İki söz - İzabel Alyende

İki söz - İzabel Alyende
19 noyabr 2023
# 21:00

Kulis.az Çili yazıçısı İzabel Alyendenin "İki söz" hekayəsini təqdim edir.

Onun adı Beliza Krepuskulario idi, amma bu adı ona nə xaç suyuna çəkəndə, nə də anasının istəyi ilə qoymuşdular. O, adını özü axtarıb tapmış, özü özünə yaraşdırmışdı. Onun işi söz satmaq idi. Ən ucqardakı soyuq bölgələrdən ən isti sahillərə qədər bütün ölkəni gəzir, yarmarkalarda, bazarlarda özünə yer eləyir, günəşdən, yağışdan qorunmaq üçün dörd dirəyi torpağa sancıb kətan kölgəliyini yerə sərir və müştərilərini qəbul edirdi. Təklif etdiyi məhsulların tanıtıma ehtiyacı yox idi, o qədər gəzmişdi ki, hamı onu tanıyırdı. Hətta hər il yolunu gözləyənlər vardı; qoltuğuna vurduğu düyünçəsi ilə kənddə görünən kimi, camaat çadırının qarşısında növbəyə dururdu. Qiymətləri həmişə sərfəli olardı. Beş sentavoya əzbərdən bir şeir oxuyardı, altıya yuxuların keyfiyyətini yaxşılaşdırardı, doqquz sentavoya sevgi məktubları yazar, on ikiyə barışmaz düşmənlər üçün təhqirlər fikirləşərdi. O, hekayələr də satardı, amma bunlar uydurma yox, uzun, gerçək əhvalatlar idi, üstəlik, hər dəfə heç bir detalı yaddan çıxarmadan danışardı. Beləcə, bir kənddən o birinə xəbər çatdırardı. Camaat ona pul verib söhbətlərinə bir-iki sətir də əlavə etməsini istəyərdi: uşağımız doğulub, filankəs ölüb, övladlarımız evlənib, əkinlər yanıb. Hər yerdə adamlar onun başına yığışıb söhbətə başlamağını gözləyirdi, bu zaman onlar başqalarının həyatı, uzaq qohumlar, yaxud Vətəndaş müharibəsi ilə bağlı xəbərləri öyrənirdilər. Əlli sentavoluq alış-veriş edənlərə isə melanxoliyanı uzaq tutmaq üçün gizli bir söz hədiyyə edirdi. Təbii ki, hamıya eyni sözü deməzdi, belə etsə, hamıya birdən kələk gəlmiş olardı. Hər kəs öz payına düşən sözü qəbul edirdi və əmin olurdu ki, başqa heç kim həmin sözü, nə bu kainatda, nə ondan kənarda, onunla eyni məqsədlə istifadə etmir.

