Kulis.Az Jalə Mütəllimovanın ifasında Ramiz Qusarçaylının şeirini təqdim edir.
Ağlayırsan, indi ağla,
Mən öləndə ağlama.
Qəbrim üstə güllər solub
Xəzan gələndə ağlama.
Sıxılma yas saxlayanda,
Geyib qara bağlayanda,
Ağla, düşmən ağlayanda,
Dostlar güləndə ağlama...
Gözəl davran, gözəl inlə,
Darılma dərd gözəlinlə...
Göz yaşını öz əlinlə
Özgə siləndə ağlama...
Öz tamı var, öz təhəri,-
Ölüm ömrün son bəhəri...
Gizlə gözündən qəhəri
Gözün biləndə ağlama.