Bu gün görkəmli yunan şair, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Yorqos Seferisin anım günüdür.
Kulis.az onun şeirlərini Əyyub Qiyasın tərcüməsində təqdim edir.
SƏSİNİ BATIRDI
Səsini batırdı bu, gecə işığı,
Şəfəqlər pərən-pərən - yox oldu getdi.
Bilo, həyatım mənim! Gecə düşdü, bax,
Amma yoxsan, sən yoxsan - sevincim bitdi.
Cəmi bircə dəfə biz verdik baş-başa -
Dünya boşalıb yenə. Tənhalıqdır bu.
Sevgimiz ölüb getdi, bardaqlar bomboş;
Nə bir qətrə şeh qalıb, nə bir qaşıq su.
Gecə düşdü - zülmətə qərq oldu o yer,
Bir vaxtlar ayaqların çimərdi orda.
Harda qaldı o yerlər, hanı o sahil,
Ey mənim səadətim - sağ ol, əlvida!
***
Dənizlərin qoynunda gizlənər
təşnəlik və sevgi,
ürəyim narahatdır -
bu boşluqda hər şey tənhalıqdan
yaranıb sanki,
amma bir ovuc içində qızınmaq yetər.
Dənizlərin qoynunda gizlənər
sevdiyimin gözləri.
Baxaram o gözlərə,
amma tanıya bilmərəm tənhalığın rəngini,
elə sən də məni...
AKTYORLAR
Səhnələr yaradırıq, sonra sökürük -
Hara getsək, hər yerdə budur işimiz;
Şəhərlər ucaldırıq, qalalar, kaşanələr,
Bilirik ki, onlardan qalmayacaq iz.
Tamaşaçı pyesə lənət yağdırır,
Günah rejissordadır, aktyorlar yazıq.
Musiqi kəsiləndə hamı gülüşür;
Tale üz çevirib bax, hər kəs narazı.
Qrim, kostyum, qasırğa, tufan, ildırım,
Xəyallar, düşüncələr - ruhun kədəri.
Nəvazişli - maskalar, əzab, bir də qan,
Kiminsə məhəbbəti, kiminsə məkri.
(Kimsən, hardan gəlmisən, nə danışırsan?) -
Dünənki yuxu kimi hər şey itəcək.
Əsəblər də sim kimi tarım çəkilib,
Tale təkəri çönüb - bax, budur gerçək.
Tükənmək üzrəyik biz, lap unutmuşuq
(Nə vaxt doğulmuşuq biz? Ölüm çox yaxın?)
Sehrli liraların həzin nəğməsi:
"Rədd olun göz önündən, qəlblərdən çıxın!"
Beləcə, ürəyimiz yuxadan-yuxa,
Bu küçələr, bu üzlər - yox olub sanki.
Ölümün sarı üzü, qurbangahda qan,
Ayırmaq olmur burda şah kim, nökər kim.