Beynəlxalq festivalda qalib olan yazıçımız: “Özümdən də küsmüşdüm”

Beynəlxalq festivalda qalib olan yazıçımız: “Özümdən də küsmüşdüm”
7 dekabr 2020
# 15:30

Kulis.az “Uşaqlıq” monopyesi Batumi Beynəlxalq Monodrama Festivalında qalib gələn yazıçı Ülviyyə Heydərova ilə qısa söhbəti təqdim edir.

- “Uşaqlıq” monopyesiniz Gürcüstanda səhnəyə qoyulacaq. Əsərinizin ölkə hüdudlarını aşması necə təəssürat yaradır sizdə?

- Mənim pyesə qiymət verməyim düzgün çıxmaz. Bircə onu deyə bilərəm ki, «Uşaqlıq» elə monopyesdir ki, onu hər dövrdə və hər ölkədə oynamaq mümkündür. Bu günlərdə Xalq artisti Ayan Mirqasımova ilə elə bu “Uşaqlıq”la bağlı yazışmamız oldu. Yazdı ki, mən bilirəm, bu əsərin ömrü və yolu uzun olacaq. Onun sözünə qüvvət, əsərin ömrünün uzun olduğunu bilirdim, amma yolunun yox. Sadəcə, özüm, ümid, inam içində yaşayan adamam. İnanırdım ki, bu əsərə yol açılacaq.

- Ülviyyə bu mövzunu əsərə çevirmək elə də asan deyil. Necə yarandı “Uşaqlıq”?

- 2017-ci il idi. İşsiz və təbii ki, pulsuz idim. Günortalar iş axtarırdım, axşamlar yazı yazırdım. Günlərin birində “Uşaqlığ”ım içimdən çıxdı. Cəmi dörd günə yazsam da əsəri əslində altı ilə düşünmüşdüm. Yəni bu illər ərzində içimdə, beynimdə bişirmişdim. Deyim ki, monopyesi sevimli aktrisalarıma ithaf eləmişəm və elə indi də sevimli aktrisalarıma göndərirəm. Siyahıda da kimlər yoxdur...

Dediyim kimi, ümid edirdim ki, bu pyes diqqətdən kənarda qalmayacaq. Baxmayaraq ki, Azərbaycanda bu əsər gec səhnəyə gəldi. Çünki bir neçə teatr direktoruna, rejissora, hətta burdakı sevimli aktrisalarıma da göstərdim. Direktorlardan səs çıxmadı. Aktyor isə asılı sənətdir. Onlar rejissorlardan və teatr direktorlarından asılıdır. Aktrisaların bəyənməyi heç nəyi həll eləmədi. Özümün də maddi imkanım yoxdur ki, öz hesabıma nəsə edim. Hətta bir ara düşündüm ki, ümumiyyətlə, əsəri burda daha heç kimə göstərməyim. Özümdən də küsmüşdüm. Özümə söz verdim ki, daha heç bir teatr direktoruna əsəri göstərməyəcəm. Amma “Uşaqlığ”ı səhnədə görmək istəyirdim. Elə səhnədə görmək istədiyimdən onu beynəlxalq müsabiqələrə göndərməyə başladım. Əsər orijinal Azərbaycan dilindən başqa türk, rus, ingilis, fransız dillərinə tərcümə edilib. Hətta Almaniyada alman dilində çap da olunub.

- Əsərə ilk reaksiya hansı ölkədən gəlmişdi?

- Əsərə ilk reaksiya 2018-ci ildə elə Gürcüstandan gəldi. Almaniyanın Höte İnstitutunun Gürcüstan bölməsi bu əsərə biganə qalmadı. Almaniyanın Potsdam şəhərində Höte İnstitutunun təşkil etdiyi Next Stage Europe -2018 gənc dramaturqların beynəlxalq festivalına dəvət aldım. Azərbaycanı Almaniyada təmsil elədim. Bu, mənim üçün böyük uğur idi. O tədbirin davamı kimi də festivalda iştirak edən dramaturqların əsərləri alman dilində kitab şəklində çap olundu. Daha sonra «Uşaqlığ»ı ötən il Rusiyada keçirilən beynəlxalq müsabiqəyə göndərdim. “XXI əsr- ilk hadisə” Müstəqil Beynəlxalq Müasir Dramaturgiya Müsabiqəsinin “Tənha artist” nominasiyanın uzun siyahısına düşdü. Kifayət qədər ciddi müsabiqədir. Yeri gəlmişkən, daha bir monopyesim olan «Pələng» Rusiyada keçirilən həmin bu beynəlxalq müsabiqənin «Tənha artist» nominasiyasında qısa siyahıya düşüb. Təsəvvür edin, 19 ölkə və 75 Rusiya şəhəri bu müsabiqədə iştirak edir. Dekabrın əvvəllərində qaliblərin adı açıqlanacaq.

«Uşaqlıq»la bağlı dediyim kimi, özümə söz vermişdim ki, daha heç bir teatra göndərməyəcəm. Amma Sumqayit Dövlət Dram Teatrının direktoru Mübariz Həmidov diqqət göstərdi, özü əlaqə yaratdı. Düzü, bu, məni yaxşı mənada o qədər təəccübləndirdi ki. Mübariz müəllimi uzaqdan tanıyırdım. Cəmi üç-dörd dəfə tədbirdə görmüşdüm. Məni də sevindirən o oldu ki, həqiqətən də əsərə yüksək qiymət verdi. Dəyərləndirdi. Bu məqamı heç vaxt unutmaram! Hər iki – “Uşaqlıq” və “Pələng” monopyeslərim Sumqayit Dövlət Dram Teatrında hazırdı. Pandemiyaya görə premyeraları dayanıb.

- Bu yaxınlarda “Uşaqlıq” monpyesiniz Batumi Beynəlxalq Monodrama Festivalında qalib gəldi. Bu qalibbiyyət bir yazıçı olaraq sizə və əsərinizə nə qazandırdı?

- Bəli “Uşaqlıq” yenə ilk olaraq bu yaxınlarda Gürcüstanda nümayiş olunacaq. Qazanc ondan ibarətdir ki, qalib pyeslər pulsuz tamaşaya qoyulur. Festival çərçivəsində gürcü dilində oynanılır. Tamaşa artıq hazırdı. Özüm də səbirsizliklə gözləyirəm. Onlayn göstəriləcək. Təsəvvür edin, gürcü dilində “Uşaqlığ”ın afişası hazırlanıb. Adımı tapa bilmirdim. Elə bilirdim, adım gürcü dilində də yeddi hərfdən ibarətdir. Demə, beş hərf imiş: Ulvia. Pyeslər, ümumiyyətlə, yazdıqlarım məni hara, hansı dillərə aparacaq, bilmirəm. Əsəri yazanda taleyini, axı biz yazmırıq. Əksinə o bizə tale yazır.

# 2145 dəfə oxunub

Müəllifin son yazıları

# # #