Abcixanım - Sadiq Hidayətin hekayəsi

Abcixanım - Sadiq Hidayətin hekayəsi
23 noyabr 2025
# 12:00

Kulis.az Məhəmməd Nurinin tərcüməsində Sadiq Hidayətin "Abcixanım" hekayəsini təqdim edir.

Sadiq Hidayət 1903-cü ildə Tehranda nüfuzlu bir ailədə anadan olub. Paris və Hindistanda təhsil alaraq ədəbiyyat sahəsində özünü inkişaf etdirib və müasir İran nəsrinin öncüllərindən biri olub.

Həyatı boyunca həm İranın, həm də Avropa və Hindistanın mədəni mühitində yaşayıb, intihar mövzusunu və cəmiyyətin problemlərini əsərlərində dərin fəlsəfi və realist yanaşmalarla əks etdirib.

1951-ci ildə Parisdə özünü qazla boğaraq həyatına son qoyub.



Abcixanım Mahruxun böyük bacısı idi. Amma tanımayan biri onları görsəydi, bacı olduqlarına inanmazdı. Abcixanım uzunboylu, arıq və qarabuğdayıydı. Qalın dodaqları, qapqara saçları vardı və bütövlükdə çirkin idi. Bəstəboy və ağ olan Mahruxun isə xırda burnu, xurmayı saçları, çəkici gözləri vardı, güldüyü vaxt yanaqları batardı. Onlar rəftar və davranışlarına görə də bir-birlərindən çox fərqlənərdilər. Uşaqlıqdan iradçı və davakar olan Abcixanım camaatla yola getməz, hətta anası ilə iki ay, üç ay küsülü qalardı. Bacısı isə, əksinə, adamayovuşan, sevimli, xoşxasiyyət və gülərüz idi.

Qonşuları Nənəhəsən onun adını “Xanımsevgili” qoymuşdu. Sonbeşik və əziz-xələf olduğu üçün ata-anası da Mahruxu daha çox sevərdi. Uşaqlıqdan bəri anası Abcixanımı döyər, onunla düz gəlməzdi. Amma zahirdə, camaat arasında, qonşuların yanında ondan ötrü üzülər, əlini əlinə vuraraq deyərdi: “Bu bədbəxtlə neyləyim, hə?! Bu çirkinlikdə qızı kim alar?! Qorxuram, axırı dizimin dibində qala! Bir qız ki, nə malı ola, nə camalı ola, nə də kamalı, hansı yazıq alar onu?!” Abcixanımın yanında bu cür sözlərdən o qədər danışmışdılar ki, tamamilə ümidsizləşmiş, ərə getməkdən əlini üzmüşdü. Vaxtının çoxunu namaza və itaətə sərf edərdi.

Ərə getməyin daşını birdəfəlik atmışdı. Belə ki, onun üçün ər də çıxmamışdı. Bir dəfə onu dülgər köməkçisi Kəlbhüseynə vermək istədilər, Kəlbhüseyn onu istəmədi. Lakin Abcixanım oturduğu hər yerdə “Mənə ər çıxmışdı, amma özüm istəmədim. Poh, bugünkü ərlərin hamısı araqiçən və pozğundur, heç bir işə yaramırlar! Mən heç vaxt ərə getməyəcəyəm” deyərdi.

Zahirdə bu cür sözlər danışsa da, ürəyinin dərinliyində Kəlbhüseyni sevdiyi və ərə getməyə çox həvəsli olduğu bəlli idi. Amma beş yaşından bəri çirkin olduğunu və heç kəsin onu almayacağını eşitdiyi üçün, habelə özünü bu dünyadakı gözəlliklərdən nəsibsiz saydığına görə namaz və itaətin gücü ilə heç olmasa o biri dünyanın malını qazanmaq istəyirdi. Buna görə də özü üçün təsəlli tapmışdı. Bəli, əgər ondakı gözəlliklərdən faydalanmayacaqsa, bu iki günlük dünya üçün təəssüf etməyə dəyməz. Əbədi və həmişəlik dünya onun olacaq. Bütün gözəl insanlar, həmçinin bacısı və hamı ona həsəd aparacaqlar. Məhərrəm və səfər ayları gələndə Abcixanımın cövlan edib özünü göstərmə vaxtı yetişərdi.

Elə bir rövzə məclisi yox idi ki, o, yuxarı başda olmasın. Təziyələrdə günortadan bir saat əvvəldən özü üçün yer tutardı. Bütün rövzəxanlar onu tanıyar və çox istəyərdilər ki, Abcixanım onların minbərinin ayağında olmuş ola və məclisi öz ağlamağı, nalə-şivəni ilə qızışdıra. Əksər rövzələri əzbərləmişdi. Hətta o qədər moizədə oturub şəri məsələ bilirdi ki, qonşuların çoxu gəlib öz səhviyyatlarını ondan soruşardı. Sübh tezdən evdəkiləri oyadan da o idi. Öncə bacısının yatağının başına gedər, ona bir təpik vurub deyərdi: “Günorta olub, bəs nə vaxt qalxıb namazını qılacaqsan?!” O biçarə də qalxar, yuxulu-yuxulu dəstəmaz alıb namaza durardı. Sübh azanından, xoruz banından, səhər mehindən, namaz zümzüməsindən Abcixanıma məxsusi bir hal, ruhani bir halət üz verərdi və o öz vicdanı qarşısında başıdik idi. Öz-özünə “Allah məni də cənnətə aparmayıb bəs kimi aparacaq?” deyərdi. Günün qalanını isə bir az ev işləri ilə məşğul olduqdan və ona-buna irad tutduqdan sonra əlinə çox çevrilməkdən qara rəngi saralmış uzun bir təsbeh alıb salavat göndərərdi. İndi bütün arzusu, nə cür olur-olsun, bir dəfə Kərbəlaya getmək və orada guşənişinlik etmək idi.

Bacısı isə bu sahəyə heç bir xüsusi maraq göstərməz, yalnız və yalnız evin işini görərdi. On beş yaşına çatandan sonra da qulluqçuluğa getmişdi. İyirmi iki yaşı olmasına baxmayaraq evdə qalmış Abcixanım içində bacısına paxıllıq edərdi. Mahruxun qulluqçuluğa getdiyi il yarım müddətində Abcixanım bir dəfə də olsun ona nə baş çəkmiş, nə də əhvalını soruşmuşdu. Mahrux on beş gündən bir yaxınlarını görmək üçün evə gələndə Abcixanım ya kiminləsə dalaşar, ya da namaza gedib iki-üç saat vaxt uzadardı. Sonra da birlikdə əyləşdikdə bacısına söz atıb kinayə edər, namaz, oruc, təharət və şəkkiyyat barədə moizəyə başlayardı. Məsələn deyərdi: “Bu bəzək-düzəkli qadınlar peyda olandan bəri çörək də bahalaşdı. Kim üzünü bağlamasa, o dünyada başındakı tüklərindən asılar cəhənnəmdə. Kim qeybət eləsə, başı dağ boyda olar, boynu tük boyda. Cəhənnəmdə elə ilanlar var ki, adam əjdahaya pənah aparar...” Bu cür şeylər danışardı. Mahrux bu paxıllığı hiss etsə də, büruzə verməzdi.

Günlərin bir günü Mahrux axşamtərəfi evə gəldi, bir müddət anası ilə asta-asta danışdı, sonra da çıxıb-getdi. Abcixanım isə gedib üzbəüz otağın girəcəyində oturmuş, qəlyan qullablayırdı. Lakin paxıllığından bacısı ilə olan söhbətin mövzusunu anasından soruşmadı və anası da bir söz demədi.

Axşam atası başında üstünə gəc məhlulu sıçramış yumurtavari papaqla bənnalıqdan qayıtdı. Paltarını çıxartdı, tütün kisəsi ilə çubuğunu götürüb dama qalxdı. Abcixanım da işlərini yarım-yamalaq qoyub anası ilə birlikdə tənəkə samovar, piti qabı, mis badya, turşu və soğan götürdü, gedib kilimin üstündə dövrə qurub oturdular. Anası giriş edib söylədi:

– Mahruxun qulluqçu olduğu evin nökəri Abbas onu almaq fikrindədir. Bu gün səhər evdə boşluq olanda Abbasın anası elçiliyə gəlmişdi. Gələn həftə kəbin kəsmək istəyirlər, iyirmi beş tümən süd pulu verirlər, otuz tümən də mehriyyə, üstəlik, güzgü, lalə (laləşəkilli xrustal şamdan – tərc.), Allah kəlamı, bir cüt başmaq, şirni, xına kisəsi, tafta çarqat, tuman, zərli çit...

Atası yelpiklə şələ papağının böyür-başını yelləyə-yelləyə, ağzının küncünə qənd qoyub dişləmə çayı içə-içə başını tərpədib dilucu dedi:

– Çox yaxşı, mübarək olsun, eybi yoxdur.

Nə təəccübləndi, nə sevindi, nə də fikir bildirdi, elə bil arvadından qorxurdu. Abcixanım hirsindən içini gəmirirdi. Mətləbi bilən kimi qalan həri söhbətlərinə daha qulaq asa bilmədi, namaz bəhanəsi ilə qeyri-ixtiyari ayağa qalxıb aşağı – zala düşdü. Balaca güzgüsündə özünə baxdı, gözünə qocalmış və sınmış göründü. Elə bil ki, bu bir neçə dəqiqə onu neçə il qocaltmışdı. Qaşlarının ortasındakı qırışa diqqətlə baxdı. Saçlarının arasından bir ağ tük tapıb iki barmağıyla qopartdı. Bir müddət çırağın önündə gözlərini zilləyib həmin tükə baxdı. Qopan yerin ağrısını heç hiss də etmədi.

Aradan bir neçə gün keçdi. Bütün ev əhli bir-birinə qarışmışdı. Bazara get-gəl edirdilər. İki dəst zərli paltar, qrafin, stəkan, suzəni parça, gülabdan, parç, təsək, kosmetika qutusu, vəsməcuş (vəsmə qaynadılan qab – tərc.), bürünc samovar, qələmkar pərdə və hər nə lazımdırsa, aldılar. Anası bu günü çox gözlədiyindən hər xırda-para şeyi, evin künc-bucağından əlinə nə keçirdisə, Mahruxun cehizi üçün kənara qoyurdu. Hətta dəfələrlə anasından istəməsinə baxmayaraq Abcixanıma vermədiyi tirmə canamazı da Mahrux üçün qoydu. Bu bir neçə gündə Abcixanım dinməz və dalğın idi, gözaltı hər işə və hər şeyə diqqət yetirirdi. İki gün idi ki, özünü baş ağrısına vurub yatırdı. Anası da durmadan onu danlayır və deyirdi:

– Bəs bacı hansı gün üçündür, hə? Bilirəm, paxıllıqdandır. Paxıl məqsədinə çatmaz. Daha çirkinliklə gözəllik ki, mənim əlimdə deyil, Allahın işidir. Gördün ki, səni Kəlbhüseynə vermək istədim, amma səni bəyənmədilər. İndi yalandan özünü xəstəliyə vurmusan ki, əlini ağdan-qaraya vurmayasan? Səhərdən axşama qədər mənim üçün canamaz suya çəkir! Yazıq mənəm ki, bu zədəli gözlərimlə iynə-sapla əlləşəm gərək!

Abcixanımın ürəyi paxıllıqla dolmuşdu, içi-içini yeyə-yeyə yorğanın altından cavab verirdi:

– Yaxşı, yaxşı, cücəni payızda sayarlar! Bu nə kürəkəndi tapmısan! Bu şəhərdə itə daş atırsan, Abbas kimilərə dəyir. Nə düşmüsən mənim üstümə?! Yaxşı ki, hamı bilir Abbasın nəçi olduğunu. İndi elə eləmə ki, Mahruxun iki aylıq hamilə olduğunu deyim. Qarnının şişdiyini gördüm, amma özümü görməzliyə vurdum. Mən onu özümə bacı saymıram...

Anası yerindən oynadı:

– Ay səni lal olasan! Mürdəşir yuya üzünü, dağın ürəyimdə qala! Utanmaz qız! Get, itil! Qızımın adına ləkə yaxmaq istəyirsən?! Bunların qısqanclıqdan olduğunu bilirəm. Sən öləsən, bu sir-sifətlə səni heç kim almaz! İndi də öz dərdinə görə bacına böhtan atırsan?! Məgər özün demirdin, Allah Quranda özü yazıb ki, yalançı kəzzabdır, hə? Allahın yazığı gəlib ki, sən gözəl deyilsən. Yoxsa hər saatın başında moizə bəhanəsiylə evdən çıxardın, sənin dalınca lap çox söz-söhbət çıxardı. Get, get, sənin bütün bu namazların, orucların şeytanın lənətinə də dəyməz. Camaatı aldatmağa nə var ki!

Bu bir neçə gün ərzində onların arasında bu cür söz-söhbətlər baş verirdi. Mahrux da mat-mat bu çəkişmələrə baxır, lakin heç nə demirdi. Nikah axşamı yetişəndə bütün qonşular, naxışlı çadralı, kəkilli, pambıq tumanlı pinti arvadlar qaşlarına vəsmə çəkib, üzlərinə ənlik-kirşan yaxıb yığışmışdılar. O arada əlinə fürsət keçmiş Nənəhəsən çox şit təbəssümlə boynunu əyri tutub oturmuş, dumbul çala-çala qabında nə varsa, oxumağa başlamışdı: “Ey yar, mübarək olsun! İnşallah, mübarək olsun!.. Gəldik, yenə gəldik, bəy evindən gəldik. Hamı aydır, hamı şah, hamının gözləri badamı... Ey yar, mübarək olsun! İnşallah, mübarək olsun!.. Gəldik, yenə gəldik, gəlin evindən gəldik. Hamı kordur, hamı çolaq, hamının gözləri yaşlı... Yar, mübarək olsun! Gəldik huri-pərini aparaq! İnşallah, mübarək olsun!..”

Ard-arda elə bunu təkrarlayırdı. Camaat gəlib-gedirdi. Hovuzun yanında küllə sini sürtürdülər. Səbziqovurmanın ətri havaya yayılmışdı. Kimi mətbəxdən pişiyi qovur, kimi şeşəndaz üçün yumurta istəyirdi. Bir neçə xırda uşaq əl-ələ tutaraq oturub-durur və “Hamamda qarışqa var, otur, dur” (uşaq oyunundan sözlər – tərc.) deyirdi. İcarəyə götürülmüş misvar (mis, sink və qalay tərkibli xəlitə – tərc.) samovarlara od salındı. Qəfil xəbər verildi ki, Mahrux xanım qızlarla birlikdə kəbinə gəlir. İki masanın üzərinə şirniyyat və meyvə düzərək hər birinin arxasına iki stul qoydular. Mahruxun atası xərci çox çıxdığına görə fikirli-fikirli gəzinirdi. Anası isə iki ayağını bir başmağa dirəmişdi ki, axşama xeyməşəbbazi (ənənəvi kukla tamaşası – tərc.) vacibdir. Amma bu hay-küyün içində Abcixanımdan səs-soraq yox idi. Günortadan sonra – saat ikidən çıxıb getmişdi. Harada olduğunu heç kim bilmirdi. Yəqin ki, moizəyə getmişdi!

Lalələr yandırılıb, kəbin kəsildikdən sonra Nənəhəsəndən başqa hamı çıxıb-getmişdi. Gəlinlə bəy əl-ələ verib zalda yan-yana oturmuşdular. Qapılar da qapalı idi. Abcixanım evə girdi. Çadrasını çıxartmaq üçün birbaşa zala bitişik otağa getdi. İçəri girəndə zalın pərdəsinin örtülü olduğunu gördü. Marağından pərdənin qırağını dartıb şüşənin arxasından gördü ki, bacısı Mahrux bəzənib, vəsmə çəkib, çıraq işığında həmişəkindən də gözəldir, iyirmi yaşlı cavan kimi görünən bəylə yanaşı üstündə şirniyyat olan masanın arxasında əyləşiblər. Əlini Mahruxun belinə dolamış bəy sanki Abcixanımı görübmüşlər kimi onun qulağına nəsə dedi. Bəlkə də, Mahrux bacısını tanıdı, amma onu qısqandırmaq, ürəyinə od salmaq üçün gülüşdülər, bir-birlərinin üzündən öpdülər. Həyətin o başından Nənəhəsənin dumbulunun səsi gəlirdi. O oxuyurdu: “Ey yar, mübarək olsun...” Abcixanımın içindən həm nifrət, həm də paxıllıq qarışıq bir hiss keçdi. Pərdəni buraxıb getdi və divarın yanına qoyulmuş bükülü yorğan-döşəyin üstündə oturdu. Qara çadrasını çıxartmadan əllərini çənəsinə dayayıb yerə baxırdı, gözlərini xalıdakı gül butalarına zilləmişdi. Onları sayır, sanki təzə bir şey görürdü. Onlardakı rəngarəngliyə diqqət yetirirdi. Adamların gəlib-getdiyini ya görmür, ya da kim olduqlarını görmək üçün başını qaldırmırdı. Anası otağın qapısına gəlib dedi:

– Niyə yemək yemirsən? Niyə ətiacılıq eləyirsən, hə? Niyə burda oturmusan? Qara çadranı çıxart, niyə bədlik gətirirsən? Gəl, bacının üzündən öp. Gəl, şüşənin arxasından tamaşa elə. Gəlinlə bəy ay parçası kimidir. Məgər sən qibtə eləmirsən? Gəl, axır sən də bir şey de. Axı hamı soruşurdu ki, bacısı haradadır? Bilmirdim nə cavab verəm.

Abcixanım yalnız başını qaldıraraq dedi:

– Mən şam eləmişəm.

***

Gecəyarısı idi. Hamı öz toy gecəsini xatırlayıb yatmış, gözəl yuxular görməyə başlamışdı. Qəflətən sanki biri suda çapalayırmış kimi gələn şap-şup səsi bütün ev əhlini təşvişlə yuxudan oyatdı. Öncə pişiyin, ya uşağın hovuza düşdüyünü güman edib baş-ayaq çılpaq halda çırağı yandırdılar. Hər yeri gəzsələr də, fövqəladə bir şey baş verməmişdi. Qayıdıb yatmağa getdikləri vaxt Nənəhəsən gördü ki, Abcixanımın çəkələyi həyətdəki su anbarı lyükünün yanına düşüb. Çırağı irəli aparanda Abcixanımın nəşinin suyun üzünə qalxdığını gördülər. Onun hörülmüş qara saçları ilan kimi boynunun ətrafına dolanmış, maviyə çalan yaşıl paltarı bədəninə yapışmışdı. Simasında əzəmətli və nurani bir hal var idi. Elə bil ki, o, nə çirkinlik, nə də gözəlliyin, nə toy, nə də yasın, nə gülüş, nə də göz yaşının, nə sevinc, nə də kədərin olduğu bir yerə getmişdi. O, cənnətə getmişdi!

21 sentyabr 1930, Tehran

# 692 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər