Kulis.az Rahid Uluselin “Kosmik sivilizasiya astanasında” essesini təqdim edir.
Bir göz qırpımı saniyənin dörddə biri qədərincədir. Bir göz qırpımında (0.25 saniyə) Kainatda nələr baş verir: 15 000 yeni ulduz doğulur, 300 ulduz ölür, 15 milyon planet yaranır, Günəş 175 milyon ton hidrogen yandırır, 30 qara dəlik törənir, Kainat 527250 km. genişlənir, bizim Süd Yolu qalaktikası 250 km. irəliləyir və 125 metr böyüyür, qonşumuz Andromeda qalaktikası bizə 27 km. yaxınlaşır, işıq 75 min km. yol qət edir... Əgər bir insan ömrü boyu, təxminən, 650 000 000 dəfə gözünü qırpırsa, görün, bu müddətcə bizim həyatımız Kainatdakı hansı miqyasda dəyişikliyə şahid ola bilər!
Varlığın Kainat biçimi alması harmoniyanın ilk aktıdır
Biz insanlar Kainatla üz-üzə, onun “təhlükələri” önündə qalmamışıq, əksinə, onun ən optimal məkanının öncinahında ali məqsədlərinə doğru irəliləyirik. İndiyədək gəldiyimiz yolun məntiqindən çıxış etsək, bu bəsirətdən işıqlanarıq ki, Kainat İnsanı öz inkişafında yarımçıq qoya bilməz. Çünki Kainat saysız doğuluşlarının heç birində özünü sıfırdan başlamır. Onun hər doğuluşu Varlığın irəliyə doğru bir addımı, harmoniyasında cilalanmasının yeni bir fazasıdır.
Varlığın balası Kainat, Kainatın balası İnsandır ki, damcı-damcı öz körpə həqiqətləri ilə böyüməkdə, materiyanın bir “elementi”, və ya Yerin canlılarından biri yox, Kainat quruculuğunun bənnası, daha ali missiyasında memarı olmaq amacında! Kainatın ali məqsədləri – Varlığın daha yüksək və kamil həyat dürlərində və kvint-essensial optumumunda təzahür etmək, bir dövrəsində qazandığı enerjini digərinə ötürmək özəyində konsentrasiya olub. Kainat “dekadansı” an, “renessansı” əbədiyyət tək yaşayır. Xaos Kainatın buğumları, harmoniya gövdəsidir. Od da Küllün bir addımı, Kül də Küllün bir addımıdır ki, gül açsın Kainat!
Kainat həyatının hər anı onun arxitektonikasını ilahi nizamın daha yüksək səviyyəsinə çatdırır və ona öz quruluşunu təkmilləşdirməyin yeni imkanlarını açır. Yaranışında yalnız fiziki cisim kimi mövcud olan, daha sonra canlı həyatı yetirən, milyardlarla il öncə arxeylərin (təkhüceyrəli orqanizmlər), milyonlarca il öncə dinozavrların yaşadığı Yerlə on minlərcə il öncə zühur edən insanın yaşadığı Yer tamamilə ayrı planetdir: son on min ildə Yer Təbiət yaradıcılığı arenasından İnsan yaradıcılığı arenasına çevrilib.
Elm sübut edir ki, erkən Kainatın ən ilkin maddələri – gələcək ulduzları və planetləri yaradacaq atomlar bizim bədənimizdə də var! (1) Deməli, biz – Kainatın subyekti olan insanlar həm də onun yaşıdıyıq!
Albert Eynşteyn: “Tanrının NƏ düşündüyünü bilmək!”
İnsan təkamülünün çox böyük bir hissəsi, yəqin ki, Yer Kürəsində baş verəcək. Yer Kürəsi Kainatın İnsan doğan bətnidir. İnsan elə ana bətnindəki körpə kimi yetişməyincə, Kainat onu Dünyaya doğmayacaq. Ola bilsin, İnsan Yer Kürəsi bətnində hələ rüşeym halındadır. Çünki İnsan ibtidai vəhşiliklərinin bircəsindən belə əl çəkməyib. Əksinə, bütün vəhşiliklərin daha “mükəmməl” texnologiyalarına yiyələnib və onları daha inadla təkmilləşdirməkdə davam edir. Fəqət İnsanın öz həyatına rasional parametrlərlə tənqidi yanaşması onun vəhşiyyət xəzindən çıxmasına yol açmalıdır. Yer Əxlaqına yiyələnmədən Kosmik Əxlaqa necə yüksəlmək olar?!
Əgər Kainat öz təkamülünün indiyəqədərki ilk meqafazasının başlanğıcında “Böyük Partlayış”dan (“Big Bang”) – “greypfrut” meyvəsi boyda pramateriyadan yaranıbsa, deməli, onun indiki – ikinci meqafazasında Yer planetindən “greypfrut”- bəşəriyyətin – prainsanın Kainat içərisində “Böyük Partlayış”ı – bu məkana yayılıb oykumenləşməsi baş verməlidir. Bu ideya “alternativ insan dünyaları” hipotezini istisna edir. Varlıq Kainat başlanğıcını, quruluşunu və həyatını da, İnsan başlanğıcını, quruluşunu və həyatını da onun bir nöqtəsindən – Toxumdan alır. Kainatda Yer İnsanından başqa heç kim yoxdur. Ancaq zaman gələcək ki, O – İnsan Kainatı olacaq! Kainat İnsanı İnsan Kainatı ilə tən olacaq!
İnsanı Kainat içrə müstəsnalaşdıran bütün dini, fəlsəfi təlimlər onu Tanrıya yaxınlaşdırmaq əvəzinə, tamam əks təkanla Tanrıdan uzaqlaşdırır. Bütün tarix Tanrıdan uzaqlaşdırılıb yadlaşdırılmış, dolayıca Onun ətəyinə yapışdırılmış insanlığın çırpıntıları ilə yaşamaqdadır. Yox. Biz Tanrını o zaman tam dərk edəcəyik ki, müstəsnalığımızdan imtina edəcək, içində həyat qazanıb zərrələndiyimiz bütün dünyanın da özümüz kimi canlı bir varlıq olduğunu doğmaca hiss edəcək, təbiət dilində danışmağı, kosmos zəkasında düşünməyi öyrənəcək, ali insan mahiyyətimizlə təbiətləşəcək-ilahiləşəcək və Tanrının ətəyindən yapışaraq Şeytana daş atan belibükülü aciz və itaətkar bəndə deyil, həmin canlı aləmlə birgə Tanrının Qəlbi olduğumuzu cismimiz və ruhumuzla duyacaq, “Tanrının NƏ düşündüyünü bilməyə”, “Kainata qanunlar verənlə harmoniya yaratmağa” (Eynşteyn) can atacaq, “Həqq mənəm!” (Nəsimi) kamilliyinə yüksələcəyik!
Homoloqosdan kosmoloqosa
Kainatın İnsan Tarixi, əlbəttə, onu cənnət və cəhənnəmə sürüyəcək bir məqsədlə başa çata bilməz. İnsana Ev olacaq Kainat bu dar məqsədə sığa bilməz. Tarix apokalipsislə bitə bilməz. Tarixi qiyamətlə sona çatdıran dinlər Kainatın İnsana açdığı sonsuz imkanlar müqabilində nə qədər qeyri-təbii və məntiqsiz görünür!
Homoloqosla Kosmoloqosun vəhdət tapdığı nöqtədən Kainatın real təyinatına uyğun noosferik təkamülü başlayıb və hələ erkən mərhələsindədir. Dinlər bu yolun aldanış və sapıntı çağlarında meydana gəlib: insanla İlahi Qüdrət arasında bağ kimi yox, paz kimi!
Bu gün də milyardlarla insan bu aldanış içrə dinlərin sərt qayalıqları arasında ləngər vurmadadırlar... 13.8 milyard illik yaşının hər saniyəsini təkamül edən Kainatın gerçək tarixi isə məhz bizim Yer kürəsində “Allahın qulu” olan, cənnət və cəhənnəm yolayrıcında ikiyə bölünərək cənnətdə həzzə, cəhənnəmdə əzaba məhkum ediləcək və bununla da mövcudluğunun mənasını bitirəcək məxluqla deyil, o ilahi qüdrətin daşıyıcısı olan İnsanla başlayır...
Kainat və İnsan birgə, nəfəs-nəfəsə sonsuz dəyişmələrdən keçəcək. Fəqət bu yol bitməyəcək. Kainat yenidən və daha kamil doğuluşunda özünün İnsan toxumunu da yenidən və daha kamil doğuluşunda zühur etdirəcək!
Transendental dünyadərkinin mühüm məqamı
İntibah dühaları insan yaradıcılığının kosmik miqyasına yer təcrübəsində qazandıqları harmoniya ilə çıxmaq cəsarətinə malikdirlər. Özünü də, digər boyakarları da “incəsənət münasibətlərinə görə Allahın nəvələri” sayan Leonardo da Vinçi bu cəsarətlə barmağını “Kainatın bütün nəsillərinə özünün son nəticələrini çatdırmaq gücündə olan rəssamlığa” tuşlayır (2). Kainatın obyektiv mənzərəsi təkcə onun fiziki harmoniyası deyil, eyni zamanda metaforik harmoniyası dərk olunduqda tamamlanır.
İntibah epoxasını antroposentrizmdə qınayırlar. Ancaq intibahçılar insanı diqqət mərkəzinə çəkməsəydilər, teosentrik düşüncənin homosentrik düşüncəyə transformasiyası və bu özül üzərində humanistik və onun da nəticəsi olaraq demokratik dünyagörüşü modeli və fəaliyyət tipi formalaşa biləcəkdimi?! Yox.
Şərqdə isə Avropadan da xeyli əvvəl başlayan insantəməlli fəlsəfə insanın sosial statusundan daha çox ruhi-mənəvi təşəkkülünə diqqət yönəltdiyindən və homosentrik düşüncənin teosentrik düşüncədən heç zaman ayrılmadığından, burada humanizm insanın içərisinə qapadılmış, əxlaq maksimumunda dərinləşmiş və zahirə vulkan gücü ilə lavalanıb ictimai keyfiyyət qazanaraq demokratik mərhələsinə keçə bilməmişdir.
Buna görə də “Allaha yüksəlmək istəyirsənsə, Özünə en!” təsəvvürlü monoteosentrik Şərqdən irəli sıçrayan demossentrik Qərbin tarixi inkişafında həm də yetərincə Şərq və antiklik ənənələrinə söykənən, ancaq bütün mahiyyəti ilə xristianlıq yox, məhz Avropa hadisəsi olan İntibah müstəsna əhəmiyyət daşıyır.
Rahid Ulusel
İdrakın Kant və Şarden orbiti
Dünyanın ideya tarixinə İmmanuel Kant fəlsəfəsinin inteqral nöqtəsindən baxdıqda aydın şəkildə görürsən ki, bu tarixi təkamülün məhz İnsan idrakının qüdrəti ilə Kainatın ali məqsədlərinə doğru hərəkət edən sapmaz məntiqi, ardıcıllığı, bütövləşmə qanunauyğunluğu var.
Kant Kainatın yaranması prosesinin içində idrakın yaranması prosesinə ona görə diqqət kəsilmişdi ki, fəlsəfə onların vəhdətində dayaqlanaraq idrakın yaradıcı kosmoqoniyasına çıxsın: yəni yaranıbsan ki, yaradasan! Bu qüdrətin qarşısında hətta ən güclü Şopenhauer skepsisi belə sönükdür. Kant aqnostisizmin obyektiv səbəblərini açmaqla yanaşı, İnsanı özünə inandıran fəlsəfənin və əxlaqın sarsılmaz sütunlarını yaratmışdır (3).
Bu təməl imkan verir ki, indi olduqca çaşqın görünən, fəlsəfi metodologiyalardan yayınmış, ancaq elmin empirik qatında, praqmatik tunelində irəliləyən bəşəriyyət hətta siyasətdən incəsənətədək varan irrasionalizmin dibinə endiyini və bu yolun tükənişə dirənəcəyini fəhm etsin.
Fəqət postmodern epoxa öz yayğınlığı, onurğasız estetikası ilə açıq şəkildə Kant ideallarına meydan oxuyur. Kantın yaradıcı potensialına güvəndiyi İdrakın qəhrəmanlığı isə bundadır ki, endiyi ən aşağı pillədə belə öz üfüqlərini görə və dərk edə bilir. Ortaçağlarda bundan da betər bataqlıqlar olmuşdu. İndi qapandığı dar fırlanış trayektoriyasından da öz taleyinin Kainat quruculuğu orbitinə çıxmağa İdrakın gücü çatar!
Pyer Teyyar de Şarden alim və ilahiyyatçı kimi elm və dini məhz fəlsəfə nüvəsində vəhdətə gətirərək, yer təkamülünün indiki fazasında sivilizasiyanın özünüdərketməsi yollarından birini açır: kosmosfera, geosfera, biosfera, noosfera harmosiyasında antropoloji sistem özünün daha optimal funksionallığını üzə çıxarmaq imkanları əldə edir.
