı insan idi. Hər il avqust ayında məzuniyyətə çıxırdı. İstirahət üçün ilk getdiyimiz yer Ağdamın Çəmənli kəndi olurdu. Orda ən az bir həftə qaldıqdan sonra ailəvi yığışıb Şuşada məşhur istirahət evinə gedərdik. Laçında Şəlvə dərəsi adlanana bir yer var idi, ora aparardı bizi. Atamın Laçına həsr etdiyi “Laçın dağlarına məktub”, “Mərkəzi poçtxana” şeirləri var.

- Şahmar bəy ananızla necə tanış olub?

- Anamla atam sevgi ilə ailə qurublar. Onların arasında çox güclü sevgi olsa da, anamın anası bu evliliyə qarşı çıxıb. Nənəm deyirmiş ki, mənim gül kimi qızımı Şahmarın cızma-qarası yoldan çıxartdı. Hətta uzun illər atamı danışdırmayıb. Mənim 3 yaşım olanda onları mən barışdırmışam. Nənəm mənə çox düşkün idi. Bütün nəvələrinin içində ən sevimlisi mən idim. Mənə o qədər bağlanmışdı ki, ayrı qala bilmirdi. Ona görə də bizdə yaşamağa məcbur olmuşdu.

- Şahmar müəllimin Mələk xanıma həsr etdiyi şeirlər çoxdur.

- “Bitməsin”, “Kipyimi qədəminə sərim qoy” şeirlərini anama həsr edib.

Gallery

- O vaxt yaraşıqlı şairlərə, sənət adamlarına tez-tez sevgi məktubları yazırdılar. Yəqin Şahmar müəllimə də sevgi məktubları gəlirdi.

- Çox gəlirdi. Anam soyuqqanlı qarışlayırdı. Hətta anamın tələbə yoldaşları arasında da atama aşiq olan xanım var idi. Atama etiraf məktubu yazmışdı.

- Mələk xanım bunu necə qarşıladı?

- Buna görə atamla anam arasında hansısa bir gərginlik yaşandığını xatırlamıram. Anamın bizə danışdığı bir xatirəni bölüşmək istəyirəm. 1969-cu ilin noyabr ayında atamla-anam ailə qurub. 1970-ci ildə Moskvaya bal ayına gediblər. Atamın dostlarından biri bunları restorana dəvət edib. Atam gənclik illərində Şuşada lagerdə pioner dəstəsində rəhbər olub. O vaxtlar Şuşada məşhur istirahət mərkəzi olduğu üçün Rusiyanın bütün nöqtələrindən ora turistlər gəlirdi. Hər axşam ballar, diskotekalar keçirilirdi. Atam da gənc və yaraşıqlı oğlan... Yəqin təsəvvür edirsiniz ətrafında nə qədər qadın olub. Təsadüfən Şuşada istirahətə gələn həmin qadınlardan biri rəfiqələri ilə atamgil oturan restoranda olublar. Gözlərini atama zilləyiblər. Anam atama əyilib deyib ki, Şahmar, mən ölüm dur get, onların gözünü intizarda qoyma. Onu da deyim ki, atam çox gözəl rəqs edirdi. Valsı, tansı çox məharətlə ifa edirdi. Atam yaxınlaşıb həmin xanımı rəqsə qaldırıb.

Gallery

Anam danışır ki, necə gözəl süzürdülərsə, əlimi çənəmə qoyub onlara heyranlıqla tamaşa edirdim. Anam heç vaxt atamı qısqanmırdı. Həmişə deyirdi ki, bilirdim, Şahmar bütün varlığı ilə məni sevir.

- Atanız ən çox nəyi özünə bağışlamırdı?

- Qarabağ 1988-ci il mitinqləri zamanı atam infarkt keçirtdi. Böyük qardaşım Tibb İnstitutunda oxuyurdu, orda aktiv tələbələrdən olduğu üçün iki günlük həbsə salmışdılar. O zaman infarkt keçirtdi. 1992-ci ildə Xocalı faciəsi baş verəndə ürəyi dözmədi, ikinci infarktı də onda keçirtdi.

- Eşitdiyimə görə, uşaqlar arasında ən dəcəli siz olmusunuz. Şahmar müəllim heç vurub sizi?

- Atam dünyasını dəyişəndə 29 yaşım var idi. 29 ildə cəmi bircə dəfə ondan çox qəşəng bir şapalaq yemişəm. O vaxt uşaq idim və mənim üçün çox ağır gəlmişdi həmin şapalaq. Onu da kefindən vurmamışdı. Elə bir iş tutmuşdum ki, həmin an yaşadığı qorxunun təsirindən bilməmişdi nə etsin.

- Nə etmişdiniz?

- 3-cü sinifdə oxuyanda icazəsiz Xırdalandan şəhərə xalamgilə gəlmişdim.

Gallery

- Seçimlərinizə qarışırdımı? Siz ailə quranda seçiminizə münasibəti necə oldu?

- Seçimlərimizə hörmətlə yanaşırdı. Xüsusilə ailə qurmaq məsələlərində. Bir dəfə mənə təklif etdi ki, bir dost var, onun qızına istəyirsən, bir bax, könlünə görə olarsa, ailə qur. Mənim də ürəyimdə başqası var idi. Açıb dedim. Dedim, qızın atası Kimya İnstitutunda işləyir. Rəhmətlik Xudu Məmmədovun yoldaşı Maya xanım da orda çalışırdı. Onun vasitəsi ilə atam ailə ilə maraqlandı. Bir gün gəldi, anama dedi, Allah xeyir versin, gedin, qızı istəyin.

- Həyatında atdığı ən riskli addım nə idi?

- 1981-ci ildə atamla Xudu Məmmədov o dövr üçün çox təhlükəli hesab olunan bir hərəkət etmişdilər. İrandan atamgili çox hörmətli bir adam toya dəvət etmişdi. Bilirsiniz ki, həmin dövrdə rəsmi tədbirlər xaricində İrana səfər mümkün deyildi. Atam və Xudu müəllim həmin toyda iştirak etmək üçün həyatlarını təhlükəyə atıb bir günlük gizlincə İrana keçmişdilər.

- Övladlarından ona ən çox kim bənzəyir?

- Hamımızda atamdan bir nişanə var. Ziyalılığı, qələmi ilə Əkbər, çılğınlığı ilə mən, yaraşıqlılığı ilə Elturan...

- Dünyasını dəyişəndə yanında kim vardı?

- Atam dünyasını dəyişən günü mən Bakıda deyildim. Həmin gün qardaşımın böyük qızının ad günü idi. Uzun müddət idi uşaq velosiped istəyirdi. Atam almağa qoymurdu ki, özüm alacam. Həmin gün, avqustun 30-da atam gedib velosiped alıb gətirib qardaşımın qızına verib. Bir stəkan çay içib, anamı da qardaşımgildə qoyub evə qayıdıb. Dəhlizə girər-girməz ürəyi tutub və yıxılıb. Elə dəhlizdəcə keçinib. Atam öləndə yanında heç kim olmayıb. Onun son sözünü heç birimiz eşitmədik.

Foto: İlkin Nəbiyev

# 33134 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #