"Sənətə" şokolad qutularının üstündən gələn Afət Fərmanqızının Surqut macəraları

"Sənətə" şokolad qutularının üstündən gələn Afət Fərmanqızının Surqut macəraları
19 avqust 2020
# 08:59

Bayağı müğənnilər erasının başlandığı 2000-ci illərdən etibarən bizim üzümüz, loru dildə desək, nə üzlər görmədi ki? İnkişaf edən texnologiyanın yaratdığı rahatlıqdan geninə-boluna istifadə etməklə səsləri olmayan bir çox qız-gəlin musiqi sektoruna hücum edəndən bəri Azərbaycan incəsənətinə ard-arda faciələr üz verməkdədir.

Yadıma gəlir, 2000-ci ilin əvvəllərində “Space”in efirindən Nazpəri “çolkalı”, Nazpəri baxışlı bir qız boylanmışdı. İlk dəfə efirdə görəndə elə bildim, Nazpəri Dostəliyevadı, sonra aparıcı xanım vurğuladı ki, bilirəm bənzədirsiniz, amma o deyil, adı Afətdir.

Adamın üstündə Allah var, oxuduğu mahnıda da, nitqində də bir sanbal var idi. Amma Eldar Mansurovun bəstəsi ilə sənətdə ilk kövrək addımlarını atan xanıma şou-biznesin əzablı yollarında Mansurov dəsti-xətti uğur gətirmədi. Çünki dünya evindən yenicə ayrılıb boşananlar cərgəsinə qoşulan Afət xanıma o məqamda sənətkar olmaq lazım deyildi. Onun utancaq nəzərləri, ölçülü hərəkətləri, ürkək səs tonu ilə Azərbaycan səhnəsində ciddi sənət hadisəsi olmayacağı da məlum məsələ idi. Allahın qızırqanaraq verdiyi sıfır oktavalıq səsi ilə uzaqbaşı bir tikə çörəkpulu qazana bilərdi ki, bunun üçün də ən münbit şərait toy məclisləri idi. Odur ki, meydana çıxdığı sürətlə də yoxa çıxan Afət illər sonra Fərmanqızı olaraq Azərbaycan səhnəsinə “möhtəşəm” bir geri dönüş etdi.

Özünü hərtərəfli inkişaf etdirən Afət xanım meydana əli və ürəyi dolu gəlmişdi. Əvvəlcə xalq üçün çox “vacib” bir sirrin üstünü açdı ki, bəs o vaxt şokolad qutularının üstündəki ceyran baxışlı qız Nazpəri Dostəliyeva deyildi, mən idim. Xanımın fəxarət yeri məni bir xeyli kövrəltmişdi. Bir az da xəyal qırıqlığına uğramışdım. Axı biz o “karopkaları”ı üstündəki şəkilin Nazpəri olduğunu bilib almışdıq. Əlqərəz "sənətə" şokolad qutularının üstündən gələn müəllimə-müğənni bu dəfə xına mərasimlərindən səhnəyə transfer olmuşdu. Amma bu jurnal idi, bizi qarşıda kino gözləyirdi.

2019-cu il ölkəmizdə Nəsimi ili elan olundu və Afət Fərmanqızı ali savadlı, iki diplomlu müəllimə, nəslində həkim, prokuror, hüquqşünas, vəkil olan el müğənnisi olaraq Nəsimi dühasına müraciət edib, onun irsini virdi-viran etməyi özünə borc bildi.

Beləliklə Afət xanım Hindistan musiqisinə pərçim etdiyi “Pəncü -Şeş” adlı mahnı ilə Nəsiminin “Sığmazam” qəzəlinə divan tutmaqla “Nəsimi ili” nə öz töhfəsini vermiş oldu. Afət xanımın mahnısı partlayışa səbəb oldu. Bu partlayış zamanı xəsarət alan təkcə Nəsimi olmadı. Məşhur hind mahnısının bəstəkarı Sohali Sen də bu dağıntıdan zərər çəkdi. Belə ki, “sənətçi” Amil Sabirabadskinin (aranjemançı) əli ilə “Tune maari entryaani” mahnısını elə günə qoydu ki, müəllif duyuq düşsə, mahnısından imtina edərdi.

Xalqın “rakıdı-çıkıdı” məzmununda olan zümrəsinin sümüyünə düşən, ziyalı zümrəsinin qəzəbinə tuş gələn mahnı Afət Fərmanqızına şöhrət qapısını taybatay açdı. YouTube-da dinlənmə rekoru qıran, toyxanalarda ən çox sifariş verilən mahnını hökmən şərəfləndirmək lazım idi. Afət Fərmanqızı iki nəfərdən ibarət çəkiliş qrupu, Həci və yaxın ətrafı ilə birlikdə ona uğur gətirən “Çörək mahnısı”nı ekranlaşdırmaq üçün üz tutdu Rusiyanın Surqut vilayətinə. Məqsəd çox alidir. Klip çəkiləcək.

Klipin süjet xətti təəssüf ki, yoxdur, yaddan çıxıb. Kadrlar gecə saatlarında lentə alındığı üçün çox güman ki, rejissor yuxulu olub. Klipdə hər şey gecələrin birində baş verir. Daha doğrusu heç nə baş vermir. İlk kadrda gecənin zifir qaranlığında Afət Fərmanqızını Suqrut universitetinin binasının pilləkənlərində görürük. Pilləkənlərdən imtahandan əla qiymətlərlə keçən 17 yaşlı qız xoşbəxtliyi ilə düşür. İlk baxışdan adama elə gəlir ki, belə həyəcanlı enişlə qarşıdan ona tərəf gələn sevgilisinin qollarına tələsir. Amma belə olmur. Müğənni üçüncü pillədən sonra sürəti artırıb ley qıvraqlığı ilə universitet binasının yerləşdiyi həyətin mərkəzinə çatıb qəfil qollarını qaldırıb şıdırğı rəqs etməyə başlayır.

Müəllimə olduğunu hər çıxışında xatırlatmağı bir an belə olsun unutmayan müğənni-müəllimə klipdə də bu fakta iri planda toxunur. Bir neçə saniyə ali təhsil ocağının həyətində cani-dildən rəqs etdikdən sonra, Afət xanım oynaya-oynaya keçir növbəti kadra. Ümidimi itirməmişəm hələ. Tərəf müqabili gözləyirəm. O soyuq qarlı gecədə iti quyruğundan bağlasan çöldə dayanmaz, amma Afət xanım 4 dəqiqə yarımlıq klipdə, gah şubada, gah şubasız müxtəlif pozalarda rəqs edir.

Onsuz da hind mahnısına dürtüşdürdüyü aşıq musiqisi adama, ayağına iki ölçü kiçik olan ayaqqabı kimi əzab verirdi. Klipin 3:02-ci dəqiqəsində isə gəlin maşını kimi bəzədiyi sazı çapa-çapa meydana daxil olan sazoğlan saza, Afət də Nəsimiyə divan tutur.

Adamı gecənin alaqaranlığında, yerdə iki metr qar olan küçənin ortasında “Məndə sığar ikən cahan mən bu cahana sığmazam” deyib oynadan səbəb nə ola bilər axı?

İçimdə dəli bir arzu peyda oldu. Kaş klipin sonunda “rejissor” heç olmasa bu səbəbi göstərsəydi. Biz də Afət xanımın sevincinə şərik olsaydıq. “Mən bu cahana sığmazam” sözləri oynamaq səbəbi ola bilməz axı? Bu qəzəldə Afət xanımı ətikəsilmiş kimi oynamağa məcbur qılan gözəgörünməz ahəng nə idi?

Bütün bu sualların cavabı çox güman ki, Afət Fərmanqızının özünə də məlum deyil. Xülasə, Afət oynaya-oynaya başladığı klipin elə oynaya-oynaya da bitirir.

Amma bu son deyildi, “sezon finalı” idi. Afət Fərmanqızı bu dəfə də “Şah Nəsimi” mahnısına çəkdirdiyi “indeyski” kliplə yay mövsümündə tozu dumana qatdı.

Ümumiyyətlə, hər iki “klip” müğənninin həyatı ilə yaxından səsləşir. Afət Fərmanqızı hər dəfə sevdiyi şəxsin olduğunu desə də, həmişə onun adını və üzünü pünhan saxlayıb. Uzaq başı qolunu göstərərək belə bir şəxsin varlığını sübut edərək söhbəti bağlayıb. Bu nüansa “sənətkarın” hər iki klipində də diqqət yetirilib. Müəllimə-müğənninin yüksək eqosu və mənliyinə olan aşırı düşkünlüyü də klipdə öz əksini tapıb. Hər iki klipdə də müğənnidən başqa ətrafda bir ins-cinsə rast gəlinmir. Özü oxuyub, özü oynadığı, “Pəncü-Şeş” klipinin davamı olan “Şah Nəsimi” klipində qəhrəman heç cürə görə bilmədiyimiz aşiqini salamlayır:

Yuxudan oyanmış şahin baxışlım
Dedim sərxoşmusan söylədi yox yox

Tamaşaçıları şoka salmağa davam edən Afət Fərmanqızında payız mövsümü üçün də şaqraq bir mahnı gözləyirik.

P.S. İlkin olaraq "klasiklərimizin" unuda bilmədiyimiz incilərindən başlamağımı qəribçiliyə salmayın. Musiqi zövqümüzün alt-üst olmasında müstəsna xidmətləri olan bu "sənətkarları"ın ilk göz ağrılarını göz ardı etmək olmaz. İrəliləyən zamanlarda planda yeni çəkilən kliplərə də göz gəzdirmək var.

# 8450 dəfə oxunub

Oxşar xəbərlər

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
Bu sənətçilərin fəxri adları əllərindən alındı

Bu sənətçilərin fəxri adları əllərindən alındı

10:38 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

10:29 23 noyabr 2024
Xankəndi şəhərində ilk solo konsert keçirilib

Xankəndi şəhərində ilk solo konsert keçirilib

10:25 23 noyabr 2024
Bəstəkarlar İttifaqının 90 illiyi münasibətilə konsert proqramı

Bəstəkarlar İttifaqının 90 illiyi münasibətilə konsert proqramı

10:19 23 noyabr 2024
"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
#
#
# # #