Bu gün müasir dövr Azərbaycan ədəbiyyatının ən parlaq imzalarından biri, şair, esseist Fərid Hüseynin doğum günüdür. Kulis.az bu münasibətlə şairi təbrik edir və “Günün şeiri” layihəsindən onun “Təşbehə ağı” şeir silsiləsini oxucuların diqqətinə çatdırır.
I
Sənin hicrətindir mənim ömrüm, –
uzun bir səfər etmisən –
xəyallarımdan xatirələrimə köçmüsən.
Həyat bizlə
yalnız sevişdiyi günlər mehriban olan
meşşan kimi davranır,
və eşqin rahatlığı
bizim yalnızlığımızda quyulanır...
Olanları xatırlatmaq vaxtın işidi,
ürəyim yaralar muzeyidi,
ancaq xatirəsi olanlar içəri buraxılır.
Şüşənin altında qorunur
dilimin zəhəri,
divardan asılıb
günahın şeytan təbəssümü...
Cümə yorğunluğuyla baxıram şəklinə, –
heç nə dəyişməyib,
hər şey eynidi –
sənli günlər üzünə parça atılmış,
ayaqları açıq qalan ölüdü.
Sıyrılmış dəri kimi göynədir tale,
qədər...
dirilərin gözlərinə,
ölülərin ayaqlarına
çökür kədər...
Hardasan indi,
hansı qaralanmış sözün altındasan?
Yenə nöqtəli hərflər kimi
səhvlərin astanasındamı yaşayırsan?
Beynimdə bir-birinə qarışır
qadın xəyalları:
vaxtı və yeri unudub
xatırlayıram onları.
Heç zaman yaranmadı
iztirabla mehrin ülfəti,
ehtiras vaxtı soyunulmuş
paltarlar kimidi günahlar, –
hərəsi tələskən bir ananın əbədiyyəti...
II
Getdiyim yolların qəlbi daş,
içdiyim şərablardan
tövbə əmir ürəyim.
Ayaqlarım
gəzdiyimiz yerlərdən
izlərini gəmirir...
Kim ki özündən qaçır,
qamçılasın özünü...
Hamı yaxşı tanıyır
günahın güzgü üzünü...
III
Səndən xatirələri soruşsalar
kəsilməsin səsin,
solmasın bənizin,
de ki mən də sevmişdim
aşiqlərlə bərabər,
de ki nəğməm qocaldı, –
öz səsimlə sərasər.
De ki söndürülmüş işıqları
ovutmaq üçün
layla oxuyuram nur dilində,
de ki günah təzə-tərdi,
yada düşən hər gündə.
Gəl xatirən tərəfə –
özünlə bir qarşılaş,
mən keçmişdən dərs keçim –
nəyi bilməsən soruş.
IV
Çox şey tarix olurmuş,
tarixçilər
Heredotun şəkli uydurulmuş otaqlarda
danışmazlar belə günlərdən...
Yaddaşın işğal tarixi başlar,
gözlərinin önündən...
Çox şey tarix olurmuş:
məsələn,
gözəl bir qadının qocalması...
Haçandan başlayır o faciəli gün?
Dırnaqlarını boyamağa
ərindiyi səhərdənmi,
ona yaraşan papağı
hardasa unutmasındanmı,
olmaya çəkələkləri
ayaqlarına oxşamayandan?
Məndən olsaydı,
sənin əllərinlə ömrümü ovub,
yaşadığın günlərə qarışardım.
Əgər Allah kimi hər şeyi bilsəydim,
yenə də səndən adını soruşardım.
V
Keçmişi arzulamaq
bir başqa üzümüzdür indi,
təmiz,
pak,
ləkəsiz üzümüz,
əyintisiz sözümüz...
Keçmişi xatırlamaq bəzən
yüngül əxlaqlı qadının
evdarlıq arzulamasına taydır, –
ilişdirirsən yaxanı ümid ilgəyinə,
sən paklığına qovuşacağını düşünürsən,
ancaq insanlar
inanmır sənin dəyişəcəyinə.
VI
Sənin əllərinin cadarlarına
hansı günlərin izləri düşüb?
Mənim dilimə oyuncaq
sevgilərin qırıq yerləri hopub.
Mən sözlərimi köksümdə
sən əllərini ciblərində gizləməklə
geriyə qayıda bilərik,
ancaq
sən mənə əl uzatmalısan,
mən də nəsə deməliyəm sənə.
VII
Səndən danışırlar mənə,
sanki heç nə eynimə deyil,
amma ürəyimdən buzlar sınır,
Səni heç vaxt görmədiyim,
adamlarla düşünürəm,
heç vaxt getmədiyim
özgə yerlərə gedirsən xəyalımda,
eşitmədiyimiz mahnılar dinləyirsən,
saçlarının rəngi fərqlidi,
gülüşün də dəyişib,
başqa ifadələr daşlaşıb üzündə,
səni hər şeyə yadlaşdırmaqla
qoruyuram içimdə.
VIII
Xoşbəxt günlər
bir işıq xəyalıdır yaddaşımda,
sənin adına
yandırdığım şamlar ölüb,
ürəyində arzu tutma...
Yığmışam qəlbimə,
yanmış kibrit çöplərini
sənəd səliqəsiylə...
IX
Bax, indi düyməmi tikirəm,
subaylıq əlimə batır,
anamın ağrısı
iynənin gözündən keçir...
Çay dəmləyirəm,
sən yadıma düşürsən,
qalxıb yapma gülləri sulayıram...
Şəklinə baxıram, – bu sənsən.
Gözümün görməyə
alışmadığı qədər gözəlsən.
Gündüzün yorğunluq qandalın
gecənin sükutuna taxıram –
Günəşi söndürüb yatıram.
Sabahsa həminki – eynidi.
Nolar, tanıma sən məni –
dəyişən içimin əynidi...