Beliza Krepuskulario o qədər miskin ailədə doğulmuşdu ki, onların heç öz uşaqlarına verməyə adları belə yox idi. Onun doğulub boya-başa çatdığı amansız torpaqlarda bəzi illər yağışlar selə çevrilir, ətrafdakı hər şeyi qabağına qataraq yuyub-aparırdı, bəzi illər isə göydən bircə damcı belə düşmür, günəş böyüyüb bütün üfüqü tutur, bütün dünya səhraya çevrilirdi. On iki yaşınadək əsrlərin aclığına, yorğunluğuna dözüb sağ qalmaqdan başqa bir məşğuliyyəti və məziyyəti olmamışdı. Bitib-tükənmək bilməyən quraqlıq dövründə özündən balaca dörd bacı-qardaşını torpağa tapşırandan sonra anlamışdı ki, yavaş-yavaş onun da növbəsi gəlir. Beləliklə, düzənlikləri keçib dənizə çatmağa qərar vermişdi. Bəlkə də beləcə ölümü aldada bilərdi. Yolboyu torpaq aşınıb cadar-cadar olmuşdu, hər yer daşlar, qurumuş ağaclar, tikanlı kollar, istidən rəngi solmuş heyvan sümükləri ilə dolu idi. Arabir özü kimi suya qovuşmaq arzusu ilə üzü cənuba gedən ailələrlə qarşılaşırdı. Bəziləri yolun başında əşyalarını çiyinlərinə, ya da arabalarına yükləmişdilər, amma öz sür-sümüklərini güclə hərlədikləri üçün bir müddət sonra əşyalarını atmalı olmuşdular. Onlar əzab içində sürünürdülər, dəriləri kərtənkələ gönünə dönmüşdü, gözlərini günəş yandırıb-yaxmışdı. Beliza yanlarından ötərkən onları salamlayırdı, amma heç vaxt ayaq saxlamırdı, çünki olan-qalan gücünü mərhəmət göstərməyə sərf edə bilməzdi. Çoxları yolun yarısında heydən düşmüşdü, amma o elə inadkar idi ki, cəhənnəmi keçib ilk su mənbəyinə çata bilmişdi. Əvvəlcə zəif bitki örtüyünü bəsləyən nazik sızıntılar göründü, sonra bu sızıntılar çaylara, mənsəblərə çevrildi. Beliza Krepuskulario sağ qaldı, üstəlik, təsadüf nəticəsində yazını kəşf etdi. Sahilkənarı kəndlərin birinə çatanda külək ayaqlarının altına bir qəzet vərəqi göndərdi. O, həmin kövrək, sarı kağız parçasını götürüb o üz-bu üzünə baxdı, amma necə istifadə edəcəyini bilmədi. Nəhayət maraq utancaqlığa qalib gəldi. Bir qədər əvvəl susuzluğunu dindirdiyi gölməçədə atını çimizdirən kişiyə yaxınlaşdı.

– Bu nədir? – soruşdu.

– Qəzetin idman səhifəsi, – dedi kişi. Deyəsən, bu kişi onun cahilliyinə heç fikir verməmişdi.

Bu cavab qızı heyrətləndirmişdi, lakin çox da arsız görünmək istəmirdi. Odur ki, sadəcə kağızın üzərində çəkilmiş balaca milçək ayaqcıqlarının nə mənaya gəldiyini soruşmaqla kifayətləndi.

– Sözlərdir, qızım. Yazıblar ki, Fulqensio Barba üçüncü raundda Neqro Tiznaonu nokaut edib.

O gün Beliza Krepuskulario anladı ki, sözlər yiyəsiz qalanda it-bata düşür və kim bir balaca fərasətli olsa, onları ələ alıb sata bilər. Öz vəziyyətini götür-qoy edəndən sonra belə nəticəyə gəldi ki, fahişəlik eləməkdən, varlıların mətbəxində qulluqçu olmaqdan başqa iş tapmaq şansı azdır. Bunların yanında söz satmaq daha layiqli işə bənzəyirdi. O gündən yalnız bu peşəni təkmilləşdirməyə başladı, başqa heç bir şeylə maraqlanmadı. Əvvəlcə öz malını təklif edəndə sözlərin qəzetlərdən başqa yerlərdə də yazıla biləcəyini təxmin etmirdi. Bunu anlayanda işinin sonsuz perspektivlərini hesabladı, yığdığı pulun iyirmi pesosunu keşişə verib ondan yazıb- oxumaq öyrəndi, qalan üç pesoya isə lüğət aldı. O, lüğəti A-dan Z-yə gözdən keçirib dənizə atdı, çünki müştərilərini hazır sözlərlə aldatmaq fikri yox idi.

Bir neçə il sonra Beliza Krepuskularionu bir avqust səhəri, bir meydanın mərkəzində, çadırının altında on yeddi ildir ki, təqaüd tələb edən qocaya ədalət arqumentləri satanda görmüşdülər. Həmin gün bazar qurulduğu üçün ətrafda çox səs-küy var idi. Qəfil at səsləri, qıy-qışqırıq bir-birinə qarışdı, Beliza gözünü yazıdan ayırıb səs gələn tərəfə baxanda birinci toz-tozanaq buludunu, daha sonra meydana daxil olan çaparları gördü. Onlar Polkovnikin adamları idilər, bu tərəflərdə bıçağının itiliyi və rəhbərinə sadiqliyi ilə ad-san qazanmış əzəmətli El Mulatonun əmrindəydilər. Həm Polkovnikin, həm də El Mulatonun bütün ömrü Vətəndaş Müharibəsində keçmişdi, onların adı həmişə xarabalıqlarla, fəlakətlərlə yanaşı gəlirdi. Döyüşçülər kəndə mal-qara sürüsü kimi girmişdilər, səs salaraq, qan-tər içində, qorxu fırtınası qopararaq irəliləyirdilər. Toyuq-cücə ətrafa dağılışdı, itlər aradan çıxdı, qadınlar, uşaqlar gözdən itdilər, bazarda Beliza Krepuskulariodan başqa heç kim qalmadı, El Mulatonu heç vaxt görmədiyi üçün bu yad adam ona müraciət edəndə xeyli təəccübləndi.

– Mən elə səni axtarırdım, – El Mulato qamçısını ona tuşlayıb nərildədi, o sözünü bitirməmiş iki nəfər atdan düşüb qadının üstünə şığıdı. Çadırını uçurub mürəkkəb qabını sındırdılar, qadının əl-qolunu bağlayıb dənizçi boğçası kimi El Mulatonun atının tərkinə atdılar. Sonra yerlərindən götürülüb atlarını təpələrə tərəf çapdılar.

Beləcə, bir neçə saat keçdi, Beliza Krepuskulario az qala ölüm ayağındaydı, at üstündə getməkdən ürəyi qum kimi ovulmuşdu. Qəfil dayandıqlarını və dörd güclü əlin onu götürüb yerə atdığını hiss etdi. Ayağa qalxmağa, başını dik tutmağa çalışdı, lakin gücü çatmadı, ah çəkib yıxıldı və sarsıntıdan dərin yuxuya getdi.

Bir neçə saat sonra gecənin pıçıltıları onu oyatdı, lakin bu səslərin nə olduğunu anlamağa macal tapmadı, çünki gözünü açan kimi qarşısında diz çökmüş El Mulatonun səbirsiz baxışları ilə qarşılaşmışdı.

– Axır ki, oyandın, ay qadın, – deyib barıtlı likörlə dolu mehtərəsini ona uzatdı ki, içib bir az cana gəlsin. Beliza bu cür zorakılığın səbəbini öyrənmək istədi, El Mulato da başa saldı ki, Polkovnik onun xidmətlərindən istifadə etmək istəyir. El Mulato ona üzünə su çırpmağa icazə verdi, sonra düşərgənin o biri tayına apardı. Orada iki ağac arasına asılmış hamakda ölkənin ən qorxulu insanı uzanmışdı. Beliza onun üzünü görə bilmədi, ona həm yarpaqların adda-budda kölgəsi, həm də uzun illər davam edən quldur həyatının silinməz kölgəsi mane olurdu. El Mulatonun onun qarşısında necə başıaşağı dayandığını görüb təsəvvür etdi ki, yəqin bu adamın üz-gözündən inanılmaz zəhm yağır. Lakin Polkovnikin müəllim kimi mülayim, rəvan səsini eşidib təəccübləndi.

– Söz satan qadın sənsən? – soruşdu Polkovnik.

– Qulluğunuzda hazıram, – Belizanın dili topuq çaldı, o qaranlığa boylanır, qarşısındakı adamı daha yaxşı görməyə çalışırdı.

Polkovnik ayağa qalxdı, El Mulatonun daşıdığı məşəlin işığı düz onun üzünə vurdu. Qadın onun tünd dərisini, puma kimi hiddətli gözlərini gördü və dərhal bu dünyadakı ən tənha kişi ilə üzbəüz dayandığını anladı.

– Mən Prezident olmaq istəyirəm, – dedi Polkovnik.

