Kulis.az Mir Səmədin "İşıqlar sönəndən sonra" adlı hekayəsini təqdim edir.
İndi onun soyadını xatırlamıram.
Bəlkə heç vaxt bilməmişdim də. Amma gözlərini xatırlayıram.
Açıq rəngli gözləri vardı. Boz idi, mavi idi, yoxsa yaşıla çalırdı — bunu artıq dəqiq deyə bilmərəm. Üstündən az qala bir ömür keçib. Amma qəribədir, o axşam qaranlıq palatada biz onun üstünə töküləndə həmin gözlər necə baxırdısa, eləcə də yaddaşımda qalıb.
1989-cu ilin yayı idi.
Mən doqquzuncu sinfi bitirib onuncuya keçirdim. Bu, pioner düşərgəsində keçirdiyim son yay olacaqdı. Gələn il məktəbi bitirəcəkdik, sonra hərəmiz bir tərəfə gedəcəkdik. Uşaqlıq da, deyəsən, bizim xəbərimiz olmadan həmin yay başa çatırdı.
Mərdəkanda yerləşən o Düşərgəyə əvvəllər də çox gəlmişdim. Hər şey tanış idi: səhər reproduktordan gələn şeypur səsi, sıraya düzülmək, yeməkxananın qoxusu, günorta istirahəti, axşam tədbirləri, gecələr tərbiyəçilər yatandan Sonra işığı yandırmaq, düşərgənin həyətində gecə gəzintiləri, yorğanların altında edilən söhbətlər.
Biz ən böyük dəstə idik. Artıq özümüzü uşaq saymırdıq.
Palatamız da böyük idi. Divarlar boyunca on beş-on altı dəmir çarpayı düzülmüşdü. Hərənin çarpayısının yanında balaca tumba, çarpayının altında çanta, stulun başında şalvar, köynək...
Elə həmin palatada oğurluqlar başladı.
Əvvəl xırda şeylər yoxa çıxdı. Sonra kiminsə saatı. Kiminsə pulu. Birinin cinsi.
Düşərgədə oğurluq qəribə hiss yaradır. Ev deyil ki, qapını bağlayasan. Hamı bir yerdə yatır, bir yerdə yeyir, bir yerdə dənizə gedir. Sənin əşyanı götürən adam da hər səhər səninlə eyni sırada dayanır.
Deməli, oğru bizim içimizdə idi.
Bir gün uşaqlardan biri dedi:
— Mən bilirəm kimdir.
Hamı ona baxdı.
— Eldardır.
— Hardan bilirsən?
— Bilirəm də. Çoxdan fikir verirəm. Ondan şübhələnirəm. Şənbə bazar evə getdi, özüylə çantasında nələrsə apardı.
Əslində onun əlində heç bir sübut yox idi.
Amma bəzən on beş-on altı yaşında məncə sözü “mən bilirəm” sözündən çox da fərqlənmir.
Bir nəfər şübhələndi. İkinci razılaşdı. Üçüncü dedi ki, mən də onda nəsə hiss etmişdim. Bir azdan artıq heç kim bəlkə demirdi.
Eldar oğru idi.
Hökm verilmişdi.
Qərara gəldik ki, axşam palataya gələndə işığı söndürəcəyik.
Kim düşündü bunu, kim birinci təklif etdi — yadımda deyil. Bəlkə də yaddaş insanı qorumaq üçün bəzi şeyləri özü silir.
Axşam Eldar içəri girəndə işıq söndü.
Və biz onun üstünə şığıdıq.
Qaranlıqda kimin yumruğu hara dəyirdi, bilinmirdi. Kimsə qolundan tutmuşdu, kimsə vururdu, kimsə qışqırırdı:
— De, sən eləmisən?
— Saatı sən götürmüsən!
— Cinsi hara qoymusan?
Eldar müqavimət göstərirdi. O, zəif oğlan deyildi. Qorxaq da deyildi. Özünü qorumağa çalışırdı.
Amma biz çox idik.
Sonra işıq yandı.
Onun üzünə baxdım.
Bəlkə də həmin gözləri ona görə bu günə qədər xatırlayıram.
Eldar nəfəsini güclə dərirdi. Biz isə onun ətrafında dayanmışdıq. On beş nəfər idik, bəlkə bir az az, bəlkə bir az çox.
— Sən eləmisən, — kimsə yenə dedi.
Eldar bizə baxdı.
— Yox.
— Boynuna al!
— Mən eləməmişəm.
Səsində yalvarış yox idi.
Bu da yadımdadır.
Sadəcə deyirdi:
— Mən eləməmişəm.
Biz ona inanmadıq.
Çünki artıq inanmaq istəmirdik.
Ertəsi gün, ya bəlkə bir neçə gün sonra, düşərgəyə atası gəldi.
Bizi söhbətgaha yığdılar. Düşərgənin içində üstüörtülü bir besedka vardı. Hamımız orada oturduq. Eldarın atası qarşımızda dayanmışdı.
Sakit danışırdı.
Bizi təhqir də etmirdi.
Bu, bəlkə də daha ağır idi.
Sakitcə soruşdu:
— Siz hardan bilirsiniz ki, oğurluğu mənim oğlum edib?
Heç kim cavab vermədi.
— Görən olub?
Yenə sükut.
— Əşyaları onun yanında tapmısınız?
Heç nə.
Onda kişi bizə o vaxt qəzetlərdə, televiziyada çox danışılan şeylərdən danışmağa başladı. 1930-cu illərdən.
İnsanların sübutsuz ittiham edilməsindən. Əvvəl günahkar elan olunub, sonra həmin “günah”ın onların boynuna qoyulmasından. Buxarin, Zinovyev və illər sonra adları təmizlənən başqa adamların taleyindən danışdı.
Sonra dedi:
— Siz də eyni şeyi elədiniz. Əvvəl qərar verdiniz ki, günahkar budur. Sonra sübut axtarmağa belə ehtiyac görmədiniz.
Biz susurduq.
O, bir müddət üzümüzə baxdı.
Sonra elə bir söz dedi ki, üstündən neçə onillik keçsə də, mənasını unutmamışam:
— Mən oğlumu götürüb buradan aparacağam. O gedəcək. Amma etdiyiniz bu iş sizinlə qalacaq. Həyatınız boyu hardasa arxanızca gələcək.
Eldar düşərgədən getdi.
Yay davam etdi.
Səhərlər yenə şeypur çalınırdı, Biz yenə dənizə gedirdik, futbol oynayır, gülürdük, axşam tədbirlərinə gedirdik.
Bir müddətdən sonra Eldarın boş qalmış çarpayısı da bizə adi görünməyə başladı.
Sonra düşərgə bitdi.
Məktəb başladı.
Hərəmiz öz həyatımıza getdik.
Və xeyli vaxt keçəndən sonra uşaqıardan biri ilə təsadüfən görüşdüm.
Oğru tapılmışdı. Eldar deyildi.
Bizim dəstədən tamam başqa bir oğlan imiş.
Necə üzə çıxdığını da sonradan danışdılar. Uşaqlardan biri şəhərdə təsadüfən onunla rastlaşmışdı. Oğlanın əynində düşərgədə yoxa çıxmış əşyalardan biri vardı.
Beləcə, həqiqət tapılmışdı.
Amma çox gec.
Bilmirəm, Eldarı sonralar görən oldumu. Bilmirəm, o bizi xatırladı, ya unutdu. Bəlkə həyatında o yay çoxdan əhəmiyyətsiz bir epizoda çevrilib. Bəlkə də yox.
Mən isə hərdən onu xatırlayıram.
Qaranlıq palatanı.
Birdən yanan işığı.
On beş nəfərin arasında tək dayanmış bir oğlanı.
Və onun açıq rəngli gözlərini.
— Mən eləməmişəm.
O vaxt biz inanmadıq.
İndi isə, üstündən bir ömür keçəndən sonra, həmin iki söz mənə o yaydan qalan hər şeydən daha aydın gəlir.
Eldarın atası haqlı imiş.
Bəzi səhvlər insanın arxasınca həqiqətən də çox uzağa gedir.