"Ömrümüzü tələb olunan rollara uyğun maskalar yonmağa sərf edirik" - Yapon yazıçıdan sitatlar

"Ömrümüzü tələb olunan rollara uyğun maskalar yonmağa sərf edirik" - Yapon yazıçıdan sitatlar
2 oktyabr 2026
# 16:30

Bu gün Yaponiya yazıçısı, dramatuq və tənqidçi Fumiko Ençinin doğum günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

Qadının sevgisi qisas ehtirasına çox tez çevrilir - elə bir vəsvəsəyə ki, nəsildən-nəslə axıb gedən sonsuz bir qan çayına dönür.

***

Xoşbəxtlik - kiçikmiqyaslı, sevimli, həzin bir ahəngdarlıq — bu evlərin zəif işıqlı, balaca otaqlarında, şübhəsiz ki, qərar tutmuşdu. Xırda bir səadət və təvazökar bir harmoniya: bir insan var gücü ilə qışqırsa, qəzəblənsə, kədərdən fəryad qoparsa belə, bu həyatda bunlardan artıq nə qazana bilərdi ki?

***

Onun düşüncələrindəki sirlər gecə vaxtı bağçada açan, qaranlığı ətri ilə dolduran çiçəklərə bənzəyir.

***

Hətta Buddanın və Məsihin qadınlara qarşı nifrət dolu amansızlığı belə, qat-qat üstün bir rəqibə qalib gəlmək cəhdindən başqa bir şey deyildi.

***

O, işığa qərq olmuş nəhəng ağ çiçəyə bənzəyirdi; tənhalığında möhtəşəm idi.

***

Zahirən sonsuz dərəcədə alicənab görünsən də, əslində sən həm sevgidə, həm də nifrətdə sonsuz ehtirasa malik bir qadınsan.

***

Kişinin əbədi sevgisinin obyekti bir qadın arxetipi olduğu kimi, onun əbədi qorxusunun da obyekti olan bir qadın arxetipi mütləq mövcuddur; bu bəlkə də kişinin öz pis əməllərinin kölgəsini təcəssüm etdirir.

***

Ömrümüzü bizdən tələb olunan rollara uyğun maskalar yonmağa sərf edirik, lakin bunu edərkən əslində kim olduğumuzu unuduruq.

***

Bu, oyun deyil. İnan mənə, o, sənin və ya başqalarının təsəvvür etdiyindən qat-qat mürəkkəb bir qadındır. Düşüncələrindəki sirlər gecə vaxtı bağçada açan, qaranlığı ətri ilə dolduran çiçəklərə bənzəyir. Ah, onda qeyri-adi bir cazibə var. Onun bu gizli cazibəsinin yanında şairlik istedadı sadəcə bir növ geyim, bir libasdır.

***

Bax. Gördün? Sən artıq onun əlində bir piyadasan. O, bir anlıq susdu. Amma təkcə sən deyilsən. Mən də eləyəm. Nə olursa-olsun, qaça bilmirəm. Qaçmaq istədikcə bu daha da qeyri-mümkün olur. Dəhşətlidir; sanki öz iradəm iflic olub.

***

Qarabuğdayı simasından bir utancaqlıq sezilirdi; xeyirxah bir insana oxşayırdı.

***

Hərəkətlər xəyanət etmir, lakin dil hər an xəyanət təhlükəsi ilə doludur. Dili həm sonsuz dərəcədə gözəl, həm də sonsuz dərəcədə qorxunc edən məhz bu xüsusiyyətidir.

Mənə elə gəldi ki, maskaların nümayişi yalnız bir nəfər - qaynanam üçün nəzərdə tutulub; No teatrına tez-tez getdiyinə və ya maskaların bədii dəyərini anladığına görə yox, məhz o maskalardakı mütləq dinclik ifadəsinə, sanki içəriyə yönəlmiş baxışa görə. Zənnimcə, o, ən dərin enerjisini öz daxilinə yönəldərək hələ də bu cür yaşayan sonuncu yapon qadınlarından biri olmalıdır.

***

Zəif bir göz yaşı Miekonun gözünü nəmləndirdi; elə cüzi bir damla idi ki, Yasukonun nəzərindən yayındı. Halbuki heç vaxt dilə gətirmədiyi bütün o əzablar bax bu tək damlaya sığışmışdı.

Rus dilindən tərcümə: Aydan Ağayeva

# 98 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər