Kulis.Az yazarları Sevda Sultanova və Qan Turalı dünən Nizami Kino Mərkəzində premyerası olan “Xoxan” filminin müzakirə edir.
Layihə: Film söhbəti
Qan Turalı: Sevda, məncə film iki hissədən ibarət idi. Biri filmdən qabaqkı zalda olan hissə. O qız kim idi, Xatirə İslam? Qorxdum ki, sabah bütün saytlarda Xatirə İslamla Sevda Sultanovanın savaşı xəbərləri çıxsın…
Sevda Sultanova: Tural, sənin də dünyadan xəbərin yoxdur e, nə Xatirə İslam, Natəvan Həbibi idi. Mənə, tanımadığı bir insana çox kobud müraciətlə “sən bizim qabağımızda oturdun, biz ekranı görməyəcəyik” dedi, mən də emosiyalarımı cilovlaya bilməyib ona eyni şəkildə kobud cavab verdim. Sonra məni peşmançılıq hissi bürüdü. Efirdə bir-birini təhqir edən, sonra heç nə olmamış kimi barışan insanların səviyyəsinə endiyim üçün özümü çox pis hiss elədim.
Q.T.: Hər halda tamaşaçıların filmə ilk reaksiyası bu oldu: Ekranı görmək üstündə dava. Ümumən, mən “Nizami” kinoteatrında bu qədər səviyyəsiz tamaşaçı görməmişdim. Özü də bu tamaşaçıların əksəri şou biznes nümayəndələri idi. Onların çoxu deyəsən, ilk dəfədir ki, kinoteatra gəlirdilər. Hər halda mən filmlərə mütəmadi gedirəm və onların heç birini orda görməmişəm. Natəvanın yanında oturan qız Oksana idi?
S.S.: Dəqiq bilmirəm, deyəsən o idi, onları yaxşı tanımıram.
Q.T.: Tanısaq da, deyək ki, tanımırıq. İntellektual görünmək üçün onları tanımaq lazım deyil. Amma vallah biz doğrudan tanımırıq. Bir dəfə Space TV-də Roza Zərgərliyə Nazpəri xanım deyəndə mənə dəli kimi baxdılar.
S.S.: Gəl, filmə keçək. Bu situasiyada daha çox təşkilatçıları qınayıram. Dünyada bunun təcrübəsi var. Hər bir rejissor öz filminin ciddi sənət adamları, xüsusən də kinotənqidçilər, jurnalistlər üçün ayrıca baxışını keçirir. Amma dünən biz kinoşünaslar barmağa gülən, qurşaqdan aşağı zarafatlara qəhqəhə çəkib öz seksual komplekslərini büruzə verən, ucadan danışan şou-biznes nümayəndələri ilə bir yerdə filmə baxmalı oluruq.
Q.T.: O ATV-də işləyən oğlan da oynadı, Şəhriyardır adı. Bu adam həm filmin qalasını, həm də özünü məhv elədi. O, ekranda görünən kimi bir yığın cahil-cühəla vəcdə gələrək əl çalırdı. Başa düşmürlər ki, kinoteatrda belə şey yolverilməzdir. Futbola baxmırsan axı. Şəhriyarı isə xüsusi təbrik edirəm. Çox qənaətcil aktyordur. Bir mimika ilə düz 40 dəqiqə oynamağı bacardı. İkinci bir mimikaya ehtiyac görmədi. Verilişlərdə üzündə olan ifadə filmdə də dəyişmədi. Bu adamı səncə niyə filmə çəkmişdilər?
S.S.: Mən dünən bildim ki, elə insan var. Səmimi deyirəm. Onun rolu məndə heç bir təəssürat oyatmadı. Şəhriyarın istedadı da rolu kimi ikinci planda idi.
Q.T.: Mən elə deməzdim. Şəxsən məni çox qıcıqlandırdı. Bu adam beş dəqiqədən bir kostyum dəyişirdi.
S.S.: Yeri gəlmişkən, dünən Şəhriyar təqdimatda dedi ki, biz bir neçə il sonra Hollivud səviyyəsində film təqdim edəcəyik.
Q.T.: Sevda, səhvin var, Hollivud demədi, Qollivud dedi.
S.S.: Kino ilə məşğul olan insanlar özləri üçün aydınlaşdırmalıdırlar ki, onlar Hollivud deyəndə nəyi nəzərdə tuturlar. Heç bir halda Hollivud kino sənətinin meyarı deyil və ola da bilməz. Bu, savadsızlıqdır. Hollivudu kommersiya baxımından deyirsə, bu başqa məsələ, lakin bizim kino bazarımızın vəziyyəti o qədər acınacaqlıdır ki, biz özümüzü ancaq Gürcüstanla müqayisə edə bilərik. O da bəlkə...
Q.T.: Ədəbiyyatda da var, belə şeylər. Hər yerindən duran Nobeldən danışır. Amma müsbət bir tendensiyanı görməyə bilmirik. Azərbaycan filmi artıq yeni maliyyə mənbələri tapıb. “My name is İntiqam”dan sonra “Xoxan” filmi də dövlətdən maliyyə almadan, müstəqil şəkildə istehsal edilib. Hələ “Bozbash Pictures”in də filmi hazırdır. Bu mənada, düşünürəm ki, gələcək illərdə daha yaxşı filmlər görə biləcəyik. Nazirliyin çəkdirdiyi o cansıxıcı filmlərdən canımız qurtaracaq.
S.S.: Səninlə tamamilə razıyam. Mən yaradıcı heyəti təbrik edirəm. Sırf kommersiya baxımından Azərbaycan üçün uğurlu layihədir. “Xoxan” filmi komediya və horror janrlarının sintezi üzərində qurulub.
Q.T.: Sevda, horror demə, qorxu filmi de, sadə xalq kütlələri də başa düşsün...
S.S.: Hə, düz deyirsən. Amma sadə xalqın dünyada geniş istifadə olunan sözləri bilməsində fayda var. Horror janrından bu filmdə kosmetik şəkildə istifadə olunmuşdu. Yəni bu janrın orda funksionallığı yox idi. Horror janrına xas olan elementlərdən - soyuq rənglər, kameranın saspens hissi verən ləng hərəkətindən, həyəcanlı musiqidən - istifadə olunmuşdu. Amma “Xoxan” filmində bütün bunlar birlikdə qorxu atmosferi vermirdi. Bir qayda olaraq, iki janr sintez edilirsə, o zaman tamaşaçı ovqatdan ovqata sıçramalıdır. Amma filmdə komediya çox öndə idi, bu, sintezdən çox, komediyaya edilən horror calağına oxşayırdı.
Q.T.: Şəhriyarın Qollivud dediyi Hollivud filmlərinə çox baxmamışam. Amma Türkiyədə horrorla komediyanın sintezi olan filmlər var. Elməddin Cəfərov çıxışında bu filmlərdən birinin - “Kutsal damacana”nın adını çəkdi.
S.S.: Damacana nədi?
Q.T.: Marketlərdə beş-on litrlik sular satırlar. O suların qabına deyilir. “Kutsal damacana” filmində Şəfəq Sezər oynayır. Sezər Türkiyənin ən gözəl komik aktyorlarından biridir. Filmin süjeti demək olar ki, “Xoxan”la eynidir. Bədəninə cin girmiş qız və fırıldaqçı cindar. O filmdə sən deyən kimi horror səhnələri komediya ilə üzvi əlaqədədir. Adam haldan hala düşür. “Hababam sınfı Korku” filmi də eyni ideya ilə çəkilib. İşə bax ki, Şəfəq Sezer də orda oynayır. Eləcə də Türkiyənin ən gözəl aktyorlarından olan Mehmet Ali Alabora.
