Məni dostlarım öldürdü - Akif Səməd

Məni dostlarım öldürdü - Akif Səməd
6 iyul 2023
# 13:00

Bu gün tanınmış şair Akif Səmədin anım günüdür. Kulis.az bu münasibətlə onun şeirlərini təqdim edir.

Elə divarlar aşmışıq,
Qardaş, ölüm nəmənədi?
Elə yüklər daşımışıq,
Qardaş, ölüm nəmənədi?

Ölüm nədi? — Adi divar,
Həllac Mənsur var, Hadi var.
Fağır ölümün adı var,
Qardaş, ölüm nəmənədi?

Sevənlər aşıq olmasa,
Qan bircə qaşıq olmasa,
Bu arvad-uşaq olmasa,
Qardaş, ölüm nəmənədi?

Güllər, çiçəklər dərmişik,
Guya pünhana sərmişik.
Məqbəri bizlər hörmüşük,
Qardaş, ölüm nəmənədi?

Doğru-düzünə yaşasan,
Halal sözünə yaşasan,
Ömrü özünə yaşasan,
Qardaş, ölüm nəmənədi?

***

A bəxtəvər, elə bilmə
Yadam mən Akif Səmədə.
Dərd ha deyil, düşmür çiçək
Badamdan Akif Səmədə.

Anam məni daş doğmadı,
Gözlərində yaş doğmadı.
Ağac yaxın, daş doğmadı
Adamdan Akif Səmədə.

Çox da yollar buz-qarıymış,
Fələklər bizə yarıymış.
Bircə qarış yol varıymış,
Adəmdən Akif Səmədə.

***

Yarəb, adamam adıma —
Sanıma yazığın gəlsin.
Bu dünya xandı, mən qulu,
Xanına yazığın gəlsin.

Bir ulu, bir qədim səsdim,
Bilmirəm niyə tələsdim.
Qılıncam, qınımı kəsdim,
Qınıma yazığın gəlsin.

Ay qarannıqdı, qar işıq,
Gecə-gündüzə yaraşıq,
Qanım qannara qarışır,
Qanıma yazığın gəlsin.

Nə oxuyur bu saz, bu tar?
Canımda qoymadı tutar.
Canımdan canımı qurtar,
Canıma yazığın gəlsin.

***

Ömrün boyu umdun küsdün,
Dünya sənin nəyindi ki?
Arxasınca asdın-kəsdin
Dünya sənin nəyindi ki?

Yan, oduna yanan deyil
Bir dərdini qanan deyil
Atan deyil, anan deyil
Dünya sənin nəyindi ki?

Dağlarda qara bax oğlan
Qəlbimdə yara bax oğlan
Ağlama qarabığ oğlan
Dünya sənin nəyindi ki?

***

Uzanıb sübhə qədər,
Çəkirəm ah gecələr.
Gedir yenə qayıdır
Mənə sabah gecələr.

Gecəyə yiyə durmur,
Sabahın sağ sahibi.
Qaralar ağı yedi
Hardadı ağ sahibi.

Ulduzlar ulduz deyil,
Səbrim dara çəkilir.
Neçə bəyaz duyğunun
Üstündən qara çəkilir.

Görsəniz yoxam, deyin
Ay tək batmağa getdi.
Öldü deməyin, dostlar
Akif yatmağa getdi.

***

Məni dostlarım öldürdü,
Düşmən dirildər, inşallah!
Baxma, ölüb gedib pələng,
Bir də nərildər, inşallah!

Azadlıq — dam dolu toyum,
Uyu, könlüm, rahat uyu.
Uzanar bir arpa boyum,
Ötən hər ildə, inşallah!

İzsiz-tozsuz öləcəyəm,
Elə demə, çiyələyim.
Uçub gedər kəpənəyim,
Qalar zər əldə, inşallah!

***

Namərdinsən, mərdinsən,
Mənim döyülsən, ömrüm.
Ya quşunsan, qurdunsan,
Mənim döyülsən, ömrüm.

Sultansan, qulun hanı?
Yolçusan, yolun hanı?
Bülbülsən, gülün hanı?
Mənim döyülsən, ömrüm.

Sərkərsən, qoşun hanı?
Atansan, daşın hanı?
Ağlarsan, yaşın hanı?
Mənim döyülsən, ömrüm.

Çölləri gəzəmmədim,
Gülləri üzəmmədim,
Əyildin, dözəmmmədin
Mənim döyülsən, ömrüm.

Akif Səməd qocadı,
Haqqı görən xocadı,
Haqqın yeri ucadı,
Mənim döyülsən, ömrüm.

***

Məni görüb yaxın ağlar, yad ağlar,
Ağıl ağlar, yaddaş ağlar, yad ağlar,
Ya bərələr, ya dərələr, ya dağlar.
Mən Bakıya oxumağa gəlmişdim.

Köç-ulaqlı aran yolu, dağ yolu,
Oğru yolu, doğru yolu, haqq yolu,
Kəhkəşanda unutduğum ağ yolum,
Mən Bakıya oxumağa gəlmişdim.

Ay qatarçı, ay maşınçı, ay adam,
Bu şəhərə siz doğmasız, mən yadam.
Burax gedim, ay gözəlim, ay qadam,
Mən Bakıya oxumağa gəlmişdim.

Genişiydim səma boyda, çöl boyda,
Ürək verdim, diplom aldım əl boyda,
Ürəyimdə yara açdı gül boyda –
Mən Bakıya oxumağa gəlmişdim.
Mən Bakıya oxumağa gəlmişdim.

# 5967 dəfə oxunub

Müəllifin son yazıları

# # #