Yazıçı Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı Fransada məşhur “Harmattan” nəşriyyatında işıq özü görüb. Kulis.az xəbər verir ki, kitab fransız dilinə türk dili və ədəbiyyatı bilicisi Daniyel Rottenberq tərəfindən romanın Azərbaycan, türk və ingilis dillərindən tərcümə edilib.
Kitabın ön sözü də tərcüməçiyə məxsusdur. Ön sözün müəllifi əsər haqqında yazır: “Kamal bəy öz əsərində çox mühüm mövzulara qədim tarixi bir fonda (hətta zaman dəqiq göstərilməsə belə) nəzər salır. Müəllif oxucunu füsunkar və təsirli tarixi məqamın içərisinə daxil edərək hadisələri bir çox hallarda mayası poeziya ilə yoğrulmuş üslubla təqdim edir. Bu isə oxucunu əsərin sonuna qədər gərginlikdə və intizarda saxlayır”.
Qeyd edək ki, “Harmattan” nəşriyyatı daha öncə Kamal Abdullanın “Yarımçıq əlyazma” (təkrar nəşrlə iki dəfə) və Fransalı alim Mişel Malerbin də həmmüəllifi olduğu “Parlons Azerbaidjanais” (“Azərbaycan dilində danışaq”) kitablarını çap edib.