TV-nin zərif çöhrələri

TV-nin zərif çöhrələri
26 sentyabr 2011
# 11:16
Plastik cərrahi klinikalar, estetik mərkəzlər, brendə çevrilmiş gözəllik salonları və s.....

Maraqlıdır, görəsən, Azərbaycanda qadınların neçə faizi adı çəkilən yerlərə baş çəkir?

Məişət-sosial qayğıları onsuz da başından aşan orta statistik qadının buna maddi imkanı yetirmi?

Yoxsa onun üçün bu sadəcə televiziyada yayımlanan reklamdan başqa bir şey deyil?

Suallar beynimdə milli telekanallarda adətən istirahət günləri yer alan qadın proqramlarını izləyərkən dolaşırdı.

Son statistik məlumatlara görə, ölkə əhalisinin 50,4%-i qadındır. Həmin faizin də yarıdan çoxu əyalətlərin payına düşür. O zaman əyalətlərdə qadın proqramlarını izləyən, orda özünə aid olan problemi, onu maraqlandıran nəyisə görən nə qədər qadın var?

****

Qadın proqramlarını normalda çox qısa, adətən 5-10 dəqiqə izləyirəm. Amma mövzuyla bağlı yazdığıma görə, səbrimi cilovlayıb hər proqramın iki buraxılışını tamlıqla izlədim.

Qadın proqramları daha çox müəyyən bir qrup qadının zövqünə hesablanıb. O qadınlara ki, dəb, kosmetika, bəzək-düzək həyatının ən önəm, hətta deyəsən, ölüm-dirim məsələsidir.

Əgər belə olmasaydı, xırda istisnalarla ümumilikdə biri digərinin təkrarı olan qadın proqramlarının vaxtının çoxu dəbə, kosmetikaya, estetik mərkəzlərə, makiyaja sərf olunmazdı.

Ya bəlkə, televiziyada çalışanların təsəvvüründə qadın dünyası ancaq sadalanan amillərlə şərtlənir?

****

Başqa problemlər da var. Məsələn, İTV-də hər şənbə yayımlanan “Qadın dünyası” proqramında ən müxtəlif mövzular müzakirə olunur. Pəhrizdən tutmuş təhsilə, QİÇS-ə qədər. Çox aktual mövzulardır.

Amma məsələ ondadır ki, polemikaya tuş gələn mövzular qadın proqramı olmayan tamamilə başqa, amma formatı, yanaşması eyni olan verilişlərdə də müzakirə edilir. Adətən də elə eyni adamlar dəvət olunur.

O zaman “Qadın dünyası”nı onlardan yalnız adı fərqləndirir? Və hansı meyarlara görə, proqram “Qadın dünyası” adlanır?

“Qadın dünyası”nın kübar davranışlı aparıcısı Leyla Quliyeva musiqiçidir, bu sahədə dolğun bilikləri var. O, teleməkanda tək-tük peşəkar musiqi verilişi aparıcılarındandır.

Amma uğurunu “Qadın dünyası”nda təkrarlaya bilmir. Mövzu haqda dərin, əhatəli məlumatlarının, bəzən suallarının konkret olmamasından, diskussiyalar zamanı intriqa yarada bilməməsidəndir ki, veriliş statik alınır.

Yeri düşmüşkən, “intriqa” sözünü jurnalistikada bəziləri ənənəvi anlamda başa düşür: yəni ara vurmaq, dava salmaq.

“İntriqa” ilkin mənbəyini latincadan - “intrico” sözündən alır, “çaşdırmaq” anlamını verir. Bəzən çaşdırıcı suallarla proqramı baxımlı etmək, mövqelərin daha da aydınlaşmasına, həqiqiətin ortaya çıxmasına xidmət edir.

Sözsüz ki, yerində olmayan, hanısa küt intriqanı nəzərdə tutmuram.

Yəni dediyim odur ki, diskussiya məsləhət, nəsihət üzərində qurulmamalı, verilişə baxanda adamı yuxu tutmamalıdır.

****

ANS kanalında yayımlanan “İncə maraqlar”ın qadın proqramı olmasını yeni əlbisələr haqda məlumat, makiyaj, bəzək-düzək işləri, biş-düş xatrladır. Müzakirə olunan müxtəlif məsələlər haqda, - yuxarıda dediyim kimi, - qadın proqramı olmayan digər verilişlərdə də eyni şəkildə danışılır.

Üstəlik, “Xəzər”, “Lider”, ATV kanallarında dəb, vizaj, estetik mərkəzlər haqda məlumat verilən sırf reklam xarakterli proqramların mövcud olduğu halda “İncə maraqlar” özəlliyini və aktuallığını itirir.

Aparıcı Elnarə Təhməzova isə həmişə verilişi tələsə-tələsə aparır, qonaqların sözünü kəsir, sanki birdən hansısa reklamı deməyə vaxt qalmaz.

Verilişlərdə dəvət olunan qonaqların sözünü tez-tez yarımçıq kəsib dekorlardan, estetik mərkəzdən, saç düzümündən danışmaq, hansısa məhsulları reklam etmək həm qeyri etikdir, həm də söhbətin olan-qalan tempini öldürür.

Ümumiyyətlə isə “İncə maraqlar” daha çox reklam verilişidir, nəinki qadın proqramı.

****

Dövlət televiziyasında yer alan “Səadət” proqramının aparıcısı Sevinc Muradova adı sadalananlar arasında daha peşəkardır. Çünki uzun illərdir ki, müxtəlif kanallarda qadın proqramlarının aparıcısı olub. Düzdür, “Səadət” forma və məzmunca bu proqramlardan ciddi fərqlənməsə də, daha sadədir, Az.TV-nin ab-havasına uyğun olaraq soyuq, emosiyasızdır, ləng tempi var. Amma digər verilişlərlə müqayisədə qadınlara daha praktik, faydalı məsləhət verir.

****

“Space” də yayımlanan “Banu” proqramının – telekanalın rəsmi saytında qadın proqram kimi xarakterizə olunmasına təəccübləndim.

Müxtəlif bölgələrdən toy adət-ənənələrindən, qədim peşələrdən bəhs edən – “Banu”nun qadın proqramı ilə nə əlaqəsi? Bir də ki toy bircinsli hadisə deyil ki, onu yalnız qadına aid edəsən.

****

Qadın proqramlarının monotonluğu tamamilə fərqli, yeni üslublu, bütün sosial təbəqələri aid qadınların marağını əhatə edən verilişlərin proqramların zərurətini ortaya qoyur. Elə verilişlər ki, onlar əyalətdə yaşayan qadının da, həyatının əsasında dəb dayanmayan qadının da marağını ifadə etsin.


Sevda Sultanova
# 2517 dəfə oxunub

Oxşar xəbərlər

Yeni serial gəlir - Baş rolları kim oynayacaq?

Yeni serial gəlir - Baş rolları kim oynayacaq?

09:47 26 noyabr 2024
Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq

Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq

09:30 26 noyabr 2024
Azərbaycan mədəniyyəti və mətbəxi Fransadakı festivalda

Azərbaycan mədəniyyəti və mətbəxi Fransadakı festivalda

09:23 26 noyabr 2024
Adel karyerasına fasilə verir

Adel karyerasına fasilə verir

09:21 26 noyabr 2024
Demet Akalın:  "Bir də ayağa qalxa bilməyəcəyimi düşünürdüm"

Demet Akalın: "Bir də ayağa qalxa bilməyəcəyimi düşünürdüm"

09:15 26 noyabr 2024
Rasim Abdullayev vəfat etdi

Rasim Abdullayev vəfat etdi

09:12 26 noyabr 2024
# # #