Qırx il yol gələn səs - Yeni hekayə

Qırx il yol gələn səs - Yeni hekayə
24 mart 2023
# 10:00

Kulis.az Loğmanın "Qırx il yol gələn səs" adlı yeni hekayəsini təqdim edir.

İsti yay günlərindən biri idi. Sarı kişinin Bakıda yaşayan oğlunun ölüm xəbəri kəndə yayıldı. Cavan olsa da, İlyas ali təhsil alandan sonra işgüzarlığı, əməksevərliyi, qabiliyyəti ilə seçilmiş, işlədiyi zavodun direktor müavini vəzifəsinə qədər yüksəlmişdi. Tanıyanları arasında xətir-hörməti vardı. Onun qəfil ölümü caamatı sarsıtmışdı.

İlyasın dəfnində, demək olar ki, bütün kənd əhli iştirak edirdi. Qəbiristanlıqda insan əlindən yer yox idi. Kimi ağlayır, kimi dəfn üçün lazım olan hazırlıqları görür, kimi də bir kənara çəkilib xısın-xısın bu müəmmalı ölümdən danışırdı. Sarı kişinin hərəkəti isə hər şeydən çox diqqəti cəlb edirdi. Kirimək bilmir, başını qəbir daşlarına doyür, fəryad qoparırdı. Tutub saxlayırdılar bir az toxdayırdı, elə ki buraxırdılar yenə hər şey təkrar olurdu. Bizim camaatın bir adəti vardı. Belə hallarda dərd nə qədər ağır olsa da, ata dəyanət göstərib camaatı üzməmək üçün təmkinli davranardı. Amma Sarı kişi heç cür bu itki ilə barışa bilmirdi. Səsi də başqa cür idi. Adam səsinə oxşamırdı, elə bil, ulayırdı.

Dəfndən sonra hamı hüzn içində ikibir, üçbir kəndə dönməyə başladı. Qəbiristanlığın çıxışında kimsə ehmalca qolumdan yapışdı. Kərim kişi idi. Asta-asta danışmağa başladı:

“1943-cü il idi. Müharibənin qızğın vaxtıydı. Kənddə beş-on nəfər başıpapaqlı qalmışdı. Əli silah tutanın hamısı cəbhəyə yollanmışdı. Kolxoz işinə qadınlar, qocalar və uşaqlar, bir də əsgər yaşı hələ çatmamış tək-tük cavan gedirdi. Bu gün-sabah onları da çağıracaqdılar. Kolxozun üç-dörd öküz arabası vardı. Birini Sarı kişiyə vermişdilər, mən də yedəkçi idim. On bir yaşım vardı, Sarı kişi isə cavan oğlan idi, yaralanıb yarımçıq qayıtmışdı cəbhədən. Söz gəzirdi ki, özünü vurub, amma açıb-bükmürdülər. Müəmmalı iş idi – getməyi ilə qayıtmağı da heç üç ay çəkmədi...

Öküzlərə mən baxırdım. Açıb-bağlamaq, yemləmək, suvarmaq, arabaya qoşmaq mənim işim idi. Hər gün işıqlanmamış arabanın yükünü vurub yola çıxırdıq. Ertə getməliydik ki, axşama qayıda bilək. Kəndimizdən dəmiryol stansiyasına qədər iyirmi kilometr olardı. Çol yolu ilə gedib-gəlirdik. Enişli-yoxuşlu, ilan mələyən haramı idi. Yoxuşu çıxanda – öküzlər gücə düşəndə, kömək edər, arabanın arxasından basardım. Enişdə də yükün ağırlığından araba yellənməsin deyə tez öküzlərin qabağına keçər, yedəyindən tutub, gücnən də olsa, saxlayar, yavaş-yavaş dərəyə endirərdim. Axşam qayıdanda bir az rahat olurdu. Amma əvəzində bir tərəfdən qaranlıq, digər tərəfdən də tülkü-çaqqal vaqqıltısı, canavar ulartısı məni qorxudurdu. Çox vaxt tədarük məntəqəsində yükü təhvil verəndə ləngiyirdik, kəndə çatanda artıq gecə yarı olurdu. Öküzləri yerbəyer edəndən sonra özümü yatağa güclə salırdım. İki-üç saat yatıb, dan yeri qızarmamış yenidən yorğun-arğın qalxır, sızıldaya-sızıldaya kolxoz tövləsindən öküzləri çıxarıb arabaya qoşur, anbarın ağzına gətirirdim. Nə qədər ağır, əziyyətli olsa da, bu işdən bezmirdim. Çünki əməkgünü qazanır, ailəmizin yükünə çiyin verirdim. Bütün kənd camaatının ac-yalavac qaldığı, otla, pencərlə dolandığı bir vaxtda evimizə çörək gətirdiyimə görə, gizli də olsa, öyünürdüm.

