Gözlə məni - Simonovun məşhur şeiri 7 azərbaycanlı müəllifin tərcüməsində

Gözlə məni  - Simonovun məşhur şeiri 7 azərbaycanlı müəllifin tərcüməsində
28 noyabr 2025
# 18:36

Bu gün tanınmış rus şairi Konstantin Simonovun doğum günüdür.

Kulis.az bu münasibətlə onun həyat yoldaşı, aktrisa Valentina Serovaya həsr etdiyi məşhur "Gözlə məni" ("Jdi menya") şeirinin Azərbaycan dilində bir neçə tərcümə versiyasını təqdim edir.

GÖZLƏ MƏNİ

Əliağa Kürçaylının tərcüməsi

Gözlə məni, gələcəyəm,

Ancaq gözlə sən.

Gözlə, kədər yağan zaman

Qəmli üzündən.

Qar yağanda gözlə məni,

Gözlə, istidə.

Bəziləri unudaraq

Gözləməsə də…

Gözlə, uzaq yerdən məktub

Gəlməsə sənə,

Bəziləri yorulsa da

Sən gözlə yenə…

Gözlə, sən məni, gələcəyəm,

Gözlə ürəkdən.

Desələr ki, yetər, unut…

Baxma, gözlə sən.

Amma, oğlum qoy inansın-

Artıq ölmüşəm,

Dostlar məni gözləməsin,

Gözlərində nəm.

Qoy içsinlər acı şərab,

Yad edib məni,

Tək sən gözlə.

Onlarla bir

İçmə badəni…

Gözlə məni, gələcəyəm

Bir aydın səhər.

Baxtı varmış- söyləsin qoy

Gözləməyənlər.

Gözləməyən nə bilir ki,

Odlardan belə

Xilas etdin həyatımı

Gözləməyinlə.

Mən sağ qaldım, səbəbisə,

Bax, budur, gerçək:

Sən bacardın gözləməyi,

Yalnız özün tək.

***

Xəlil Rza Ulutürkün tərcüməsi

Gözlə məni qayıdacağam.

Gözlə, ey nigar.

Gözlə, kədər gətirəndə

Soyuq yağışlar.

Gözlə məni, qar yağanda,

İsti düşəndə.

Gözlə, bezib özgələri

Gözləməyəndə.

Gözlə, məktub kəsiləndə

Səhra poçtundan.

Gözlə, təngə gətirəndə

Hamını hicran.

Gözlə məni, qayıdacağam.

Baxma onlara-

Səbr etməyib, tab etməyib

Unudanlara.

Mən ölümün acığına

Dönəcəm, gülüm.

Dözməyənlər qoy dözməsin,

Döz ömrüm-günüm.

Onlar bilməz: neçin odda

Dönmədim külə.

Məni xilas eylədin sən

Gözləməyinlə.

Nə cür döndüm. Tək ikimiz

Bilərik bunu.

İnamla yol gözləməyin

Nə olduğunu.

Heç kəs, heç kəs sənin kimi,

Qolum-qanadım,

Gözləməyi bacarmadı;

Sənsə bacardın.

***

Anarın tərcüməsi

Gözlə məni, dönəcəm, amma lap çox gözlə sən

Mən mütləq qayıdacam, əgər belə gözləsən.

Gözlə, sarı yağışlar ürəyini sıxanda

Gözlə, külək əsəndə, çovğunda, qar yağanda

Başqası unudulub yaddan çıxanda çoxdan

Məni gözlə qış, bahar, istilər düşən zaman.

Yoxluğuma qoy mənim anam, oğlum inansın

Mənə rəhmət diləsin.

Qoy dostlarım yığışıb ehsan yeməyi yesin

Sən onlara qoşulub, onlarla tikə kəsmə.

Ölümümə inanıb yas tutmağa tələsmə.

Ölümün acığına, dönnəm gələndə vaxtı

Gözləməyənlər desin: vaxtı var imiş vaxtı.

Gözləməyən nə bilsin od-alovun içindən

Belə gözləməyinlə məni xilas etdin sən.

***

İsa İsmayılzadənin tərcüməsi

Gözlə, qayıdacağam,

Gözlə sən məni.

Solğun, qəmli yağışlar

Döyəndə pəncərəni-

Gözlə sən məni.

Qışda qarı kürüyüb

Yağanda gözlə,

Yayda göydən od-alov

Yağanda gözlə.

Heç kəs gözləməyəndə_

Gözlə sən məni.

Məktublar gecikəndə

Gözlə sən məni.

Yollara boylanmaqdan

Adamlar bezikəndə-

Gözlə sən məni.

Gözlə qayıdacam,

Gözlə sən məni.

Gözlə, vecinə alma

Unutmağın məqamı

Çatdı deyəni.

Qoy oğlum da, anam da

Yoxluğuma inanıb,

Mənsizliyə alışsın-

Gözlə sən məni.

Qoy dostlarım yorulub

Yoxluğumla barışsın-

Gözlə sən məni.

Ocağın qırağında

Sağlığıma içsinlər-

Xatırlasınlar.

Yoxluğuma içsinlər-

Xatırlasınlar.

Sən onlara qoşulma.

Atamın ocağına

Gözlə, gələrəm.

Ölümün acığına

Gözlə, gələrəm.

Kim məni gözləmirdi-

Desin - Bəxti gətirdi...

Təkcə gözləməyinlə

Neçə dəfə ölümdən

Qurtardın məni,

Yenidən bu dünyaya

Qaytardın məni.

Gözlə, gözlə yenə də,

Gözlə sən bir az

Sənin tək gözləməyi

Heç kəs bacarmaz.

***

Ayaz Vəfalının tərcüməsi

Gözlə məni, gələcəyəm,

Gözlə məni yar;

Gözlə məni səpəndə qəm

Narın yağışlar.

Gözlə məni qışın qarı

Evlər yıxanda;

Gözlə məni başqaları

Dönük çıxanda.

Məktubumdan əlini sən

Üzəndə gözlə;

Hamı... hamı gözləməkdən

Bezəndə gözlə.

Gözlə məni, nahaq yerə,

Gülüm, qəm yemə;

“Unudular...” deyənlərə

Xeyir diləmə.

Qoy inansın anam, oğlum

Dostlarım... amma

Ölümümə,

Qurban olum,

Tək sən inanma.

Görsən hamı şərab içir

Ruhum xoş olsun-

Gözlə, demə onlarla bir

“İçək nuş olsun!”

Gələcəyəm, gözlə təki;

Həyat var imiş!

Gözləməyən qoy desin ki,

“Bəxti var imiş!”

Gözləməyən bilməz ki sən

Odlardan belə

Məni necə hifz etmisən

Gözləməyinlə!..

Necə olub sağ qalmışam-

Bilməz ki onlar:

Sənin kimi səhər-axşam

Gözləyənim var!..

***

Səyavuş Məmmədzadənin tərcüməsi

Gözlə məni, gələcəyəm,

Gözlə, qış, bahar.

Gətirsə də qəm üstə qəm

Həzin yağışlar,

Gözlə isti havalarda,

Boranda, qarda;

Kimsə kimdən əl üzəndə,

Gözlə yenə də;

Uzaqlardan xəbər-ətər

Gəlməsə belə,

Cana gəlsə gözləyənlər,

Hər nəsə, gözlə.

Gözlə məni, gələcəyəm,

Uyma bir para

İnamı kəm, yaddaşı kəm

Unutqanlara.

Oğul, ana bəd gümana

Düçar olsa da,

Dost-tanışım yana-yana

Qahmar olsa da;

Badələri qaldıraraq

Rəhmət deyəndə,

Gözlə məni lal duraraq,

Tələsmə sən də.

Gözlə məni, qoy əcəlin

Əli qurusun,

Od-alovda gözləməyin

Məni qorusun.

Gözləməyən deyər: yəqin

Bəxti gətirdi.

Gözləməyən hardan bilsin,

Bu necə sirdi.

Özümüz bilərik nədən

Sağ qalmışam mən:

Gözləməkdə sənə heç kəs

Tay ola bilməz.

***

Şəhriyar del Geraninin tərcüməsi

gözlə məni, gələcəyəm, gözlə bu qayıdışı...
gözlə kədər gətirəndə məşum payız yağışı.
gözlə qarı sovuranda oynaq küləyi qışın,
hər tərəfi bürüyəndə istilər, gözlə məni...
başqaları kimlərisə unutsa da dünəndən,
lap bir sabah məktublarım kəsilər, gözlə məni...
gözlə məni doğmalar da gözləməkdən bezəndə.

gözlə məni, gələcəyəm, gözlə bu qayıdışı,
“unut, dönməyəcək” deyən heç kəsi bağışlama.
ümidləri üzülsə də anamın və oğlumun
sən heç nəyə inanma...


lap elə dostlarım da gözləməkdən yorulsun,
qoy elə ocaq başında bir məclis də qurulsun,
acı şərabla ansınlar ruhumun xatirəsin
sən heç kəsə qoşulma...

Türkiyəli yazıçı vəfat etdi
Vaxt darlığında oxumaq üçün nə etməli?
Bəsit forma oyunları – Gənc şairləri tənqid etdilər
gözlə məni, gələcəyəm, gözlə bu qayıdışı,
ölümlərin acığına dönəcəyəm bir sabah.
gözlə məni, gələcəyəm, gözlə bu qayıdışı,
gözləməyənlər desinlər “bəxti gətirdi”,
ey vah...

axı onlar nə bilsinlər mən necə qayıtmışam?
gözləməyinlə qorudun sən məni od-alovdan.
bunu bizdən savayı kimsə bilməz, beləcə:
Ki, sən başqa heç kəsin gözləmədiyi kimi
bacardın gözləməyi

Və gözlədin sadəcə...

***

Şeirin orijinalı:

ЖДИ МЕНЯ

Жди меня, и я вернусь.
Только очень жди,
Жди, когда наводят грусть
Желтые дожди,
Жди, когда снега метут,
Жди, когда жара,
Жди, когда других не ждут,
Позабыв вчера.
Жди, когда из дальних мест
Писем не придет,
Жди, когда уж надоест
Всем, кто вместе ждет.

Жди меня, и я вернусь,
Не желай добра
Всем, кто знает наизусть,
Что забыть пора.
Пусть поверят сын и мать
В то, что нет меня,
Пусть друзья устанут ждать,
Сядут у огня,
Выпьют горькое вино
На помин души...
Жди. И с ними заодно
Выпить не спеши.

Жди меня, и я вернусь,
Всем смертям назло.
Кто не ждал меня, тот пусть
Скажет: — Повезло.
Не понять, не ждавшим им,
Как среди огня
Ожиданием своим
Ты спасла меня.
Как я выжил, будем знать
Только мы с тобой, —
Просто ты умела ждать,
Как никто другой.

1941

# 329 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər