Cəmisi 42 il ömür sürmüş Tezer Özlü Türkiyə ədəbiyyatının məşhur isimlərindəndir. Həyatının müəyyən dönəmini pisixiatriya xəstəxanalarında, ömrünün son illərini isə döş xərçəngindən müalicə üçün getdiyi Almaniya və İsveçrədə keçirib. Tezer Özlü, əsasən, "Uşaqlığımın soyuq gecələri" və "Həyatın ucuna səyahət" romanları ilə tanınır. Bütün əsərləri ölümündən sonra bacıları və qələm dostları tərəfindən çapa hazırlanıb.
Kulis.az "Qalanlar" kitabından "Sarı və dumanlı" adlı yazını Həmid Piriyevin tərcüməsində təqdim edir (mətnin orijinalı almanca yazılıb, türkcəyə yazarın bacısı Sezer Duru tərəfindən tərcümə edilib).
Hələ yerimdəyəm. Bu şəhərin ən yaxşı xüsusiyyəti odur ki, hər gün səhər səni başqa fəsil qarşılayır. Bu gün küçələri ağuşuna almış günəş və istilik sabah səhər yerini sərin havaya verir. Və xoşladığım boz göyüzü ağacların şux yaşıllığına oturur. Əlimdə qəzet parçası tutmuşam. Beş il qabaq ölmüş bir insanın şəkli. Ağ köynək geyinib. Yaxası açıqdır. Bir əlini çox yaxşı tanıyıram. Titrək, hara qoyacağını bilmədiyi, tərləyən əli. O biri əli kağıza düşməyib. O əli tanımıram. Gözlərindəki baxış canlıdırmı, yoxsa yaxınlaşan ölümün izlərinimi daşıyır? Şəklin haçan çəkildiyini bilmirəm, amma bu gün – onunla münasibətimizdən on altı il keçəndən sonra onun gözlərində yaxınlaşan ölümün izlərini görürəm. Qəzet parçası. Üstündə şəkil. Beş il qabaq Orta Anadoluda qəbrə qoyulmuş bir adam. Berlində yamyaşıl ağaclar, boz göyüzü və ağacların arasından təkəmseyrək görünən qırmızı, sivri damlara baxan qadın. Həyatımız keçmiş illərin xatirələrindən ibarət olmadı. Hər il, hər gün, hər an yeni bir həyat oldu. Təkcə mənim illərimdən yox, varlığın gətirdiklərindən yaranan bir həyat yığıntısı və ya qalığı oldu. Sadəcə mənim həyatımla sona çatmayacaq, bütün duyğular, münasibətlər, istiliklər, ağrılar və xarici dünyanın hadisələri ilə birləşib davam edəcək, axıb gedəcək bir proses. Zaman-zaman özümü uyğunlaşdırdığım xarici dünya ilə əlaqələrim tədricən zəifləyir. Yola düşməyə hazırlaşan bir qatara minəndə, artıq olduğum ölkə, gedəcəyim şəhər, enəcəyim stansiya, mindiyim qatar və vaqondakı insanlar məni o qədər də maraqlandırmır. Qatarla gedərkən mənə yalnız daxilində olduğum duyğu qalaqları maraqlı gəlir. Artıq bilirəm ki, xarici dünya ilə bütün əlaqələrim duyğu qalaqlarından ibarətdir. Yazmaq istəyinin, bir növ, xarici dünyaya qarşı müdafiə olduğunu daha çox anlayıram. Həyatın özünün yazı yazmaqdan daha real, daha dərin olduğunu da bilirəm. Sözlərlə həyatın dərinliyini ifadə etmək mümkün deyil. Axı sözlərdə küləklər nə qədər güclü əsə bilər? Sözlərdən necə bir günəş doğa bilər? Sözlər açıq pəncərənin önündə iri yağış damlaları kimi yağaraq bir insanı dərin yuxusundan oyadıb xoşbəxt edə bilərmi? Sözlərdə yağışın islaqlığı varmı? Sözlər yanındakı bir insanın ürək döyüntüsünü eşitdirə bilərmi?
Yanımda bir canlının yatmasını niyə bu qədər çox istədiyimi indi daha yaxşı anlayıram. Bəlkə də, hər şeyin bitdiyi yerdə yaşamağa başladım. Ya da öz həyatıma inanmıram. Bəlkə də, təkcə öz varlığım mənə kifayət etmir. Yanımdakı bir bədənə toxunub ürək döyüntüsünü hiss etdiyim zaman həyatın gücünü anlayıram.
Yaxşı, bəs onda niyə ən çox sözlərdə, kitablarda yaşamışam? Uşaqlıqda Dostoyevskinin nihilist bədbinliyi və inanılmaz insansevərliyi, daha sonra Pavezenin böyük həyat və ölüm axtarışı, intihar arzusu, indi isə Peter Vaysın faşizmə və insanın insan tərəfindən öldürülməsi mexanizminə qarşı insansevər müqavimətini duymaq, bilmək, oxumaq, anlamaq – bunlar həyatımın ən mühüm qarşılaşmaları deyilmi?
Həyat neytron bombasına çox bənzəyir. Nəfəslər, ürək döyüntüləri, duyğular yox olur. Qovaq ağacları ucalır, Vivaldinin, Motsartın duyğuları – öz həyatı adına anlamağa çalışdığı duyğular – onunla birlikdə ölür.
Hazırda Mərkəzi Avropanın ən sevdiyim şəhərindəki otağımda Vivaldini dinləyirəm. Sonra, yox, eyni zamanda onun qəzetdəki ağ köynəkli şəklinə baxıram. Özümü ayrılıqların ağrısına çoxdan öyrəşdirmişəm. Başlayan hər bir münasibət gözəlliklərlə yanaşı, axtarışların ağrısını da dadızdırıb mənə. İçinə qərq olduğum ən böyük xoşbəxtliklər həmişə ağrılarla, hər bir həyat isə bir az da olsa ölümlə bəzənmişdi. Yaşamaq, bu çətin anlayışla üzləşmək üçün, başqa bir seçim tapmadığım üçün. Ölüm çətin olduğu üçün. Həyat neytron bombasına bənzədiyi üçün. Boz göyüzündə bir təyyarə enməkdədir. Ağacların yaşıllıqları arasında, tək-tük yerlərdə şərab rəngli yarpaqları olan ağaclar da yüksəlir.
Paveze 3 oktyabr 1948-ci ilin 3 oktyabrında Heminqueyə bunları yazır: “Heç Piemontdakı təpələri görmüsən? Onlar qəhvəyi, sarı və dumanlı, bəzən də yaşıldır... Görsəydin, xoşuna gələrdi. Sənin Ç.P.