Sənsiz yanmış əski parçası kimiyəm – Yeni Şeirlər

Sənsiz yanmış əski parçası kimiyəm – Yeni Şeirlər
18 iyun 2019
# 18:38

Kulis.az Günay Səma Şirvanın şeirlərini təqdim edir.


***

Bu gün kədər elə özüməm.
Qollarım
ən doğma adamı sanıb dizlərimi -
ağuşum dizin-dizin.

Böyümədi...
Mənmi böyütməliydim çağa qəlbimi?

Uşaq ürəyim,
Ağlı yumşaq ürəyim...

Görəsən, Allah uşaq olubmu?
Görəsən, Allahın dərdi varmı?

Eh..
Allahın nə dərdinə
xalxın dərdi...

***

Gecə yenə
baş-başaydıq Tanrıyla...
Mən nəhrimdə dalğalandım,
O mərhəməti ilə dərdimə yandı...


"Qadın torpaq kimidir -
İşıqsız, susuz, qidasız qalar.
Qaranlıqdan
Günəş ummaq kimidir
Qidasız, sevgisiz qalmaq...
Gücüm çatsa,
Yağmurları könüllərdən,
Buludları göy üzündən,
Çarəsizliyi ümidlərdən
alardım" - pıçıldadıqca dodaqlarım,
Ətəyini kəsirdi Tanrı.

Yol vermə,
Yorğun həyatın girdabında çabalamağa...
Yağışında islanım,
Küləyində üşüyüm...
Qanımı əllərində buraxma...

...Göz yaşını silirdi Tanrı.

***

Atamı itirdiyimdə

anamdan başqa

heç kimi,

heç kimi sevmərəm - dedim.

"O" gəldiyində

"atadan-anadan yar şirin olur" -

fikirləşdim.

Uşaqlarım doğulduğunda

"bala dadı, bal dadı"

Uşaqmış ən böyük sevginin adı -

düşündüm.

Tıq-tıq-tıq...

- Oğlum, qapını aç,

Atan gəldi.

***

Mən “sevir - sevmir” deyə,

çobanyastığı edamı qurmadım heç...
Mənə görə,
çobanyastığı - sənin uğruna
nəinki ləçəyini,

yarpağını belə,
sevişə-sevişə ruzgarın qanadına buraxardı.

Teldən saza,
şeirdən bəstəyə,
qürbətdən qürbətə,
bir addım ayırır hamımızı.

Kədərli nəğmə kimiyəm.
Günəşə ağuşunu açan,
Yağmura ağlayanlar -
Xain qurşunları da sevməmiş deyil.

Çobanyastığı mövsümüdür yenə...
Qəlbim qəfəsinə sığmır.
Ürəyim quş sürüsü kimi havalanır.
Saçlarım leyləklərin qonub-qonub dalğalandırdığı

çinar ağacıdır - əllərinə həsrət.
Partlayan dodaqlarımda əcəlinə susayan baxış yeri....


Çobanyastığı mövsümüdür...
Qar üzümə vurur.

***

Yanmış əski parçası görmüsən? –

Qaralsa da,

bütöv görünür.

Kimsə,

nəsə toxunsa,

dağılıb

külə dönər.

Sənsiz,

mən də

yanmış

əski parçası kimiyəm.

Dəymə mənə, dəymə,

Qurbanın olum!

***

Füruğ Fərruxzadın xatirəsinə

Dağ çiyinlərində,

şəlalələnərdi

dalğalı saçlarım.

Unudulardı,

cadar torpaqların su dərdi.

Baxışlarımız

qadağa göstərən yol işarələri idi.

Radara düşmək təhlükəsindən

qaydaları gözləməyə çalışardı

əllərimiz.

Bənövşəli təpəliklər,

gilənar çiçəkli bağlar,

arxların üstü...

Uşaqlıq xatirələrimizi danışmaq

bəhanəsi ilə

aldadardıq saatı,

itirərdik zamanı.

Mənə çiçək bağışlardın –

özəl günlərimdə.

Yola səpdiyin gül ləçəkləri

görüş yerimizə

bələdçi olardı...

Duman aldı

tapındığım dağları.

Artıq,

şəlalələnmir dalğalı saçlarım.

Əslində,

qara-qıvrım saçlarım da yoxdur daha .

Rusiya Federasiyası

Voronej şəhəri

# 2249 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #