Biz hamımız parazitlərik

Biz hamımız parazitlərik
4 mart 2020
# 18:39

Kulis.az Vüsal Bağırlının Oskar yarışmasında qalib olan Cənubi Koreya istehsalı Pon Çjun Honun “Parazitlər” filmi haqqında yazısını təqdim edir.

Koreyalı rejissor Pon Çjun Honun “Parazitlər” filmi Kann kinofestifalına öz damğasını vurdu. Rejissor Almodovarı və Tarantinonu belə arxada qoyaraq fəxri kürsünün zirvəsinə qalxdı. Kino işi sonra, “Oskar”a da layiq görüldü.

Film barədə geniş danışmazdan öncə, diqqəti parazitlərə yönəldək. Onlar nədir?

Bildiyiniz kimi, bu orqanizmlər başqa orqanizmin hesabına yaşayan müftəxor, vecələ varlıqlardır.

Bəli, hər yer parazitlərlə doludur, həmçinin də bizim orqanizmimiz. Harada canlılar toplusu varsa, demək ki, orada parazitlər də vardır. Cəngəllikdə lianalar, çəmənliklərdə alaq otları, yabanı bitkilər, kol-kos, canlılar aləmində zəlilər, bitlər, gənələr, birələr. Onlar o qədər çoxdur ki, saymaqla qurtarmaz.

Biz insanlar da, bir növ parazitlərik. İnternetdən pulsuz filmlər, musiqilər yükləyərkən də biz bir növ həmin məxluqlara çevrilirik.

Küçədə, yolda, izdə, işdə qarşımıza yüzlərlə insan çıxır. Fəqət, onların arasında rüşvətbazlar, “hörmət”xorlar, korrupsiyaya qurşanmış məmurlar, fırıldaqçı işbazlar, yalançı dəllallar da az deyil.

Beləliklə, “Parazitlər” film də məhz belə insan tiplərindən bəhs edir. Filmin əsas süjet xətti kasıb bir ailənin, digər varlı ailə üzərində parazitliyindən bəhs edir.

Film boyu müşahidə edirik ki, insan parazitlərin arasında belə amansız mübarizə aparır. Biriləri parazitlik üçün gələndə, artıq digərlərinin həmin yeri tutduğunu görürlər.

Parazitlər ağıllı və hiyləgərdirlər. Sivilizasiya, insan kütlələri, xalqlar, dövlətlər belə parazit ola bilərlər. Onlar daha nəhəng ziyanvericidirlər. Ekologiya pozulur, planetin təbii sərvətləri, faydalı qazıntıları vəhşicəsinə istismar edilir, meşələr qırılır, canlılar kütləvi şəkildə məhv edilir. Bəli bütün bunlar, öz mənafeyini hər şeydən üstün tutan insan acgözlüyünün fəsadlarıdır.

Film sadə və bədbəxt insanların həyatından bəhs edən yeni, həssas və kədərli mövzuya toxunur. Burada, bir neçə janr, kriminal komediya, triller və dram uğurla sintez edilmişdir.

“Parazitlər”də cəmiyyət üçün sual doğuracaq bir çox məsələlər, kastalararası fərq, qarşılıqlı paxıllıq və qibtə hissi, yalançı sevgi, işsizlik və sair problemlər qabardılır. Varlıların kasıblara üstdən aşağı baxır, kasıblar varlılara nifrətlə yanaşır, lakin onların ətəyinə sığınaraq yaşamaq məcburiyyəti hiss edirlər.

Filmdə iki ailə qarşı qarşıya qoyulur. Burada hər kəs riya və hiylə pərdəsinə bürünməlidir ki, ayaqda dura, yaşaya bilsin.

Yalan və risk üçün hər cür imtahandan keçmək zərurəti mövcuddur. Filmdə, parazit ailənin oğlu sanki yuxarıda yazılanları nəzərdə tutaraq, repetitoru olduğu varlı ailənin qızına irad tutaraq deyir:

“Bax əsl imtahan olsaydı, hesab et ki, birinci tapşırığı zay etmisən. Sənin nəbzin dəli kimi atır. Ürək heç vaxt yalan demir. İmtahan vermək, bataqlıqdan keçmək kimi bir şeydir.

Dayandınsa, vəssalam. O, səni soracaq. Mən bu tapşırığa tüpürərdim. Mən istərdim ki, sən əsl imtahanı inamla verəsən. Tərəddüdsüz. Mənə ancaq bu lazımdır. Sən dəliqanlı olmalısan və lazım gələndə risk etməyi bacarmalısan”.

Filmin əvvəlində parazit ailənin işləri yaxşı gedir. Böyük oğul şəhərkənarı elit malikanədə yaşayan Paklar ailəsində ingilis dili müəllimliyinə başlayır. Sonra, milçək şirəyə daraşan sayaq, ailənin digər üzvləri də buraya axışır.

Ata ailə başçısının sürücüsü olur. Ana xidmətçi kimi fəaliyyətə başlayır. Kiçik bacı varlı ailəyə art-terapevt kimi təqdim olunur.

Hər şey əvvəlcədən götür-qoy edilib, hər şey nəzərə alınsa da, sonra baş verəcək hadisələr bütün planları alt-üst edir. Ailənin bütün əməlləri, pislikləri faş olunmaq təhlükəsi ilə üz-üzə qalır.

Səhər dəbdəbəli malikanədə istirahət edən, yeyib-içən, firavan dolu şən həyat yaşayan, gələcəyə nikbin planlar quran insanların, artıq axşam qalmağa, yaşamağa yeri olmur. Onlar daşqından qorunmaq üçün hansısa idman zalına sığınırlar. Burada ata ilə oğul arasında maraqlı dialoq baş verir.

- Ata bizə öz planın haqqında danış.

- Hansı plan?

- Bayaq söyləmişdin, “mənim həmişə ən pis gün üçün planım olur, qəti narahat olmayın”. İndi söylə, sən nə etmək istəyirsən?

- Oğlum, bilirsən hansı plan heç vaxt iflasa uğramır? O plan ki, ümumiyyətlə yoxdur. Yerli-dibli. Niyə? Çünki, əgər sən hər hansı plan qurursansa, onun həyata keçməməsi üçün minlərlə səbəb tapıla bilir. Sən ətrafa nəzər yetir. Necə bilirsən, daşqından qaçan insanlar axşamlarını bu miskin sığınacaqda keçirəcəklərini düşünürdülər? Amma, gördüyün kimi, hamı yerlə yeksan olub, həmçinin biz də. Yadında saxla, əgər plan yoxdursa, sən lap adam öldür və ya vətəni sat, bu artıq heç bir əhəmiyyət daşımır.

Beləliklə, oxuculara filmi izləməyi tövsiyə edirəm. Bu zaman siz, həm müxtəlif janrların (komediya, dedektiv, dram) uğurlu sintezini, həm də rejissor Pon Çjun Honu özünüz üçün kəşf etmiş olacaqsınız.

Image result for Vüsal Bağırlı

# 2562 dəfə oxunub

Oxşar xəbərlər

ADU-da “Payızın ortası” – Çin bayramı qeyd olunub

ADU-da “Payızın ortası” – Çin bayramı qeyd olunub

18:00 19 sentyabr 2024
Laçın şəhərində “Arşın mal alan”  filminin nümayişi baş tutacaq

Laçın şəhərində “Arşın mal alan” filminin nümayişi baş tutacaq

17:10 19 sentyabr 2024
Qərbi Azərbaycandakı soyqırımlarından bəhs edən kitab təqdim edildi

Qərbi Azərbaycandakı soyqırımlarından bəhs edən kitab təqdim edildi

16:30 19 sentyabr 2024
Yaponiyada yaşayan ukraynalı Polina hamını təəccübləndirir – Ekstra Müsahibə

Yaponiyada yaşayan ukraynalı Polina hamını təəccübləndirir – Ekstra Müsahibə

15:41 19 sentyabr 2024
"Musiqinin gücü"  layihəsi Milli Musiqi Gününə həsr olundu

"Musiqinin gücü" layihəsi Milli Musiqi Gününə həsr olundu

15:21 19 sentyabr 2024
Antiterror əməliyyatı ilə əlaqədar virtual kitab sərgisi hazırlandı

Antiterror əməliyyatı ilə əlaqədar virtual kitab sərgisi hazırlandı

15:04 19 sentyabr 2024
#
#
# # #