Şəkidə peyda olan ayı bizə nə dedi?

Şəkidə peyda olan ayı bizə nə dedi?
1 iyun 2020
# 12:28

Boz, monoton, karantinli günlərimizdə bir ayı gündəmi zəbt elədi. Onun şəhərin küçələrində dolaşmağı, səkidə yuxuya getməyi, yorğun görkəmi şəbəkə istifadəçilərini əməlli-başlı əyləndirdi. Ancaq mən ayının halına acıdım. Onu sirkdən qaçan heyvanlardan biri kimi hiss elədim. Azadlığına qovuşmaq istəyirdi, bəlkə də. Bəlkə də təbiətdən bezmişdi, şəhərə olan marağını boğa bilməmişdi.

Ancaq sonradan ayı da anladı ki, şəhər ona yaddır, insanlar onu incidə bilər. Bədəninə təbiətə, meşəyə, mağarasına qayıtmaq həsrəti çökdü.

Nədənsə yırtıcı heyvanların arasında ayı mənə daha çox kədərli görünüb. Səbəbini anlaya bilmirəm, amma ayının düşdüyü ağrılı situasiyanı hiss edə bilirəm.

Şəkidə peyda olan qonur ayı isə səkillərdə vurnuxur, sanki kimisə axtarırdı. Hələ şirin-şirin yuxuya getməyi onun necə həssas olduğunu göstərirdi. Düşünürəm ki, bəlkə ayı intihar etmək istəyib. Ümumiyyətlə, heyvanların intihar etməsi məsələsi məni çox düşündürüb. İntihara cəhd edən başqa heyvanlar arasında vəhşi təbiətdə yaşayan balinaları misal çəkmək olar.

Su heyvanları parkında təbii mühitdə doğulmuş bir balinanın özünü suyun kənarına atıb 10 dəqiqəyə qədər orada dayanmasını göstərən video sosial mediada çox paylaşılmışdı. Balinanın intihar cəhdi etdiyinə dair onlarla yazı yazılmışdı. Qatil balinaların təbii olmayan mühitdə fərqli davrandığı, kürəyini hovuza sürtmə, ya da dişlərini qıcamaq kimi davranışlar sərgilədiyi bilinir. Heyvanların özlərinə zərər verən bu növ davranışlara niyə yönəldiyini anlamaq üçün duyğuları nə qədər hiss etdiklərini bilməliyik. İnsanlarla qarşılıqlı əlaqəyə girmək əhəmiyyətli bir faktor da ola bilər.

Başqa bir misal çəkək. Heyvanxanada bir ayı, balasını boğduqdan sonra özünü öldürmüş, bu hadisə qapalı halda yaşamağa alışa bilmədiyi üçün ayının şüurlu şəkildə etdiyi hərəkət kimi qəbul edilmişdi. Amma heyvan təbii ərazisindən uzaqlaşdırılması, eyni zamanda balasına bir xəstəlik səbəbi ilə kateter taxılması nəticəsində yaşadığı ağır əzaba görə bu təbii olmayan hərəkəti etmişdi.

Hər halda, heyvanların intihar etmək istəyi müəmmalı, sirlidir.

XXI əsr depressiya dövrünü yaşayır.

Sürətli internet, ağıllı telefonlar, sosial şəbəkələr, onlayn şoppinqlər, süni emosiyalar bizi daha da tənhalaşdırır, mənəviyyatımızı boşluğa atır. Şəkidəki ayı isə buna əyani sübutdur ki, onun şəhərdə gəzməyi bizi nə qədər təəccübləndirdi. Feysbukda şəkillərini paylaşıb gündəmə gətirdik sevimli ayını. Cəmiyyətin ayıya olan lağlağısı da depressiv əlamətdir. Çünki nəsə tapıb gülməlidir, zamanı keçirməlidir. Mənsə, ayıya şəbədə qoşa bilmədim, onu qucaqlayıb susmaq istədim.

# 12338 dəfə oxunub

Oxşar xəbərlər

Əməkdar artistin bədəni çürüyür - Plastik əməliyyat faciəsi

Əməkdar artistin bədəni çürüyür - Plastik əməliyyat faciəsi

17:15 29 dekabr 2025
“Xalq artisti Tofiq Bakıxanov - 95”  adlı elektron baza hazırlanıb

“Xalq artisti Tofiq Bakıxanov - 95” adlı elektron baza hazırlanıb

16:43 29 dekabr 2025
Kor musiqiçi, Qanlı Yanvar və susmayan fırça - Vaşinqtonu "fəth edən" ilk azərbaycanlı

Kor musiqiçi, Qanlı Yanvar və susmayan fırça - Vaşinqtonu "fəth edən" ilk azərbaycanlı

16:40 29 dekabr 2025
Tanınmış meyxanaçı xəstəxanaya yerləşdirildi

Tanınmış meyxanaçı xəstəxanaya yerləşdirildi

15:37 29 dekabr 2025
“Türk Dünyası” rəsm qalereyasında - "Rənglərdə yaşanan 10 il"

“Türk Dünyası” rəsm qalereyasında - "Rənglərdə yaşanan 10 il"

15:25 29 dekabr 2025
Xan qızının məclislərinə çağırıldı,  "tarın atası" adlandırıldı...  - Onu niyə "Sadıqcan" çağırırdılar?

Xan qızının məclislərinə çağırıldı, "tarın atası" adlandırıldı... - Onu niyə "Sadıqcan" çağırırdılar?

15:00 29 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər