Oğlumla atam arasında... - Cavid Fərzəlinin yeni şeirləri

Oğlumla atam arasında... - Cavid Fərzəlinin yeni şeirləri
3 dekabr 2024
# 17:10

Kulis.az Cavid Fərzəlinin yeni şeirlərini təqdim edir.

Səni sevmək istəyirəm

Səni sevmək istəyirəm səhra üçün oxumaqdan doymayan torağayın səsində.

Boz küçələrin ürəyində aydın bir səs olmaq istəyirəm;
Səni hər duyduğumda,
hər susqun kəlməmdə.

...Yolunda, ayaqlarımı basdırıram qaranlıqların çiynində,
bütün divarların gözün oyuram
pəncərə şəkillərində.

...Qollarımda yuxusu yoxmuş pəncərələrimin,
bax, gözlərim gecəyə danışır səni.
Qaranlıqlar çapır divarlarımı
sənə doğru yel atına minən çırağımda...
...Bilirsənmi, sənsiz yaşamaq doğma bir yalana uymaqdır,
doğma bir ürəkdə qışı salmaqdır.

Səni sevmək istəyirəm əlləri saralmış payızda.
Qoy sevgidən əl açsın küçələr,
qoy dizi qanasın yağışların.
Çünki
Günəş qopan tərəfimiz aydınlıq saçar...
Çünki
sənə olan eşqim hər tabutdan,
bir göz açar...

Dustaq pəncərəsi

Pəncərəmdən baxanda; güzgülərdən yaxın olmaq istəyirəm buludlara.
Yollardan ayaqlarını kəsmək istəyirəm ayrılıqların...

Bax, yağışların da üzü qalmır güzgülərin yaddaşında.
Sevdaların da.

...və sonra darıxmağımız balıq üzlü sulara dağılır.
Saata baxmadığımız andan yaşadığımız hər dəqiqə ölü doğulur.

Sən demə,
bir kəpənək ömrünün əvvəlində
tələsdiyimiz bütün addımlar
xoşbəxtliyə yubanmaq imiş.

...Küçələrin kirli təbəssümündə
oğlumla atam arasında
həmişə otuz yaşımda qalacağam.
...və mən bunu qəbirlərin qulağına pıçıldaya bilməyəcəm.

Axı, yaşamaq hər günün içindən sevdiklərini sağ çıxartmaqdır...
Uçuq tərəfinə söykəndiyin hər gecə
dustaq pəncərəsidir.

Hər saatın başında
gizləmək istədiyim duru qaranlıqlar
mənə söylədiki;
ömründə bircə dəfə qovuşmadınsa
heç vaxt tənha ola bilmirsən...
Ürəyinin dabanından çırpılırsan yerə.
Əqrəblərin səhərində,
döydüyün hər günün qapısında.

...və beləcə tənhalıq diri gözlü gecələrə dönür,
qar üzlü ömürlərə qalır.

Sənsə hələ
tək qaldığın üçün səhəri gözləyirsən
elektrik lampasının altında,
Günəşi unudursan...


Fotoqraf

Çəkə bilsən, bir fotomu çək mənim.
Elə çək ki,
Gözümün altındakı əsarət kölgəsi,
Boyumdakı dəyənək yeri görünsün.

Bax, sən də bax, fotoqraf
Bu dəyənək yerinə bir də bax,
Gör necə sarılıb boyuma,
Əllərimdən ayrılıq düşməmiş,
Bu yarpaq ömrüm saralır mənim.

Nə otuz yeddi represiya, nə edam baharı.
Hər cəlladın bir payızı var imiş.
Sən də çək bu yolda payıza düşən ayaqlarımı.

Tanrının payızından keçənlər,
Qırmızı payızdan qurtula bilməyir.
Hər səhər üzü düşür günəşin
dar ağacından!

Polislərdən qaça bilməyim deyə,
Başımın üstündə dayanıb kölə buludlar.

Əqrəbləri bıçaq kimidir zamanın
Hər günümün başın kəsir.
Qanı tökülmüş bir ağacam.
Yarpaqlarım can verir küləklərin ayağının altında!

Çəkə bilsən, çiyinlərimin qorxusunu çək,
Dayanmışam
bu heykəl soyuğunda,
Ovuclarım qucaq açır barmaqlarıma.

Çəkə bilsən,
əllərimin savaşında
edam gününün eybəcərliyini,
dar ağacına düşən üzümü çək!

Qoy küçələrin ürəyi buz bağlasın,
Şeirim dillərdə üşüsün belə,
Bu cəllad payızı qışa döndərsin məni.


Kamança

Qumru dərədə
Bir ana küləyin dilində,
Qarğı qamışlar nəğmə deyəndə,
tikanlı məftillərin üstünə sərdim səsimi.
Səni bülbül səsindən soruşdum, kamança!
Oxuyanda tənha divarlarımı,
Oxuyanda tanrı barmaqlarımı.
Qulağımın dibində
sular oxuyanda
dilini öyrəndim çayların…
Məhbus çiçəklərdə
yağışlar ölümünü sənintək oxuyur,
buludlar sevdasından havalanır.
Yenə ayrılıq düşdü üzümə
Boyunuma dolanan kor çöllərdə,
Ağaclar ölüm gətirdi əllərimə.
Üsyanım nəğməyə döndü.
Küçələrin göz yaşında,
Qapımızın üzünü sevmə daha.
Ovuclarımın azad günündə,
Barmaqlarımın başına dönmə daha, kamança!

# 338 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #