“Kitabi Dədəm Qorqud”un “Türkmən Səhra” nüsxəsi Oğuznaməmi, yoxsa əlyazmamı?

“Kitabi Dədəm Qorqud”un “Türkmən Səhra” nüsxəsi Oğuznaməmi, yoxsa əlyazmamı?
26 fevral 2020
# 14:59

Kulis.az APA BLOQ-a istinadla Bayram Quliyevin “Kitabi Dədəm Qorqud”un “Türkmən Səhra” nüsxəsi Oğuznaməmi, yoxsa əlyazmamı?" yazısını təqdim edir.

“Kitabi Dədəm Qorqud” həm Türk dünyası üçün, həm də Azərbaycan üçün ölçüyəgəlməz dəyərə malik olan tarixi abidədir. Bu yazılı abidədə tariximizin müxtəlif dövrlərinə xeyli sayda toponim, antropoloji, ədəbi, linqvistik məlumatlar mövcuddur. Bu tarixi abidə sübut edir ki, Peyğəmbər (s a v) zamanına yaxın, yəni təxminən VII əsrdə Azərbaycanda yaşayan əhalinin dili o dərəcədə inkişaf etmişdi ki, onlar linqvistik və tarixi baxımdan mükəmməl bir yazılı abidə yaratmışdılar.

Ötən ilin ortalarına qədər, elm aləminə “Kitabi Dədəm Qorqud”un sadəcə iki nüsxəsi məlum idi. Bunlardan biri 12 boydan ibarət olan və digərinə nisbətən qədim əlyazma hesab edilən Drezden nüsxəsi, digəri isə daha gec tədqiqata cəlb olunan 6 boydan ibarət Vatikan idi. Lakin, 2019-cu ilin aprel ayında ulu abidənin üçüncü nüsxəsi – “Türkmən Səhra” nüsxəsi elm aləminə məlum oldu. Tədqiqata cəlb etdiyimiz əlyazma İranın Türkmən Səhra bölgəsində yaşayan və zəngin əlyazmalar kitabxanası olan Vəli Məhəmməd Xocaya məxsusdur. Bu ümumtürk abidəsinin üçüncü nüsxəsi haqqında məlumatlar 2019-cu ilin aprel ayında keçirilən “Dünya Kültür Mirası Dede Korkut Uluslararası Sempozyumu”nda Metin Ekici tərəfindən açıqlandı. Konfransdan bir müddət sonra həmin əlyazmanın iki müxtəlif nəşri işıq üzü gördü. Bunlardan birincisi Yusuf Azmun tərəfindən mətn-fotofaksimile, transliterasiya və Anadolu türkcəsinə uyğunlaşdırma formasında nəşr olundu. Bu haqda ilk akademik araşdırma tərəfimizdən 16 iyul 2019-cu il mətbuatda dərc olundu. Hal-hazırda dünyanın üç əsas nəşrlərindən biri ““Kitabi Dədəm Qorqud” və onun “Türkmən Səhra” nüsxəsi (transliterasiya, fotofaksimilə, qeyd və şərhlər)” adı ilə Ankarada nəşr olundu. Onu da vurğulamaq istərdik ki, yeni əlyazma nüsxəsinə 20 yeni soylama (nəzm parçası), iki yeni boy daxil edilmişdir. Onlardan biri şərti olaraq “Salur Qazanın Araz suyu ilə Qars qalasını aldığı boy” adlanır və Türkoloqlar onun boy olub-olmaması üzərində əhlə də mübahisə edirlər. Bunu mövcud boyun özəti adlandırmaq mümkündür. İkincisi si, şərti olaraq “Salur Qazanın yeddi başlı Əjdahanı öldürdüyü boy” adlanır və onun yekdilliklə müstəqil boy olması qəbul edilmişdir.

Azərbaycan elm aləmində mövcud “Türkmən Səhra” nüsxəsinin əlyazma olması mübahisə mövzusu idi və əksəriyyət bu nüsxəsinin Oğuznamə olması qənaətində idi. Buna görə bir sıra faktlara nəzər salıb həmin nüsxənin Oğuznamə, yoxsa əlyazma olmasını müəyyən etməyin zəruri olması qənaətindəyik.

İstər ədəbi, istər filoloji baxımdan, istərsə də tarixi baxımdan bu nüsxə digər iki nüsxə ilə demək olar ki, eynidir. Əlyazmanın sürətinin köçürülmə tarixinin XIX əsr olması belə onun əlyazma olmadığını sübut etmir. Bu hər hansı bir müstəqil Oğuznamə deyil. Çünki bu nüsxəni bizə məlum olan əlyazmalarla bağlayan bir çox fakt mövcuddur. Birincisi, “Oğuznamələr”də Oğuz xan və onun gördüyü işlər, eləcə də fəthləri haqqında məlumat verilir. Bundan başqa bəzilərində Oğuz tayfalarının təsnifatı göstərilir. Bu məqamlar “Kitabi Dədəm Qorqud”a xas olan xüsusiyyət deyil. Bunun üçün iki fərqli “Oğuznamə”yə nəzər saldıq və eyni mənzərə ilə qarşılaşdıq. “Türkmən Səhra” nüsxəsində belə bir fakta rast gəlmədik.

İkincisi, bəzi sözlər vardır ki, yalnız “Kitabi Dədəm Qorqud”un hər üç əlyazma nüsxəsində işlənsə də “Oğuznamələr”də onlara rast gəlinmir. Məsələn. “Qalın Oğuz” ifadəsinə ən çox “Kitabi Dədəm Qorqud”un həm “Drezden”, həm də “Vatikan” əlyazmalarında rast gəlirik: “Qazan Oğuz bəglərinə cırğab-cırğab çadır, otaq bağışladı” (D-123/6-7) və ya “Ağ-boz atlar binübən yortaşdılar, Qalın Oğuz ellərinə xəbər gəldi” (D-234/5-6). Bu söz “Türkmən Səhra” nüsxəsində də mövcuddur (T-2b/3; T-5b/2). “Türkmən Səhra” əlyazma nüsxəsinin tam da “Oğuznamə” olmadığının daha bir göstəricisi də “Cənnət” və ya “Behişt” mənasını verən və sadəcə qədim Türk dilində işlədilən “Uçmaq” sözüdür (T-1a/6). Bu söz “Drezden” nüsxəsində də eyni mənanı ifadə etmək üçün istifadə edilmişdir (D-35/8; D-303/13). “Uçmaq” kəlməsi İslam öncəsi bütün türkcələrdə, eyni zamanda İslamı qəbul etməmiş Türk dillərində işlədilməkdə idi. Məsələn, “Divani-lüğət it-Türk” əsərində bu söz felin məsdər formasında verilmişdir. Xatırladaq ki, “Uçmaq” kəlməsinə İslam təsirinin birbaşa hiss olunduğu və islami elementlərlə zəngin olan heç bir “Oğuznamədə” rast gəlinmir. Və yaxud, “qaybatan” (“dəvə”), “imrəmək” sözlərini nümunə göstərmək olar. Misal üçün “Türkmən Səhra” nüsxəsində belə bir parça var: “Qazaquclar səyirdisə meydanda toz əglənür, duman çökər. Qaybatanlar çəkilsə, yola girsə, yollar bükər. ağayıllar mələşirsə gön(q)ül imrər, dölün tökər” (T-3a/11 – T-3b/1). Bu cümlədə işlədilən “qaybatan” və “imrəmək” sözləri eyni mənanı ifadə edərək “Drezden nüsxəsində də işlədilmişdir: “Şaqaqına imrəndiyin sənin(q) qızın(q), gəlinin(q)” (D-179/13).

“Kitabi Dədəm Qorqud” abidəsinin “Drezden” və “Vatikan” əlyazmalarında olduğu kimi “Türkmən Səhra” nüsxəsində də “İç Oğuz” və “Dış Oğuz” ifadələrinə də rast gəlinir və onlar əvvəlki nüsxələrdə olduqları kimi birlikdə mübarizə aparırlar (T-26a/3). Bu ifadələrə demək olar ki, əksəriyyətində “Oğuznamə”lərdə rast gəlmək olmur. Bundan başqa “Doqquz tümən Gürcüstan” ifadəsi də “Kitabi Dədəm Qorqud”un hər üç nüsxəsində işlənibdir: “Doqquz tümən Gürcüstanın xəracı gəldi. Bir at, bir qılınc gətirdilər” (D-235/9-10)). “Doqquz tümən Gürcüstana ürkü alan, uladuğca amusı Qazan, atası Qara Güməyə ümid olan, böyüldüqca düşmənin ödün yaran, qarıdıqca qarına qan qusduran, Qalın Oğuzun yügrüyi,.” (T-2a/13-2b/1).

Bu nüsxənin “Kitabi Dədəm Qorqud” abidəsinin üçüncü nüsxəsi olmasını sübut edən daha bir fakt ondan ibarətdir ki, burada “Drezden” nüsxəsində olduğu kimi (D-55/10-11) İslamın dörd əsas xəlifələrindən biri olan Hz. Əli (ə s) “Şahı-Mərdan” adlandırılır (T-1b/12) və burada onun ildırım surətli atı olan Düldülün və Zülfüqar adlanan qılıncının adı çəkilir (T-1/8). Xatırladaq ki, hər iki nüsxədə mövcud olan bu cür faktlar demək olar ki bir-birlərinə bənzər formadadırlar. Buna misal olaraq “Kitabi Dədəm Qorqud”un “Drezden” nüsxəsindəki fakta nəzər salaq: “Şahı-Mərdan Əlinin(q) Düldülünün(q) əyəri ağac! Zülfüqarın(q) qınıyla qəbzəsi ağac!” (D-55/10-11). “Türkmən Səhra” nüsxəsində də buna bənzər məlumatlar mövcuddur: “Əli mindi Düldülü, qurşandı Zülfüqarı küffara qılınc çəkdi.” (T-1/7-8). Vurğulamaq zəruridir ki, Düldülün və Zülfüqarın adı nə Oğuznamələrdə, nə də Türk-Şiə qaynaqlarının bir çoxunda çəkilmir.

“Türkmən Səhra” və “Drezden” nüsxələrində digər Türk abidələrindən fərqli olaraq sözlərin eyni cür yazılış və tələffüz şəkli onların hər ikisinin də “Kitabi Dədəm Qorqud”un əlyazma nüsxələri olması fikrini bir daha təsdiq etmiş olur. Məsələn, “bıçaq” sözü başda “Divani-lüğət it-Türk” olmaq üzrə demək olar ki bütün Türk abidələrində “B” hərfi ilə yazılır. Lakin həm “Drezden” (D-149/6; T-182/13), həm də “Türkmən Səhra” (T-1b/1-2) əlyazma nüsxələrində bu söz “P” hərfi ilə, yəni “پچاق” kimi, /pıçaq/ oxunaraq verilmişdir. Məsələn, “Bastı, boğazladı. Pışaq çıxarıb dərisini üzdü.” (D-182/13 – D-183/1). Və yaxud, “Allah İsmayılı İbrahimə onda verdi apardı Ərafat dağına, İsmayıla pıçaq çəkdi, pıçaq ona kar etmədi” (T-1a/13 – T-1b/2). Bir daha xatırlatmaq istərdik ki, bu sözün yazılış forması hər iki nüsxədə tamamilə eynidir.

Daha öncə deyildiyi kimi “Drezden” əlyazmasının 11-ci boyunda Qazanın yeddi başlı əjdahanı öldürməsi haqqında məlumatlar var idi. Həmçinin, “Drezden” və “Vatikan” nüsxələrində tətbiq olunan əlyazma üsulları “Türkmən Səhra” nüsxəsində də tətbiq olunmuşdur. Buna misal olaraq sətirlər arası məsafənin səliqəliliyinə diqqət yetirilməsi, səhifələnmədə sözlərdən istifadə və s. bu kimi məqamları göstərmək mümkündür. Abidənin öncəki iki nüsxəsində olduğu kimi, bu nüsxədə də Allah və onun Peyğəmbəri haqqında təriflər ilə bərabər Qazan xanın içki içməsi səhnəsinə də rast gəlirik. Onu da vurğulamaq istərdik ki, heç bir “Oğuznamə”də boy sonunda Dədəm Qorqud gəlib soy soylamır. Halbuki həm “Vatikan”, həm də “Drezden” əlyazmalarının bütün boylarının sonunda “Dədəm Qorqud gəldi, söz soyladı, boy boyladı” və buna bənzər ifadələr işlənmişdir. Heç şübhəsiz ki, bu ifadənin eynisi “Salur Qazanın yeddi başlı əjdahanı öldürdüyü boyu”nun sonunda da mövcuddur. Boyda göstərilir ki, Qazan xan yeddi gün, yeddi gecə Bayandur Padşahı qonaq edir və şənlik tərtib edir. Bu zaman “Dədəm Qorqud deyər: “Qazan kimi cəsur igid gəldi keçdi”” (T-31a/4-5). Baxmayaraq ki, “Türkmən Səhra” nüsxəsində “Drezden” və “Vatikan” nüsxələrinə nəzərən İslami izlər daha çoxdur, hər üç nüsxədə də “Allah-Tanrı”, “Tanrı”, “Tanrı-Təala” ifadələri işlədilir (T-1b/2, T-2b/5, T-5a/4).

Sadalanan bütün faktlar sübut edir ki, “Türkmən Səhra” nüsxəsi “Kitabi Dədəm Qorqud”un üçüncü əlyazmasıdır, lakin əlyazma tam olaraq gəlib əlimizə çatmamışdır.

APA BLOQ

Gallery

# 3631 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #