Kulis.az tənqidçi, fransız filologiyası üzrə mütəxəssis Cavanşir Yusiflinin 2014-cü ilin Nobel mükafatçısı Patrik Modiano haqda yazdığı "Patrik Modiano – ən həssas yazıçı" məqaləsini təqdim edir
2014-cü il Nobel ödülünün sahibi fransız nasir, 69 yaşlı Patrik Modiano oldu. Fransız ədəbiyyatına verilən 15-ci Nobel mükafatı. Bioqrafiyasında mühüm tarixlər qeyd edildikdən sonra belə bir təsadüfi, bəlkə də əhəmiyyətsiz qeyd də keçir: Patrik Modiano mətbuatdan qaçır və çox nadir halda müsahibə verir.
Fikrimizcə, hər hansı yazıçıdan bəhs edəndə onun bioqrafiyasındakı hansı komponentlərin mühüm əhəmiyyət daşıması üzərində düşünməyə dəyər.
Patrik yəhudi mənşəli italyan ailəsində dünyaya göz açıb. Atası Alber Modiano 1942-ci ildə Fransaya gəlib – varlanmaq niyyəti ilə, varlanıb da, ancaq çərxi-fələyin işi bitmir, bu adam az sonra müflisləşir.
Bir gün “Metroda Zazi”nin müəllifi Reymon Keno ilə rastlaşması taleyində həlledici rol oynayır. Bu görüş onun ədəbiyyata gözünü açır, Patrik, müəlliminin dəstəyi ilə yazıçıların toplandığı, “Qayimar” nəşrlər evinin verdiyi məclis və ziyafətlərə qatılır. İlk romanı “Ulduz Meydanı” (“La Place de l'Etoile”) 1967-ci ildə çap edilir, ənənə üzrə əsərin əlyazmasını Reymon Kenoya oxuyur, bir müddət sonra roman Roje Nimye mükafatına layiq görülür, ancaq Patrik bir daha yazmamağı qərarlaşdırır.
1978-ci ildə getdiyi aləmlərdən geri qayıdır və “Qaranlıq piştaxtalar küçəsi” (“Rue des boutiques obscures”) adlı əsəri bu dəfə Qonkur mükafatı qazanır.
2000-ci ilə Patrik bütün külliyyatına görə Pol-Moran adına Böyük Ədəbiyyat Mükafatını alır. (Yeri gəlmişkən, bizdə “böyük ədəbiyyat” sözü çox işlənsə də, “Böyük ədəbiyyat” yoxdur – yəni, mükafatı).
Dəruni həssaslığa malik olan yazıçının indiyə kimi iyirmiyə qədər nəsr əsəri və bir neçə ssenarisi var. Bunların arasında “Məhkumluq müddətinin azaldılması”, “Bal ayı”, “Yaz küçüyü”, “Günahsızlar”, “Qəza gecəsi”, “Şəcərə” kimi yüksək qiymətləndirilən nəsr əsərləri var. Nəhayət, 2007-ci ildə 1960-cı illərin Paris günlərindən bəhs edən “Başını itirmiş gənclik kafesində” romanını yazır.
Mənə belə gəlir ki, Patrik Modianonu daha yaxşı tanımaq üçün onun ədəbiyyat haqqında fikirləri ilə tanışlıq yaxşı olardı. Belə ki, onun fikrincə, “yazıda mənim sevdiyim şey yazıdan əvvəl gələn xəyallardır (Görürsünüzmü, yenə də xəyal! Bizim böyük şairimiz Mikayıl Müşfiq məhz yazıdan öncəki xəyalı ən ideal şəkildə verə bilən şair kimi qiymətlidir... – C.Y.). Yazının özü bir elə xoşagələn deyil. Yəni, xəyalı maddiləşdirmək lazımdır, elə eləmək lazımdır ki, yazı həmin o xəyalın içindən çıxsın, yağış buluddan sıyrılan kimi. Bəzən öz-özümə soruşuram: görəsən, başqaları necə yazır, bu məsələni nə cür həll eləyir? Bu yazıçılar, deyək ki, XIX əsr yazıçısı Flober hansı niyyətlə, hansı güclə yazdığını bir də yazır, dəyişdirir, rekonstruksiya əməlinə baş vururdu və beləliklə ilkin layihədən çox az şey qalırdı, bəzən heç nə qalmırdı. Bu necə ola bilər? Bu mənə çox dəhşətli görünür. Şəxsən mən ilkin layihə üzərində bir balaca düzəlişlər aparmaqla kifayətlənirəm. Belə təsəvvür edin, sizə təqdim edilən rəsmi birnəfəsə çəkmişəm. Bu düzəlişlər yeri gələndə həm sayca çoxluq təşkil edir, həm də mürəkkəb deyil, eynən mikro-cərrahiyyədə olduğu kimi. Bəli, bu, cərrahlıqda olduğu kimi canlı toxumanı kəsməyə bənzəyir, səhvi aradan qaldırmaq, mətni yüngülləşdirmək, bir sözlə, ələmək üçün öz mətninlə soyuqqanlı davranmalısan. Bəzən bir səhifədə iki-üç sözü silmək bəs eləyir ki, hər şey yerli-dibli dəyişsin. Ancaq bütün bunlar yazıçının mətbəxidir, başqaları üçün bunlar, zənnimcə, darıxdırıcı ola bilər”. (“Télérama”qəzetinin 2014-cü ilin oktyabr (N° 3377) sayında söhbətdən).
Patrik Modianoya bu yüksək mükafatı nəyə görə verdilər: “İnsan talelərini ən ağlasığmaz incəliklərinə qədər təsvir edən və işğal altındakı həyatı göstərən təxəyyül və yaddaş-ifadə sənətinə görə”. Onun fikirləri arasında romanlarının süjet fəlsəfəsini təşkil edən ideyalar çoxdan səslənirdi. “Əlimə qələm aldığım gündən düşünürəm, yəqin ki, bu dünyada unutqanlığı unutduran bir vasitə mövcuddur. Deyirəm Parisdə otuz-qırx il ayağımın dəymədiyi bir yerə gedim, bir künc tapıb günortadan şər qarışana qədər oturum, susum, yalnız baxım, müşahidə aparım. Bəlkə elə bu təsadüfdə ömrümüz boyu gözlədiyimiz şeyi görə bilərik, mənim gözləntim, bax o dalandan çıxıb düz qarşımda dura bilər. Haçansa unudub əldən saldığımız xəyallar mərkəzdə yox, bu daldabucaq yerlərdədi, sakitliyin və sükutun içində intihara qalxan künc-bucaqda. Səsi batmış küçələrə baş çəkin...”.
“Zənnimcə, yaşayış binalarının alaqapılarında bax elə indicə ötüb keçən adamların addım səslərinin əks-sədası qalıb. Bəzi şeylər ötüb keçdikdən sonra da dalğası qalır, bu dalğalar getdikcə zəifləyir, sönür, şərt onları tuta bilməkdir” – bu sətirlər də Patrik Modianonun romanından götürülüb.
Modianonun bütün əsərləri yaddaş haqqındadır. Bu mənada ən bitkin və mükəmməl əsəri “İtmiş adam” sayıla bilər. Əsərdə nəql edilir ki, haçansa, hansı qəzavü-qədərdənsə bir gün yaddaşını itirən detektiv onun axtarışına çıxır, son işini tamamlamalıdır: əsl həqiqətdə kimdir o? Yaşadığı tarixi ələk-vələk eləyir, öz addımlarından, torpaq üzərinə saldığı izlərdən yapışıb özünü axtarır. Modianonun miniatür biçimli, 130, uzaqbaşı 150 səhifəlik romanlarında üç mövzudan daha çox bəhs edilir: yaddaş, itki, identifikasiya, axtarış. Başqa sözlə: yaddaş, kimlik və zaman.
Le Kleziodan 6 il sonra bu, bir fransız yazıçısının aldığı 15-ci Nobel ödülüdür.
Yuxarıda qeyd etdiyimiz kimi, ciddi ödülə layiq görülən yazıçının “ədəbi kimliyini” araşdıranda onun tərcümeyi-halındakı bəzi detallar çox mühüm rola malik olur. Həyat və yaradıcılığını bir neçə mərhələdə nəzərdən keçirmək olar. Başqa bir mühüm qeyd: fb.-də yazan bəzən şəxslər belə hesab edirlər ki, Modiano orta statistik səviyyəli bir yazıçıdır, onun müasir nəsrə gətirdiyi bir şey yoxdur, ödülü nə üçün filankəsə yox, məhz ona verdilər? Sual yaxşı qoyulub. Ancaq mükafatı verən Akademiyanın 18 daimi üzvü var, onlarla qiyabi polemikaya girməkdənsə, Nobelə layiq görülən yazıçının kimliyini araşdırsaq daha faydalı olar.
İlk dövr 1945-1956-cı illəri əhatə edir. Beləliklə, həyatında ilk fırtına: dörd yaşından yetim qalır və atasının – adi bir Toskan avantüristinin üzünü belə görmək ona nəsib olmur. Bir müddət qardaşı ilə birlikdə ingilis-pikard mənşəli anasının himayəsində dəhşətli məhrumiyyətlər içində yaşayır; on üç yaşın tamamında – 1942-ci ilin oktyabrında işğal edilmiş Parisdə gələcək atası ilə rastlaşır.
