Xalçasının naxışlarını sığallayan, oxşamalar deyən anam....

Xalçasının naxışlarını sığallayan, oxşamalar deyən anam....
4 iyun 2021
# 18:15

Kulis.az Yaqut Sabirqızının “Əkəndə yox, biçəndə yox...” adlı yazısını təqdim edir.

Arzularımız çin oldu. 44 günlük erməni faşistlərinə qarşı mübarizədə Azərbaycan əsgəri, ordusu baş komandanın rəhbərliyi altında torpaqlarımızı düşməndən azad etdi. 30 ildir qanımız axıdılır, evlərimiz, küçələrimiz, mədəni abidələrimiz, kəndlərimiz, şəhərlərimiz dağıdılıb, viran qalıb. Yəqin ki, bu 30 ildə biz bir xalq olaraq hər şeydən əlimizi üzüb Allahaha dua etməklə Qarabağımızın azad olunmasına vəsilə olduq. Şuşanın düşmən tərəfindən işğal olunduğu gün indiki kimi yadımdadır. Heç kim xəcalətindən bir-birinin üzünə baxa bilmirdi. Çalışırdıq televiziyaya baxmayaq. Çünki boş-boş, yalançı vədlər artıq bizi usandırmışdı. İnsan əsəbləri dözmürdü.

Vətənimiz böyükdür, hər tərəfi cənnətdir. Amma mən bir qarabağlı, şəcərə etibarilə Qalalı olaraq ailəmin, valideynlərimin, qohum-əqrəbamın, dörd bir tərəfimin son 28 ildə dərddən qovrulduqlarının, əzab çəkdiklərinin şahidi oldum. Atamın axar bir su, bulaq görərkən nisgilli baxışları (Cəbrayıl alınandan sonra o ömrünün sonlarına qədər rayonlara, kəndlərə səfər etmədi), anamın Cəbrayılda hələ gənc ikən toxuduğu Cəbrayıl xalçasının naxışlarını sığallayarkən, evinin pəncərəsinin qırağındakı ev güllərinə qulluq edərkən oxşamalar deməsi indi də gözlərimin qarşısındadır. Onlar dərdlərini, Qarabağ, doğma yurd dərdlərini bu dünyadan özləri ilə apardılar.

28 il. Bu illəri aylara, günlərə, saatlara, dəqiqələrə çevirəndə nə qədər eləyir onu saymaq çətindir. Bu illər ərzində torpaqlarımızın girovda olmağının dərdi ilə əgər ona yaşamaq demək olarsa, yaşamışıq, nəsil yetişdirmişik, amma ürəkdən sevinib, şadlanmamışıq.

Hamımız iki gün ərzində doğma, əziz, yaralı Şuşada dövlət başçısının, ziyalılarımızın, mədəniyyət xadimlərimizin, jurnalistlərimizin iştirak etdikləri musiqi festivalını izlədik. Xalqımızın hər bir üzvünün həyatında bu çox dəyərli, qiyməti ölçülməz günlər idi. Fərəhimizdən az qalırdıq qanad açaq. Sonra da tədbirə sosial şəbəkələrdən təkrar-təkrar baxdıq. Xoşbəxtlik duyğularıyla. Nə xoş bizə ki, bu günləri görmək qismətimizə yazıldı.

Amma sosial şəbəkələrdə, müxtəlif statuslarda əlbəttə ki, sevinc hissləri ilə bərabər, Şuşada, Cıdır düzündə təşkil olunan bu təntənədə iştirak etmək arzusunda olan umu-küsülərə, yazılara da rast gəldik və gəlirik. Əlbəttə ki, dövlət başçısı ilə, prezidentimiz ilə belə tədbirdə iştirak etmək, birgə sevinmək, təəssüratları bölüşmək hər bir azərbaycanlının ürəyindən keçər və qürur verər. Amma yazını yazarkən bir insan özü-özünə “niyə mən orda yoxam?” əvəzinə, “niyə mən getməliyəm?” sualını da verməlidir. Hamı bilir ki, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa nəyin bahasına alınıb? Hansı qurbanlar verilib. Hələ də qazilərimizin yaraları sağalmayıb. Heç sağalmayacaq yaralar da var. Şəhidlər, onların valideynləri dura-dura niyə mən getməliyəm?

Şəhid vermək bilirsiniz nədir? Qohum-əqrəbadan yox, ailə üzvünü şəhid verməkdən danışıram. Deyim sizə, bilin! İnsanın ürəyində yeddi ocaq qalanır və 28 il keçib o ocağın hələ də yeddisi də yanır, alovlanır. Ömrünün axırına kimi onu axtarırsan. Hər onun yaşda cavan görəndə, hər onun yaşda ailəli, yanında övladı olan ər görəndə, yaz gələndə güllər açanda, həyat oyananda, günəş çıxanda, isti şüaları ilə bizi qızdıranda, məzarının yanında bitən gülləri, otları sığallayıb oxşayanda və s. və s. və nəhayət, hər süfrə açılanda və tikən boğazına tıxananda onun yoxluğunu dərk edirsən.

İnanın, bu cür ağır dərdi və orda olmağa haqqı çatan insanlar heç demirlər “niyə mən orda yoxam? niyə məni çağırmayıblar?” Çünki onlar sözdə yox, əməldə lazım olanı ediblər.

Biz o tədbiri izləyərkən bir gözümüzlə sevindik, bir gözümüzlə ağladıq. Öz ömürlərini yüksək amal uğrunda qurban verənlərin əməllərinin möhtəşəmliyi bizi ağlatdı.

Bu yaxınlarda bir yaxın insan məndən əhvalımı xəbər alırdı. Dedim ki, xoşbəxtəm. Onun təəccübləndiyini görəndə bir də təkrar etdim: Xoşbəxtəm! Mənim torpağım yağı düşməndən alınıb, Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhid olan qardaşım Məhəmmədin intiqamı alınıb. Qarabağ, Cəbrayıl həsrəti ilə sızıldayan qəlbindən dünyasını dəyişən atamın arzuları həyata keçib, yüzlərlə, minlərlə torpaq həsrət ilə çırpınan qaçqınların torpaqları özlərinə əvvəlkindən də abad qaytarılacaq, qərib qəbiristanlıqlarda əmanət olaraq dəfn olunan qohumlarımın, yerlilərimin ruhları şad olub. Əlbəttə, xoşbəxtəm. Bu dünyada bizi xoşbəxt edəcək başqa bir arzumuz qalmadı. Şəxsiyyət, insan, xalq olaraq tamlaşdıq.

Əlbəttə ki, bu ilk tədbir idi. Bundan sonra Qarabağımızda, azad olan hər rayonumuzda şadlıq və şadyanalıqlar davam edəcək. Hamımız gedəcəyik. Bu bütün azərbaycanlıların haqqıdır.

# 1892 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur yazıçı vəfat etdi

Məşhur yazıçı vəfat etdi

18:40 25 oktyabr 2024
Dahi sənətkarın ailə dramı - XX əsrin azərbaycanlı Orfeyi

Dahi sənətkarın ailə dramı - XX əsrin azərbaycanlı Orfeyi

17:00 25 oktyabr 2024
Milli Ensiklopediyanın redaksiya heyətinin yeni tərkibi təsdiqləndi

Milli Ensiklopediyanın redaksiya heyətinin yeni tərkibi təsdiqləndi

16:50 25 oktyabr 2024
Qismət Rüstəmovun yeni kitabı çap olundu

Qismət Rüstəmovun yeni kitabı çap olundu

16:20 25 oktyabr 2024
Məşhur müğənni vəfat etdi

Məşhur müğənni vəfat etdi

15:40 25 oktyabr 2024
Ədəbiyyat və ... digər xəstəliklər - Rə­van Cavid

Ədəbiyyat və ... digər xəstəliklər - Rə­van Cavid

14:53 25 oktyabr 2024
#
#
# # #