"Zorakılığın əsas səbəbi insanın özünü cilovlamağı öyrənməməsidir..." - İoanna Kuçuradinin sitatları

"Zorakılığın əsas səbəbi insanın özünü cilovlamağı öyrənməməsidir..." - İoanna Kuçuradinin sitatları
6 oktyabr 2026
# 10:00

Kulis.az bugünlərdə vəfat edən Türkiyənin tanınmış filosofu, professor İoanna Kuçuradinin əsərlərindən sitatları təqdim edir.

İnsanı sevmək dünyanı öz daxilində məğlub etmək deməkdir.

***

Müstəqil mühakimə yürütmək çox az insanın imtiyazıdır. Digərlərini isə nüfuz və nümunələr idarə edir. Başqasının gözü ilə görür, başqasının qulağı ilə dinləyirlər.

***

Əksəriyyətin xoşbəxtlik adlandırdığı şey, istəyinin gerçəkləşməsindən başqa bir şey deyildir. Bu mənada xoşbəxtlik ancaq neqativ bir anlayışdır: bəzi şeylərin yoxluğudur, yəni ancaq düşüncədə mövcud olan bir şeydir. Əks halda həyatın tək bildiyi şey, insanı gəmirən istəklər və davamlı aclıq hissidir; bu olmadıqda isə geriyə yalnız darıxmaq qalır.

***

Təhlükəli olan bəzi şeyləri sadalayın desələr, məsələn, bunlar arasında anlayışları da qeyd edərdinizmi? Dünyada baş verənlərə baxanda anlayışlar heç də günahsız görünmür. Onların təhlükəli olmasından, yaratdığı nəticələrdən olduğu kimi, biz məsuliyyət daşıyırıq.

***

İnsan hüquqları hər bir insanla bağlı müəyyən tələbləri ifadə edir. Bu tələblər insanın dəyərini tanıma və qoruma istəkləri kimi, yəni insanları sırf insan olduqları üçün qoruma istəkləri olaraq meydana çıxır.

***

Bir şəxsdə hansısa insan hüququnun qorunması məsələsi yarandıqda, həmin şəxsin kim olduğu önəmli deyil; hətta başqasının insan hüququnu tapdalamış biri olması belə fərq etmir. İnsan olması, insan hüquqlarının onun üçün də qorunması hüququnu təmin edir. Bir hüququ insan hüququ edən, yəni heç bir insanda tapdalanmaması və ya hamı üçün təmin olunması zərurəti, insanın imkanları haqqındakı bilikdə öz təməlini tapır.

***

İnsan hüquqları fərd hüquqlarıdır, lakin bütün fərd hüquqları insan hüquqları deyildir.

Heç bir insan hüququnun və ya hüquqlar qrupunun qorunması, hansısa bir ölkədə başqa bir insan hüququnun və ya hüquqlar qrupunun qorunması bəhanəsilə təxirə salına bilməz.

***

Fəlsəfə təhsilinin əsas vəzifələrindən biri, insanlara insan ləyaqətinin harada təhlükə altına düşdüyünü görə biləcək baxış bucağını mümkün qədər erkən yaşda qazandırmaqdır.

***

İnsan hüquqlarının qorunması fərdlərdən və dövlətlərdən asılıdır.

***

İnsan hüquqlarının məqsədi insanların insaniləşməsinə kömək edən bir nizamın yaradılması, davamlı olaraq yaradılmasıdır.

***

Bu gün bəşəriyyət olaraq sahib olduğumuz, dəyərlərin qorunmasına yönəlmiş ən başlıca prinsiplər təməl insan hüquqları dediyimiz prinsiplərdir. Bu hüquqlar bir ölkədə qanuni təminat altına alındıqda, ictimai azadlıq anlayışının məzmununu təşkil edən azadlıqlara çevrilirlər.

***

Dünyanın problemlərinə fəlsəfə ilə yanaşdıqda, hansına baxırıqsa baxaq, hamısı insan hüquqları ilə bağlı görünür.

***

Açılan hər qapı daim başqa bir qapını bağlayır.

***

Fikirə cəza ilə deyil, yalnız fikirlə qarşı çıxırlar.

***

Böyük miqyasda yaradıcı insan, mən varam deyə bilən insandır.

***

Keçmiş, bəlkə də, əslində hələ tam üzə çıxarılmayıb.

***

Savadsızlığın yaratdığı fəsadlar üzündən əzab çəkirik.

Qırx dəqiqə ərzində susuzluğa dözməyi, ehtiyacın ödənilməsini təxirə salmağı öyrənməlidirlər. Mənim şəxsi təcrübəmə və müşahidələrimə görə, zorakılığın əsas səbəbi insanın özünü cilovlamağı öyrənməməsidir. Burada isə uşaqlarımızın tərbiyəsində yanlış olan bir azadlıq anlayışının, mənim azadlıqçılıq adlandırdığım yanaşmanın mühüm rol oynadığını düşünürəm.

***

Peşə təhsilindən əvvəl insaniləşmə təhsili verilməlidir.

***

Günəş həm pis, həm də yaxşı insanların üzərinə doğur.

***

Məktəblərdə fəlsəfə tədris etsək, iyirmi il sonra tamam başqa bir cəmiyyət olar.

***

Yalnız bir tək insan hüququ pozuntusu vardır; o da fərdə fərqli rəftar etməkdir.

***

İnsanları narahat edən baş verənlər deyil, baş verənlərlə bağlı inandıqları şeylərdir.

Həyata "hə" demək eyni zamanda ağrıya, işgəncəyə, çatışmazlıqlara, aclığa və ölümə də "hə" deməkdir.

***

İnsanı ələ verən dəyər mühakimələri deyil, dəyərləndirmələridir; yəni faktiki olaraq etdikləri, ortaya qoyduqları və yaşadıqlarıdır.

***

Sürü insanının bütün dərdi sürü halında ayaqda qalmaqdır; sürü fərdi passivdir və hər cür yaradıcılıqdan məhrumdur.

***

Öz vicdanı ilə hesablaşaraq yaşayan insan özünü davamlı olaraq çıxılmaz vəziyyətdə tapa bilər: düzgün qiymətləndirmənin hansı olduğuna qərar verib inana bilmək üçün hər şeyi gözə alar.

***

Bir insanın yaşayış tərzini dəyişməsi onun xarakterinin dəyişdiyini göstərməz. O, yenə həmin insandır; dəyişən yalnız onun biliyidir, ona eyni hədəfə başqa yollarla da çatmağın mümkün olduğunu göstərən biliyidir.

***

Bunu unutmamaq lazımdır ki, həyatda çox vaxt bir vəziyyətin, bir hadisənin, bir əməlin deyil, bir insanın qarşısında oluruq. Əsas olan da bunu dərk etməkdir.

***

Hər bir izm bir ümumiləşdirmə, həddi aşma, bütöv bir izahat və ya mücərrədləşdirmədir.

***

Varlıq təməli olmayan hər hansı bir düşüncəyə kor-koranə bağlanmaq və belə düşünməyənlərə hücum etmək: bax, fanatizm budur.

***

İnsanlar haqqında çox şey deyilir, amma insandan heç danışılmır.

***

Harada canlı bir varlıq gördümsə, orada boyun əyməkdən danışıldığını da eşitdim. Hər canlı varlıq boyun əyən bir varlıqdır.

***

Əsilzadəlik insanın haradan gəldiyinə deyil, haraya doğru getdiyinə bağlıdır.

Türk dilindən tərcümə: Aydan Ağayeva

# 103 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər