Bayağı zarafatlar, düşük videolar, bambılı hərəkətlər

Elməddin Cəfərov, Cem Yılmaz, Fərda Amin

Elməddin Cəfərov, Cem Yılmaz, Fərda Amin

11 yanvar 2022
# 17:00

Kulis.az Eminquey Akifin “Cem Yılmaz…” adlı yazısını təqdim edir.

Bu adamı illərdir izləyirəm. “Stand up” larını, bütün filmlərini, müsahibələrini izləmişəm.

Onun zarafatlarının hər biri müəyyən bir hadisəyə dayanır, öz əhvalatı var. Cem əhvalatı danışmağa başlayır, hadisənin gedişatında xırda-xırda dodaq qaçırırsan, hekayənin nəhayətində son mərmisini çaxır və gülüşə qərq olursan.

O özü də bir çıxışında bu məqama toxunub: “Şərq insanını güldürmək qərb insanını güldürməkdən daha çətindir. Çünki Şərq insanı güldüyü şeyin hekayəsini istəyir. Etdiyin zarafatların bir hekayəsi olmalıdır”.

Bəli, bu təkcə yumorda yox, musiqidə də, şeirdə də və digər sahələrdə də belədir. Məşhurlaşmış bir çox mahnıların arxasında o mahnını necə yaranması barədə bir hekayə var. Mövzu Türkiyədirsə, məsələn, “Elfida” mahnısı kimi.

Bakıdakı konsertinə gedə bilmədiyimdən bir replika yazmışdım. Cem Yılmazın konsertinə bir aylıq maaşımı verincə, elə maaşıma baxıb gülərəm də. Bu replikaya baxmayaraq o göstəriyə baxmağı çox istəyirdim. “Diamond elite platinum plus” elə Bakıdakı çıxışın təkrarı imiş. Yəni adam iki ildir sərasər bu çıxışı ilə şəhər-şəhər, ölkə-ölkə gəzir.

İzlədim və bir-iki hissəsini kəsib sosial şəbəkə hesablarımda paylaşdım. Gələn rəyləri oxuduqca Cem Yılmazın göstərini bitirənə yaxın, “bir tuhaftı”, “bildiyimiz şeyler, ama eski tadı yok”, “bir az ödem var” kimi zarafatlarla çıxışa ediləcək tənqidlərin spoylerini verdiyini xatırladım. Adam öncədən bilir ki, onu nəyə görə tənqid edəcəklər və elə əvvəlcədən cavablarını verir.

Bu kimi tənqidlərin olması təbiidir.

“Beldən aşağı zarafatlar edir” deyə bilərsiniz, “os… zarafatları edir”, “dinlə məzələnir” deyə bilərsiniz, amma tənqid edərkən onun 1 saat yarımlıq çıxışını öz dar qəliblərinizə sığdırmağa çalışmayın.

Şirin Allah deməsini möcüzə sayanlara “şirin özü möcüzə deyilmi?” deyib məzələnən Cem Yılmaza qəzəblənən xürafatçıların reaksiyaları özü hazır mizah materialıdır və zaman-zaman o, bu reaksiyaları mizaha çevirir.

Cemin hədəfi heç gülmədiyimiz qədər gülməkdir və işinin də öhdəsindən yaxşı gəlir. Ki, dünyanın bu gedişatında gülmək hamımızın ehtiyacı olan şeydir.

İnsanların üzündən gülüşünü oğurlamaq istəyənlərə, özlərinə bənzətmək istəyənlərə, sifətindən zəhrimar yağan birinə çevirmək istəyənlərə inad, gülmək lazımdır.

Cem Yılmaz səhnədən “içiyorum kardeşim, yanacaksam ben yanacağım” deyirsə, bunu mizaha çevirirsə, yumor anlayışımızı qəliblərdən çıxarmağın zamanıdır. İndi yox, elə 20 il əvvəldən.

Səhnədə gəzərkən “gezmek lazım, abi”, adadan danışarkən “adaya gelmek lazım, abi” deyirdi. Bəli, deyinmək yerinə gəzmək, görmək, yaşamaq və həyatın dadını çıxarmaq lazımdır.

Onu digərlərindən fərqli qılan həm də yumorunun arxasında dayanan hekayələrinin düşündürücü olmağıdır. Öncəki çıxışlarında şairlərlə zarafatlaşsa da, Cem özü də hadisələrə şairanə baxır, çözür, özünəxas don geyindirir və yumora çevirib insanlara təqdim edir.

İşığın, telefonun kəşfindən tutmuş tarixə qədər məlumatlı olmağı ona hadisələri daha gözəl analiz etməyi, daha yeni baxış sərgiləməyi bəxş edir.

De gəl, biz hələ də belə yumordan kasadıq, ağzıyanıqlıyıq.

“Stand up Baku” layihəsini hər nə qədər sevməsəm də izləyirəm. Heç kimdən Cemlik tələb olunmur, amma orada danışanların çox az qisminin yumora dəxli var. Baxırsan ki, mini, gen dekolteli bir qız çıxıb, ağzına gələni danışır. Yumordan bir zərrə də tapmayıb “yum ordan onun ağzını” demək istəyirsən. Layihənin gözünə bu açıq-saçıq geyinən qızları qatmaqla ac kütlənin diqqətini cəlb etmək “xaltura”dır. Bəllidir ki, o qızlar o səhnəyə hansı niyyətlə çıxırlar. Yazını biədəbləşdirmək istəmirəm.

“Stand up”a çıxmısansa, zalla ünsiyyətdə olmalısan, danışarkən o qədər sərbəst olmalısan ki, izləyənlər axına düşsünlər. Bizimkilər isə əzbərləyib səhnəyə çıxırlar. Danışanda hıqqanırlar. Əzbərçidirlər. Zarafatı danışıb tamaşaçının gülüşünü, alqışını gözləyirlər. Hətta fikir vermişəm, tamaşaçılar bəzən adam pərt olmasın deyə gülüb alqışlayırlar. Kütlənin eşitmək istədiyi, hətta bir-birilərinin arasında etdiyi zarafatları yumor adına səhnəyə daşıyırlar. Baxırsan və deyirsən, hə, burda nə var ki, mən də o səhnəyə çıxıb güldürə bilərəm.

Danışıq tərzləri, diksiyaları bərbad, hərə çıxıb öz ləhcəsində kəsib-tökür. Biri qızlardan “otval” alır, çıxıb ancaq qızlara ilişir, biri ənənəvi olaraq “keçmişdə belə idi, indi belə” mövzusu üzərində güldürmək istəyir, amma yaşlı bir adamın nəsihəti alınır. Rusun sözü olmasın – kaşmar…

Desək ki, bizdə nümunəsi yoxdur, yalan olar.

Vaxtilə Telman Adıgözəlov, Ələkbər əmi, Qorxmaz Əlili və digər aktyorlarımızın “stand up”ları olub. 20 il bundan öncə. Bu nəsil ən azından o çıxışları özünə örnək ala bilməzmi?

Fərda Amin, Elməddin Cəfərov və onlardan sonra gələnlərin orda-burda, lap elə tiktokda, sosial şəbəkə hesablarında, canlı yayımlarında etdikləri zarafatları, sərgilədikləri videoları məni çox təəssüfləndirir. Ölkə adına yumor ustalığına iddialı olan bu insanlar, hələ-hələ məşhurluq yükünü daşıyanlar o cür bayağı zarafatlar etməməlidirlər, o cür düşük videolar çəkməməlidirlər, bambılı-bambılı komediya filmlərinə imza atmamalıdırlar.

Bir çox mövzuda keçələ güzəşt etmək olar, amma gülüşdə əsla. Çünki biz millət olaraq yumor ənənəsinə sahibik. Ən yaxşı bildiyimiz şeylərdən biri, bəlkə də, birincisi yumordur.

Fəlsəfə icad etmədən, bunu gözə soxmadan gülüşünün içinə həm də fəlsəfə qatmaq, düşüncə paylamaq – bunu Cem çox ustalıqla bacarır və illərdir ki, öz olduğu zirvəni qoruyub saxlaya bilir.

Diqqətimi çəkən bir şey də oldu - yumorun yeni stili. Ruslar və amerikalılar artıq bu üsluba keçiblər. Əvvəlki kimi şaqqanaq çəkdirmək üçün yox, daha çox düşündürücü və fəlsəfi zarafatlarla tamaşaçının önünə çıxmaq. Cemin bu çıxışını əvvəlkilərdən daha zəif görənlər bu məqama diqqət yetirsələr yaxşıdır.

Xülasə, söz elə bir şeydir ki, onu qədərində istifadə etmək lazımdır. İstər şeirdə, istər mətndə, istərsə də yumorda. Gopa basmamaq, reallığa daha yaxın olmaq, təxəyyüldən tamaşaçını “ə yeri get” düşüncəsinə qapdırmadan istifadə etmək, ən vacibi, yenilikçi olmaq. . Ən əsası, yumoru məişət ladından çıxarıb daha da genişləndirmək.

Sözümü dəyərdən salmamaq üçün burada bitirsəm yaxşıdır. Hər şeyinizi qəlibə salın (ki, zatən salırsınız), amma gülüşünüzü yox.

# 8430 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur bəstəkar vəfat etdi

Məşhur bəstəkar vəfat etdi

10:58 25 noyabr 2024
"Bülbülün qonaqları" rubrikasında Fikrət Əmirov yad edildi

"Bülbülün qonaqları" rubrikasında Fikrət Əmirov yad edildi

10:34 25 noyabr 2024
Hacı Xanməmmədova həsr olunmuş konsert keçirildi

Hacı Xanməmmədova həsr olunmuş konsert keçirildi

09:38 25 noyabr 2024
Diddi həbsdən çıxmaq üçün bu vədləri verib

Diddi həbsdən çıxmaq üçün bu vədləri verib

09:34 25 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
# # #