“Bir qalanın sirri” filminə görə həbs olundu, arvadı onu tərk etdi, Moskvada qocalar evində öldü – Məşhur rejissorun acınacaqlı həyatı

Əlisəttar Atakişiyev, Əməkdar incəsənət xadimi

Əlisəttar Atakişiyev, Əməkdar incəsənət xadimi

7 noyabr 2022
# 12:00

Bu gün kinorejissor, operator, rəssam, Əməkdar incəsənət xadimi Əlisəttar Atakişiyevin anım günüdür. Kulis.az onun haqqında maraqlı faktları təqdim edir.

Əlisəttar Ələsgər oğlu Atakişiyev 1906-cı ilin dekabrın 25-də Bakıda kustar-xarrat ailəsində anadan olub. 8 yaşı olanda valideynlərini itirir, ona həm ata, həm də ana olan qardaşı Əlipaşanın himayəsində yaşamağa başlayır.

***

1926-ci ildə 20 yaşlı Əlisəttar Moskvaya gedir, amma ona qədər jurnallarda rəssam kimi çalışır. Moskvada SSRİ Xalq Komissarları Sovetində tərcüməçi kimi işə düzəlir, eyni zamanda Moskva Ali Rəssamlıq İnstituna daxil olur. Ardınca Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu operatorluq ixtisası üzrə bitirir.

***

Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirən Əlisəttarı universitetin rəhbərliyi yanına çağırıb deyir: "Təcrübə keçdiyin filmlərin rejissorları, operatorları səndən razılıq edirlər. Səni Moskvada saxlamaq istəyirik. Etiraz etmirsənsə, təyinatını "Mosfilm"ə verək. İstedadlı adamsan, özünü tanıdacaqsan".

Beləliklə, o, Moskvada qalır, rəngkarlıq sahəsində ən gözəl mütəxəssislərdən birinə çevrilir. Ailə həyatını da orda qurur. Moskvada Konstantin Stanislavskinin qardaşı nəvəsi aktrisa Yelizaveta Vladimirovna ilə evlənir, bu izdivacdan Xəlil adlı bir oğlu doğulur.

***

Moskvada işləyə-işləyə arada Bakıya da baş çəkir, filmlərdə rejissor assistenti, ikinci operator kimi çalışır. 1956-ci ildə “O olmasın, bu olsun” filmi çəkilən zaman rejissor Hüseyn Seyidzadə Əlisəttarı dəvət edir. Əlisəttar ailəsi ilə birgə Bakıya köçməyə qərar verir. Doğrudur, həyat yoldaşı Yelizaveta bu qərara isti yanaşmır, çünki onun üçün Bakıda yaşamaq dəhşətli dərəcədə ağır idi. Və ağırlığa daha tab gətirmir, Əlisəttardan ayrılıb, Moskvaya dönür.

***

Heç Əlisəttar da burda çox qərar tuta bilmir. Sözünün çəp gəldiyi, münasibətlərinin tutmadığı insanlarla yola getmir və yenidən Moskvaya qayıdır.

Əlisəttar ikinci dəfə ailə qurur. İkinci evlilikdən uşağı olmur. Həyat yoldaşının ilk evliliyindən olan qızına isə atalıq edir. Ona görə bəziləri o qızı Əlisəttarın doğma qızı bilirlər.

***

1955-ci ildə Estoniyanın ilk rəngli filmini o çəkir. 1956-cı ildə “Azərbaycanfilm” kinostudiyasına qayıdır və 1978-ci ilə qədər burda müxtəlif filmlərdə çalışır. Operator ixtisasını bitirdiyinə görə rejissor kimi ona filmləri həvalə etmək böyük müzakirələrdən sonra baş tutur. Ona görə rejissor kimi qəbul olunmadığı filmlərdə operator, rəssam kimi də çalışır.

