Rusiyanın tanınmış alimi və ədəbiyyatşünası Konstantin Kedrov “Literaturnaya qazeta” nəşrində Xalq yazıçısı Kamal Abdullanın “Kitabi-Dədə Qorqud” poetikasına giriş” əsəri haqqında “Sözün Xəzər ümmanı” adlı resenziya çap etdirib.
Kulis.az həmin resenziyanı təqdim edir.
Akademik Kamal Abdulla qədim epik əsər – “Kitabi-Dədə Qorqud” haqqında çox maraqlı bir monoqrafiya yazıb. Aydındır ki, mənə, 1989-cu ildə “Sovetski pisatel” nəşriyyatının çap etdirdiyi “Poetik kosmos” əsərinin müəllifinə, alimin eposun hələ də yaranmaqda olan dünyamız üçün əzəli başlanğıc olmuş kosmik partlayışın əks-sədasından başqa bir şey olmadığı barədə fikri çox yaxındır.
İnkar etmək olmaz ki, möhtəşəm dastanlar kökləri ilə Frezerin, Freydin, Yunqun, Haydeqerin, M.Eliadenin və arxaik mədəniyyət qatlarının başqa tanınmış tədqiqatçılarının lap çoxdan aşkarlamış olduqları ilkin arxetipik qatlara gedib çıxır. Kamal Abdulla da diqqətinin bu vaxta kimi az öyrənilmiş mağara arxetipi üzərində cəmləyir. O, tamamilə haqlı olaraq, əks sədası Homerin “Odiseya”sından, dənizçi Sindbadın yetərincə öyrənilməmiş səyahətlərindən və “1001 gecə”dən gələn əlahiddə bir mağara sivilizasiyasından danışır. Ən əsası isə, alim öz ruhuna görə Monqolustandan İspaniyaya kimi bütün ibtidai xalqlar üçün doğma olan mağara təsvirlərində bir ümumilik görür.
Belə olduqda mağaradan işığa çıxma məqamını xüsusi qeyd etmək vacibdir. Tədqiqatçı haqlı olaraq qeyd edir ki, Platonun mağara zülmətində yaşayan və günəş haqqında bilgiləri yaşadıqları məkanın divarlarında əks olunan kölgələrlə məhdudlaşan məşhur “mağara adamları” surəti Kosmosun və Xaosun, bir az sadə dillə desək, mədəni mifin, yaranış məqamını olduqca dəqiq əks etdirir. İşığı görmək arzusu ilə mağaranı tərk edən qəhrəman – həm Prometey, həm Orfey, həm Odissey və həm də, əlbəttə ki, Dədə Qorquddur. Gerçək işığı gördükdən sonra o, mağaraya qayıdır ki, insanları, sözün həqiqi mənasında maarifləndirsin.
Qorqud təkcə maarifçi deyil, o, eyni zamanda, Prometey kimi allahlara qarşı üsyan edən və daşlaşmış inancları darmadağın edəndir. Onun “çıxan can geri gəlməz” koanı bu gün də ekzistensial olaraq cəsarətli səslənir. Monoqrafiyanın müəllifi Qorqudun XX əsrin ən cəsarətli fəlsəfi mühakimələrinə olan bu gözlənilməz yaxınlığını görür. Bəs bunda təəccüblü nə var? Əgər biz bu gün öz cihazlarımızla Kainatda 13 milyard il bundan əvvəl baş verənləri tuta biliriksə, onda niyə bəs ibtidai-mağara dövrünün şairi gələcəkdən gələn dalğavari titrəyişi hiss etməsin? Epos təkcə keçmiş haqqında deyil, həm də gələcək haqqındadır.
Daha bir vacib müşahidə. Bizim məcaz saydığımız bir nəsnə müəllif-aşıq üçün real möcüzə idi. Müasir dilə tərcümə edirik: “Atlı atını mahmızladı və quş kimi divarı aşdı”. Əsl nüsxədə isə deyilir: “O, atı mahmızladı və quş oldu”. Və ya da, oğul anasına təskinlik verir: “Mən ölərəm, amma sənin mənim kimi cəsur bir oğlun doğulacaq”. Əsl nüsxədə isə belədir: “Mən öləcəyəm, sənin oğlun olacaq, o da mən olacaq”. Bu magiyanın incəliyi ondadır ki, qədim insanlar sözü gerçəkliyin işarəsi kimi deyil, gerçəkliyin özü kimi qəbul edirdilər.
Bu məqamda müəllif dahi filosof Aleksey Losevlə lap yaxın mövqedə durur. Losev özünün Platonla və neoplatoniklərlə mübahisəyə həsr olunmuş çoxcildli əsərində vurğulayır ki, istənilən gerçəkliyin, istənilən şeyin əsasında Platonun təkid etdiyi kimi ideya, Aristotelin hesab etdiyi kimi eydos deyil, Ad durur. Afon müdriklərinin “Tanrı Ad deyil, amma Ad Tanrıdır” tezisi bəşəriyyətin qədim mədəniyyətinin mənbəyinə gedib çıxır. Buna görə də Qorqud, Adəmin də etdiyi kimi, ad qoyur. Nə qədər ki, insan qəhrəmanlıq etməyib, o, sanki, yoxdur, adsızdır. Və qəhrəman etməli olduğu qəhrəmanlığı etdikdən sonra ad yiyəsi olur.
