Bütöv Azərbaycan vətəndaşının doğuluşu
10 sentyabr 2012
11:11
Elnarə ƏLOSMANQIZI
7-ci hissə
Qulamrza Səbri Təbrizi deyir ki, bahar Təbrizin qiyamıdır. Nədənsə mən Təbrizi həmişə bu cümlə ilə xatırlayıram. Sanki bahar özü ilə bərabər Təbrizə həm də yeni nəfəs gətirir. Əslində elə belədir. İnqilablar şəhəri baharla bərabər oyanır...
Təbrizə gəlin getmək, ana olmaq, üstəlik də BDU-nun verdiyi diplomun və “Cümhuriyyət” qəzetinin yaratdığı imkanlardan istifadə edib işləmək bəlkə də həyatda baş verəcəyini gözlədiyim son şey olardı. Amma hələ bu gəlinlik macəraları başlamazdan xeyli əvvəl rəhmətlik Əbülfəz Elçibəy o zamanlar çox məşhur olan Bütöv Azərbaycan Birliyinin iclaslarından birində “o tay-bu taylı gənclərin evliliyi Azərbaycanı birləşdirəcək. Bu ailələrdə dünyaya gələn uşaqlar Bütöv Azərbaycanın vətəndaşları olacaqlar” söyləmişdi. İllər sonra belə uşaqlardan biri bizim ailədə dünyaya gəlib böyüyəndə mən Bəyin nə demək istədiyini ən yaxşı anlayanlardan və təcrübədə sınaqdan keçirənlərdən biri oldum. Bütöv Azərbaycan sakininin dünyaya gəlməsi dünya qədər sevinclə yanaşı, problemlərlə də yadda qaldı.
Tehranda doğulsa da şəhadətnaməni əvəz edən sənədi atasının yaşayış yeri olan Təbrizdən alası olduq. Sənəd üçün müraciət edəndə bildirdilər ki, mütləq ata gəlməlidir, çünki nikah tarixi ilə uşağın doğum tarixi arasında uyğunsuzluq var. Yəni İranda bağlanan rəsmi nikahla uşağın doğum tarixi arasındakı fasilə az olduğundan ata mütləq prosesdə iştirak etməlidir. Problemin haradan qaynaqlandığını idarədəkilərə başa saldıq. İrandakı rəsmi nikahın Azərbaycanda bağlanan rəsmi nikahdan aylar sonra qeydə alındığını, uyğunsuzluğun da buradan qaynaqlandığını dedik. Sağ olsunlar, anladılar, amma ata Tehrandan Təbrizə gələsi oldu. Bu dəfə isə öyrəndik ki, uşağa istədiyimiz adı qoya bilmirik. Çünki İran ad məsələsində arzumuzu ürəyimizdə qoya biləcək qədər həssasdır. Bizim bütöv Azərbaycanın vətəndaşına daşıdığı missiyaya uyğun ad qoymaq istəyimiz nə qədər təbii idisə, rəsmi qurum da bizim bu istəyimizin qarşısına sipər çəkməkdə o qədər ciddi idi. Kompromis variant təklif edildi - nəzərdə tutduğumuz “Araz” adı “Ərəs” kimi yazılsın. “Araz” adı onları bir az qıcıqlandırırdı. Soyad dəyişikliyinə məruz qalmış şəxs kimi buna qəti etiraz etdim. Mənə İran vətəndaşlığı verilən zaman soyadımın sonundakı “ova” şəkilçisi “ava” kimi yazılmışdı. Bu arada bir məqamı da vurğulayım ki, İranda qadın nikahdan sonra ərinin soyadını qəbul etmir, ümumiyyətlə belə bir ənənə yoxdur. Daha çox qızlıq soyadları saxlanır. Buna görə mənim də soyadımın dəyişdirilməsi məsələsi müzakirə olunmamışdı. Bununla belə İran vətəndaşı kimi “ava” sonluqlu sovet soyadı ilə yaşamalı olmuşdum.
Nə isə, “Ərəs” variantını qəbul etmədik. Sağ olsun yaxşı dostlar, müdaxilə etdilər. 60 min tümən müqabilində “Araz” adını yazdıra bildik. Həmin illərdə İranda mühafizəkar qüvvələrin fəallaşması nəinki uşaqlara ad qoyulmasında, hətta mağazalara ad verilməsində də özünü göstərirdi. Hər idarədə özünü qanun adlandıran birisi çıxıb ciddi-cəhdlə öz fikrini diktə etməyə çalışırdı. Əhali arasında türk mənşəli adlara marağın artması 90-cı illərin sonuna təsadüf edirdi. Qadağalar həmişə cəlbedici olub. Tanıdığım uşaqlar arasında “Atilla”, “Babək”, “Aysu” həddindən artıq çox idi. İnsanlar bununla sanki milli kimliklərini sübut etməyə çalışırdılar. İslam düşməni, kafir kimi təqdim edilən Babək tarixdə olduğu kimi adlarda da yaşayırdı...
