Coşqun Cəfər: "O, heyvanların Kefli İsgəndəridir" MÜSAHİBƏ

Coşqun Cəfər: "O, heyvanların Kefli İsgəndəridir" <span style="color:red;">MÜSAHİBƏ
8 sentyabr 2014
# 11:47

Gürcüstanda yaşayan gənc yazar Coşqun Cəfərlə çoxdandı söhbətləşmək istəyirdim. Nəhayət onunla gənc azərbaycanlılardan ibarət ədəbi mühitin Tiflisdə toplaşdığı bir məkanda – “Gülşən” çay evində görüşə bildim. Onunla öz yaradıcılığı, Tiflis ədəbi mühiti, ədəbiyyat və bir sıra digər məsələlər haqqında söhbət etdim. Cəsarətli və özünəməxsus açıqlamalardan ibarət bu müsahibəni Kulis.az-ın oxucularına təqdim edirəm.

- Əvvəl başlayaq burdan ki, Coşqun Cəfər kimdir?

- İlk baxışdan sadə səslənsə də, fəlsəfi mənada bu sual bəlkə, dünyanın ən çətin suallarından biridir. İnsan mən kiməm sualına heç vaxt tam dolğun cavab verə bilməz. Amma bilirəm ki, sən bu mənada soruşmursan. Mən heç kim. 25 yaşlı bir gənc. Hamı kimi ideyaları, arzuları, xəyalları olan bir gənc... Gürcüstanda dünyaya gəlmişəm. 4 il İranda yaşamışam, təhsil almışam. İndi Tiflisdə təhsilimi davam etdirirəm, oxuyuram, yazıram...

- Necə oldu ki, ədəbiyyata marağın yarandı?

- Sartr deyir ki, insan azadlığa məhkumdur! Bunu anlamağa başlayandan anladım; ədəbiyyat bəlkə də yeganə sahədir ki, burda insan maksimum azaddır. İstədiyini edə bilirsən. Edə bilərsən. Reallıqda utopik və illüzion görsənən hər şey asanlıqla əlinin altında olur. Reallıqda dağın başına qaldırılmış istənilən diktatoru yerin dibinə soxmaq, istənilən ölkələri, xalqları, mədəniyyətləri barışdırmaq, istənilən gücə savaş açmaq şansın var. Deyilə bilər ki, hə, nə olsun, bu xəyaldan o tərəfə keçmir. Xeyr, elə deyil. Bir ideya, fikir ilk əvvəl xəyal kimi bizim şüurumuzda təşəkkül tapır, formalaşır, sonra onu reallaşdırmağın kodları, yolları aşkarlanır. Məsələn, uçan xalça xəyalı insanları təyyarə yaratmağa, sehrli güzgü təxəyyülü insanları televizoru kəşf etməyə gətirib çıxardı. Bəlkə də Eynşteyn buna görə deyirdi ki, hər şey xəyal gücündən asılıdır. Bu mənada incəsənətlə elm bir-birinə yad yox, qohumdur. Ədəbiyyat təxəyyülün, təfəkkürün, ideyanın sərhədsiz, polissiz, sənədsiz, təhlükəsiz, azad gəzib dolaşdığı, fırlandığı yeganə ünvandır. Ədəbiyyat yalnız hər hansı bir situasiyaya diaqnoz, real təsvir deyil, həm də onu dəyişmək, inkişaf, islah etmək üçün insan şüurunda yerləşən laboratoriyadır. Ədəbiyyatın bu özəlliyi, bu xarakteristikası məni bu vadiyə bağlamaq üçün kifayətdir.

- Səni yazmağa vadar edən nədir?

- Yuxarıda bu suala qismən də olsa cavab verdim. İndi mən sənə oturub göylərdən, ilham pərisindən, mələklərdən, kosmosdan danışmayacam. Bu söhbətlərlə, bu cəfəngiyatla yalnız falçıya, cinə inanan toplumun başını qatmaq olar. Hər dövrün əyri-əskikliklərini, mənəvi, sosial, siyasi, psixoloji ab-havasını bütün çılpaqlığı ilə yaddaşlara məhz ədəbiyyat köçürür. Bəlkə də ədəbiyyatın, ümumiyyətlə incəsənətin ən müqəddəs missiyası elə bu olardı; hamının görmədiyi, yaxud görmək istəmədiyi və ya kimlərinsə ört basdır etdiyi həqiqətləri sənədləşdirmək...

- Tiflisdə, dəmiryolunun kənarında uzanmış bir it...

Yarı diri, yarı ölüdür.

Neçə ildi su ilə küsülüdür.

Üstü başı bit.

Hamı tanıyır o iti.

Kimsəsizliyin fotoportreti -

Coşqun, o it yaşayırmı?

- Ölkənin mənəvi, sosial, siyasi durumunu o it öz varlığı, baxışları, hürməsi ilə daha çox ifadə, təsvir edir, nəinki Borçalının gopçu şairləri, yazıçıları, jurnalistləri, ziyalıları. Bəli yaşayır. O it heyvanların kefli İsgəndəridir. Ən yaxşı həmdərd, həmsöhbət, ən vəfalı dostdur. Ölkə, Tiflis haqqında ən doğru və dolğun informasiyaları sosial şəbəkələrdən, qəzetlərdən yox, o itdən soruşmaq lazımdır. Tiflis bir Əshabi-Kəhv mağarası, o it həqiqət keşişçisidir.

- Şeirlərini sərbəstdə yazırsan. Xəmiri qoşmayla, hecayla yoğrulan Borçalılar üçün bu şeirlər yad deyil ki?

- Bu mənə maraqlı deyil. Olmamalıdır da! Onsuz da bütün doğmalar əvvəlcə yad olub. Birdə ki, sərbsət, heca-filan bölgülərinin hamısı şərtidir. Bu ədəbiyyatşünasların bölgüsüdür, fırıldağıdır. Mənim üçün sərbəst şeir anlayışı tam fərqlidir. Məsələn, məncə Qismətin Bakı haqqında yazdığı heca şeiri sovet dövründə Rəsul Rza başda olmaqla Leninə, Stalinə, diktatorlara yazılan sərbəst şeirlərdən, poemalardan daha çox sərbəstdir. Məncə, sərbəstlik sözlərin düzülüşündə yox, mahiyyətində, doqmalardan, ideologiyalardan, yalanlardan azad, sərbəst olmasındadır.

- Bakıdaki ədəbi prosesləri izləyirsənmi? İlk şeirlərin harda çap olunub?

- 2009-2010-cu illəri Bakıda olmuşam. Ələmdar Mahirin ədəbi məclisləri, əruzçulardan tutmuş, "Pərvanə", "Gənc ədiblər məktəbi"nin ədəbi görüşləri, AYO-nun tədbirləri, AFU-nun konfranslarının yaxından iştirakçısı olmuşam. İlk dəfə şeirlərimi Murad Köhnəqala "Proloq" qəzetində çap edib.

- Tiflisdə yaşayırsan, üstəlik oxuyursan da. Gürcü ədəbiyyatı ilə Azərbaycan ədəbiyyatı arasında müqayisə aparmaq maraqlı olardı.

- Azərbaycan ədəbiyyatında istər şeir, istər nəsr, istər klassik, istər çağdaş – elə bir ciddi ədəbi nümunə olmayıb ki, oxumayam. Bu gün də oxuyuram... Amma gürcü ədəbiyyatına hələ təzə-təzə keçid etmişəm. Gürcüstanda doğulsam da, 4-5 il İranda olmağım gürcü ədəbiyyatını yaxından izləməyimə bir az mane olub. Odur ki, bu müqayisəni aparmağa mənəvi haqqım yoxdur. Gürcü ədəbiyyatı haqqında müqayisə aparacaq qədər bazam yoxdur. Qismət olsa, bu suala bir-iki ildən sonra daha dolğun cavab verərəm (gülür).