***

"Bir qalanın sirri" Əlisəttar Atakişiyevin ilk rejissor işi idi. Və elə bu filmin ucbatından başı bəla çəkir, məhkəmədə cavab verməli olur. "Bir qalanın sirri" istehsal planı üzrə nəzərdə tutulduğundan gec başa çatır. Bu C.Cabbarlı adına "Azərbaycanfilm"in kollektivinin mükafatdan məhrum olması demək idi. Əlisəttar Atakişiyev və filmin direktoru Əli Məmmədov çıxış yolunu bircə şeydə görürlər: Leninqrada gedib "Lenfilm" kinostudiyasında kinoplyonkaların emalı işini sürətləndirmək.
Laboratoriya rəisi bəhanə edir ki, işlər çoxdur, qabağa düşmək üçün gərək əliniz cibinizdə olsun. Atakişiyev Əli Məmmədovdan 80 manat pul göndərir ki, rəisə çatdırsın. İki gün işlər qaydasına düşsə də, laboratoriya rəisi yenə işdən boyun qaçırır. Əlacsız qalan rejissor bu dəfə 100 manatından keçməli olur. Yenə pul Əli Məmmədov vasitəsilə göndərilir. Və işlər qaydasına düşür, film vaxtında təhvil verilir, böyük uğur qazanır, kollektiv də mükafatsız qalmır.

Bir müddət keçəndən sonra heç kimin gözləmədiyi hadisə baş verir: rüşvət məsələsinin üstü açılır. Məlum olur ki, laboratoriya rəisi ittifaq üzrə kino işçilərindən plyonka emalı üçün vaxtaşırı rüşvət alırmış. Onu həbs edirlər, istintaq zamanı Bakıdan gələn kino işçilərindən rüşvət aldığını gizlətmir. Əli Məmmədov dərhal həbs edilir. Əlisəttar Atakişiyev məhkəməyə şahid qismində çağırılır. İclas vaxtı Atakişiyev həmkarının müdafiəsinə qalxır. Hakimlə qısa mübahisə bəs edir ki, onun özünü şahid skamyasından müqəssir kürsüsündə əyləşdirsinlər. Məhkəmə hökm oxuyur: Əlisəttar Atakişiyev cəzasını gücləndirilmiş rejimli islah-əmək kaloniyasında keçirməklə iki il, Əli Məmmədov isə iki il altı ay müddətində azadlıqdan məhrum edilirlər.

***

Qara Qarayev başda olmaqla bir qrup Azərbaycan və Moskva incəsənət xadimləri SSR Ali Məhkəməsinə müraciət edirlər. İşə yenidən baxılır və qeyd olunur ki, cəza sərtdir, hökm oxunarkən məhkumların şəxsiyyəti nəzərə alınmayıb. Petroqrad rayon məhkəməsinin hökmü dəyişdirilərək hər iki məhkum azadlığa buraxılır. Əlisəttar Atakişiyev bir il on gün, Əli Məmmədov isə bir il 22 gün həbsxanada yatırlar.

***

Əməkdar incəsənət xadimi Aydın Kazımzadə xatirələrində deyir: “O insanın ən xoşbəxt günləri də, ən pis günləri də gözümün qabağında olub. Elə günlərdən keçib ki, cibində bir manatı da olmayıb. Onu çox incidiblər. Ona təzyiqlərin hamısı mənim gözümün qabağındadır. Onu elə vəziyyətə gətirib çıxarmışdılar ki, artıq film çəkmirdi. Onda Əlisəttar xahiş etdi ki, dublyaj işini ona həvalə etsinlər. Xahişini qəbul etmişdilər, amma necə... Ona ən çətin - hind filmlərinin dublyajını tapşırmışdılar”.

Əlisəttarın ilk böyük işi “Arşın mal alan”dır. O filmdə iki operatordan biri idi. Film dünyanın 36 ölkəsini dolaşdı. Çox maraqlı operator idi, kadrın gözəl olması üçün xırdalıqlarına qədər düşünürdü. Leyla Bədirbəyli deyirdi ki, “Arşın mal alan” filminin çəkilişləri zamanı Əlisəttar tezdən saat 5-də oyanıb günəşin çıxmağına baxırdı.

***
O uşaq filmlərində bir çox yeniliyə imza atmışdı. “Sehirli xalat”dakı Ay səhnəsi SSRİ məkanın ən gözəl film səhnələrindən biri hesab olunurdu. O filmdəki planşet, video çəkilişi o zamanlar üçün əsl möcuzə idi. 60-cı illərin əvvəlləri hara, planşet, video hara. Bu mənada Əlisəttarın fantaziyası tükənməz idi.

***

“Qərib cinlər diyarında” filmi hazır olandan sonra onun plakatların hazırlanmasl üçün rəssama sifariş verilir. Bir gün Əlisəttar Atakişiyevdən xəbər gəlir: Filmin prokatını mən hazırlamaq istəyirəm. Pula ehtiyacım var. Məsələ həll olunur, sifarişi Əlisəttar müəllim edir. Hazırda həmin plakat Dövlət Film Fondunun arxivində saxlanılır.

Kinodan uzaqlaşdırılandan sonra "İbrahimin sərgüzəştləri" kinossenarisini yazır və Bakı bu ssenariyə film çəkməyi rədd edəndə, "Tacikfilm"dən təklif gəlir ki, Əlisəttar Ələsgəroviç, buyurun, gəlin, filmi özünüz çəkin, sizə hər şərait yaradılacaq. Nə desə, yaxşıdır:
"Azərbaycan adlarını dəyişdirməyə əlim gəlmir. Bir də nəyə görə Azərbaycan folkloru başqa kinostudiyada çəkilməlidir? Mən gözləyəcəyəm. İllərlə də olsa, gözləyəcəm!"

***

Əlisəttar müəllim pula ən çox ehtiyacı olan bir vaxtda buna razılaşmır. Elə vaxtları olur ki, tamam pulsuz qalır. Buna baxmayaraq o, Azərbaycan nağılının tacik nağılına çevrilməsinə razı olmur. Bir müddət sonra dublyaj sahəsini də ondan alırlar. Əli hər şeydən üzüləndə Bakıdan çıxıb gedir.

***

Arzusu ömrünün qalan illərini Moskvada qocalar evində yaşamaq idi... Amma bu arzusuna çatmaq elə də asan olmadı. Əlisəttar Moskvaya müraciət etdi və ona dedilər ki, burda ancaq rus kinematoqrafçıları qala bilər. Onda Əlisəttara Heydər Əliyev böyük köməklik göstərdi və məsələni həll etdi. Əlisəttara qocalar evində geniş, səliqə-sahmanlı bir otaq verirlər.

***

Moskvadakı qocalar evinə Bakıdan qonaq gedən kino işçisi Asif Əliyevə deyir: "Heç nəyə ehtiyacım yoxdur, buradakı yoldaşlarım yaxşı adamlardır. Hər gün şam yeməyində birinin ailəsi göyərti, o birinki qatıq, tort gətirir. Mənim isə nə yanıma gələnim var, nə də gedənim. Kinostudiya üçün isə burnumun ucu göynəyir".

Qardaşının qızı Solmaz Atakişiyevanın xatirələrindən:

"Son illər əmim tamam dəyişmişdi, qocalmışdı. Tez-tez deyirdi: yoldaşlarım, sağım-solum gedib. Mənim üçün yaşamaq daha maraqlı deyil". Atamı "Mirzə qədeş" çağırardı. Həmişə deyərdi ki, mənə tərbiyyəni atan verib, məni oxutdurub, ərəb dilini öyrədib. Anam danışırdı ki, bir gün oturmuşduq, poçtalyon məktub gətirdi, məktub Əlisəttardan idi. Yazırdı ki, Mirzə qədeş, Moskva soyuqdur. Atam məktubun ardını oxumadı, fikrə getdi, üzünü mənə tutub dedi: "Bilirsən nə var, əynimə geyindiyim palto çox qalındır, isti olur mənə, yol gedə bilmirəm, tez-tez tərləyirəm. Bunu göndərəcəm Əlisəttara, Moskvada şaxta adamın iliklərinə işləyir. Belə də oldu. Əmim həmin paltoda şəklini çəkdirib bizə göndərmişdi".

Əlisəttar Atakişiyev 1990-cı il oyabrın 7-də 84 yaşında gözlərini əbədi yumur. Xəbər kinostudiyanın rəhbərliyinə çatdırılsa da, irəli çıxan olmur. "Bəhanələri bu olur ki, dəfndə iştirak etmək üçün pulumuz yoxdur. Onu elə Moskvada da dəfn edirlər”.

***

Dörd il öncə Əlisəttar Atakişiyevin Moskvada qəbirüstünün götürülməsinə nail olan "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov qarşılaşdıqları çətinliklərdən danışır: "Nazirliyin göstərişi ilə Moskvaya getdim. Onun qəbirini tapmaq çətin oldu. Birtəhər qəbri tapdıq. Qocalar evi qəbrin üstünü götürməyə icazə vermədi, dedilər, bunu yalnız oğlu edə bilər. Biz oğlunu tapdıq. Onun mənə təqdim etdiyi etibarnaməyə əsasən qəbir üstünün götürülməsinə nail olduq".

# 26822 dəfə oxunub

Müəllifin son yazıları

# # #