Norveç sərinindən hərarətli Tiflisə... - Günel Mövlud dünyanın kitab paytaxtından yazır

Norveç sərinindən hərarətli Tiflisə... - Günel Mövlud dünyanın kitab paytaxtından yazır
11 avqust 2021
# 15:16

Kulis.az Günel Mövludun Tbilisi Beynəlxalq Kitab Festivalından qeydlərini təqdim edir.

Məqalə ingilisdilli shuddhashar.com saytının sifarişi ilə yazılıb.

Bir yazıçı olaraq, sosial şəbəkə hesablarımda dostluq siyahım əsasən kitab işi ilə bağlı, ya da mətbuatla əlaqəli insanlardan ibarətdir. Naşirlər, yazıçılar, jurnalistlər, tərcüməçilər...Bu siyahıda xeyli insan da qonşu Gürcüstandadır.

Bu il başlayandan, dostluq siyahımdakı gürcülərin paylaşımları birdən-birə intensiv və rəngarəng olmağa başladı, ana səhifəmi Tbilisidəki kitab tədbirlərindən çəkilmiş isti, hərəkətli videolar, şəkillər bürüdü. Heyranlıq və həsədlə baxdığım bu fotoların çoxluğu təəccüblü deyildi, axı Gürcüstanın paytaxtı Tbilisi 2021-ci idə “Dünyanın kitab paytaxtı” elan edilib. Və il başlayandan Tbilisi dünyanın bütün ölkələrindən axışıb gələn yazarların, şairlərin, naşirlərin toplaşdığı mədəniyyət mərkəzinə çevrilib.

Ana səhifəmdəki fotolara həsədlə baxmaq prosesi uzun çəkmədi. Günlərin birində, dostluq siyahımdakı naşirlərdən biri direktə yazaraq, məni təşkilatçıları olduqları Tblisi Beynəlxalq Kitab Festivalına dəvət etdi. Gürcülər isti və şən millətdir və bir az da qeyri-rəsmi olmağı sevirlər, odur ki, naşirin mənə email yox, məhz “Facebook” hesabıma yazdığı dəvət məktubunu kifayət qədər ciddi qəbul elədim.

Amma rəsmi email də özünü çox gözlətmədi və “contact person” mənə festivalda hansı tədbirdə çıxış edəcəyimi, moderatorun kim olacağını, mövzunu və s. detalları göndərdi. Və cəmi iki həftə sonra mən bir səhər qəfildən Norveç sərinindən hərarətli, səması doğma Tbilisiyə endim.

Tbilisi Beynəlxalq Kitab Festivalı (24-27 iyun) bu dəfə “İlin kitab paytaxtı” tədbirlərinin bir parçası olsa da, tarixçəsi demək olar ki, qədimdir. 1997-ci ildən bu yana festival demək olar ki, hər il keçirilib və yalnız ötən il, pandemiya səbəbindən təşkil edilməmişdi, amma hətta ötən il də, təşkilatçılar yeni nəşrlərə “virtual seyr” kimi bir üsuldan istifadə edərək, yeni kitablar, müəlliflər barədə məlumatlar vermişdilər.

Festivalın məqsədi isə 1997-ci ildən bəri dəyişməz olaraq qalır – mütaliənin ölkədə populyarlaşdırılması və Gürcüstanda nəşriyyat sektorunun inkişafı.

Ənənəvi olaraq, hər il festivala Gürcüstan və xarici nəşr evləri, universitetlər, məktəblər, kitab mağazaları, kitabxanalar, səfirliklər, qeyri-hökumət, hökumət və beynəlxalq təşkilatlar qatılır.

Mənim çıxışım festivalın son gününə təsadüf edirdi, amma əvvəlcədən də müxtəlif tədbir və ən əsası, festivalın əsas hissəsinə, kitab yarmarkasına baş çəkə bildim.

Kitab sərgisi festivalın əsas hissəsidir, bunu deməklə mübaliğəyə yol vermiş olmadım. Expro Georgia “sənət sərgi mərkəzi”ndə keçirilən bu böyük kitab sərgisində ziyarətçilərə geniş miqdarda kitab məhsulları və aksessuarlar əhəmiyyətli endirimlərlə təklif olunur.

Kitab sərgisini gəzdikcə adamın gözünə dəyən ilk şey, insanların sıxlığı idi. Baxmayaraq ki, təşkilatçılar pandemiya vəziyyətini nəzərə alaraq, giriş üçün əvvəlcədən onlayn qeydiyyat tələbi qoymuşdular. İnsanların bir-birləri üçün, tədbirlər üçün darıxdığı hiss edilirdi. Adamlar sanki kitablardan daha çox bir-birinə baxırdılar. İsanların üzündəki sevincin bu il tamam başqa mənası vardı, kitabları belə açıq havada, azad şəkildə və fiziki olaraq, toxunub almaq, başqaları ilə göz-gözə söhbət etmək imkanı onlar üçün böyük bir bayram idi.

Bütün qafqazlılar kimi, gürcülər də sosiallaşmanı, canlı ünsiyyəti çox sevirlər və insanları evlərə qapadan pandemiya sonrası gürcü oxucuları belə görmək məni çox təsirləndirirdi.

