Bəşərin gülləsi - söz, sözü -məhəbbət olar - Günün şeiri

Bəşərin gülləsi - söz, sözü -məhəbbət olar - Günün şeiri
21 sentyabr 2026
# 13:25

Bu gün Beynəlxalq Sülh Günüdür.

Kulis.az bu münasibətlə Məmməd Arazın "Müharibə olmasa" şeirini təqdim edir.

Əridib silahları
Biz marten sobasında,
Körpü yarada billik
Yerlə Mars arasında, --
Müharibə olmasa!

Yer min illik barını
Bircə gündə yetirər,
Alim ayı, ulduzu
Dartıb yerə gətirər, --
Müharibə olmasa!

General gözündə də
Bu hissi duyur adam:
“Tullayıb çinlərimi
Bir kənddə sədr olaram, --
Müharibə olmasa!”

Bəşərin qapısından
Vaxtsız ölüm gen düşər,
İnsanın saçlarına
Yüz yaşında dən düşər, --
Müharibə olmasa!

Sevənlər aləmində
Nə qəm, nə həsrət olar,
Bəşərin gülləsi -- söz,
Sözü -- məhəbbət olar --
Müharibə olmasa!

1956

# 87 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər