Dil bütöv bir xalqın düşüncə tərzini ifadə etmək vasitəsidir. Rəsmi mənbələrin məlumatına əsasən dünya dilləri təhlükə qarşısındadır və dünyada hər iki həftədən bir hansısa bir dil ölür. Statistik məlumata əsasən, bu proses getdikcə sürətlənir. Bir xalqın, bir millətin, bir dövlətin dili elə bir mövzudur ki, onun qorunması, təəssübünün çəkilməsi o dilin daşıyıcılarını daim diqqətli olmağa, dilini qorumağa, dilin yad ünsürlərlə zəhərlənməsindən hifz etməyə borclu edir. Xalq, ədəbiyyatını öz dilində yaradır. Hər bir xalqın öz keçmişinə söykənən, adət-ənənələrini əks etdirən, yaşayış tərzini özündə əks etdirən söz ehtiyatı yaranır. Bu, hər bir xalqda özünəməxsus və orijinal bir formada təzahür edir. Hətta bir-birinə çox yaxın dil və dil qrupları belə bir-birindən fərqlənir. Şifahi xalq ədəbiyyatından tutmuş yazılı mənbələrə qədər müxtəlif xalqların dilindəkiləri müqayisə etsək, o söz, ifadə və fikirlərdə xalqların yaşam tərzinin, qidalandığı ərzağın təsirlərini görə bilərik. Bir neçə misala baxaq: biz "Eşşək nə bilir zəfəranplov (indi son mənbələrdə bunun "zər palan" olduğunu iddia edirlər) nədir" deyiriksə, ingilis dilində bunun alternativi "Donuzun qabağına mirvari atma" kimi formalaşıb. Bizdə "Başmaqçının ayağı yalın olar"ın Türkiyə türkcəsindəki variantı "Terzi kendi söküğünü dikemez"dir. Rus xalqının "Muj i jena - odna satana" atalar sözünün bizdəki ekvivalenti "Ərlə arvadın torpağı bir yerdən götürülüb" kimidir.
Əlbəttə, dilin daim inkişaf etməsi, onun lüğət tərkibinin zənginləşməsi, yeni söz və ifadələrin yaranması qaçılmaz haldır, eyni zamanda da labüd bir prosesdir. Heç bir dil bundan kənarda qalmır, qala da bilməz. Əgər biz dünyaya inteqrasiya oluruqsa, cürbəcür mədəniyyətlərlə tanış olur və qaynayıb-qarışırıqsa, bu prosesin yanından "dilsiz" keçə bilmərik. Hər iki mənada "dilsiz" deyirəm - həm hərfi, həm də məcazi mənada. Dünyada baş verən bütün proseslər - istər siyasi yöndə, istərsə də mədəniyyət sahəsində, bu, xalqın, ölkənin, dövlətin dilinə, lüğətinə təsirsiz ötüşə bilməz. Əks halda hansı inkişafdan söhbət gedə bilər?! Amma hər bir şey müəyyən qaydalara tabedir, olmalıdır, əks təqdirdə düzəldilməsi çətin olan hallar qaçılmazdır. Mən bunu dildə anarxiya adlandırıram.
Dilin lüğət fondunun zənginləşdirilməsini başlı-başına buraxaraq onu kortəbii gedən proseslərə qurban etmək gələcək nəsillər üçün dili şikəst hala salaraq ötürməkdən və bununla da həm bizdən əvvəlkilərin, həm də bizim "dil"imizi anlaşılması çətin olan bir vəziyyətə gətirib çıxartmaqdan başqa bir şey deyil.
Mən bu məsələdə heç də mühafizəkar mövqedən çıxış etmirəm, amma biz hər gələn söz və ya ifadələri də kor-koranə qəbul edib dilin "anasını ağlatmamalıyıq". Kim bizə bu haqqı verir? Heç kim. Bəs onda niyə ana dilimizin bugünkü düşdüyü vəziyyət ziyalılarımızı, qocaman aydınlarımızı narahat edir? Onların narahatlığı, qorxusu dilimizin bərbad vəziyyətə düşməsidir. Və bu aydınlar canfəşanlıqla indi - 2023-cü ildə, artıq son iyirmi ildə ana dilimizin başına gətirilənləri müşahidə edərək həyəcan təbili çaldılar. Hamımıza məlumdur ki, bir işin yerinə yetirilməsi, gözəl nəticənin əldə olunması üçün səfərbər olmaq lazımdır. İnsanlar təkcə hərb vəziyyətində səfərbər olmurlar ki! Hal-hazırda ana dilimiz hərtərəfli - həm orfoqrafiya, həm leksik, həm qrammatik, həm də üslub baxımından elə xoşagəlməz hallara məruz qalıb ki, tam mübaliğəsiz "adam lap dəsmal götürüb ağlamaq istəyir" deyərdim.
Yaxşı, bəs kim doğma dilimizin "qol-qıçını sındırıb" şikəst edib? Burada ah çəkərək uzun bir siyahı təqdim etmək olardı, amma mən bir neçə misal verməyin aydın mənzərə yaradacağını düşünürəm:
* Televiziya kanalları və onların naşı, dildən, sözdən xəbəri olmayan müxbirləri, aparıcıları və jurnalistləri;
* Radiolar;
* İnternet saytlar (söhbət adi, hansısa savadsız sosial şəbəkə istifadəçilərindən getmir. Məsələ daha ciddidir: xəbər saytları və digərləri - spesifik sahə üzrə (tibb, informatika və s üzrə) açılmış saytlar;
* Rusdilli zümrə (azərbaycanlı olub öz dilinə xor baxan, vətənində oturub dilini bərbad vəziyyətə salanlar);
* Türk seriallarının qurbanları (çünki öz müşahidələrimə əsasən tam əminliklə deyirəm ki, Türkiyə türkcəsinə "yoluxanlar" öz leksikonlarını məhz türk seriallarına tamaşa etməklə "zənginləşdirərək" doğma dilini ağlar vəziyyətə qoyanlardır);
Məhz bu halların aradan qaldırılması üçün işlərin görülməsi artıq bir zərurətə çevrilib. Əgər bir tədbir görülməsə, Azərbaycan dilinin təhrif olunmasının qarşısı yekdilliklə alınmasa, onda təəssüflə qeyd edim ki, bir neçə onillikdən sonra dilimizin saflığından əsər-əlamət qalmayacaq. Bu dil hamımızın dilidir. Bu dildə danışmağı özünə ayıb sayan üzdəniraqların, öz dilinə xor baxıb başqa dillərin intonasiyası, lüğəti ilə naşıcasına dili bilmədən "şikəst" edənlərin qarşısı alınmalıdır. Vəziyyət, həqiqətən, bərbaddır.
Çox sevindirici hal odur ki, artıq bir neçə ildir bu qarmaqarışıqlıqdan narahat olan ziyalılarımız daha dözə bilməyib ayağa qalxıblar. Öz ölkəmizdə, öz vətənimizdə öz dilimizi "dilbilməz"lərdən qorumaq üçün mübarizəyə başlayıblar. Yanvarın 30-unda "Dilimiz" mövzusunda AYB-nin Natəvan klubunda keçirilən tədbirdə iştirak etmək məqsədilə məni də dəvət etdiyi üçün hörmətli yazıçımız, söz xiridarı Seyran Səxavətə minnətdarlığımı bildirirəm. Açılışı hörmətli ziyalımız, AYB-nin sədri Anar müəllim etdi və sözü Seyran müəllimə verdi. Seyran müəllim uzun müddət TV kanallarında rast gəldiyi dil qüsurlarından ibarət böyük bir siyahı oxudu. Bu qədər "xoruz səsi eşitməmiş" əndərəbadi söz və ifadələrin jurnalistlər tərəfindən və mötəbər xəbər saytlarında işlənməsi biabırçı haldır. Seyran müəllimin siyahısından bir neçə misal gətirmək istərdim:
"Soyğunçuluğa imza atanlar..."
"Səhər yeməyini həyata keçirdi"
"Messi rəqiblə toqquşub yerə yıxıldı"
"Marallar çox tez hamilə olur"
"Hinduşkanı ucuz qiymətə xalqa təqdim etdilər"
"Ən çox qanun pozuntusunu pozan televiziya..."
"Eynəyi geyindim"
"Topu başla tora yerləşdirdi"
"Ukraynada əkiz öküz dünyaya gəldi"
"Vəhşi öküz zənciri açıb getdi"
"Köhnə təyyarələr təqaüdə göndərilməlidir"
"Dilimizin təcili yardıma ehtiyacı var, onu komaya düşməyə qoymayaq" deyən Seyran Səxavət bütün bu nöqsanları görüb narahat olan ziyalılarımızdandır. Seyran müəllim haqlı olaraq tele-radio işçiləri üçün attestasiya keçirilməməsindən giley etdi. Hörmətli yazıçımızın sözünə qüvvət olaraq əlavə edim ki, bu üsul faydalı ola bilər. Əgər doğrudan da şəffaf keçirilərsə, biz bu yöndə yaxşılığa doğru müəyyən addım atmış olarıq. Niyə tibb işçiləri və müəllimlər üçün attestasiya keçirilir, saf-çürük edilir, amma KİV işçiləri başlı-başına buraxılıb? Seyran müəllimin təbirincə desək "ölünü də özbaşına qoysan kəfəni yırtar". Bəs bu özbaşınalığa niyə rəvac verilir ki, indiki bərbad vəziyyətə gəlib çıxmışıq? Həkimin səhvi pasiyentlərin ölməsinə, müəllimin səhvi bütöv bir nəslin savadsızlığına aparırsa, KİV işçilərinin səhvləri və naşılıqları onlara baxan, onları dinləyən və oxuyan milyonların dilinin "əyilmə"sinə səbəb olur. Məəttəl qalmalı işdir: sanki böyük bir insan ordusu növbəyə durub dilimizi korlamağa and içib. Nəticə? Bəli, görünən mənzərə budur ki, hər yerdə - küçədə, mağazalarda, ailələrdə, dost-tanış arasında sınıq-salxaq dildə danışan saysız-hesabsız sıravi vətəndaşlarımız var. Çünki bu insanlar özləri də bilmədən hər gün evlərinin "qapılarını açıb içəri buraxdıqları" aparıcıların "felinə düşüblər". Bu haqda danışanda mütləq kimlərsə etiraz edərək "dil daim inkişaf etməlidir" cümləsini bayraq kimi əlində yelləyir. Yaxud burada pis heç bir şeyin olmadığını deyir. Hətta öz aparıcılarına haqq qazandıran TV kanal rəhbərləri "həmin filan aparıcının kanala reytinq qazandırdığını" əsas gətirərək adamın ürəyinə lap ox sancır. Deməli belə çıxır ki, pul varsa, hər şeydən imtina etmək olar. Dəyərlərdən də, dildən də, əxlaq meyarlarından da! Xeyr! Belə deyil. Televiziyalar dilin bərbad hala salınması - lüğət fonduna zərbə vurmaqla, tələffüzdə, orfoqrafiyada aparıcıların at oynatmasına imkan verməklə qazanc əldə edirlər. Axı bu dili pula satmaq deməkdir. Bu isə gələcək üçün ağır fəsadlara səbəb olacaq. Bunu dərk etmək bu qədərmi çətindir?!
Dilin qorunmasının əhəmiyyəti lazımınca nəzərə alınmır. Belə məsələlərə soyuqqanlı yanaşmaq gələcəkdə peşmançılığa aparıb çıxardacaq. İş işdən keçəndən sonra da geri qayıdıb səhvləri düzəltmək ya çətin olacaq, ya da ümumiyyətlə mümkün olmayacaq. Çünki bütöv bir nəsil bizim indi danışdığımız, yazdığımız dildən fərqli formada, fərqli ləhcədə, fərqli leksikonla danışacaq, yazacaq. Bunu itirməyi gözə alacaq qədər cəsarətli olmaq nə qədər yanlış bir hərəkət olar.
Təəssüf ki, dillə bağlı bütün məsələlərdə mən belə bədbinəm. Bu da gördüklərimdən qaynaqlanır. Müəllifini unutduğum bir aforizm var: "Dil elə bir qurğudur ki, gərək yayının cırıldamağına imkan verməyəsən". Bəs niyə bizim KİV-miz "ciddi-cəhdlə" bu qüsurları edirlər? Dil heç kəsin şəxsi malı və ya sərvəti deyil ki, ondan istədiyi kimi istifadə edərək korlasın. Dilimizə ayrı ləhcə, fərqli intonasiya, başqa lazımsız sözlərin gətirilməsi bir yana, yad dildə olan ifadələrin və frazeoloji birləşmələrin tərcüməsində də peşəkarlıqdan uzaq düşmüşük. Rus dilində "okazatğ medvejğö usluqu" frazeoloji birləşmənin "ayı xidməti göstərmək" kimi bərbad tərcüməsinə təxminən 10-12 il əvvəl mötəbər bir saytda rast gəlmişdim. İndi axtarışa versək, onlarla internet saytının - bura tanınmış xəbər saytları da daxildir - bu ifadəni belə biədəb formada işlətməsini görə bilərik. Halbuki dilimizin verdiyi imkanlardan bixəbər jurnalistlər bunun sadəcə olaraq "qaş düzəltdiyi yerdə vurub göz çıxartmaq" olduğunu bilmir.
Xalq yazıçısı Elçin də qısa bir çıxış edərək obyekt adları məsələsinə toxundu. Bu da bir ayrı bəladır ki, onun haqqında bir geniş yazıya ehtiyac var.
Tədbirin sonunda yekdilliklə qərara gəlindi ki, belə tədbirlərin sayı artırılsın, mümkün variantlarda tele-radio məkanına nəzarət gücləndirilsin, hətta dilçilərin kanallara məsləhətçi kimi cəlb olunmasının zəruriliyi vurğulandı.
Sözümü hörmətli Seyran Səxavətin sözü ilə yekunlaşdırmaq istəyirəm: "Cümlə qurmaq dövlət qurmaq qədər çətindir". Gözümüzün qarşısında dilimizin "doğranması"na yol verməyək, əsk təqdirdə, inanın, bir neçə onillikdən sonrakı nəsil nəinki XX əsrin aydınlarının yazdıqlarını, heç indi bizim dövrün yazdıqlarını da başa düşməyəcək.