S.S.: Amma onu deyim ki, “Xoxan”ın rejissoru Samir Kərimoğlu müəllif filminə iddialı olan rejissordur. Müəllif filmi çəkən rejissorlar kommersiya filmi çəkəndə belə onların dəsti-xətti hiss olunur. Geniş auditoriya üçün keçərli olsa da, “Xoxan” filmində heç bir yeni kinematoqrafik, rejissorun individual intonasiyası yox idi.
Q.T.: Samir müəllim müəllif filmi çəkir, yoxsa ona iddia edir?
S.S.: Məncə daha çox iddia edir...
Q.T.: İddia gözəl şeydir. Fərdanın oyunu məni valeh elədi. Bu iddia deyil, sübut idi. Çox parlaq istedada malik aktyor olduğu göz qarşısındadır. Heyf ki, daha yaxşı rejissor əlinə, ssenarist caynağına düşməyib. Amma onun elə “Tək səbir”də özünün yazdığı ssenarilər film adına bizə sırınan lent parçalarından dəfələrlə yaxşıydı. Amma ssenari başqa şeydir, Fərda Vudi Allen deyil ki, həm çəkə, həm oynaya. İnsafən, Vudi Allen heç böyük aktyor-filan da deyil. Sevda, səncə Allen yaxşı aktyordur, yoxsa Fərda?
S.S.: Müqayisə çox uğursuzdur. Vudi Allen aktyorluğa iddialı adam deyil. O, bütün filmlərdə demək olar ki, özünü oynayır. Allenin gücü ondadır ki, o, özünə ironiya edə bilir. Səndən fərqli olaraq Fərdanın oyununa valeh olmadım. Hərçənd, Fərda çox güclü potensialı olan aktyordur. Fərdanın həm tragizmə, həm komediyaya uyğun gələn potensialı var. Fərda kimi aktyorlarla gərək yaxşı rejissorlar işləsin. Məncə, “Xoxan”da da Fərda indiyə qədər qazandığı təcrübəni xərclədi. Mən Fərdaya daha peşəkar rejissor və daha keyfiyyətli ssenari ilə işləməyi arzulayıram.
Q.T.: Gəl, ümumi danışmayaq, sən Fərdanı hansı rejissorla işləməsini düşünürsən?
S.S.: Bizim kinoda maraqlı nəsə edə biləcək rejissorlar var. İnanıram ki, onların kommersiya layihələri daha fərqli ola bilər. Fərda kimi aktyorları biz başqa tərəfdən görə bilərik.
Q.T.: Fərda, Elməddin, Müşfiq kimi tanınmış aktyorları kommersiya filminə çəkməkdə fayda var, çünki bu adamların adları tamaşaçıya çox şey deyir. Bu aktyorlar Azərbaycanda ən çox tanınan aktyorlardır. Onlar televiziyada çıxış edirlər, geniş xalq kütlələri onları tanıyır. Bu mənada filmin kassa uğuru üçün bu cür məşhurların filmə çəkilməsi də əsas şərtdir. Hollivudda da elədir, amma Qollivudda necədir, onu bilmirəm (gülüş).
S.S.: “Xoxan” daha çox kamera filmidir, daha çox qapalı məkanda çəkilmişdi və əsasən bir neçə aktyor üzərində qurulmuşdu. Kamera filmi rejissora az büdcə ilə işləmək imkanı verir. Bu filmdə "O olmasın, bu olsun" filminə göndərişlər vardı, bu cür pastişlər əslində çox müasirdir.
Q.T.: "O olmasın, bu olsun"a göndərişlər edən qızı tanıdın?
S.S.: Yox, tanımadım.
Q.T.: O, instagram üçün maraqlı videolar çəkən qızdı da. Bir dəfə də Elminin verilişinə qonaq gəlmişdi. Sənin xoşuna gəldi onun oyunu?
S.S.: Məndə xüsusi bir təəssürat oyatmadı, normal oynadı. Mənim ən çox Fərdanın oyunu xoşuma gəldi.
Q.T.: Bəs Elməddin, necə?
S.S.: Elməddin özünə xas istedadı olan zəhmətkeş aktyordur. Sadəcə, məncə o Fərda kimi çoxcəhətli, geniş potensiala malik deyil. O, daha çox eyni xarakterli rolları oynaya bilər.
Q.T.: Məncə də Elməddin yüngül, özünü tapmayan və tapmaq istəməyən rolları yaxşı oynaya bilər. Bu cür rolları vaxtilə Arif Quliyev və Ələsgər Məmmədoğlu oynayırdı.
S.S.: Bir vaxtlar niyə? “Xoxan”da Ələsgər Məmmədoğlu da oynayıb.
Q.T.: Əslində Ələsgər müəllim nəsil etibarı ilə Fərdagildən bir neçə nəsil əvəvlki dövrün aktyorudur. Sən bu filmdə onun oyununa necə baxırsan? Düzü, onun oyunu mənə çatmadı. Ümumi ansambla qoşula bilmədi. Onu filmdən çıxartsaydıq nə dəyişəcəkdi? Ələsgər müəllim həmişə epizodik rollarla yadımızda qalıb. Sözgəlişi demirəm, həqiqətən yadımızda qalıb. Amma bu filmdə elə deyildi. Əslində isə o, öz təcrübəsi ilə ilk filmlərinə çəkilən gənclərə çəkiliş meydançasında yol göstərməli, onları arxasınca aparmalı idi. Biz bunu görmədik. Bu filmdə klassik aktyorluq məktəbi iflas etdi.
S.S.: Tamamilə razıyam ki, Ələsgər Məmmədoğlu sanki filmdən kənarda qaldı. Bu, onun yox, rejissorun günahıdır. Bir qayda olaraq, qorxu, triller, detektiv janrlarında çəkilən filmlərdə susqun, özündə nəsə bir şübhə, qeyri-müəyyənlik daşıyan obrazlar olur və bu tip obrazlar sonradan dramaturgiyada həlledici rol oynayır. Burda onun həlledici olmaması, obrazın sona kimi açılmaması səbəbindən o, oyundan kənarda qaldı. Elməddin haqda isə radikal qərar verməyək, bəlkə o, bizi gələcəkdə təəccübləndirdi.
Q.T.: Məni bir şey də narahat edir. Bu və bu kimi kommersiya filmləri gəlir gətirmək bir yana dursun, öz xərclərini belə ödəmək gücündə deyillər. Bu filmlər ən yaxşı halda 20-30 min manat gəlir gətirir. Əlbəttə, söhbət ancaq bilet satışından gedir. Dövlət, əlbəttə ki, incəsənətin inkişafını təmin etməlidir, bu onun konstitusion vəzifəsidir. Lakin dövlətin büdcəni son dərəcə mühafizəkar və antisənət meyarları ilə verir, nəticədə film yaranmır. Adətən filmin dövlət nəzarətindən çıxmasını istəyənlərə deyirlər ki, Tarkovski bütün filmlərini dövlət hesabına çəkib. Bəli, bu doğrudur, lakin bizim Tarkovskimiz yoxdur. Bu səbəblərdən dövlətin maliyyəsi ilə kinematoqrafik dəyəri çox aşağı olan filmlər çəkilir. Bu filmlərə nə müəllif, nə də kommersiya filmi demək olar, o filmlərə film deməyin özü belə mübahisəlidir. Digər tərəfdən, “Xoxan” kimi kommersiya filmləri istehsal edilir. Bəs əsl Azərbaycan filmini kim çəkəcək? Sual budu, Sevda...
S.S.: Fikirlərinə qatılıram. Hərdən düşünürəm ki, film çəkməsək, dünya kinosu nə itirəcək və ya bizim itiriləsi nəyimizsə olacaqmı? Digər tərəfdən, düşünürəm ki, “My name is İntiqam”, “Xoxan” kimi kommersiya filmləri çəkilərsə və gəlir əldə edib kino bazarını formalaşdıracaqlarsa, tədricən əsl kino da yaranacaq.