Kulis.az Ayxan Ayvazın Zəfər gününün ilk yürüşü haqda yazdığı reportajı təqdim edir.
Səhər süpürgəçilərin Bakının boş, azad küçələrini süpürmələri ilə açılır. Onlar parada gedən yolu təmizləyir, hər yeri zir-zibildən arıtlayırdılar.
Bir ailə görürəm: nənə, baba, ata, ana və balaca bir uşaq. Uşağın əlində bayraq var, üstündə hərbi geyim. Babası onun oyuncaq silahını tutub. Yolu keçirlər. Qənimətlər Parkına gedən yolda başqa bir dəstə də bizə qoşulur. Gənc xanımlar Azneft tərəfdən yolların bağlandığını və o tərəfə heç kimi buraxmadıqlarını deyirlər.
Uşağı oyuncaq silahını tutan baba yaxınlıqdakı polisə yanaşır və məlum olur ki, biz paradı yalnız Qənimətlər Parkının yanında gözləməliyik.
Yolboyu üstündə bayraqlar asılmış maşınlar, bayrağa bürünmüş uşaqlar, qadınlar, yeniyetmələr görürəm – onlar bayraqlar asılmış binaların yanından yeyin addımlarla irəli gedirlər. Bizim dəstəylə paralel ata və uşağı gedir. Atanın əlində yekə bayraq var – o qədər yekədir ki, bəzən bayraq onun arxasındakı uşağı yoxa çıxarır.
Bir azdan zəfər motivli mahnı sədaları, maşınların siqnal səsləri və paradı idarə edən aparıcının gur səsi bizim addımlarımıza qarışır. Qənimətlər parkının qurtaracağına xeyli adam yığışıb və onlar paradın gəlib keçməsini, o paradın arxasına keçməyi istəyirlər.
Uşaqlardan biri qabaqdakı izdihamı göstərib atasından soruşur:
“Ata, bunlar bizim əsgərlərdir?”
“Hə də. Başqa haranın əsgəri olmalıdırlar?” – ondan bir az böyük olan qardaşı yavaşca uşağın çiynindən vurub gülür.
Sol tərəfdə, yolun qırağında hicablı, onlardan o tərəfdə isə süpürgəçi qadınlar gözə dəyir - əllərindəki uzun süpürgəni silah kimi bərk-bərk tutub irəliyə baxırlar. İrəlidə upuzun bayrağın başlanğıcı görünür, qırmızı, göy, yaşıl rəng camaatın qara, qəhvəyi rənglərinə qarışır. Addım səsləri gurlaşmağa, hardansa gələn şeypurun səsi daha da bərkdən cingildəməyə başlayır. Uşaqlar bu səsləri eşidib həyəcanlanırlar, atılıb-düşür, qabağa atılmaq üçün can atırlar.
Əsgərlər yavaş-yavaş görünməyə başlayanda bizim dəstə də astadan-astaya tərpənməyə və onların arxasına keçməyə hazırlaşır. Uzun, sonu görünməyən bayrağın dörd tərəfindən yapışan əsgərləri daha da yaxından görəndən sonra addımlarımızı yeyinlədir, hətta qaçırıq.
Bir azdan telefonlar göylərə ucalır, hamı gəlib keçən əsgərləri görüntüyə almaq üçün dəridən-qabıqdan çıxır. Bayaqkı bomboş küçə addım səsləri və göy, qırmızı, yaşıl rənglərlə dolmağa başlayır. Sonu görünməyən bayrağın üstündə səhərin ilk şüaları səxavətlə gəzişir. Paradın qıraq-bucağında uşaqlar, qadınlar, kişilər gözə dəyir. Hamı gəlib keçən əsgərləri, qaziləri salamlayır. Yaylığının ucuyla gözünün yaşını silən qadınları da qələbəliyin içindən görmək olur.
Hamıdan qabaqda gedən yaşlı, eynəkli uzun kişi deyir ki, dayısı oğlu da ön cəbhədə olub, Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Ağsaqqal onun üçün bura gəldiyini deyir. Qabaqda əsasına söykənə-söykənə gedən qazini görürəm. Parada çatmaq üçün əsasına güc verir.
“Salam, qardaş” – ona yaxınlaşıram.
“Əlöyküm-salam”
“Harda yaralanmısınız?”
“Şuşada. Füzulidən düz Şuşaya qədər vuruşmuşam”
“Necə hiss edirsən özünü?”
“Ağrıyıram bir az. Qəlpədi deyə hava soyuyan kimi ağrıdır”.
Bu vaxt atların ayaq səsləri gəlir, çönüb baxıram ağappaq, qəhvəyi, qaramtıl atlar şəstlə addımlayırlar. Atları görən qızlardan biri yanındakı rəfiqəsinə deyir:
“Atlara yazığım gəlir...”
“Niyə?”
“Niyəsini bilmirəm”.
Günün altında atların dəriləri par-par parıldayır – onlar hərdən komanda ilə durur, əsgərlər sıranı pozmamaq üçün atları sakitləşdirməyə çalışırlar.
Sıranın lap axırında süpürgəçilər gözə dəyir. Əllərində uzun süpürgələr, qabaqlarında təkərli zibil qabı sıranın arxasıyca gedib atların nəcislərini təmizləyə-təmizləyə irəliləyirlər.
“Xala, neçədən burdasınız?” – onlara yanaşıb soruşuram.
“Eeee, - əlini yelləyib gülümsünür – düz saat 4-dən”.
“Yorulmamısınız ki?”
“Əsgərlərə canımız qurban. Allah cavanlarımızı qorusun. Bizi qoruyan əsgərlər yuxusuz qalmışdılar. Biz də onlara görə qalarıq”.
Paradın sağında-solunda jurnalistlər, fotoqraflar görünür, o biri tərəfdə bir-birini görən qazilər qucaqlaşır. Onlara yaxınlaşıb deyirəm:
”Bayramınız mübarək!”
Bərkdən qışqırırlar:
“Qarabağ Azərbaycandır!”
Qazilərdən biri qıraqda durub dincəlir, əsası da yanında.
“Necəsiz?”
“Yaxşı”
“Ayağınızdan yaralanmısınız?”
“Bəli”
“Ağrıdır indi?”
“Bu paradı görəndən sona ağrı azaldı” – gülümsünür.
Paradın sonuna çatmaq üzrəydik. Əsgərlər uzun, sonu görünməyən bayrağı yavaş-yavaş yığmağa başlayırdılar.
Yolun sonunda bir zabitlə uşağın qucaqlaşdığını görürəm. Uşaq ona sarıla-sarıla deyir:
”Ata, nolar, evə tez qayıt”.
Onlara yaxınlaşıram, zabitdən şəkillərini çəkmək istədiyimi deyirəm. Gülümsünüb deyir: “Uşağı çəkə bilərsən”.
Uşaq könülsüz telefonumun obyektinə baxır.
Küçə yavaş-yavaş boşalır. Təkcə süpürgəçilər və yorğun əsgərlər gözə dəyir. Komandir əsgərləri yığıb deyir:
“Bura qədər, uşaqlar. Allah şəhidlərimizə rəhmət eləsin”.
Onların yanında, səkidə iki balaca uşaq görürəm. Onların birinin əlində balaca bayraq var.
Bir az irəlidə isə Zəfər paradından video çəkən süpürgəçi qadın indi öz çəkdiyinə sevinclə baxa-baxa yan-yörəsindəki zibilləri təmizləyir.