Kosmos və İnsan, Yer və İnsan, Tanrı və İnsan ümumcazibə qüvvəsində birləşir və birlikdə – əl-ələ tutaraq müdhiş bir sonsuzluğa (mahiyyətcə gələcəksizliyə!) deyil, aydın məqsədə doğru hərəkət edirlər (4). Bu məqsəd – Kainat həyatında doğulmaq və yaşamaq, Kainat Məbədinin şamlarını sönməyə qoymamaq, daim yanar saxlamaqdır!
Kosmoloji Eranın başlanğıcı
Kosmosun fəthi Böyük Azadlığa can atmağın ilk mərhələsidir. İnsan özünün və yer planetinin bir-biri ilə qırılmaz şəkildə bağlı olan fiziki, geoloji, bioloji və antropoloji tarixinin təkamül məntiqi ilə artıq sivilizasiya həyatının kosmoloji erasına daxil olmaqdadır. Biz indi gerçəkdən kosmik sivilizasiya astanasında, XXI əsrin əsas inkişaf məntiqini və gücünü yaxın kosmosda lokal həyat mühitinin yaradılmasına istiqamətləndirməkdə iddialı olan Elon Maskın dediyi kimi, “çoxplanetli sivilizasiya” (“multi-planet civilization”) quruculuğuna başlamaqdayıq.
Planetar tale Kosmik taleyə açılır: insan potensialının özünü maksimal həddə çatdırması və doğrultmasının sonsuz meydanı. Məhz bu inqilabi addımın atıldığı nöqtədə İnsan tarixinin ən böyük ziddiyyəti daha aydın görünür: zəka və infantilliyin bütün səviyyələrdə toqquşması.
Böyük siyasətdə isə bu toqquşmanın qığılcımları sivilizasiyanın özünü yandıracaq həddə təhlükəli. Bu problemin anatomiyasına varılmalıdır ki, necə olur, bir-birini rədd edən zəka və infantilliyin çulğaşımı sanki sivilizasiyanın genezisində uyuyan və onun bütün tarixini müşayiət edən hadisə kimi tərəqqinin toxumalarına nüfuz edə bilir?!
Tərəqqi metafizikasının skepsis və ironiya hədəfinə gəlməsi də, yəqin, bu səbəbdəndir.
Tarix özünü aydınlaşdırmaq və kosmoloji eraya cəsarətlə adlamaq üçün əmziyini atmalıdır.
İnsan Kainatı alaq kimi deyil, çiçək kimi tutmalıdır.
Bir damcı qədərincə
İnsan ölür, nəsli qalır; nəsli ölür, ulus qalır; ulus ölür, bəşəriyyət qalır; bəşəriyyət ölür, canlı aləm qalır; canlı aləm ölür, Yer planeti qalır; Yer planeti ölür, Süd Yolu qalaktikası qalır; Süd Yolu qalaktikası ölür, Kainat qalır; Kainat ölür (nəzəri ehtimalla, trilyon trilyon trilyon trilyon trilyon trilyon trilyon trilyon ildən sonra...) bəs Nə qalır?!
Bütün bu zənciri yaradan Varlığın Toxumu – Substansiya – Pramateriya artıq ölçülməsi mümkün olmayan məkansızlıq və zamansızlıqda, səssizlik və hərəkətsizlikdə Necə yaşayır? Varlığın Toxumu ölən Kainatın yaddaşını özündə necə yaşadır?
Hər yeni “Big Bang” (“Böyük Partlayış”) özündən əvvəlkindən daha mükəmməl olma məntiqini daşıyırsa, demək, çoxyaranışlı Kainat hərdəfəki təkamülündə özünün hər bir subyektinin – kosmik cisimlərdən İnsanadək – daha kamil dürünü yaradır.
Bu mənada Kainat və onun ali təzahürü İnsanla birgə bütün varlıq subyektləri – yarpağını tökən və yenidən yaşıllaşan ağac timsalındadır. Ancaq bitki bitincə barlanmaz.
Təkamül zəncirlərində bütün varlıq təkcə dəyişmir, yeniləşmir, həm də cilalanır. Cilalanırsa, deməli, varlığın əbədi mahiyyəti – Substansiya da cilalanır. Çünki ola bilməz ki, Substansiya bütün Kainat doğuluşlarında dəyişməz qalsın, onun bütün “törəmələri” isə dəyişikliyə uğrasın.
Deməli, İnsan təkamül etdikcə cilalanan və kamilləşən Substansiyanın təkamül etdikcə cilalanan və kamilləşən bir zərrəsidir.
İnsan ölür... İnsan doğulur... Kainatın özü kimi... Ancaq hər doğuluşunda ətrini – bir damcı qədərincə də olsa – artıran Çiçək kimi...
Beşik sivilizasiyasından sıçrayışlarımız – kosmik vətənə!
Bəşəriyyətin yanılmalar sürəcində indiyədək hədər yerə sovurduğu enerjisi mənəviyyata həm də elə bir yoxsulluq həddi gətirib ki, nəinki Yerlə Kainatın, hətta kasıbla varlının doğma olmasına inanış belə gerçək təməllərini yarada bilməyib.
İnsan kosmosu çox zaman boşluqla doldurulduğundandır ki, fiziki kosmosda da onun qəlbinin səsindən daha bərk iddialarının əks-sədası, “Ulduz müharibələri”nin küyü, uğultusu, siyasətin vızıltısı eşidilir. Ona görə də ən çox qara dəliklərin qaynaşdığı bu kosmosa bir ideya-ulduz daxil olan kimi onun təlatümləri, inkarçı çalxantıları başlayır, ideya-ulduzun udulmasına can atılır.
Fikir verin, bütün qapalı və ya yelçəkər sivilizasiyalar hər hansı mütərəqqi ideyanı yaxına buraxmır və onu lənətləyirlər (Nəinki qadın azadlığını, hətta şahmatı (!) qadağan edən Əfqanıstanın ifrat islamçı Taliban hökuməti kimi). Çünki şüurunu oyandıra, dəyişdirə, yeniləşdirə biləcək hər hansı bir cəhddə özlərinin yıxılmasını görürlər. Onların öz aralarında hördüyü divarlar isə heç qoyarmı ki, Kainat görünsün?!
Kainat miqyasında düşünən zəkalar Bruno qəhrəmanlığı ilə məhz bu divarlara qarşı vuruşmuşlar. Onların tarix boyu güclənən ittifaqı olmasaydı, hələ də insan quyuya düşən əksinə baxıb qımışmaqdan əl çəkməyəcək, Kainata NASA yolu açılmayacaqdı!..
Bəşəriyyət tarixində elmin inkişafının ən yüksək idealı kosmosun fəthi olub. Ancaq bu fəth onun gerçəkləşməsinə ideya özülü yaratmış köklü sivilizasiya məkanlarında, məsələn, Yunanıstan, İran, İtaliya, Hindistan, Çin, Ərəbistanda deyil, müasir dünyanın iki aparıcı dövlətində – Sovet İttifaqı və Amerika Birləşmiş Ştatlarında başlayıb.
Deməli, sivilizasiya heç zaman lokal ərazilərdə ilişib qalmır, öz dəyər və potensialını yeni, hətta “gözlənilməz” ərazilərə daşıyır, yığdığı toxumları yeni, daha münbit torpaqlarda əkir. Müasir elmin planetar miqyası genişləndikcə, onun kosmosferaya adlayışı da bu qanunauyğunluq əsasında baş verəcək: bizim beşik sivilizasiyamız Kainatın dərinliklərinə doğru yürüşünü yığdığı toxumları yeni planet-torpaqlarda əkə-əkə davam etdirəcəkdir.
Hələ başlanğıcını yaşadığımız kosmik erada insanlığın bütün elmi potensialının nəticəsi olaraq Kainatın öyrənilməsi üzrə ardıcıl çalışmalar bu inamı təsdiq edir: XX əsrin doxsanıncı illərindən başlayaraq, NASA (The National Aeronautics and Space Administration), ESA (The European Space Agency) və s. tərəfindən fəzaya buraxılan kosmik teleskoplar bəşəriyyətin indiyədək qazandığı bilginin cəmi qədər informasiyaları, hər gün, hər saat kosmoloji təsəvvürləri yeniləyən, hətta kökündən dəyişən faktları yer planetinə göndərir.