- Publisistikan da var. Tənqidi. Özü də olduqca sərt. Sosial şəbəkələrdə səni söyürlər, təhdid edirlər. Bu tənqid hansı zərurətdən yarandı. Nə istəyirsən borçalılardan?

- Burdan, o əlinə yaba, dırmıq, dəhrə götürüb ünvanımıza “Kamaz” dolusu söyüş yağdıranlara demək istəyərdim: Borçalını tənqid edərək dəyişmək, abadlaşdırmaq istəyən bizlər bu torpağı çox sevirik, yoxsa komfort həyat, hündür villalar, dadlı təamlar üçün vətəndən gedib rus qızlarının ayağının altını özünə vətən edən, "unutmaq olarmı Borçalımızı" mahnısına toylarda hoppanıb düşənlər?

- “Yeni nəfəs”in axırı nə oldu?

- Bir nəfəs ki, yenidir onun heç vaxt axırı olmur (gülür). Doğrudur, saytımız, jurnalımız məlum maliyyə probleminə görə fəaliyyətini dayandırıb. Onsuz da bizə heç kim maliyyə ayırmamışdı. Etdiklərimizi şəxsi hesabımıza etmişik. Ancaq Tiflisdə maraqlı ədəbi mühit var. Hətta Bakıdakından daha maraqlı və daha sərbəst... Burda ədəbi enerjilər AYB-AYO “soyqırmına”, söyüşə, çəkişmələrə, bir sözlə ədəbiyyatətrafı mövzulara xərclənmir. Tiflis bir neçə dinin, dilin, mədəniyyətin, sivilizasiyanın toqquşduğu, qovuşduğu bir vadidir. Məncə, ədəbiyyat da məhz bu müxtəlif sivilizasiyaların bir-birinə qarşılıqlı təsirindən yaranır. Biz ədəbiyyat üçün ən uyğun şəraitə malik olan bu müqəddəs vadidə oxumaqla, öyrənməklə, mütaliə etməklə və ən əsası yazmaqla, yazmaqla, yazmaqla məşğuluq. Burda çox maraqlı dostlar var; Aida dramaturgiyamızın, Afayət prozamızın, Aydan jurnalistikamızın, Nərmin poeziyamızın prensesləridir. Aişə bizim ədəbi muhitin sonbeşiyidir. Elnur, Azər, Vaqif, Xəyal, Elməddin, Vüqar da var... Mütaliəli, ədəbiyyat üçün fədakar dostlarımızdırlar. Qığılcım varsa partlayış mütləq olacaq...

- Hansı kitabları oxuyursan və gələcək yaradıcılıq planların?

- Palaz-palaz kitab adları çəkib boyumdan böyük görünməyə çalışmayım. Mirzə Cəlilin Tiflisdə gəzən müqəddəs ruhundan ayıbdır. Onsuz da ciddi yaradıcılıqla məşğul olmaq üçün özündən əvvəlki bütün dövrləri, fəlsəfi məktəbləri, ədəbi cərəyanları, mədəniyyətləri maksimum oxumalı, bilməli, öyrənməlisən. Deyim ki, mütaliə mənim sağalmasını heç vaxt istəmədiyim yeganə xəstəlikdir. Əlimiz çatan ən yeni tərcümələri, nəşrləri oxuyuruq. Seymur Baycan şəhərimizin ən əlidolu qonağıdır. Hər gəlişində “Qanun” nəşriyyatının ən yeni tərcümələrini gətirir. Bu qışı bu kitabların istisi ilə isinmişəm.

Hazırda John Maxwell Coetzeenin "Gənclik" romanını oxuyuram.

Qaldi ki, yaradıcılıq planlarına, mən hələ nə yazmışam ki? Yazılası o qədər şey var, plan qurmağa da vaxt yoxdur.

- Coşqun, həyatının devizi nədir?

- Ya işində birinci ol, ya da birinci öl!

Söhbətləşdi: Oğuz Ayvaz

# 2813 dəfə oxunub

Müəllifin son yazıları

# # #