O, faydasız müharibələrdə, heç bir hiylə ilə qələbəyə çevrilməsi mümkün olmayan məğlubiyyətlərdə iştirak edərək bu lənətə gəlmiş torpaqları gəzməkdən yorulmuşdu. O, uzun illər açıq havada yatmış, ağcaqanadlara yem olmuş, iquana və ilan şorbası ilə bəslənmişdi, amma taleyini dəyişmək istəyinin səbəbi bu əhəmiyyətsiz narahatlıqlar deyildi. Onu həqiqətən narahat edən şey digər insanların gözlərində gördüyü dəhşət idi. O, zəfər tağlarının altından keçib kəndlərə girmək, rəngli bayraqların, güllərin arası ilə irəliləmək, alqışlanmaq, camaatdan təzə yumurta, təzə bişmiş çörək hədiyyə almaq istəyirdi. O, kişilərin ardınca qaçmağını, qadınların onu görəndə uşaq salmağını, uşaqların isə qorxudan titrəməyini görməkdən bezmişdi, buna görə də Prezident olmağa qərar vermişdi. El Mulato birbaşa paytaxta yollanmağı, at üstündə Saraya daxil olmağı, hakimiyyəti ələ keçirməyi təklif etmişdi. Onlar indiyədək çox şeyi bu cür icazəsiz əldə etmişdilər. Lakin Polkovnik növbəti tirana çevrilmək fikrində deyildi, onsuz da insanlar belələrini çox görmüşdülər, üstəlik, belə etsə, xalqın sevgisini qazana bilməyəcəkdi. O, dekabrdakı seçkilərdə ümumxalq səsverməsi ilə seçilməyi düşünürdü.

– Buna görə də mən əsl namizəd kimi danışmağı bacarmalıyam. Mənə nitq söyləmək üçün sözlər sata bilərsən? – Polkovnik Beliza Krepuskulariodan soruşdu.

Beliza xeyli tapşırıqla qarşılaşmışdı, amma heç biri buna bənzəmirdi, həm də o imtina etməyə ürək eləmədi. Qorxurdu ki, ya El Mulato onu düz qaşının ortasından vuracaq, ya da daha pisi, Polkovnik hönkür-hönkür ağlayacaq. Ancaq həm də özü bu adama kömək etmək istəyirdi, çünki bədənindən yayılan istiliyi hiss edirdi, bu kişiyə toxunmaq, əllərini onun üzərində gəzdirmək, onu qollarının arasına almaq istəyirdi.

Beliza Krepuskulario bütün gecəni və növbəti günün çox hissəsini gözlərini onun biçimli ayaqlarından, bakirə sinəsindən çəkməyən El Mulatonun baxışları altında, öz repertuarında prezident nitqinə uyğun sözlər axtarmaqla keçirdi. O, çiy, quru sözlərdən, həddindən artıq bərbəzəkli sözlərdən, çeynənmiş sözlərdən, inanılmaz vədlər verən sözlərdən, həqiqətə uyğun olmayan, qarışıq sözlərdən imtina etdi, yalnız həm kişilərin düşüncəsinə, həm də qadınların hisslərinə toxunacaq sözləri saxladı. Beliza keşişdən iyirmi pesoya aldığı biliklərdən istifadə edərək nitqi bir vərəqə yazdı, sonra El Mulatoya işarə etdi ki, onu topuqlarından ağaca bağladığı kəndiri açsın. Onu yenidən Polkovnikin yanına apardılar, yenə ilk görüşdəki həyəcanı hiss etdi. Polkovnik uzatdığı vərəqi barmağının ucunda tutub nəzərdən keçirərkən Beliza onu gözlədi.

– Burda nə yazılıb? – nəhayət Polkovnik soruşdu.

– Oxumağı bilmirsiniz?

– Mən bircə döyüşməyi bilirəm, – o, cavab verdi.

Beliza nitqi yüksək səslə oxudu. Üç dəfə oxudu ki, müştəri yaxşı yadda saxlasın. Beliza oxumağı bitirəndə onu dinləmək üçün yığışmış kişilərin üzlərindəki ifadəni gördü, Polkovnikin sarımtıl gözlərindəki entuziazmı gördü, deyəsən artıq bu sözlərlə prezident kreslosuna sahib olacağından əmin idi.

– Əgər bizim uşaqlar üç dəfədən sonra hələ də ağzıaçıq qulaq asırlarsa, deməli, bu sözlər işə yarayacaq, Polkovnik, – El Mulato dedi.

– Bu iş üçün nə qədər pul istəyirsən, qadın? – rəhbər soruşdu.

– Bir peso, Polkovnik.

– Elə də baha deyilmiş, – Polkovnik kəmərindən asdığı son qənimətlərdən qalanlarla dolu pul kisəsini açıb dedi.

– Üstəlik əlavə hədiyyəm də var. Sizə iki gizli söz deyəcəm, – dedi Beliza Krepuskulario.

– Necə yəni?

Beliza izah etdi ki, ödənilən hər əlli sentə görə müştəriyə bir məxsusi söz hədiyyə edir. Rəhbər çiyinlərini çəkdi, çünki bu təklif ona heç maraqlı gəlməmişdi. Amma ona belə yaxşı xidmət göstərən adamın xətrinə də dəymək istəmirdi. Beliza tələsmədən onun əyləşdiyi kətilə yaxınlaşdı və hədiyyəsini vermək üçün əyildi. Bu zaman Polkovnik ondan gələn vəhşi heyvan qoxusunu duydu, çanaqlarından yayılan istiliyi hiss etdi, saçlarının ürküdücü xışıltısını eşitdi, payına düşən iki gizli sözü qulağına pılıçdayan nəfəsin nanəcövhər qoxusunu içinə çəkdi.

– Onlar sənindir, Polkovnik, – Beliza geri çəkiləndə dedi, – Nə qədər istəsən, istifadə edə bilərsən.

El Mulato Belizanı yol kənarına qədər ötürdü, o, hələ də itkin düşmüş itin yalvaran gözləri ilə qadını süzürdü, əlini uzadıb ona toxunmaq istəyəndə isə Beliza ağzına gələn uydurma sözləri bir-birinə calayıb onu qorxutdu. El Mulato bunların geri dönüşü olmayan lənət olduğunu düşünmüşdü.

Polkovnik sentyabr, oktyabr və noyabr ayları ərzində nitqini o qədər təkrarlamışdı ki, əgər bu nitq parlaq, güclü sözlərdən yığılmasaydı, istifadə olunmaqdan yanıb külə dönərdi. O, seçiciləri inandırmaq üçün ölkənin hər yerini gəzdi, şəhərlərə qalib ədası ilə daxil oldu, zibil qalıqlarından insan məskəni salınan unudulmuş qəsəbələrə belə baş çəkdi. O, meydanın mərkəzində qurulmuş kürsüdə danışarkən El Mulato və adamları insanlara konfet paylayır, onun adını qızılı hərflərlə divarlara yazırdılar, amma heç kim bu reklam fəndlərinə fikir vermirdi, çünki onun təklifinin aydınlığı, arqumentlərinin poetik işartısı göz qamaşdırırdı, tarixin səhvlərini düzəltmək ümidi insanlara da sirayət etmişdi, onlar ömürlərində ilk dəfə özlərini xoşbəxt hiss edirdilər. Namizədin nitqi bitəndə əsgərlər havaya atəş atır, fişəng buraxırdılar, onlar çıxıb gedəndən sonra da quyruqlu ulduzun möhtəşəm izinə bənzəyən ümid işartısı uzun müddət insanları tərk etmirdi. Tezliklə Polkovnik ən məşhur siyasətçiyə çevrildi. O, heç vaxt görülməmiş bir fenomen idi. Bu insan vətəndaş müharibəsi görmüşdü, hər tərəfi çapıq içindəydi, amma lap professor kimi danışırdı, şöhrəti bütün ölkəyə yayılıb hər kəsin qəlbinə toxunmuşdu. Mətbuat da onunla maraqlanırdı. Jurnalistlər uzaq yerlərdən gəlib ondan müsahibə götürür, onun sözlərini yayımlayırdılar, beləliklə, onun tərəfdaşlarının da, düşmənlərinin də sayı artırdı.

– Əla gedirik, Polkovnik, – on iki həftəlik uğurlu kampaniyanın sonunda El Mulato bu qənaətə gəlmişdi.

Amma Polkovnik ona qulaq asmırdı. O, iki gizli sözü getdikcə daha çox təkrarlayırdı. O, nostalgiyaya qapılanda, yatanda, at üstündə olanda bu sözləri təkrarlayırdı, məşhur nitqini söyləməmişdən əvvəl onları düşünürdü. Bir də gördü ki, asudə vaxtlarında da dodaqaltından bu sözləri mızıldayır. Hər dəfə bu sözlər ağlına gələndə o Beliza Krepuskularionun varlığını, vəhşi heyvan qoxusunu, ondan yayılan istiliyi, ürküdücü xışıltını, nanəcövhər qoxusunu xatırlayırdı. İş o yerə çatmışdı ki, o, artıq lunatik kimi gəzməyə başlamışdı. Artıq onun adamları başa düşmüşdü ki, Polkovnik prezident kreslosuna oturmamış bu dünyadan köçəcək.

– Sənə nə olub, Polkovnik? – Mulato dəfələrlə soruşmuşdu. Nəhayət o dözməyib etiraf etmişdi ki, bu çaşbaşlığının səbəbi qarnına xəncər kimi sancılan o iki sözdür.

– Onları mənə də deyin, bəlkə güclərini itirərlər, – sadiq yoldaşı kömək təklif etdi.

– Onları sənə deyə bilmərəm, yalnız mənimdirlər, – Polkovnik cavab verdi.

Başçısını ölümə məhkum adamlar kimi tükənmiş halda görmək istəməyən El Mulato tüfəngini çiyninə atıb Beliza Krepuskularionun axtarışına çıxdı. O, qarabaqara Belizanı izləyib nəhayət cənub şəhərlərinin birində öz çadırının altında xəbərləri bir-birinin ardınca təsbeh kimi düzərkən tapdı. El Mulatı silahını tuşlayıb Belizanın qarşısında dayandı.

– Mənimlə gəlirsən, – əmr etdi.

Beliza onu gözləyirdi. O, mürəkkəb qabını götürdü, kətan örtüyünü qatladı, şalını çiyninə saldı, sakitcə atın belinə çıxdı. Onlar yol boyu bir kəlmə belə kəsmədilər, çünki El Mulatonun ona qarşı duyduğu hisslər artıq nifrətə çevrilmişdi və yalnız lənətli dilindən qorxduğu üçün Belizanı yerindəcə öldürmürdü. El Mulato Polkovnikin tamam karıxdığını da, bu qədər döyüşün edə bilmədiyini qulağına deyilən bir cüt sözün elədiyini də ona bildirmədi. Üç gün sonra onlar düşərgəyə çatdılar, El Mulato öz əsirini hamının gözü qarşısında birbaşa Polkovnikin yanına apardı.

– Bu cadugəri gətirmişəm ki, sözlərini özünə qaytarasınız, o da sizə cəsarətinizi qaytarsın, Polkovnik, – El Mulato silahının lüləyini qadının ənsəsinə dayayıb dedi.

Polkovnik və Beliza Krepuskulario uzun-uzun bir-birilərinə baxdılar, uzaqdan bir-birilərini süzdülər. Bu zaman əsgərlər anladılar ki, başçıları bir də bu iki sözün sehrindən qurtula bilməyəcək, çünki qadın yaxınlaşıb Polkovnikin əlindən tutanda onun puma kimi yırtıcı baxışlarının necə həlimləşdiyini hamısı görmüşdü.

İspancadan çevirən: İlahə Əkbər

# 1182 dəfə oxunub

Müəllifin son yazıları

# # #