İki qəbirdə üç nəfər - Sevgini ölümsüzlüyə qovuşduran zəhər

İki qəbirdə üç nəfər - Sevgini ölümsüzlüyə qovuşduran zəhər
20 yanvar 2025
# 12:00

Kulis.az Əlisəmid Kürün "Sevgini ölümsüzlüyə qovuşduran zəhər" yazısını təqdim edir.

Qeyd edək ki, bu yazı "
Xəzər" jurnalında (1990, № 1) çap olunub.

Qara xəbər qapını döyübsə, o vaxt evdə olan bütün güzgülərin üstünə örtük çəkiblər, çünki öz göz yaşlarını görən adam sonralar özünü ömrü boyu yaddaşından qova bilmir. Bu inamdan da sirli, ölüm adlı bir qarı var ki, nə cənazə üstündə saç yolanlara yazığı gəlir, nə də ağı söyləyə-söyləyə qəddi bükülənlərə...

O gecə zəhərli güllələrdən biri də İlhama dəymişdi; onun ölüm xəbəri evlərinə çatanda ölüm adlı sirli qarı adamların başını elə qatmışdı ki, evlərindəki güzgüyə örtük salmağı unutmuşdular. Altı ayın gəlinlik güzgüsü də heç kəsin xəbəri olmadan ağlayanlara qoşulmaq istəmişdi...

Şəhid olmuş həyat yoldaşının ölümündən başını itirmiş Fərizə qəfildən özünü itirmiş halda güzgüyə baxdı. O, öz göz yaşlarının əksini gətirdiyi gəlinlik güzgüsündə gördü... Düz altı ay əvvəl bu gəlinlik güzgüsündə iki sevgili bir-birinə baxıb əhd-peyman bağlamışdı, indi isə İlhamın əksi güzgüdən yoxa çıxmışdı. Ölən sevginin üzünə güzgü tutmuşdular!.. Göz yaşlarına güzgüdə baxırdı, başa düşə bilmirdi ki, o, İlhamsız yaşayır, yoxsa ötən xatirələri yada salmaqla ürəyini boşaltmağa vaxt arayır?..

Qəfildən gəmilərin fit səsi canavar kimi uladı. Fərizənin sinəsini dələn sirli bir səs öz canavar diliylə onun daxilindəki kədəri qanıyla birlikdə yalayırdı. Ürəyində yaranan boşluğu doldurmaq üçün o, güzgüylə danışmaq istəyirdi... Bəxti kimi gəlinlik güzgüsü də artıq onun gözlərində qırıq-qırıq olub yerə tökülmüşdü. Qulaqlarına İlhamın səsi gəlirdi. Nə pıçıldayırdı ona sinəsini dələn sirli bu səs? Nə deyirdi ona dodaqları olmayan bir ağız?

Artıq onun üçün ən acı səhv özünə əzab vermək idi. Fərizəyə elə gəldi ki, öz sevgisinə olan sədaqətini sübut etməyə bir daha imkanı olmayacaq... Hər şey insanın ağlına bir anın içində gəlir; göz yaşları yanağına süzüldükcə Fərizənin gözlərinə qaranlıq çökürdü və ona elə gəlirdi ki, ayrılıq limanında dayanıb İlhamın qayıtmasını gözləyir... Bəxti kimi qırılmış güzgüdə göz yaşlarını görmüşdü və qəfildən ilan çalan adam kimi yan otağa keçdi, göz yaşları rəngində olan bir şüşə zəhərə sarı yeridi.

Haşiyə:

...Bakı heç vaxt belə qara geyinməmişdi, dünyanın bütün rəngləri gözlərimizdə qaraya çalırdı. Bu qara rənglər içərisində asfalta səpilmiş qərənfillər laxtalanmış qan izlərindən seçilmirdi. Qara xəbər hər qapını döyə bilərdi və döyürdü də... Elə bil daş-divarın da qulaqları var idi; pıçıltı ilə deyilmiş bir kəlməni böyükdən-kiçiyə kimi şəhərdə hamı eşidirdi. Şəhər komendantının ehtiyatsızlıq edib ağzından qaçırtdığı kəlmələr: “Cəhənnəmə ki, qoy ölülərini basdırsınlar!” – qəlbindən qara qanlar axan xalqı hiddətləndirmişdi. Qəddarcasına deyilmiş bu sözləri hərə istədiyi kimi yozurdu (yəni, pəncərəndən, qapından, eyvanından qara bayrağını as, səsini çək içəri, çəkil otur evində!).

...Qanlı Yanvar gecəsində şəhid olanlar torpağa tapşırılanda narın yağış çiləməyə başladı, sanki göylər də şəhidlərin qanıyla göz yaşı töküb ağlayırdı, insan seli axıb qurtardıqca göz yaşları da onlarla birlikdə evlərə çəkilirdi. Şəhərdə fövqəladə vəziyyət elan edilsə də, gəmilərin aramsız fit səsi yenə canavar kimi ulaşırdı. O qanlı gecədən üzü bəri qulaqlarımıza dolan bu fit səsi artıq mənim də içimdə gəzişirdi və hərdən öz canavar diliylə daxilimdəki kədəri qanımla birlikdə yalayırdı; hisslərimi təkcə bu fit səsi cilovlaya bilirdi...

...Komendant saatının başlanmasına lap az qalırdı, mənsə şəhidlərin ruhuyla danışmaq istəyirdim. Hərbi maşınların altında tapdanmış, namərd güllələriylə sinələri parçalanmış şəhidlərin, qanına qəltan olunmuş oğul-qızlarımızın ruhları ilə... O gecə şəhidlər xiyabanındakı ilk qoşa qəbrin üstündə yanan şamlar sönmək bilmirdi. Cəmi altı ay vüsal şirinliyini dadmış İlham və Fərizə Allahverdiyevlərin qara haşiyəyə alınmış qoşa şəkli gecənin qaranlığında, ay və şam işığında qədim sərdabələrdə saxlanılan şahzadələrin qəbirüstü barelyeflərinə bənzəyirdi.

İlahi, onların ömrünə necə qıydın, İlahi?..

Namərd gülləsinə tuş olmuş İlham və sevgilisinin ölümünə dözməyərək özünü zəhərləmiş Fərizə... bir də, dünyaya göz açmadan ana bətnində şəhid olmuş uşaq – (iki qəbirdə üç nəfər)

Beynim kitab kimi açılırdı; yaddaşımın hər vərəqində bəşər tarixinin bir səhifəsi canlanırdı...

Misir ehramlarında arvadlarıyla bir yerdə saxlanılan fironların daş sərdabələrini, Orta Asiyanın qayalıqlarında bir yerdə basdırılmış ər və arvad qəbirlərini yada salırdım. Min illər bizdən əvvəl Hindistanda hökmdar ölən zaman onunla birlikdə arvadının da diri-diri bir tonqalda yandırıldığını, hindu qəbilələrində ölən kişiylə birlikdə onun arvadının da diri-diri basdırıldığını kitablardan oxumuşuq... Bir də fikirləşirdim ki, türk xalqlarının tarixində belə adətlərin heç biri heç vaxt olmayıb, amma bizdə Leyli-Məcnun əfsanəsi var, ata ölümünə dözməyib, özünü dənizə atmış, öz ölümüylə atası Əliağa Kürçaylının ən böyük əsərini yaratmış Ülkər olub, bir də sevgisinə sədaqət göstərərək özünü zəhərləyən Fərizə varmış...

Ruhlarla danışmaq istəyirdim. Qadağan saatının başlanmasına isə az qalırdı...

Dünyanın qəribə işləri varmış... Dəhşətli fəlakətdən canını qurtarıb Spitakdan Bakıya pənah gətirən, öz xoşbəxtlik və səadətini yenicə tapdığı zaman tezliklə də itirən Fərizənin ruhuyla danışmaq istəyirdim. Danışa bilmirdim, dilim-ağzım qurumuşdu. Gəmilərin fit səsi isə canavar kimi ulayırdı. Bu gündən Şəhidlər xiyabanı adlanacaq Dağüstü parka gecənin qara kölgəsi çökmüşdü.

Qoşa qəbrin üstündə qoşa şam sönmək bilmirdi. Başımı qaldırıb şəhidlərin çiçəklərə qərq olunmuş qəbirlərinə baxırdım, sanki hündür bir ehramın ən yüksək nöqtəsində dayanmışdım, qaranlığın içində yaxınlıqdakı heykəl görünmürdü. Mən isə Şəhidlər xiyabanından Dənizkənarı parka sarı enən pillələrlə aşağı düşürdüm...

Komendant saatının başlanmasına lap az qalırdı. Hərbi maşınların o yan-bu yana hərəkət etdiyini görəndə sinəm təlaşla çırpındı. Bəhram Gur əjdahanın boğazından daha da bərk yapışmışdı. Qışqırmaq istəyirdim: “Bu əjdahanın başını kəsməkdə bizə kömək ol, İlahi!”

# 231 dəfə oxunub

Müəllifin son yazıları

# # #