Festivalda rus dilində kitablar başda olmaqla (Sovetlərdən çıxmış Gürcüstan hələ də kifayət qədər “rusdilli” ölkədir) xeyli başqa dillərdə kitablar olsa da, oxucuların gürcü dilində kitablara və xüsusilə də gürcü müəlliflərə üstünlük verdiyi hiss edilirdi. Bu da təəccüblü deyil, çünki son bir neçə ildə dövlət və özəl sektorun maddi dəstəyi ilə Dato Gabunia, Salome Benidze, Tamta Melaşvili, Tea Topuria, Yekatirine Togonidze, Mixail Tsxelashvili və s. kimi xeyli yerli yazarların əsərləri dərc edilib və bestsellerə çevrilib. Bu kitablar yeni nəşrlər olduğu üçün satışda kifayət qədər bahadır, bəlkə də Norveç kimi bir ölkə üçün çox ucuzdur, amma pandemiyadan sosial müdafiəsiz çıxmış gürcü oxucular üçün həddən artıq bahadır. Festivalda isə bu nəşrləri kifayət qədər endirimlə əldə etmək mümkün idi və gürcü oxucular bu imkandan istifadə edirdilər.

Oxucuları əsasən romanlar maraqlandırırdı. Söhbət etdiyim bir neçə naşir fentezi janrına marağın böyük olduğunu da qeyd etdilər. Ümumiyətlə, naşirlər festivalda insanların iştirakından, saylarından, aktivliyindən çox razı idilər.

Tədbirdən bir az əvvəl mənim çıxışımın moderatorluğunu edəcək gürcü jurnalist Eka Kevanişvili ilə görüşdüm. Ekanı illərdir tanıyıram, Azadlıq Radiosunun Tbilisi bürsunda işləyir, gürcü toplumu isə onu daha çox cəsarətli şeirlər yazan şairə kimi tanıyır. Biz onunla rusca danışırdıq. Ümumiyyətlə, hər dəfə Gürcüstana yolum düşəndə, gürcü kolleqalarla söhbət edəndə, rus dilinə keçirik və bu zəif ingiliscəmi gizlətmək imkanım olur. Sovetlərdən bizə qalan azsaylı yaxşı şeylərdən biri də rus dilidir, bu dil hələ də biz qafqaz xalqlarını bir-biri üçün başadüşülən edir. Eka mənə hədiyyə də gətirmişdi – romanlarım üçün qeydlər edə biləcəyim vintaj qeyd dəftəri.

Festivalın açıq keçirilməsi, insanların çoxluğundan gələn qürur Ekanın da üzündə hiss olunurdu, o sevincini gizlətmirdi:

“Gürcüstanda kitablar indi də çox satılır və kitablar çox oxunur, bu da daha yaxşı bir cəmiyyət ola biləcəyimizə ümid verir”.

Aktivliyi festivalın tərkib hissəsi olan çıxışlar və kitab təqdimatlarında da görmək mümkün idi. Əvvəl bunun sadəcə gürcü yazarların, gürcüdilli nəşrlərə aid maraq olduğunu düşünürdüm. Amma mənim natiq olduğum tədbirə də xeyli gürcü dinləyici gəlmişdi. Eka ilə qərar gəlmişdik ki, mövzumuz olan “Ədəbiyatda müharibə və qadın” xəttini ötən il Azərbaycanda nəşr edilən bioqrafik kitabım “Düşərgə”yə bağlayaq və bir növ kitabı da təqdim etmiş olaq. Bu fikir çox yaxşı oldu, tədbirin sonunda gürcüstanlı tərcüməçilər, jurnalistlər yaxınlaşıb kitab barədə daha dolğun informasiya almağa çalışırdılar və hətta bir neçə mətbuat nümayəndəsi də müsahibə üçün görüş təyin etdi.

Festivalda bu il, müşahidələrimə görə, pandemiya səbəbi ilə hələ bəzi məhdudiyyətlər var idi. Əvvəlki festivallarda bir çox tədbir var idi, kitab təqdimatları daha tez-tez olurdu - indi mənə elə gəlir ki, siyahı seçilib və azaldılıb, amma festivalın dörd günü, hələ də olduqca maraqlı idi.

Həmin dörd gün ərzində, Tbilisi Beynəlxalq Kitab Festivalının proqramı çərçivəsində qonaqlar yeni kitabların təqdimatında iştirak edə bildilər, oxucular gürcü müəllifləri, tərcüməçiləri, naşirləri və ədəbiyyatşünasları ilə görüşləri planlaşdırıldı. Gürcü və xarici natiqlərin iştirakı ilə aktual ədəbi mövzularda panel müzakirələri, uşaqlar üçün maarifləndirici və əyləncə tədbirləri keçirildi.

Festival bitdikdən sonra daha on gün Tbilisidə qaldım. Mən bu şəhəri təkcə kitab paytaxtı olduğuna görə deyil, həm də dünyada ən doğma səması olduğuna görə sevirəm. Tbilisi səmasının altında hər şey olduqca rahatdır, gözəldir, hətta adama elə gəlir ki, əbədidir. Tbilisini günlərlə piyada gəzdim və anladım ki, kitab festivalı bitməyib. Çünki bircə kitab dükanına girmədən küçələrdə dolaşsam da, kitablar hər yerdə idi. Restoranlarda, metro girişlərindəki səyyar kitab satıcılarının qarşısında, paytaxtın ana küçəsi Rustavelidəki səkilərdə, passajlarda...

# 2316 dəfə oxunub

Müəllifin son yazıları

# # #