2021-ci ildə NASA-nın rəhbərliyi altında ABŞ, Avropa və Kanada kosmik agentliklərinin birgə hazırladığı, 30 il ərzində üzərində minlərlə alimin işlədiyi, indiyədək mövcud olan kosmik teleskoplardan 100 dəfə güclü inşa edilmiş, 10 milyard dollar dəyərində olan James Webb kosmik teleskopu fəzaya qalxdı: Kainatı işıqlandıran ilk ulduzları müşahidə missiyasını yerinə yetirmək üçün!
NASA bu tarixi uçuşun ilk anındaca ona belə şərh vermişdi: “Biz zamanın kənarına çıxırıq! Bizim kosmik teleskop Kainatın doğulması çağına səyahətə başlayır!”
James Webb kosmik teleskopu Yerdən təqribən 1,5 milyon km. uzaqlaşaraq Kainatın dərinliklərinin ən həssas fotolarını çəkə biləcək, ilk qalaktikaları, “ən qoca” ulduz sistemlərini və onların ətrafında fırlanan “ən yaşlı” planetlərin necə doğulduğunu və necə mövcud olduğunu öyrənərək Yer kürəsində yaşayan bizlərə çatdıracaq! (5)
Ustad dərsi
Kainatın təkamülü şüur həyatını ərsəyə gətirmək üçün seçdiyi bu optimal məkanda – Yerin yalnız 200 milyon ildə bircə dəfə dövr edə bildiyi Süd Yolu qalaktikasında Günəş sistemi konfiqurasiyasını yaradıb.
Deməli, bəşəriyyət yaranışından bəri indiyədək heç zaman getmədiyi, onun beşiyi 4,543 milyard yaşlı Yerin isə yaranışından bəri cəmi 22 dəfə fırlandığı bir “kosmik cığırla” hərəkət etməkdədir. İndi şüur məhz həmin hərəkət nöqtəsindən Kainatı müşahidə edir. Yanıla da bilir, ancaq azmır! Kainatın-İnsan-Gözü onun ali məqsədlərini aydın şəkildə görür!
Əlbəttə, insan idrakı yalnız Kainat arxitektonikasının rasional loqosu ilə vəhdətdə Yer planetində yaratdığı sivilizasiyanın dayaqlarını möhkəmləndirə və inkişafının yeni pillələrində transkosmik həyat arenasına çıxa bilər.
Fəqət bu məkanda insan tək və müstəsna deyil: budaq üzərində yavaşca hərəkət edən qırxayaq da, döşəmə üzərində iməkləyən körpə də, Böyük Hadron Kollayderində şığıyan “Big Bang” yaddaşlı protonlar da Kainatın ali məqsədlərincə irəliləyir. Hətta məzar da öz doğma planeti ilə birgə fəzada süzür!
Bu Kainatda varlıq yaratmayan yoxluq mövcud deyil. İnsanın metafizik nihilizm və ya ekzistensial faciəvilik içrə çabalayıb-qıvrılmaları da – məsələn, Şopenhauer, Xəyyam, Paskal, Kyerkeqor, Hadi, Kamyu qatında – Kainatın ali məqsədlərindən yayınmalar yox, o məqsədlər üzrə böyük kosmo-antropos hərəkatının təbii tərəddüdləri, sancıları, iztirablarıdır.
Bu məqsədlərə tuşlanmasaydı, Hüseyn Cavid yazardımı“Dinlə həp Kainatı!” (6)
Sözün fiziki mənasında Kainatın yaranışından qopan varlığın ən azman səsini – “Big Bang”in səs dalğalarını indi də həssas qurğular vasitəsilə eşitmək mümkündür (7). Ancaq Cavidin o pıçıltısı Kainatın Qəlbini duymaq intizarındadır!
Ol səbəbdən yaradıcı insan bütün əlamətləri ilə Kainata oxşayır. Kainat da onu öz ruhunca bəsləyir. Kainatdan “Ustad Dərsi” alın, sənətkarlar!
Kainatın fəlsəfəsi və poeziyası
Bütün Kainatın mənşəyini Nyuton prinsipləri əsasında araşdıran və yeri gəldikcə ingilis fiziki ilə polemikaya girən İmmanuel Kant kosmoqoniya, əbədiyyət və Kainat-İnsan münasibətləri haqqında düşüncələrini əsaslandırmaq üçün Haller, Pope və Addison kimi “filosof-şairlərin” poetik örnəklərinə istinad edir:
Sonsuzluq! Varmı səndən ötrü nisgil çəkən?!
Səndən öncə dünyalar sanki bir gün yaşar,
insanlar da anlar.
Bəlkə, indi mininci günəş dolanır,
minlər də onun ardınca dolanacaq.
Kəfkiri yellənən saat kimi,
Günəş tələsir Tanrının qüdrəti ilə:
Bir Günəş tükənəndə o biri doğular.
Fəqət sən elə bir yerdəcə qalar
Və onları saymazsan (sətri tərcümə)
Albrext von Haller (8).
300 il öncə yaşamış, təbiətşünas, ensiklopedist şair Hallerin poetik metaforası bu gün Kainatın təkamülü haqqında mövcud olan elmi təsəvvürlərlə uzlaşır...
Kainatın böyüklüyü və sonsuzluğu üşəndirməsin bizləri. Biz Kainatın o tək varlığıyıq ki, özü bütövlüyündə bizim zəkamıza sığır. Üzərində zərrə olduğumuz Yer planeti Kainatda nə qədər kiçik bir zərrə olsa da, onun ən böyük cismi belə bizim zəkamızın ölçülərindən kiçikdir. Mahiyyətinə görə, Kainatın ən qüdrətli fenomeni insan beynidir. Onun gücü ilə Kainat fiziki materiyasından ruhsal qatlarınadək duyula və dərk oluna bilir.
Dünya toxumundan hər bir yaranmış o dünyanın özünün yaranışı qədər mürəkkəb sistem mükəmməlliyinə malikdir. Sanki Kainat özünü hər bir düründə dönə-dönə, həm də təptəzə görsənişlərlə yaşayır. Varlığın iliklərinə varan fəlsəfə və poeziya belə doğulur. Bu gün çox böyük elmi arsenala yiyələnmiş İnsan idrakının inkişaf parametrləri imkan verir ki, müasir kosmologiya və astronavtika (kosmonavtika) ilə Kainatın yeni fəlsəfəsi və poeziyası sanki bir İntibah vəcdi və dərinliyində birgə addımlasın. Bu, insanlığın öz mənəvi-əxlaqi tarazlığını tapması üçün, nəzəriyyə və praktikanın uzlaşması üçün ən həlledici məqamdır.
Bu boyda Kainatda darısqallıq çəkmək və bir-birinin yerini dar eləmək – bunu ancaq planeti məhbəsə çevirmiş məxluqat bacarar! Yerüzündə yalnız məhdud dövlət, cəmiyyət və qrup maraqlarına qapanmış mövcud “cırtdan” siyasətlər bəşəriyyəti universallaşmaqdan daha çox fraqmentallaşmağa itələyir. Buna görə də insanları idarə olunmaq üçün daha “əlverişli” vəziyyətə gətirən siyasi texnologiyalar əsas doktrinasının dayağı kimi bu gün postmodern düşüncə və ideologiyaları körükləyir və onları hər vasitə ilə mədəniyyətin, ədəbiyyat və incəsənətin bütün dəlmə-deşiklərinə dürtür.
Məqsəd insanın düzgün seçim refleksiyalarını öldürmək, etik davranışlarını sərhədsizləşdirmək, estetik qavrayışlarını keyləşdirmək, hər şeyin yan-yanaşı liberal mövcudluğunun mümkünlüyü şəraitində özlərinin dominantlıq qazanmasına təminat yaratmaq: kütlə həyatın bütün yön və səviyyələrində zir-zibil içərisində eşələnməkdən həzz alır, sən isə özünə altun yonur, zirvələr fəth edirsən! “Peace through Strength” (“Güc üzərindən Sülh”) məntiqi ilə meydan sulayan və onunla rəqabətə girən dikbaş siyasətlər planeti dərindən çatladır. İnsanlıq heç qızınmadan yenidən “Soyuq müharibə” buzlağına salınır. Postmodern epoxanın ruhudur bu. Planetdə temperatur öz təbii iqlimi ilə deyil, ona diqtə olunmuş hərarətlə qalxıb enməlidir!
Bəşəriyyətin belə bir fatalist məhkumluğa sığmayan iradəsi isə yaradıcı enerjisinin kükrəyişi ilə özünün həyat məntiqindən dönməzliyini təsdiq etməkdədir. Bəşəriyyətin birgə, həm də çoxspektrli humanitar platformasının konseptuallaşması planetimizin homouniversalist mövqeyini təşəkkül etdirmək qüdrətindədir. Planetimizi “dünya” kimi deyil, “dünyalar” kimi qavrayan və qəbul edən (müxtəlifliyinə görə yox, iyerarxiyasına görə) dünyagörüşü dekadans ruhunu yaşadır.