Əsrlərin dərinliklərinə gedib çıxan və oradan bizə sarı gələn Azərbaycan dastanının əsl mənası heç vaxt tükənməyəcək. Belə bir fikirlə razılaşmaq olar ki, XV əsrdə tamamlanmış çoxəsrlik sənət əsəri öz dövründən daha çox əbədiyyətə – xrono¬topa məxsusdur. Fiziklər heç nəyin yoxa çıxmadığı və hər şeyin davam etdiyi, keçmiş və gələcəyin eyni bir gerçəkliyin şərti işarəsi olduğu hansısa bir dünya hadisələri xəttindən danışırlar. Eyni bir hadisənin təkrar-təkrar oynanıldığı, çoxlu sayda təkrarlandığı epik təkrarlar da elə buradan doğur.
Ahəngverici miflə xaosun mübarizəsi bütün süjetlərin içindən keçir. Buna görə süjetlər nə qədər müxtəlif olsa da, dastan təkdir. Burada söz mütləq deyil, o, özlüyündə yetərlidir. Onu təkcə eşitmək yox, həm də görmək lazımdır: “Xan söylәdi, görәk, xanım, nә söylədi”. Bu, çoxminillik adların qoyulması və sözlərin toplanması dövrüdür. Burada deyilmiş sözlə yazıda həkk olunmuş söz ayrılmazdır. Buna görə də Qorqud Sözün Xəzər ümmanıdır. Sözlər də külək zamanı yaranan dalğalar kimi yaranır və təhkiyənin hamar səthinə çevrilə bilirlər. Sözlər ancaq söz haqqında deyilir, onların arxasında gizlənən hansısa bir gerçəklik haqqında yox. İohannın İncilinin əvvəlini xatırlayaq – “Əvvəl Söz olub, və Söz Tanrı idi”.
Mən bu gözəl monoqrafiyanı riyaziyyatçı Qriqori Perelmanın kəşfi ilə – əlaqəlilik adlanan bir hadisə ilə – tamamlayardım: dünyamızın dördölçülü kürəsinin hər bir nöqtəsi bütün kürəni ehtiva edir, bütövlükdə kürə isə istənilən cismin hər bir nöqtəsinə gətirilib çıxarıla bilər. “Odisseya”nın kompozisiyası belədir və Qorqud haqqında dastanın da kompozisiyası bu cürdür. Hamımız eyni bir fikrə qayıdırıq: "Çıxan can geri gəlməz", – ona görə də ötəri həyatın hər bir anına sonsuz dərəcədə böyük dəyər vermək, sənin kimi yox olacaq bütün insanları sevmək lazımdır. Oxşar məqamla Gilgameş haqqında şumer-babil dastanında, eləcə də Orfey və Evridik haqqında mifdə də rastlaşırıq. Ovsunların gücü hesabına Aiddən çağırılmış kölgə Odisseyə deyir: “Yer üzərində qul olmaq ölülər səltənətində çar olmaqdan yaxşıdır.
Qorqud – həyat dərsləri keçən müəllim, peyğəmbər və müəllifdir. Onun kahin magiyası ilə poeziya arasındakı keçid vəziyyəti qədim anlayış olan “maraq” anlayışı ilə tam ifadə edilə bilir. Maraq Hamletin məşhur “Olum, ya ölüm” deyimindəki “ya” kimidir. Qorqud yaramaz insanlara hökm çıxara və ya qəhrəmanların başına şübhəsiz haqlılıq çələngi qoya bilməz. O, “ya” vəziyyətindədir. “Ya” – azadlıq və maraqdır.
Hələ də yetərincə öyrənilməmiş dastana olan marağımız heç vaxt sönməyəcək. “Odisseya”nın, “Bxaqavat-Gita”nın, “Manas”ın, “İqor polku haqqında dastan”ın məna və məzmunu tükənməzdir. Burada cavablardan daha çox sual var. Bu baxımdan bütün araşdırmalar dəyərsizdir. Təsadüfi deyil ki, müəllif Homerə inanaraq Troyanın, bəlkə də Troyanın yox, özünün Troya arzusunun yeddi qatını qazıb üzə çıxarmış Şlimanı xatırlayır. Bu mövqe mənə çox yaxın və aydındır. Odissey haqqında oxuyarkən son nəticədə başa düşürük ki, Odissey – biz özümüzük. Qorqudla birgə dünyamızın qaranlıq mağarasına dönərkən, biz Orfeyin Evridikanı axtararkən keçdiyi yolu təkrarlayırıq. Qorqudlar çoxdur. Onlar hər əsrdə var və eyni zamanda da bunların hamısı tək bir Qorquddur. Epos heroqlif kimidir. Azərbaycan eposu haqqında yeni tədqiqatı oxuyandan sonra bir daha əmin oldum: bütün özəlliklərimizə, zahiri fərqlərimizə baxmayaraq, hamımızın son dərəcə eyniyik. Əbədiyyət axtarışında olan insan haqqında dastan heç vaxt bitməyəcək, çünki insan özü mahiyyətcə sonsuzdur.
Konstantin Kedrov
(Fəlsəfə elmləri doktoru, filosof, ədəbi tənqidçi, Rusiya Pen Klubunun İdarə Heyətinin və Beynəlxalq Əsilzadələr Birliyinin üzvü)