Aylar keçdi və mən evdar qadın imicindən yorulmağa başladım. İş axtarışı kimlərdəsə gülüş doğura bilərdi. Baxmayaraq ki, qibtə olunacaq bir təhsilim vardı, amma bu dövlət dili olan fars dilini bilməmək eybimi örtməyə kifayət etmirdi. Amma mənim burada da bəxtim gətirdi. Tələbəlik illərindən tanıdığımız dostumuz Təbrizdə nəşr olunan qəzetdə Azərbaycandan gələn mütəxəssis axtarıldığını dedi. Sorğu-sual etmədən qəzetin redaksiyasına getdik. Sonradan öyrəndim ki, söhbət Təbrizin uzun illik nəşr tarixinə malik olan “Məhde azadi” qəzetinin əlavəsi statusunda nəşr olunan “Körpü” jurnalından gedir. Bu jurnal bütün İranda o zaman və yəqin ki, elə indi də Azərbaycan dilində, latın qrafikası ilə nəşr olunan yeganə jurnal idi. Baş redaktor Seyid Məsud Peyman mətbuatda tanınmış adamdı. Baş redaktor deyirdi ki, məqsədi iki ölkə arasında mədəni əlaqələrin artırılmasına xidmət etməkdir. Sonralar deyilənlərin həqiqəti nə qədər əks etdirdiyini anlamaqda çətinlik çəkmədim. Bu barədə sonra...
Hələlik isə hara getdiyimi belə bilmədən qəzetin redaksiyasına gəldik. Bizimlə ilk söhbəti baş redaktorun oğlu apardı. Fars dilində danışdığından özümü onu dinləyirmiş kimi göstərə-göstərə düşünürdüm. Ona görə ki, Azərbaycan dilində, latın qrafikasında jurnal nəşr edən bir baş redaktorun oğlunun Azərbaycan dilini bilməməyi mənə qəribə görünmüşdü. Sonradan bunun səbəbinin ana faktoru ilə bağlı olduğunu öyrəndim. Bizim hörmətli baş redaktorun xanımı türk deyildi, ona görə də övladlarının hər ikisi ünsiyyət zamanı ancaq fars dilindən istifadə edirdilər. Redaksiyada çalışdığım 4 il ərzində bir-birimizi əl-qol hərəkətləri ilə başa düşdük. Mən də inadımdan əl çəkmədim. Özü bilməyən kimi göstərib onlardan öz aləmimdə intiqam alırdım.
Oğul Peyman diplomuma baxdı, jurnalistikada bir neçə illik təcrübəmin olduğunu deyəndə üzü güldü. Səbəbsiz deyildi, bu vaxta qədər jurnalın redaktoru kimi çalışanların hamısı təcrübəsiz imiş. Ən yaxşı redaktor Təbrizdən olan azərbaycanlı ilə ailə həyatı quran sumqayıtlı həkim olmuşdu. Ancaq o, əlindən gələni etsə də xeyri olmamışdı. Atası ilə telefonla danışandan sonra sabah gəlməyimizi xahiş edən oğul Peymanın səsindəki mülayim ton məndə işə qəbul edildiyim qənaətini yaratdı. Səhəri gün bizi artıq ata Peyman qarşıladı və işə başladım. İlk gün darıxdırıcı oldu. Sonradan bu kollektiv bakılı gəlini öz sıralarına elə qəbul etdi ki, indi də telefonun kəramətindən yararlanıb bir-birimizlə əlaqəni itirməməyə çalışırıq.
Bütöv bir jurnal üçün iki nəfər-mən və səhifələyici xanımın məsuliyyət daşıyırdı. Ayda bir dəfə nəşr olunan jurnal üçün materialları toplayır, fars dilindən tərcümələr üzərində işləyir, xəbərlər hazırlayırdıq. İşə təzə başlayanda vəzifəmin məsuliyyətini dərk etmirdim. Zənnim senzuradan azad olmuş Azərbaycan mətbuatına getmişdi. Amma İranın Azərbaycan olmadığını öyrənməyim uzun sürmədi...
Ardı olacaq...

1396 dəfə oxunub
Oxşar xəbərlər
“Sandıq” Milli Geyimlər Studiyasının açılış mərasimi keçirildi
17:37
26 noyabr 2024
“YARAT” “Özüm ilə təklikdə” plastik tamaşasını təqdim edir
16:48
26 noyabr 2024
Noyabrda... Cəbrayıla yaz gəlib! - 31 il uzanan səfər
15:16
26 noyabr 2024
74 yaşlı Xalq artisti sağalmaz xəstəlikdən əziyyət çəkir
15:04
26 noyabr 2024
Filippinli qonaq Ədəbiyyat Muzeyində
13:47
26 noyabr 2024
Azərbaycan mədəniyyəti və mətbəxi Fransadakı festivalda
12:54
26 noyabr 2024