Bir dəfə hər şey avand oldu. Gündən xeyli varkən işimizi başa vurub geri dönürdük. Tədarük məntəqəsi stansiyada yerləşdiyindən buraya dəmir yoluna yaxın bütün rayonlardan adamlar axışıb gələrdi. Vağzalın girəcəyində bazar var idi. Düzdür, buna bazar demək olmazdı, amma kimin nəyi varsa, burada yolun qırağına düzüb satar, ya da nəyəsə dəyişərdi.

Erkən qayıdanda, heç nə almasa da, Sarı kişinin bir bazara dönməyi vardı. Kefi kök olanda məni də yanına salıb gəzdirirdi.

Bazarda daha çox yeməli şeylər – cad, bir büküm yuxa, şor, mer-meyvə və s. diqqəti cəlb edirdi. Miras paltar, ev əşyası satanlar da gözə dəyirdi. Nadir hallarda dəsmala bükülmüş zinyət əşyalarını – nişan üzüyünü, sırğasını, qolbağını ovcunda tutan boynubükük gəlinlərə də rast gəlmək olurdu. Nə qədər kədərli görünsələr də, onlara məhəl qoyan tapılmırdı. Kim idi o vurhavurda qızıl alan, bəzənib-düzənən... Düzdür, belə götürəndə, o əşyalar çox ucuzudu – əlac kəsiləndə, ümid hər yerdən üzüləndə, az qala bir ovuc qızılı bir-iki arpa çörəyinə dəyişirdilər. O da gün kimi aydın idi ki, bu arpa çörəyi hər süfrədə tapılan nemət deyildi. Adamlar vardı, dodaqları bir tikə arpa çörəyindən ötrü elə o arpa çörəyinin özü kimi çat-çat, cadar-cadar olmuşdu. Yəni imkanı olanlar üçün çox ucuz, aclıq çəkənlər üçün isə əlçatmaz bir şey idi o illərin qızılları. Amma bazar əhlinin gözü qarşısında, tamahı düşüb, gücü çatsa da, heç kim ürək eləyib qızıl almaz, dilə-dişə düşmək istəməzdi. Bu, qudurğanlıq sayılardı. Kim də bu işə qol qoysa, onu xəlvətə salardı ki, görən olmasın.

Bazarın dağılan vaxtı təkəm-seyrək adam qalırdı. Onlar da hələ ümidini kəsməyənlərdi. Qınamalı deyildi adamları, gümanı gələni, əlinə düşəni satıb, bir dərdinə yamaq eləmək istəyirdilər. Satağançıların böyük əksəriyyəti qıraqlılardı. Yalnız çörək satanlar yaxın kəndlərdən gələnlərdi. İl yaxşı gəldiyindən taxıl bol olmuş, yerli camaat bir az özünü tutmuşdu. Fərasəti olan, dincliyinə haram qatanlar girəvəyə salıb, kövşəndən başaq da yığıb döymüşdü.

Bir sözlə, kənd camaatı bu il özünə gəlib, qəddini dikəltmişdi. Amma neyləyəsən, müharibə – müharibədir... Qara bulud kimi hamının başının üstündə gəzirdi. Onun qorxunc, ağır kölgəsindən heç kəs kənarda qala bilməzdi.

... Sarı kişinin istəyi ilə bu dəfə də öküzlərin boynundan vurub bazara tərəf döndərdim. Arabanı vağzala doğru uzanıb gedən arxın kənarında cərgə ilə əkilmiş ağaclardan birinin yanında saxladım. Öküzlər yorğun olduğundan heç yerə tərpənmirdi. Sarı kişi arabadan düşüb bir xeyli bazarda gəzindi. Bir-bir satlıq şeylərdən götürüb nəsə deyirdi, yəqin ki, qiyməti ilə maraqlanırdı. Sonra qarşısına bir vedrə şaftalı qoymuş qadına yaxınlaşdı. Qadının yanında beş-altı yaşlarında nimdaş çit donlu, çiyninin sümükləri çıxmış arıq bir qız üşağı dayanmışdı. O, sol əlini anasının çiyninə qoyub aşağıdan-yuxarıya – Sarı kişiyə baxırdı. Qadın yumaq kimi elə büzüşmüşdü ki, vedrədən seçilmirdi. Hiss olunurdu ki, qayğılıdır, dərd içindədir. O günlərin də aclıqdan böyük nə dərdi ola bilərdi ki... Sarı kişi qadınla xeyli söhbət elədi. Nə danışdılar bilmədim, amma hiss olunurdu ki, qadın tərəddüd içindədir, qərar verməkdə çətinlik çəkir. Hannan-hana qadın şaftalı vedrəsini götürdü, üşağın əlindən tutub arabaya tərəf gəldi. Onun qırx-qırx beş yaşları olardı. Ana da qızı kimi çox arıq və çəlimsiz idi. Dodaqları qaysaq bağlamışdı. İşləməkdən ya da vedrənin ağırlığından belinin quzu çıxmışdı. Uşağın qolundan yapışıb arabaya qaldırdım. Qızcığaz quş lələyi kimi yüngül idi. Şaftalı vedrəsini qadının əlindən alıb onun yanına qoydum. Sonra qadın da arabaya minib uşağın böyründə oturdu. Öküzlərin üzünü çevirdim, yola düzəldik.