Müasir kosmologiya və astronavtikanın üfüqlərində, fəzasındakı kosmik cisimlərinin sayı insanların sayından milyard dəfələrlə çox olan Kainat məkanının genişliyi qarşısında planetar dığ-dığ, dövlətlərarası, cəmiyyətlərarası çəkişmələr nə qədər gülünc və absurd görünür! Kainat düşüncəsinə görə, Yerusəlimin yəhudilərə, yoxsa ərəblərə məxsus olması üzərində baş sındırmaq – elə sözün hərfi mənasında baş sındırmaq cəhalətidir. Dünyanın konfliktlər siyasəti isə ona həyat və çörək kimi baxır...
Planetimizin çalpaşıq siyasətlərinin, çəpəki ideologiyalarının Yerə və onun qondarma ziddiyyətlərinə zəncirlədiyi İnsanı Kainatın dərinliklərinə bəşər mədəniyyəti, mənəviyyatı və əxlaqının bütün dəyərlərini müqəddəs yaddaş saxlancında özünə içirən fəlsəfə və poeziya qanadlı elmin peyki uçura bilər. İnsanın böyük Kainat yurdu özünün Yer cəngəlliklərində azmış balasını çoxdan gözləyir!..
Dönüş nöqtəsində qətiyyət
İndi bəşəriyyətin ən böyük problemi kosmik məkanda digər həyat-planet qaynaqlarına əli çatanadək doğulduğu Yer kürəsini qorumaqdan və onu öz Kainat yurdunun ilk müqəddəs ocağı kimi saxlamaqdan ibarətdir.
Geosivilizasiyadan kosmosivilizasiyaya adlamağın bu həlledici fazası homo-sapiensin mövcudluğunun dönüş nöqtəsidir. Kainatın ali məqsədləri belə bir inqilabi hərəkatın başlanğıcında tam aydınlığı ilə görünür!.. Kainatın ən yaxın həyat məkanları hüdudlarına doğru biz insanların atacağı addımların ilk trayektoriyaları indidən cızılır.
Biz Kainata necə açılacağıq: “qabarıq” yer xarakterimizə məxsus konfliktyüklü-davakar-istehlakçı məxluq kimi, yoxsa Kainatın ali məqsədlərini dərk edən onun yaradıcı subyekti kimi?!
Bax, indi burada – yaşıl planet-kosmodromunda Kainat bizim üçün nədir: otlaq, yoxsa həyat zənginliklərini mənimsəyəcəyimiz halda onun ən yüksək səviyyələrinə varacağımız tükənməz maddi-mənəvi məkan?!
Kainatın Ruhu olan İnsan onun Canında öz səltənətini qurmağı bacarmalıdır. Bu, onun Taleyidir! Yaranışın ilk qımıltısından onu getdikcə miqyaslanan kosmorasionalizm ölçüləri ilə ümumdünya harmoniyası gerçəkliyinə yetirən həqiqət də budur!
Kainata dola bilmərik – Kainatla dolmayınca!
(1) Scharf C.A. The Molecules That Made the Universe // https://www.scientificamerican.com/blog/life-unbounded/httpblogsscientificamericancomlife-unbounded20110802the-molecules-that-made-the-universe/
(2) Винчи Д. Л. Книга о живописи. / Антология мировой философии. Возрождение. Москва: АСТ, 2001, с.305-311
(3) Kant İ. Groundwork of The Metaphysics of Morals. In The Cambridge Edition of the Works of Immanuel Kant, Natural Science, New York: Cambridge University Press, 1996, pp. 37-108
(4) Chardin P.T. The Phenomenon of Man. Harper Perennial Modern Classics, 2008
(5) Amos J. James Webb Space Telescope Lifts off on Historic Mission // https://www.bbc.com/news/science-environment-59782057
(6) Cavid H. Əsərləri, 4 cilddə, III c. Bakı: Yazıçı, 1984
(7) Dacey J. Listen to the sound of the Big Bang // https://physicsworld.com/a/listen-to-the-sound-of-the-big-bang/
(8) Kant I. The Universal Natural History and Theory of the Heavens. In The Cambridge Edition of the Works of Immanuel Kant, Natural Science, New York: Cambridge University Press, 2012, p. 267