Payızda öləcəm mən- Mahir N. Qarayevin şeiri

Payızda öləcəm mən- Mahir N. Qarayevin şeiri
29 iyul 2024
# 14:50

Kulis.az Mahir N. Qarayevin "Payız" adlı yeni şeirini təqdim edir.

Payızda öləcəm mən – leysan yağışlar altda.
Leysan yağışlar altda basdıracaqlar məni.
Payızda öləcəm mən – göz açdığım o kənddə.
Dil açdığım o kənddə susduracaqlar məni.

Çəkiləcəm su kimi bircə qarış torpağa,
Dikələcək başdaşım düz başımın tuşundan.
Xəbərim olmayacaq o doğma kəndin daha
Yerdə hürən itindən, göydə uçan quşundan.

Nə yaxşı, nə pisindən; nə qara, nə ağından –
Xəbərim olmayacaq dünyanın heç nəyindən;
O yağışın sübhəcən aramsız yağmağından,
O yağışın sübh çağı qəfildən kəsməyindən...

Vəssalam.
Kar olub da daha heç nə eşitməm.
Kor olub da heç nəyi görməm daha.
Vəssalam.

Vəssalam.
Lal olub da mən daha kəlmə kəsməm.
Susdum, İlahi, susdum. Əbsəm, əbsəm.
Vəssalam.

# 1067 dəfə oxunub

Müəllifin son yazıları

# # #