Yol boyu Sarı kişi qadını sorğu-suala tuturdu. Söhbətdən aydın oldu ki, qadın Ordubad tərəfdəndir və bu şaftalını da buğdaya, una, ya da çörəyə dəyişmək üçün gətirib. Səhər qatarla gəlmişdi, şaftalını satsaydı, undan-çörəkdən alıb, axşam qatarı ilə geri dönəcəkdi. Amma bütün günü şaftalıya müştəri çıxan tapılmamışdı. Evdə yol gözləyəni, bir çətən külfəti vardı. Acdılar. Bu şaftalıdan başqa heç nəyə gümanları gəlmirdi.

Sarı kişi dönə-dönə qadına ürək-dirək verib deyirdi ki, heç sıxılıb eləmə, hər şey yaxşı olacaq. “Sizi aparacam evimizə. Allah verəndən yeyib-içib gecəni qalarsınız bizdə... Şaftalını dəyişəcəm buğdaya, hələ sizə pay da verəcəm. Sabah da gətirib poyuza mindirib yola salacam”. Qadın elə sevinirdi ki, elə bil dünyanı ona bağışlamışdılar. Elə hey alxış eləyir, dönə-dönə Sarı kişiyə yalvarırdı: ”Elə bil ölmüşük, yerdən götürürsən, qardaş...”

Stansiyadan xeyli aralanandan sonra haramı başlayırdı. Yollar dəvə belinə bənzəyirdi. Artıq qaş qaralmaqda idi. Ətrafdan həmişəki kimi yenə də vəhşi heyvan səsləri gəlirdi. Uşaq qorxusundan anasına sığınmışdı. Bircə gözləri işıldayırdı. Gözlərinin lap dərinliyindən gələn bu işıq uşaqdan da, anasından da güclü görünürdü mənə. Yol boyu qız bir neçə dəfə əlini vedrədəki şaftalının üstünə qoydu. Hiss olunurdu ki, götürmək istəyir, amma ürəyi gəlmir. Və hər dəfə də anası onun biləyindən tutub ehmalca kənara çəkirdi. Əvvəlcə biləyi əyilir, sonra könülsüz-könülsüz barmaqları şaftalının üstündən sürüşüb aralanırdı. Şaftalını götürməkdən çəkinən uşaq mümkün olduqca əlini meyvənin üstündə daha çox saxlamağa çalışırdı. Uşağın bu hərəkətindən gözlərim dolur, kiçik bacı-qardaşlarım yadıma düşürdü. Bu anda bu arıq, gözlərinin altı gömgöy göyərmiş, sısqa qız uşağının könlündən nələr keçdiyini bilmək elə də çətin deyildi...

Yoxuşlardan birinə yetişəndə Sarı kişi qadına dedi ki, siz düşün, öküzlər yornuqdu, çəkə bilmir, dikdiri aşandan sonra – enişdə yenə minərsiniz. Qadınla uşaq könülsüz-könülsüz arabadan düşdülər. Hiss olunurdu ki, nədənsə qorxurlar. Yoxuşu aşan kimi Sarı kişi öküzləri qovmağa başladı. Əvvəlcə heç nə başa düşmədim. Bir an sonra anladım ki, o, qadını uşaqla burada qoyub getmək istəyir. Canım ürpəşdi. Tüklərim biz-biz oldu. Bir vedrə şaftalıdan ötrü bu qədər amansızlıq etmək məni dəhşətə gətirdi. Amma Allahın rəhmi gəldi, enişin ortasında öküzlərdən biri boyunduruqdan çıxdı. Boyunduruğun bir tərəfi yerə düşüb süründü, ikinci öküz əyib yoldan çıxdı və dayandı. Tez yerə atıldım. Bir az əvvəl arxaya düşən samını axtarıb tapdım, amma götürmədim ki, vaxt keçsin. Sarı kişi üstümə qışqırdı: “Korsan, əlli tərpən”, – dedi. Amma qadınla uşaq özlərini yetirdilər. Çiynimdən elə bil ağır yük götürüldü. Sevindim. Samını yerdən qaldırdım. Açılmış öküzü arabanın qabağına çəkib, boyunduruğu boynuna keçirtdim, samını təzədən yerinə saldım. Qadınla uşaq arabaya minəndən sonra tərpəndik. Ancaq bu hal çox sürmədi. Növbəti yoxuşa çatanda Sarı kişi onları yenə də arabadan düşürtdü. Qadın nə qədər yalvarsa da, Sarı kişi məhəl qoymadı. Dikə çıxandan sonra isə öküzləri yenə də qovmağa başladı. Allaha yalvarırdım ki, nəsə bir hadisə baş versin, ya təkər qırılsın, ya boyunduruq açılsın, ya öküzlərdən biri büdrəyib yıxılsın, axır nə olur-olsun, təki araba dayansın. Amma bunların heç biri baş vermədi. Getdikcə uzaqlaşırdıq. Sarı kişiyə qadınla uşağı götürmək üçün nəsə demək, yalvarmaq istəyirdim. Amma birgə işlədiyimiz bu bir neçə ay ərzində onun xasiyyətinə yaxşı bələd olduğumdan susub qaldım. Arxadan, o zülmət, kimsəsiz gecədən qadının tükürpərdici fəryadı eşidilirdi: “Ay qardaş, səni and verirəm o bir olan Allaha, bizi burada qoyma, uşağa rəhmin gəlsin...” Sarı kişinin gözünə heç nə görünmürdü. Köşədən hörülmüş şallağı var gücü ilə öküzlərin belində şakkıldadır, dilsiz-ağızsız heyvanları amansızcasına qovmaqda davam edirdi. Ürək parçalayan o səs isə uzaqlaşdıqca daha yanıqlı, daha əlacsız gəlirdi...

O gecəni səhərə kimi yata bilmədim. Anasının böyrünə qısılıb görünməz olan qızcığazın rəhm diləyən gözləri xəyalımdan getmirdi. Sübh tezdən hava işıqlanmamış öküzləri qoşub hazır dayanmışdım. Tez yola çıxmaq, keçəngecəki dərəyə tez çatmaq, yan-yörəyə baxmaq istəyirdim. Görəsən, başlarına bir iş gəlmədi ki, salamatdırlarmı? Üstlərinə canavar-çaqqal düşmədi ki? Suallar məni dinc buraxmırdı.

Arabanı yüklədik, amma Sarı kişi gəlib çıxmadı. Xəbər gəldi ki, qəfildən bərk xəstələnib, yorğan-döşəyə düşüb. Onun yerinə kolxozun qoca mehtəri Bahadur kişini göndərdilər. Yola düzəldik. Hadisə yerinə çatanadək ürəyim ağzıma gəlirdi. Həyəcan və nigarançılıqdan bu yay səhəri tir-tir əsirdim. Qorxurdum ki, dəhşətli bir səhnənin şahidi olacağam. Xoşbəxtlikdən yol boyu və qadınla uşağın arabadan düşdüyü yerdə şübhəli bir şey görmədim. Gün ərzində stansiyada da hara getdiksə, gözüm onları aradı. Geri qayıdanda bazara da baş çəkdim. Kimdən soruşdumsa, “gördüm” deyən olmadı. Onlar o gecənin qaranlığı kimi əriyib itmişdilər... ”

Kərim kişi bir xeyli susub sözünə davam elədi:

“Bu hadisədən düz qırx il keçir, amma o səsi hələ də unuda bilmirəm. O səs kimsəsiz dərədən, zülmət gecədən deyil, elə bil, çox uzaq və qaranlıq bir dünyadan gəlirdi. O səs ipi kəsilib dərin quyuya salınmış bir insanın naləsi idi. Sahibi dururmu, ölübmü – bilmirəm, amma o səs hələ də sağdır. Hara getsəm, o, mənimlə gedir, məni mühakimə edir, o müdhiş gecəni bütün təfərrüatı ilə gözlərim önündə canlandırır, mənə o faciəni yenidən yaşadırdı. Elə bil, o səs qırx ildir yollarda imiş, arxasınca düşüb, axtara-axtara yalnız bu gün tapıb Sarı kişini. Bəlkə də, o qadının bu dünyada qisasını alacaq o səsdən savayı bir kimsəsi qalmamışdı. Elə bil, o qadın gecənin qaranlığında səsə dönmüşdü – qurda-quşa yem olmasın deyə. Sağ qalmaq üçün onun səsə dönməkdən başqa çarəsi, əlacı yox idi. İndi Sarı kişinin bütün varlığından keçən, onu dəli eləyən, sarsıdan da elə o səsin özüdür. Sarı kişinin başını daşa çırpan, uladan da o səsdir – heç oğlunun ölümü deyil...”

# 1851 dəfə oxunub

Müəllifin son yazıları

# # #