Hacı Şahin bunu heç vaxt qəbul etməzdi...

Hacı Şahin bunu heç vaxt qəbul etməzdi...
7 mart 2023
# 17:00

Kulis.az "Dəyərli ilahiyyatçının məzarı üstə baş verənlərə baxış" adlı yazını təqdim edir.

Hacı Şahin yaxşı adam idi. Hacı Şahin savadlı ilahiyyatçı idi. Hacı Şahin xeyirxah adam idi. Hacı Şahin bir dini icmanın lideri, xeyli sayda dindarın özünə yol rəhbəri seçdiyi, xeyli sayda adamın dediklərinə inandığı biri idi.

Amma Hacı Şahinin hörmət və rəğbət görməyinin səbəbi bu sadaladıqlarımdan daha fərqli xüsusiyyətləri idi.

Hacı Şahin cəmiyyətə “dindar belə də ola bilərmiş” dedizdirən adamdı. Ateistlə dini mübahisələri elm və ədəb çərçivəsində edəcək qədər tolerant, adamları axirətindən daha çox bu dünyada vicdanlı, imanlı, sevgi dolu yaşamağa çağıracaq qədər vizyonlu ilahiyyatçı idi. Hacı Şahin İslam qədər Azərbaycan dövlətinin dəyərlərinə, bayrağına da iman və ibadət gətirən adam idi.

Əhalisinin əksəriyyəti İslam dininə ibadət edən ölkələr arasında Azərbaycan dövlətin öz dəyərlərinə sadiq qaldığı, amma dini dəyərlərin də yetərincə qorunduğu nadir ölkələrdən biridir. Bunun çox sadə səbəbi var. Azərbaycanda dövlət rəhbərliyi heç vaxt dindən siyasi təsir və reytinq vasitəsi kimi istifadə etməyib. Din (bütün dinlər) etiqad və dəyər kimi həmişə qəbul edilib, azad ibadət imkanları olub, amma heç vaxt dövlət seçki kampaniyasında və başqa məqamlarda vətəndaşdan reytinq almaq üçün bu dəyərdən piar məqsədilə istifadə etməyib. Bu və digər səbəblərdən Azərbaycanda siyasi İslamın yaranması üçün əsas olmayıb.

Öz səlahiyyət və təsir dairəsi çərçivəsində Hacı Şahin də həmişə dövlət dəyərlərini qoruyub. Buna görə dəfələrlə məlum ocaqdan (ojaq da oxumaq olar) qidalananların hücumlarına da məruz qalıb. Bunu danmaq olmaz ki, Hacı Şahin yaxşı sədd idi. Dini sui-istimal edənlər, xurafata yuvarlananlar, mərasimi göstərişə çevirənlər Hacı Şahinin tənqid hədəfləri idi.

Hacı Şahin heç kimi ölümə səsləmirdi, özü də ölümdən çox danışmazdı. O, adamlara həyat həqiqətlərini dərk etməsinə imkan tanıyırdı, “vicdanlı yaşayın, səliqəli yaşayın, sevib yaşayın, amma yaşayın” deyirdi. “Oturub axirətini gözlə!” deyən standart molla tipi deyildi. Və bu, gülüb əylənmək, yaşamaq, amma imanlı və ədəbli yaşamaq istəyən gəncin xoşuna gəlirdi, ona ruh verirdi. Kim Hacı Şahinin bu günə qədər ağlaşma etdiyi, iki əlini də başının üstünə qaldırıb var gücü ilə sinəsinə döydüyü halını görüb? Heç kim.

Hacı Şahin Azərbaycan klassiklərini yaxşı bilirdi, yaxşı da öyrədirdi. Natavandan, Füzulidən, Seyid Əzimdən şeirlər deyirdi, məsciddə şeir gecəsi təşkil edirdi, Azərbaycan tarixindən, din tarixindən konkret misallar çəkib, bu günün reallıqları ilə uzlaşdırırdı. Real adam idi, dözümlü, tolerant adam idi. Olduğu camiənin mənfilərini də hamıdan yaxşı bilirdi, problemləri də sadalamaqdan qorxmurdu, islahatlara ehtiyac olduğunu da açıq deyirdi.

Dinin təməl dəyərlərinə əməl edilməsinə çalışırdı, onları öyrədirdi, hər cür cəhalətdən, hər cür göstərişdən uzaq olmağa çağırırdı.

İndi bu yazdıqlarımızın hamısından səhnəni bir anlıq bu gün Hacı Şahinin qəbrinin üstündə yaşanan mənzərəyə çevirin. Ağır-ağır moizə deyən, İmam Hüseyn məclislərini bir yol adamı kimi ehtiramla aparan Hacının qəbri üstündəki ağlaşma mərasimlərini izləyirik. Sizcə, özü qəbul edərdimi? Yox, özü də heç etməzdi!

Hacı Şahin elə illərlə bunu deyirdi, bunu danışırdı. Təmkin, səbr, göstərişdən uzaq olmağı təbliğ edirdi. Onu sevənlərin, onu sayanların olduğuna kimsənin şübhəsi yoxdur. Amma bizim mental dəyərimizdə, bizim yas anlayışımızda qəbir evində olan birini məzara qoyulduqdan bu yana rahat buraxmamaq kimi ənənə yoxdur. Əksər şiə bölgələrimizdə, ümumiyyətlə, məzar üstünə 3 və ya 7 gün sonra ziyarətə gedilir. Bizim adət-ənənələrimizdə nəinki gecə, şam vaxtı, hava qaralanda məzarlığa getmək yoxdur. Bizim, məhz biz müsəlmanlığı qəbul edən türklərin ənənələrində kişilər ağlaşma deməz, kişilər dil deyib ağlamaz, kişilər başına döyməz. Bizim yas obrazımızda fars ədəbiyyatının mərsiyə nümunələrini fars şivəsi ilə oxuyub, üstündən ağlaşma deyən kişi obrazı yoxdu. Heç İslam tarixində və dəyər sistemində də belə bir şey yoxdur. Hüseyn döyüşçü obrazıdı, mübariz obrazıdı, özünü Hüseynə bənzətmək istəyən kişi niyə dil deyib ağlaşma edir? İndi səcdəsində olduqları Hacı Şahin bunu nə vaxt edib axı? Hacı Şahin nə vaxt Həzrəti Əbülfəzə Əbəlfəs, Həzrəti Abbasa Əbbas dedi? Nə vaxt fars avazı ilə danışdı, İslam mötəbərlərindən və alimlərindən başqa bir kəsdən sitat gətirdi?

Hacı Şahindən öyrəniblərsə, niyə onun dediyini, elədiyini eləmirlər? Onun qəbri üstündə bu səhnəni yaradanlar, onun qəbrinin üstünü mərasim evinə çevirənlər Hacı Şahindən öyrənənlər deyilsə, onda bu növbəti piri yaratmağa cəhd edənlər kimlərdir? Və bu hərəkətlərə Hacı Şahinin sadiq olduğu dəyərləri bilənlər, Hacı Şahindən öyrənənlər niyə susurlar? Axı bu elə illərlə Hacı Şahinə hər cür hədyan deyən, bəzən gizli, bəzən aşkar hücum edən ojaqların ssenarisidir. Xalqın səmimi sevgisini sui-istimal etmək yolunda növbəti cəhdlərdir.

P.S. Dəfələrlə verilişlərdə Hacı Şahinin ən qatı din əleydarları ilə sakit, səbr və təmkinlə, nəinki tənqid və ya təhqir, heç səs tonunu belə qaldırmadan polemika aparmasının şahidi olmuşuq. İndi nə baş verir? Hacı Şahindən öyrəndiyini deyənlərə “məzar üstə belə eləmək doğru deyil” sözünü belə demək, sosial şəbəkədə reaksiya yazmaq mümkün deyil. Söyüş, təhqir, təhdid, aşağılama başlayır. Amma və lakin. Nə İslam əxlaqı bunu deyir, nə də Hacı Şahin belə öyrətmişdi...

lent.az

# 3438 dəfə oxunub

Müəllifin son yazıları

# # #