Bəzi mənbələrdə onun bioqrafiyasının bu dövrü belə də səciyyələndirilir: Varlı ailədə doğulub. Atası Alber Modiano kommersant olub, ata xətti üzrə qədim Sefard mənşəlidir (Saloniki). Anası flamand mənşəli komik aktrisa idi (Luiza Kolpeyn). Valideynləri 1942-ci ilin payızında almanların işğalı altında olan Parisdə tanış olublar. Yəhudi atası qeyri-leqal ticarətlə məşğul idi, saxta sənədlərlə keçinirdi və deməli, fərqləndirici sarı ulduz nişanını gəzdirmirdi. (**sarı ulduz** faşistlərin işğalı altında olan ərazilərdə yəhudilərə taxılan fərqləndirici, rüsvayçılıq bildirən nişanədir); anası işğalçı ordu qarşısında çıxış edirdi. 1957-ci ildə on yaşlı qardaşı Rudi qəfil vəfat edir, bu hadisə Patriki sarsıdır və ta 1982-ci ilə qədər yazdığı bütün romanları ona həsr edir. 1957-ci ildə sevimli qardaşının qəfil ölümü Patrikin uşaqlıq illərini qayçı kimi kəsir.
Daim təqiblər içində yaşayan ailə olmazın iztirablara tuş gəlir. Əvvəlcə atasını, sonra qardaşını itirən Patrik bir müddət müflis olmuş valideynlərin uşaqları üçün ayrılan pansionatda yaşayır.
Modianonun əsərləri ilə təqdim etdiyi ədəbiyyat hər şeydən qabaq iki magistral mövzu ətrafında fırlanır: kimlik axtarışları (özü və ətrafının), o cümlədən cəmiyyətdə baş verən hadisələri idrak etmənin çətinliyi. Bu iki mühüm faktor təhkiyəçinin daim müşahidəçi mövqeyində durması ilə nəticələnir: o, sonsuz sayda baş verən hadisələri sükut içində izləyir, onların baş verməsində məna axtarır, elə detalları seçir ki, özünün və ətrafının sifətinin işıqlanmasına gətirib çıxara bilsin. Modinao (yaxud onun təhkiyəçisi) bəzən sözün həqiqi mənasında yaddaş arxeoloqu kimi hərəkət edir – heç kəsin diqqət yetirmədiyi fakt və sənədləri az qala zərrəbinlə yoxlayır, sonsuz hadisə zəncirində ona kimliyini deyəcək bir bağ axtarır. Bəzi səhifələrdə oxucu çaşa bilər, bu sətirləri həqiqi detektiv və ya tarixçi yaza bilərdi, - deyə düşünür.
Modianonun digər mövzusu işğal dövrüdür. Patrik 1945-ci ildə doğulub, yəni bu dövrlə üzbəüz tanış olmayıb, ancaq o, dayanmadan, fasiləsiz olaraq bu dövrə müraciət edir, yəqin belə bir ümidlə ki, valideynlərinin həyatındakı mübhəm nöqtələri uc-uca calaya bilsin. Bu səbəbdən əsərlərində atası haqqında çox yazması bu mövzunu onun yaradıcılığında mərkəzi temaya çevirir. Hər şeydən qabaq ona görə ki, ata bütün ikinci dərəcəli və daim dəyişən mövzular şəbəkəsində (itkin düşmə, xəyanət, miras...) episentr rolunu oynayır. Bu mövzu həm də onun roman dünyasını bəlləyən avtobioqrafik səciyyəli bir elementdir. Bu mövzu, demək həm episentr, həm də bütün baş verən əhvalatlar üçün fon rolunu oynayır. Atası yəhudi olduğuna görə saxta kimliklə yaşamağa məcburdur, dəhşətlə insanın üstündən keçən illər ona kimliyini unutdura bilmir, qorxu, xof yaradır. Bir gün yaşadığı yerə basqın edilir, tutulub aparılır, ancaq çox yüksək vəzifəli dostu onu xilas edir, belə qələmə verilir ki, Alber Modiano guya fransız gestaposunun üzvüymüş.
Patrik Modianonun roman dünyası həm də sirli-sehrlidir, tapmaca illüziyası doğurur. Fransız tənqidçilərinin fikrincə, bu əsərlər həm də təxəyyüllə oyunları xatırladır, müasir fransız nəsrində hələ heç kəsə bu dərəcədə yaddaşın dərin qatlarına enmək nəsib olmamışdı. Onun haqqında deyilən bu fikir Modianonun nəsr əsərlərinin üslubunun müasir dövrdə xüsusi hadisə olduğunu vurğulayır. İşğal dövrünün bu əsərlərdə təsviri iki komponentin qaynayıb-qarışması və ortaya yeni bir tapmacanın çıxması ilə nəticələnir: avtobioqrafik xətt və real hadisələrin təxəyyüldə dəyişdirilməsi. Onun nəsrinin poetik sistemində əsas məqam budur: Patrik hadisələri olduğu kimi vermir, onları elə bir müstəvi üzərinə gətirir ki, o dövrdə dünyanın başına gələn bu qəzavü-qədərin əsl səbəbləri axtarılsın. /mediaforum.az/