Anam məni ağ səhrada qara doğdu - Günün şeiri

Anam məni ağ səhrada qara doğdu  - Günün şeiri
28 noyabr 2023
# 14:00

Bu gün görkəmli ingilis şair Uilyam Bleykin doğum günüdür.

Kulis.az onun "Qara oğlan" şeirini təqdim edir.

Anam məni
ağ səhrada qara doğdu
Məsum gözlərinə
yara doğdu…
Qapqarayam,
bənzərəm tünd buludlara,
tək bircə qəlbim ağdır.
Gün tək sarışındır ingilis oğlan,
Mənsə zülmət gecənin
kölgəsindən də qara.
Ağac altında
dərs keçərdi anam mənə.
Yuva qurardı qəm
ovqatında…
Dərsə ara verib
oxşayardı hərdən məni
Qızmar günəşin
erkən şəfəqində…
Baxardı üzü Şərqə
və deyərdi:
…Günəşə bir bax, oğlum,
Orda Tanrı yaşayır
Yeri, göyü oxşayır
öz işığıyla
dünyanı nurlandırır O.
Heyvanlara, otlara, insanlara
səhərlər O,
səadət
gündüzlərsə sevinc bəxş eləyir
Sabaha nurlandırır
Nəqş edir öz adını hər yana…
Bura göndərilmişik,
qısılaraq sevgi dualarına
göz
sevgi şüasına
Səma
parıltısına alışsın:
Bu gözəl bir nəşədi
və bu bədən,
bu qara üz
Axı yalnız
Balaca bir bulud,
ya da bir kölgəli meşədi…
O gün ki, günəş
gözlər üçün qorxulu olmayacaq
buludlar əriyəcək.
O söyləyəcək: Vaxtdı!
Yarpaqların kölgəsini
tərk edin, uşaqlar.
Burada, çadrımın yanında
gülüb oynayın
mənə ərk edin, uşaqlar.

***
Tez-tez belə söyləyirdi anam,
içində bir umud, gözlərində
inam.
İngilis oğlan, dinlə:
…əgər sən
ağ buluddan
qanad açıb uçsan,
Mənsə azad olsam
bu qaranlıqdan
Hər işinə yarıyaram.
Səni günün
bürküsündən qoruyaram.
Və çadırın kölgəsində
sarışın başını əyib
dincəldiyin zaman
qızılı tellərini
sığallayacam,
Əlimi
əlinin üstünə
qoyacam.
O qara günləri,
O qara üzü
Şirin nağıl sayacam.
Müqəddəs Cümə axşamı
Çox qəmgin hava var tutqun səhərdə
Qüssə dəryasında batıb gəmilər…
İki cərgə uşaq keçir şəhərdə
Libasları yaşıl, qırmızı, mavi
- öndə ağbaş əmilər
Hamı adi, sıravi.
Şəhəri başına alıb
Dalğa-dalğa izdiham
Hər gözdə bir qığılcım,
hər ürəkdə yanar şam…
Müqəddəs Pavelin
qübbəsi altında
Temza suları kimi
səs-küy salıb
Səsləri əks etdirən
kilsəyə doğru axır
nə varsa – göylər də, yerlər də
Heyrətlə, maraqla
bu tamaşaya baxır.
Bir bax,
üzünə gülümsəyir baxt!
…Nə çox uşaq var,
- onlar sənin güllərindi,
qoca paytaxt!
Cərgə-cərgə oturublar
Ulduzlartək
par-par yanır gözləri,
işıq saçır üzləri.
Məbəddə anlaşılmaz səs-küy
divarları yırtır
quzuların
günahsız uğultusu artır.
Hamısının ovucları yığılıb
səsləri cingildəyir…
Dünya aləm bir-birinə dəyir…
Tufan kimi
onların nəğməsi
dar çərçivələrdən
ucalıqlara uçur
göyləri qucur…
Həmahəng ildırım çaxır
rəngbərəng parlayır
Səmanın yüksəklikləri altında
gurlayır.
Aşağıda
onların keşişləri əyləşib
- yetim havadarları
Mərhəməti əzizləyin
Sizin mələk
sizləri tərk etməsin-...
Oxuduğunuz dualar
sahibinə yetsin, hədər getməsin!

Rus dilindən tərcümə: Zakir Fəxri

# 700 dəfə oxunub

Oxşar xəbərlər

"Qladiator 2"nin operatoru rejissoru tənqid etdi

"Qladiator 2"nin operatoru rejissoru tənqid etdi

15:33 30 noyabr 2024
Orxan Həsəninin romanının təqdimat mərasimi keçiriləcək

Orxan Həsəninin romanının təqdimat mərasimi keçiriləcək

15:09 30 noyabr 2024
Gənclər ədəbiyyatdan niyə uzaq düşüb? - Şəmil Sadiq

Gənclər ədəbiyyatdan niyə uzaq düşüb? - Şəmil Sadiq

15:00 30 noyabr 2024
BMU-da “Oxu, yarat, ilham al!” mövzusunda tədbir təşkil olundu

BMU-da “Oxu, yarat, ilham al!” mövzusunda tədbir təşkil olundu

14:02 30 noyabr 2024
Milli Kitabxanada “İlyas Tapdıq - 90” adlı sərgi açıldı

Milli Kitabxanada “İlyas Tapdıq - 90” adlı sərgi açıldı

13:29 30 noyabr 2024
Milli Kitabxanada “Süleyman Ələsgərov. Biblioqrafiya” kitabının təqdimatı keçirildi

Milli Kitabxanada “Süleyman Ələsgərov. Biblioqrafiya” kitabının təqdimatı keçirildi

12:54 30 noyabr 2024
# # #